Elazığda
unudulmaz görüşlər
Azərbaycan-Türkiyə
qardaşlığına yeni ilmələr qazandıran
“Elazığ-Bakı mədəniyyət və sənət
görüşü” gözəl anlarla yadda qaldı
Fevralın 3-4-də Türkiyənin Elazığ şəhərində
“Elazığ-Bakı mədəniyyət və sənət
görüşü” keçirildi. Tədbirdə Azərbaycandan
geniş nümayəndə heyəti iştirak etdi. Nümayəndə
heyətinə Azərbaycan Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı Anar, Mədəniyyət və
Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və
informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli, Yazıçılar
Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid,
tədqiqatçı alimlər, ədəbiyyat və incəsənət
nümayəndələri, media mənsubları daxil idi.
Fevralın 3-də
“Elazığ-Bakı mədəniyyət və sənət
görüşləri” çərçivəsində
Elazığ şəhərində Azərbaycan parkı və
Azərbaycan şəhidlərinin xatirəsinə
ucaldılmış abidənin təntənəli
açılışı oldu.
Tarix heç nəyi unutmur
Torpağı, vətəni
uğrunda ölənləri isə heç unutmur. Çox
uzun illərdən sonra tarix dönüb geriyə baxdı,
1918-ci ildə Bakının azad edilməsində şəhid
olmuş iki elazığlı əsgərin şərəfinə
abidə ucaldıldı. Bununla da bütün şəhidlərimizin
ruhu bir daha şad oldu və yeni bir tarix başlandı...
Azərbaycan parkı və Azərbaycan
şəhidlərinin xatirəsinə ucaldılmış abidənin
təntənəli açılış mərasimində
Elazığ valisi Muammer Erol, Elazığ bələdiyyə
başqanı Süleyman Salmanoğlu, Fırat Universitetinin
rektoru, professor Feyzi Bingöl, Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar, Türk Ədəbiyyatı Vəqfinin
rəhbəri Sərvət Kabaklı, Avrasiya Yazarlar Birliyinin rəhbəri
Yaqub Dəliöməroğlu, Mədəniyyət və
Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli
çıxış etdilər. Natiqlər Azərbaycan-Türkiyə
qardaşlığından, mədəni əlaqələrdən
söz açdılar, tarixin çətin və sevincli
anlarında bir-birinə dayaq olmağı bacaran qardaş
ölkələr arasındakı münasibətlərdən
danışdılar. Qeyd olundu ki, bu abidə həm də
Dağlıq Qarabağda, Xocalıda, bütövlükdə
bütün türk dünyasında şəhid olmuş
insanların xatirəsinə ucaldılıb.
Xalq yazıçısı Anar
çıxışında bildirdi ki, bu iki qardaş ölkə
tarixin ən çətin və ən sevincli anlarında bir
yerdə olub, bundan sonra da belə olacaq. Akademik Milli Dram
Teatrın aktrisası, Əməkdar artist Məsmə
Allahverdiyevanın çıxışı
iştirakçıların göz yaşlarına səbəb
oldu.
“Cəfər
Cabbarlının həyatı, sənəti və mücadiləsi”
Həmin gün Fırat
Universitetinin Fırat TV Toplantı salonunda “Manas” nəşriyyatı
tərəfindən çap olunan “Cəfər
Cabbarlının həyatı, sənəti və mücadiləsi”
kitabının təqdimatı oldu. Azərbaycan
Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş
redaktoru Rəşad Məcid və Veysəl Karacanın
aparıcılığı ilə keçən təqdimatda
filoloq Asif Rüstəmli Cəfər Cabbarlının həyat
və yaradıcılığı barədə
iştirakçılara ətraflı məlumat verdi.
Fırat Universitetinin müəllimi,
kitabı türk dilinə tərcümə edən
Süleyman Kaan Yalçın böyük ədib Cəfər
Cabbarlının ömür yolu və zəngin
yaradıcılığından söz açdı.
Dramaturqun nəvəsi, Cəfər Cabbarlının
ev-muzeyinin direktoru Qəmər Bağırova kitabın
çap olunmasında əməyi olan M.Şenel Bulut, Əhməd
Buran və Süleyman Kaan Yalçına “Cəfər
Cabbarlı mükafatı”nı təqdim etdi.
