Xəyyamın
dünyası və dünyanın Xəyyamı
Səhra
gəmisi deyilən dəvə karvanı yol gedir, piyalədən
qan rəngli şərab süzülür, ərəb
qızı rəqs edir, qum saatında zaman axır... Şərqin
böyük dühalarından olan Ömər Xəyyam zamanla
birgə axıb dünyəviləşir. Dünya onu tanıyır:
riyaziyyatçı, filosof, ilahiyyatçı, astronom, həkim
və bir də rübai ustası kimi...
...O bahar Tanrı çadır tikməklə
dolanan İbrahimi sevindirdi. Uzun illərdən sonra
övladı oldu. İbrahim oğlunun adını Ömər
qoydu.
Ömər sözünün mənası
həyat, Xəyyam sözünün mənası
çadır ustası deməkdir. Sonralar xalq arasında belə
bir deyim olacaqdı: atası çadır, oğlu müdriklik
çadırı tikdi.
Xəyyamın
dünyası
Tarıxçi Əbdül-Həsən Əli ibn Beyhəqi “Müdrikliyi mühafizə edənlərə əlavələr” kitabında yazır ki, Ömər Xəyyam adı ilə tanınan Əbül-Fəth Ömər ibn İbrahim əl-Xəyyami 1048-ci il mayın 18-də İranın Nişapur şəhərində dünyaya gələndə Merkuri Günəşlə birləşmiş vəziyyətdə, Yupiter isə ona nisbətən ücbucaq vəziyyətində olmuşdu. Göy cisimlərinin qəribə düzülüşü altında dünyaya gələn körpə doğrudanmı qeyri-adi olacaqdı? Bunu zaman göstərəcəkdi...
O dövrdə Nişapur bütün Şərq alimlərinin cəmləşdiyi elm mərkəzi idi. Xorasanın, İranın, ərəb dünyasının hər yerindən biliyə can atanlar məhz bu şəhərə üz tuturdular.
Ömər bu elm beşiyində adlı-sanlı alim və ruhani Nəsrəddin şeyx Məhəmməd Mənsurun yanında təhsil alır. Müəllimi tez-tez Pifaqorun bu sözlərini təkrar edərdi: “İnsanın firavanlığı idrakın qanunlarına əsaslansa, çox yaxşı olar”.
Ömər yaşıdlarından xeyli fərqlənirdi. Elmləri öyrənir, öyrəndikcə dünya haqqında düşünürdü. Ömər elmlərə yiyələndikcə öz-özünə deyirdi: “Elmlərin içərisində bütöv, ən ciddi və dəqiq bir elm var. Bu, cəbr elmidir. Lakin bu elmdə də nə qədər qaranlıq səhifələr və həll olunmamış məsələlər var. Deməli, məqsədim bax, bu olmalıdır».
Yaşasan üç yüz il, beş yüz il, min il,
Bu köhnə dünyadan gedəcəksən, bil,
İstər dilənçi ol, istərsə şah ol,
Məzarda qiymət bir, iki cür deyil.
İlahi an
1066-cı il. Bu tarixdə
yollar onu əfsanəvi şəhərə
- Səmərqəndə gətirir.
Ömər bu sirli şəhərdə vaxtının
çoxunu elm ocaqlarında
keçirir. 1066-cı
ildə Buxaraya yollanır. Buxaraya gəldikdən bir neçə gün sonra “Doğruluq külliyyatı”nın müəllifi Əl-Buxarinin
məzarına baş
çəkir. Məzara yaxınlaşdıqca
Ömərə ilham gəlir. O, on iki gün gecə və gündüz səhrada gəzib-dolaşır,
dilinə rübaidən
başqa heç nə gəlmir. Məhz dördlüyün
bu növü fars ədəbiyyatında
fəlsəfi poeziyanın
janrı kimi geniş yayılır.
Fələk qulağıma söylədi
pünhan:
Nə görsə qədərdən-qəzadan
insan,
Məndən bilir, ancaq mənim
qüdrətim,
Olsaydı gəzməzdim belə
sərgərdan.
Ulduzların sirri: İsfahan rəsədxanası
Buxaranın Şərq darvazasından
karvan İsfahana yola düşür.
Ömər Xəyyam ağlına da gətirməzdi ki, həyatının 20 ili bu şəhərlə
bağlı olacaq. O dövrdə Ömər Xəyyamın şöhrəti
hər tərəfə
yayılmışdı və
bu qoca şəhərdə
də onun yolunu gözləyənlər
vardı.
İsfahanda alimlərin müdafiəçisi,
müdrik insan, “Siyasətnamə” risaləsinin
müəllifi, Məlik
şahın ağıllı
və tədbirli vəziri Nizam əl-Mülklə Ömər
Xəyyamın görüşü
hələ də tarixin yaddaşından silinməyib.
