Bakıda “Gəncliyin səsi” adlı rəsm sərgisi açılıb

 

   Fevralın 1-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc fırça ustalarının əsərlərindən ibarət “Gəncliyin səsi” adlı rəsm sərgisinin açılış mərasimi keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin Gənclər və İdman Nazirliyi və Rəssamlar İttifaqı ilə birgə təşkil etdiyi sərgi 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunub.

  

   Sərgini Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov açaraq gəncləri təbrik etdi, onlara uğurlar arzuladı: “Yaradıcı gənclərə dövlətimiz tərəfindən xüsusi qayğı göstərilir. Gənc rəssamlara müxtəlif müsabiqələrdə, sərgilərdə öz yaradıcılıq imkanlarını göstərməyə şərait yaradılır. Budəfəki sərgidə nümayiş olunan əsərlər bir daha göstərir ki, gənclər arasında görkəmli rəssam yetişməkdədir. Əksər işlər rəng çalarlarının rəngarəngliyi, kompozisiyaların bitkinliyi, forma və məzmun dolğunluğu və ahəngdarlığı ilə diqqəti cəlb edir”.

   Fərhad Xəlilov 50-dək gənc rəssamın Rəssamlar İttifaqına yeni üzv qəbul olunduğunu da nəzərə çatdırdı.

   Gənclər və idman nazirinin müavini İntiqam Babayev Gənclər Günü ərəfəsində belə sərgilərin təşkilinin ənənə halını aldığını, ildən-ilə yaradıcı gənclərin sıralarının genişləndiyini vurğuladı: “Mədəniyyət və Turizm Nazirliyinin, Gənclər və İdman Nazirliyinin belə tədbirlərin keçirməsində məqsədi istedadlı gəncləri üzə çıxartmaq, onları ictimaiyyətə tanıtmaqdır”.

   Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov bildirdi ki, ölkə başçısının sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ilə bağlı bu il ilk dəfə “Gənclər Günü”nə həsr olunmuş tədbirlər daha geniş formatda -festival şəklində olaraq keçirilir. Gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının dəstəklənməsi məqsədi daşıyan festival fevralın 12-dək davam edəcək.

   Sonra sərgiyə baxış keçirildi. Sərgidə 160-dan çox gənc rəssamın rəngkarlıq, heykəltəraşlıq, dekorativ və tətbiqi sənət nümunələrindən ibarət 200-ə yaxın əsəri nümayiş etdirilir. Sənətşünaslar Tacəddin və İmaməddin Həsənov qardaşlarının gümüşlə süslənmiş milli musiqi alətlərini, Natiq Əliyevin klassik üslubda çəkdiyi “Gənc heykəltəraşın portreti”ni, Teymur Balaəliyevin tətbiqi sənət nümunəsini, Nərminə Baxşəliyevanın “Bəndrumi” xalça eskizini və başqa əsərləri kamil iş kimi yüksək dəyərləndirdilər.

   Sərgi bir həftə davam edəcək.

  

 

   Ceyhun

 

  Mədəniyyət.-2012.- 7 fevral.- S. 4.