Tədbirdə Azərbaycanda
çap olunan və 42 şairin həyatından və
yaradıcılığından bəhs edən “Elazığ
çələngi” kitabının da yaddaqalan təqdimatı
oldu. Kitabın ilk təqdimatı 2010-cu il sentyabrın 15-də
Bakıda keçirilib.
“Türk dünyasında ilin ədəbiyyat adamı”
Fevralın 3-də Elazığ
şəhərindəki Bələdiyyə Mədəniyyət
Mərkəzində Azərbaycan və türk dilinin, mədəniyyətinin,
ədəbiyyatının inkişafındakı böyük
xidmətlərinə görə Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anara Fırat Universitetinin “Fəxri
doktoru diplomu” təqdim olundu. Təqdimatdan əvvəl
yazıçının həyat və
yaradıcılığına həsr olunmuş “Anarın həyat
hekayəsi” adlı film nümayiş olundu.
Fırat Universitetinin rektoru,
professor Feyzi Bingöl Azərbaycan və türk
dünyasının görkəmli ədibi Anara fəxri doktor
diplomunu təqdim etməkdən qürur duyduğunu bildirdi.
“Türk dünyasında 2012-ci ilin ədəbiyyat adamı”
seçilən Anar ona sevinc dolu anlar yaşatdıqlarına
görə hər kəsə öz təşəkkürünü
bildirdi. İki qardaş ölkənin - Azərbaycan-Türkiyə
əlaqələrinin inkişafına bundan sonra da əlindən
gələn köməyi əsirgəməyəcəyini
bildirdi.
Təqdimat mərasimində
Elazığ valisi Muammer Erol, Elazığ bələdiyyə
başqanı Süleyman Salmanoğlu, Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli
və başqaları çıxış edərək
yazıçını bu yüksək mükafat münasibətilə
təbrik etdilər.
Mərasimin sonunda Türkiyənin
ünlü sənətçilərindən olan saz, söz
ifaçısı Əsat Kabaklının iştirakı ilə
konsert proqramı oldu.
Almas İldırıma sonsuz sayğı
İllər keçsə də,
bu məkanda - Elazığda Almas İldırıma
sayğı heç azalmadı, əksinə, qardaş
ölkədə istiqlal şairimizə sevgi günbəgün
böyüməkdədir. Fevralın 4-də Sivricə “Müəllim
evi”ndə keçirilən “Almas İldırıma
sayğı” gecəsi bunu bir daha təsdiq etdi. Tədbirdə
Almas İldırımın oğlu Azər Almas, şair Vaqif
Bəhmənli, Əjdər Ol, yazıçı Mövlud
Ulutəkin Yılmaz və başqaları Almas
İldırım yaradıcılığından söz
açdılar, ona həsr etdikləri şeirlərini
oxudular. Əməkdar artist Məsmə Ağaverdiyeva və
“muğam üçlüyü” uğurlu konsert proqramı ilə
çıxış etdilər.
“Füzuliyə xatirə gecəsi”
Həmin gün
“Elazığ-Bakı mədəniyyət və sənət
görüşü” çərçivəsində
“Füzuliyə xatirə gecəsi” keçirildi. Gecədə
Azərbaycan və Türkiyə sənətçiləri bir
səhnəni bölüşdülər. Muğam
üçlüyünün (tar - Sahib Paşazadə,
kamança - Toğrul Əsədullayev, xanəndə - Almaz
Orucova), nağarada Emin Cəbrayılovun ifaları
tamaşaçılar tərəfindən alqışlarla
qarşılandı. Türk sənətçiləri - Həsən
Öztürk, Paşa Dəmirbağ, Mehmet Özbek, Zülfi Dəmirdaş,
Mustafa Döner, Dəniz İldırım və
başqalarının ifası dinlənildi.
Sonda görüş
iştirakçılarına Elazığ valisi adından
xatirə diplomları təqdim olundu.
* * *
“Elazığ-Bakı mədəniyyət
və sənət görüşü”nün zəngin təəssüratını
qəzetimizin növbəti sayında oxucularla bölüşəcəyik.
Təranə
Vahid,
Bakı-Elazığ-Bakı
Mədəniyyət.-
2012.- 7 fevral.- S. 3.