İrəvan
xanlarının sarayı
İrəvan hakimləri və xanları
üçün tikilən ilk iqamətgahlar haqqında tarixdə
məlumatlar azdır. Bunun əsas səbəbi İrəvanın
İran (Səfəvi) - Osmanlı müharibələrində
üç əsrə yaxın müddətdə dəfələrlə
əldən-ələ keçməsi, 1679-cu il zəlzələsində
dağılmasıdır.
İrəvan şəhərinin
mülki memarlıq nümunələrindən ən diqqətçəkəni
Sərdar sarayı, yaxud Xan sarayı İrəvan
qalasının şimal-qərb hissəsində yerləşib.
Saray kompleksi vaxtilə bura gələn səyyahları heyran
edib.
İrəvan qalası tikilən
vaxtdan, 1510-cu ildən mövcud olan saray İrəvan sərdarı
Əmirgünə xan Qacar tərəfindən
ucaldılıb. 1760-1770-ci illərdə İrəvan xanı
Hüseynəli xan tərəfindən təkmilləşdirilib.
1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd
xan sarayın Güzgülü salonunu və yay imarətini
inşa etdirib. Saray kompleksi Zəngi çayının qorxunc
uçurumu kənarında qərar tuturdu. Çayın digər
sahili boyunca müxtəlif gül-çiçək və
meyvə ağacları ilə zəngin olan Xan bağı
salınmışdı.
Sarayın 1837-ci ildə tərtib
edilmiş mükəmməl planına əsasən, onun 1
hektar ərazini əhatə etdiyi aydın olur. İrəvan
xanlarının iqamətgahı qala kompleksinin şimal-qərb
hissəsində yerləşib və qaladan saraya qapı
açılıb.
Saray kompleksi bir neçə
binadan ibarət olub. Rəsmi tədbirlər üçün
nəzərdə tutulmuş
ikimərtəbəli saray
trapesiya (ölçüləri
36x35x31x25 m) formasında tikilib.
Sarayın ortasında şahın
təntənəli qarşılanması
üçün böyük
eyvan olub. Eyvanın qurtaracağında Zəngi
çayına açılan
və rəngli şüşələrlə bəzədilmiş,
şəbəkələrlə ayrılan yataq yerləri - taxçalar düzəldilib. Düzbucaqlı formalı ikimərtəbəli
hərəmxana binası
cənub-qərb tərəfdən
saraya bitişik tikilib. Hərəmxananın həyətində hamamın yanında isə uzunluğu 32, eni 9 metr olan
böyük hovuz olub.
Həmin dövrdə təsviri
sənətin geniş
yayılmış növü
olan divarüstü boyakarlıq və memarlıq abidələri
burada da əksini tapmışdır.
Avropa səyyahlarını və
rəssamlarını valeh
edən də Sərdar sarayının memarlığından daha
çox, onun zəngin bədii tərtibatı, divarları
bəzəyən portret
və süjetli kompozisiyalardan ibarət
monumental boyakarlıq əsərləri
olub.
İrəvan Xan sarayının daxili tərtibatı haqqındakı yazılar,
1828-ci ildə rus rəssamı akademik V.Maşkovun, 1840-cı illərdə
arxeoloq alim və rəssam Q.Qaqarinin, XIX əsrin
60-cı illərində fotoqraf
D.Yermakovun, əsrin sonunda ingilis səyyahı H.Linçin
bilavasitə naturadan çəkdiyi rəsm və fotolar sarayın bədii tərtibatı, divar rəsmlərinin məzmunu,
forma və üslubu,
professional sənətkarlıq və estetik xüsusiyyətləri haqqında
fikir söyləməyə
imkan verir.
Güzgülü zal
Güzgülü zal və yay köşkünün divarlarını bəzəyən
ilkin rəsmlərin müəllifi bəlli deyil. Dekorativ və süjetli
divar rəsmləri həmin dövrdə mövcud olmuş sənət kanonlarına və ənənəyə
əsaslanır. Divarların yuxarı
səthində taxçalarda
və taxçalararası
pannolarda həndəsi
və stilizə edilmiş nəbati motivlərdən ibarət
dekorativ kompozisiyalar, gül-çiçəklərin, heyvan və quşların canlı,
real təsvirləri verilib.
Sarayın bədii tərtibatının
əsasını portret
təsvirləri və
çoxfiqurlu süjetli
kompozisiyalar təşkil
edib. Bir sıra Avropa səyyahları müxtəlif
vaxtlarda İrəvanda
olmuş, Xan sarayını, onun Güzgülü zalını,
qaladakı və şəhərdəki məscidləri,
hovuz və hamamları, Zəngi çayından enib keçən yeraltı mərmər pilləkənli
yolu öz əsərlərində təsvir
ediblər.
