Danışan xalçalar

 

    Xalçaya vurulan hər bir ilmədə

    Bir insan ömrünün naxışları var!..

  

   Bəzən belə bir sözlə rastlaşırıq: Filankəs möcüzələr yaradır! Mən də ecazkar sənət sahibi olan bir insan - Azərbaycan və Moskva Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar İttifaqı Fondunun üzvü, “Şəhriyar - 90” müsabiqəsinin qalibi Fazil Abasquluzadə barədə söhbət açmaq, onun yaratdığı möcüzələrdən bəhs etmək istəyirəm.

  

   Fazil Abasquluzadənin özünəməxsus, təkrarolunmaz iç dünyası var. Budur, onun ərsəyə gətirdiyi xalçalarla üz-üzə dayanmışam. Sanki xalçalar mənimlə söhbət edir, onların pıçıltısını eşidirəm.

   Rəssamın “Dörd fəsil” adlandırdığı xalçanın qarşısında dayanıb tamaşa edirəm. Hər fəsil öz gözəlliyindən söhbət açır, öz füsunkarlığından bəhs edir.

   Yaz öz çılğınlığı ilə: mən olmasam, təbiət cana gəlməz, deyir.

   Yay öz isti hərarəti ilə öyünür: mən canlıları, cansızları isitməsəm, torpağı qızdırmasam, torpaq məhsul, ağaclar bar verməz!

   Payız öz şıltaqlığı ilə: mən təbiəti silkələməsəm, yenilik baş verməz, deyir.

   Qış öz sərtliyi ilə söhbətə qarışır: mən torpağı dondurub, ziyanverici həşəratları məhv etməsəm, təbiət məhv olub gedər, deyir.

   Rəssamın bu möcüzələrini xalça üzərinə köçürən incə barmaqların sahibləri ilə qürur duymamaq mümkün deyil. Xalçaçı qızların hər birinin barmaqlarında sanki bir sehr, yaxşı mənada, bir tilsim var. Usta Rəmziyyə xanım, toxucu xanımlar Leyla, Müqəddəs, Mehparə, Rəsmiyyə, Südabə, Gülzaman, Həlimə, Leysan, Sarıtel, Aybəniz və Bənövşə sanki rəssamın ürəyinin dərinliyində, iç dünyasında nələr olduğundan, nə demək istədiyindən xəbərdardırlar. Rəssamın fikirlərini öz sehrkar barmaqlarının vurduğu ilmələrlə təsdiq edir, tamaşaçıları heyran qoyurlar.

   Tanrı sizləri qorusun, barmaqlarınız heç zaman yorulmasın!..

   Dahi bəstəkar Qara Qarayevin portreti toxunmuş xalçaya tamaşa edirəm. Bəstəkar dərin düşüncələrə qərq olub, sanki yeni bir əsər - bir simfoniya haqqında düşünür. Özümdən asılı olmayaraq ehtiyatla hərəkət edirəm ki, birdən bəstəkarı fikirlərindən ayıra bilərəm...

   Ehtiyatla keçib Məhəmmədhüseyn Şəhriyarın, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin və Süleyman Rüstəmin portretləri toxunmuş xalçanın qarşısında dayanıb şairlərə tamaşa edirəm.

   Məhəmmədhüseyn Şəhriyar gözlərində bir nisgil, bir həsrət sözə başlayır:

  

   - Biz bir dərya qan vermişik,

   Zindanlarda can vermişik...

   ...Mən təkəm, sizə qurban,

   Tək canım hamuza qurban.

  

   Bəxtiyar Vahabzadə xəyala dalmış halda ustad Şəhriyara cavab verir:

  

   - Qurban olum qardaş deyən,

   Heydər babadilinə mən.

   Ağsaqqalsan elinə sən,

   De, Səttaram, de, Babəkəm,

   Demə, təkəm, demə, təkəm!

  

   Süleyman Rüstəm narahatlıqla söhbətə qoşulur:

  

   - Qoy söyləyim ürəyimin sözünü,

   Bir kərə görməmişəm üzünü.