Miladi tarixi ilə
1074, hicri tarixi ilə 467-ci ildə Sultan Məlik şah tərəfindən rəsədxana
tikilir və Şərqin ən tanınmış astronomları
bu rəsədxanaya cəlb olunur. Ömər Xəyyam 18 il bu rəsədxanaya rəhbərlik
edir.
Bu illərin
axtarışları hədər
getmir. Ömər Xəyyam Müəyyid
əl-Mülkün sifarişi
ilə “Novruznamə” əsərini yazıb başa çatdırır.
1077-ci il dekabr ayının ortalarında Ömər Xəyyam özünün
riyaziyyata aid ən mühüm əsərlərindən
birini - “Evklidin kitabındakı girişdə
olan çətinliklərin
şərhləri”ni yazır.
1091-ci ildə Ömər Xəyyam fəlsəfəyə
dair “Mövcudluq haqqında risalə”sini yazır. Ümumiyyətlə isə, Xəyyamın
qələmindən çıxmış
5 fəlsəfi risalə
dövrümüzə qədər
gəlib çıxıb.
Bu səhralar dolur, boşalır hər an,
Baxdıqca bu çölə
oluram heyran.
Çünki bilinməyir hardan gəlibdir
Haraya yollanır bu
uzun karvan.
Ömər Xəyyam qeyri-adi
istedada malik idi. O, «Qurani-Kərim»i
əzbərdən bilməklə
yanaşı, onun bütün ayələrinin
dəqiq təfsirini də verə bilmişdi. Şərqin ən bilikli
ilahiyyatçıları Xəyyamdan
məsləhət alırdılar.
Ərəb fəlsəfə
tarıxçisi Yusif
Kifli “Filosofların tarixi” adlı əsərində yazır:
“Xəyyam yunan fəlsəfəsini bilirdi,
nücum elmində və fəlsəfədə
onun misli-bərabəri
yox idi”.
Əl-Beyhəqinin
sözlərini yada salaq: “ İnsan
necə qüdrətli
yaddaşa malik olmalıdır ki, kitabı yeddi dəfə oxuduqdan sonra səhvə yol vermədən onun üzünü köçürsün!”
Nişapur,
1098-ci il
Xəyyam ömrünün sonunu yoxsulluq içində yaşayırdı.
Onun biliyi, ağlı daha heç kimə gərək deyildi. Xəyyamı
anlamayan və yəqin ki, heç vaxt anlamağa qüdrəti çatmayan adamlar onun barəsində: “Bədbəxt filosof, yeddi göydə bir ulduzu yoxdu”
- deyirdilər.
Kimin bir çörəklik buğdası vardı,
Başını çəkməyə yuvası vardı.
Nə ağadı, nə də kimsəyə nökər,
Şad olsun, zənn
etsin dünyası vardı.
Dünyanın Xəyyamı
Deyilənlərə görə, Ömər
Xəyyamın son oxuduğu
kitab İbn Sinanın “Şəfa kitabı” olub. Kitabı oxuduqdan sonra “Pak şəxsləri çağırın,
mən vəsiyyət
edəcəyəm” - deyir.
Axşam
namazını qurtardıqdan
sonra “İlahi, sənə məlumdu ki, mən imkan
daxilində səni dərk etmişəm.
Bağışla məni,
- səni dərk etməyim - mənim sənə doğru gedən yolumdu”, - deyərək vəfat edir.
Yaradan dünyanı neçin
yaratdı?
Sonra dəyişməyə neçin əl atdı?
Əgər gözəldirsə, məhvə
nə layiq
Çirkinsə, nə üçün
qüsura batdı?
Elmə dünyəvi ölçü
qazandıran Xəyyamı
Qərbdə «Şərqin
Dantesi» adlandırır,
sənətkar, mühəndis,
filosof kimi tanınan Leonardo da Vinçi və riyaziyyatçı-filosof Blez
Paskalla müqayisə
edirlər.
XX əsrin əvvəllərində Böyük Britaniyada tikilmiş ən böyük sərnişin gəmisi «Titanik» batarkən göyərtəsində 13 milyon sterlinq məbləğində sərvətlə yanaşı, Ömər Xəyyamın qədim əlyazması “Rübayyat”ın da olduğu bildirilir. Bu, Qərbdə Ömər Xəyyam yaradıcılığına böyük marağın daha bir sübutudur.
Zaman külək kimi əsdikcə, tarix ələk kimi ələndikcə, bəşəriyyətin nadir inciləri almaz dənələri kimi üzə çıxır. Zamansız və məkansız Ömər Xəyyam kimi...
Təranə Məmmədova
Mədəniyyət.-
2012.- 7 fevral.- S. 13.