İngilis səyyahı H.Linç İrəvan sarayın Güzgülü zalını
belə təsvir edib: “Şəbəkəli
tağların saysız-hesabsız
güzgüləri ətrafa
büllur kimi şölə saçır.
Salonun tavanı başdan-başa
bəzəyə qərq
olub. Tavanın aşağısı bolluca nəbati naxışlarla bəzənib
ki, bunlar da əsasən süsən və qızılgüllərdən ibarətdir”.
Güzgülü
zalın dərin çatma tağlı ön divarında ornamental
pannolarla tavan arasında qalan zolaqda oxşar və eynibiçimli çərçivə daxilində
Fətəli şahın,
onun oğlu Abbas Mirzənin, İrəvan xanı Hüseynqulu xanın və qardaşı Həsən xanın, dastan qəhrəmanları
Rüstəm Zalın,
onun oğlu Zöhrabın portretləri,
İran-rus müharibəsindən
döyüş səhnələri
təsvir olunubmuş.
Şərq boyakarlığının
nümunəsi
İrəvanın rus qoşunları
tərəfindən işğalından
(1829) sonra tədricən
baxımsızlıq üzündən
yararsız hala düşən, nəmişlikdən
divar rəsmləri korlanan, karniz və tavanın güzgüləri qopub tökülən Xan sarayında qismən də olsa bərpa
işləri aparılıb.
Bərpa
işlərini Azərbaycan
dəzgah boyakarlığının
banisi Mirzə Qədim İrəvani
(1825-1875) həyata keçirib.
Deyilənlərə görə, xüsusi
rəssamlıq təhsili
almayan M.Q.İrəvani
bu sənəti bədii oyma ustası olan atasından öyrənib.
Yaradıcılığının ilk dövrlərində dekorativ
sənətlə məşğul
olmuş, bir sıra portretlər - “Süvari”, “Rəqqasə”,
“Dərviş” və
s. yaratmış, İrəvan
sərdarının sarayındakı
pannoları və süjetli kompozisiyaları
bərpa etmiş, sarayın Güzgülü
zalında yağlı
boya ilə bir neçə monumental portret (Fətəli şah, Abbas Mirzə və s.) çəkmişdir. Onun
1860-1870-ci illərdə yaratdığı
“Vəcihulla Mirzə”,
“Ayaq üstə dayanmış qadın”, “Oturmuş qadın”, “Gənc oğlan” rəsmləri Azərbaycan
Milli İncəsənət
Muzeyində, “Şah Tələt” əsərləri
Gürcüstan Dövlət
İncəsənət Muzeyində,
“Çiçəklər və
quşlar” isə
Sankt-Peterburqda Ermitajda
saxlanılır.
Sarayın bərpadan əvvəlki
və sonrakı tərtibatına aid əyani
materialın müqayisəli
təhlili göstərir
ki, divar rəsmlərinin ancaq bir hissəsi - portretlər və dekorativ pannolar bərpa edilib. Qalan rəsmləri bərpa etmək mümkün olmadığından onların
yerində yeni
ornamental-dekorativ pannolar
çəkilib. Portretləri bərpa edərkən M.Q.İrəvani yeni texniki vasitələrlə,
əvvəlkilərdən fərqlənən
yeni əsərlər
yaradıb. Böyük ölçülü
kətan üzərində
yağlı boyalarla işlənilib sonradan divara yapışdırılmış
bu əsərlər əslində realist monumental boyakarlığın
ilkin nümunələri
idi.
Saray memarlığının
gözəl abidəsi
yer üzündən silindi
İllər uzunu ermənilər
məqsədyönlü şəkildə
türk-müsəlman aləminə
məxsus olan tarix və mədəniyyət
abidələrini yer üzündən silməyə
çalışıblar. Erməni vandalları bu məqsədlərini Qərbi
Azərbaycan torpaqlarında
tam olaraq həyata keçirə biliblər.
Qərbi
Azərbaycanda 1800-dən çox
türk-müsəlman mənşəli
tarixi-mədəniyyət abidəsi
ya erməniləşdirilib,
ya da tamam
məhv edilib. Bunların arasında İrəvan sərdarlarının və
xanlarının iqamətgahı
olmuş İrəvan
qalasındakı Sərdar
sarayı və ya İrəvan Xan sarayı da var.
Saray hələ 1913-cü ildə erməni millətçilərinin təcavüzünə
məruz qalaraq qismən dağıdılmışdı.
1918-ci ildə ermənilər sarayın binasını yerlə-yeksan
etdilər. Səfəvi və Qacar dövrünə
məxsus olan saray memarlığının
gözəl bir nümunəsi yer üzündən silindi.
Mehparə
Mədəniyyət.-
2012.- 7 fevral.- S. 11.