   Nigaranam, yetir mənə özünü,

   Məhəbbətin bağrımdadır, Şəhriyar,

   Mənim ürək ağrımdadır, Şəhriyar!

  

   Səməd Vurğun barmaqlarını daraq kimi saçına çəkib dillənir:

  

   - Bahar xoş gəlir, ruha dad verir,

   Xəyala, duyğuya qol-qanad verir.

   Var olsun şeirimiz, şairlərimiz,

   Hər gülə, çiçəyə təzə ad verir!

  

   Mən düşüncələrdən ayrılıb portretlər toxunmuş digər xalçalara tamaşa edirəm.

   Şair-həkim Paşa Qəlbinurun portreti önündə dayanmışam. P.Qəlbinur deyir: - Mən insanların gözlərinə nur bəxş edirəm, başqa birisi biz unudulmayaq deyə, xalçanın üzərinə həkk edib bizi əbədi yaşadır... Göz ürəyin aynasıdır, qoruyun gözlərinizi!..

   Öz söz ləngəri ilə hər zaman qəlbləri oxşayan məhəbbət şairi Nüsrət Kəsəmənlinin portreti ilə üz-üzə dayanmışam. Soruşuram: - Şair, xəyala dalmısan?!

   N.Kəsəmənli öz xəyal dünyasından ayrılmadan cavab verir:

  

   - Mənsiz qalacaqdır bu dünya bir gün,

   Kiminsə gözünə yaş gələcəkdir.

   Mənsiz qalacaqdır bu dünya bir gün,

   Bir daş qəmli-qəmli dikələcəkdir!..

  

   Şair, sən həmişə könüllərdə yaşayacaqsan, bu xalça üzərindəki portretin buna bariz nümunədir!

   Şair Zəlimxan Yaqubla qarşı-qarşıya dayanıb soruşuram: - Şair, bu vaxtacan necə yaşadın?!

   Cavab verir:

  

   - Mənim ömrüm təbiətin ömrüdür,

   Damlasında, ümmanında yaşadım.

   Zirvələrin çiskinində, çənində,

   Yağışında, dumanında yaşadım!..

  

   Musa Yaqubun portreti önündə dayanıram.

   Şair deyir:

  

   - Açılmaz düyünüm, deyilməz sirrim,

   Bir sevgi yerim var, bir yanğı yerim.

   Qoy ona bu gündə bir salam verim,

   Sən Allah, bu dəfə məni aparma!..

  

   Elə bu zaman qulağıma Xəlil Rza Ulutürkün hayqırtısı gəlir:

  

   - Hər insan varlığında

   uyuyur iki varlıq.

   Göz-gözədir elə bil,

   qorxaqlıqla cəsarət.

   Acgözlüklə dəyanət,

   Xəsisliklə səxavət,

   Tərəddüdlə qətiyyət.

   Qalx ayağa,

    özünü kəşf et bir təzədən,

   Əl çəkə bilməzsən mübarizədən!

  

   Torpaqdan başlanmır, yox,

   Kişi qanındakı qeyrət selindən,

   Səndən başlanır VƏTƏN,

   Məndən başlanır VƏTƏN!

  

   Əziz oxucum, mənim bu düşüncələrim sizə heç qəribə gəlməsin, doğrudan da Fazil Abasquluzadənin yaratdığı xalçalarla üz-üzə dayanan zaman adama elə gəlir ki, xalçalar sanki dil açıb danışır. Bütün varlığı ilə vətənini sevən bir sənətkar ömründən xəbər verir bu sənət əsərləri.

   Fazil Abasquluzadənin yaratdığı hər bir sənət əsərinin arxasında böyük bir ürək sahibi dayanır, bir qürur hissi ilə deyir: - Mən, Azərbaycan deyilən bir məmləkətin oğluyam!..

   Əziz dostum Fazil, Ulu Tanrıdan arzum budur ki, heç zaman gözündən nur, dizindən taqət, qollarından, barmaqlarından güc əskik olmasın! Hər zaman yeni-yeni möcüzələr yaradasan, biz baxıb qürurlanaq, sevinək!

  

 

   Nizami Cabbaroğlu

 

   Mədəniyyət.- 2012.- 7 fevral.- S. 12.