Səs
ildırımları, sevgiləri,
pıçıltıları...
Hələ
sadalanası neçə-neçə Qara Qarayev sədaları!
Qışın
oğlan çağında doğulan (5 fevral 1918) bu dahi Vətən
oğlu gənc yaşlarından başlayaraq, “Odlar yurdu” kimi
tanınan Azərbaycanı dünyaya alovlu sənət məmləkəti
kimi də notlandırmağa başladı...
Deyilənlərə görə,
uşaqlıq çağlarında nadinclik
cızığından çox qırağa çıxan
Qara, öz Qara Qarayev (!) erasında - hamımızın
dediyimiz kimi - bizim sənət istedadımızı
bütün Azərbaycan və Şərq
cızıqlarından büsbütün qırağa - öz
bəşəriyyət aləminə çıxardı...
Dahilər - dünyaya məxsuslar...
Bu qəzetin gedib
çıxacağı haralardasa “öz bəşəriyyəti”nin
ifadəsinə hansısa bir əcnəbinin təəccüblənəcəyi
gümanındayam. Amma təəssüf. Burada, olsa-olsa, balaca
bir milli eqo ehtimalı ola bilər ki, bunu üst bir ştrixlə
Bethovenə, Vivaldiyə, Rossiniyə, Şopenə, Motsarta,
Çaykovskiyə... də verməklə
konsensuslaşdıra bilərik. Ancaq adlarını tam
sadalamadığım bu nəhənglərin hər biri,
doğrudan da, təkcə öz xalqının deyil, həm də
öz bəşəriyyətinin fəxri, major
ovqatıdır.
Dahi Qara Qarayev...
Böyük çaylar, dənizlər,
okeanlar yalnız bir xalqa, bir qitəyə mənsub
olmadığı kimi, dahilər də - bütün
bunların şəriksiz sahibi olan dünyaya məxsusdur.
Siyasi-strateji qaliblik atributu olan böyük sulardan söz
düşmüşkən, deyək ki, dahisi olmayan millətin
dünyaya, bəşər mədəniyyətinə
çıxışı yoxdur. Hansı sənətkar ki
milli çəpərləri aşıb dünyəviləşir,
ümumbəşəri qidaya çevrilir, o müsafir - daha
heç bir səfər etmədən - bütün ölkələrin
fövqələbədi səfiri olur.
“Adi” Qara Qarayev?..
Deyirlər, sovet günlərinin
bir günü “bizim kənd”dən Bakıya gəlmiş aydan
arı, sudan duru bir qarı nənə(m) insan və
maşın basırığına düşüb,
ömrü uzunu “manqa başçılığı”na
işlətmiş başını necə itirirsə,
“Kommunist” küçəsini keçmək üçün
yanından ötən bir topa qıza “Ay yeddi gözəl”lər,
məni də bu “ildırımlı yollar”dan keçirin” - deyə,
şəhərə düşdüyü andan ətrafdan ona
“kəndçi” kimi baxanların gözünə “diplomatik”
diribaşlıq külü üfürmək istəyir...
Korifey Qara Qarayev!..
Bəli, yuxarıda “baş
vurduğum” siyasi-strateji qaliblik göstəricilərindən -
su, hava, quru kimi təbii-fiziki çıxışlardan daha
uzun, daha uca - gömrüksüz, vergisiz, tufansız (olsa-olsa,
melodik “ildırımlı”) mənəvi yollar açan
korifeyimiz! O, hələ çox az təşbeh etdiyim
xüsusiyyətləri, hələ xeyli bənzətmələr
edəcəyim elementləri və heç vaxt heç
birimizin qədərincə ifadə edə bilməyəcəyimiz
ilahi musiqi taktları ilə öz mükəmməl
“avtoportret”ini yaradıb; fırçasız və heç bir
ərazi-əhatə ehtiva edə bilməyəsi çərçivəsiz!..
Onun - başqaları tərəfindən
fırça və sözlə yaradılmış portretləri
də az deyil. Xüsusən, T.Salahovun «Bəstəkar Qara
Qarayevin portreti»! Amma rəssamlar - görünənləri
hamıdan yaxşı görüb, hamıdan yaxşı göstərə
bilənlər - adama “gəl-gəl” simfoniyası çalan bu
əsər-surəti bizlərə - yəni adi görənlərə
böyük orkestrlər səviyyəsində göstərməlidirlər.
Bu, əlbəttə, milli bir sifariş, xəlqi bir arzudur. Təəssüf
ki, (T.Salahov istisna edilməklə) bu ecazkar sifət-surət
obrazının ən kamil “ustadı” hələ də öz
dövrünün güzgüləri, fotoobyektivləri və
kino-tele lentlər olaraq qalır. Rəssamlardan, qələm əhlindən
fərqli olaraq, olanı ola bilən kimi yox, məhz olan kimi təqdim
edən əşyalar. Sənətçilər yox, sənədçilər.
Bəyəm sənətçiləri də sənədçilərlə
“kolleqa”laşdırmaq üçün bundan da artıq vizual
energetikaya malik olmalısan?!
Siz bir onun fotolardakı
baxışlarına baxın, kadrlardakı jestlərini
xatırlayın. Sakit... sakit... Asta baxın, bəstə
xatırlayın və usta düşünün... Şax-şahanə
duruşunda bir vuruş. Geniş və hər iki mənada
açıq alnı sanki tale və sənət ekranı. Bətndə
yalnız sənət vulkanizmi, batində isə humanizm
şölələri də saçan gözlər. Bir
qulağı həmsöhbətində, o biri -
tanımadığı, üzlərini görmədiyi
müasir milyonların, gələcək milyardların yeni
gözləntilərində; hay-küysüz, «darı dələn»
nisbətində. Yenidən xatırlayın. O heç vaxt
heç kimə, heç nəyə baxmır; nə adamlara,
nə obyektivlərə. «Ağac bar gətirdikcə...» məsəli.
Amma bir fərqlə: başını yox,
baxışlarını aşağı dikir. Yəqin, belə
bir duyğu ilə ki, birdən, onsuz da bəlli
böyüklüyünü, kadr arxasındakı qlobal
populyarlığını “lal ladla
qarşısındakılara duyurur” təhlükəsi yarana
bilər. Bəs necə, hədsiz populyarlıq, mayak
böyüklük bu sayaq “kiçik” xətalardan nəm
çəkə bilər...
Və “avtoportret”
yaradıcılığı hər rəssamın kiçik
bir dövr işidirsə, digər sənət sahəsi
adamlarının bütün ömür işləridir...
Hamının və hər kəsin Qara Qarayevi
Qara Qarayevin
xalqiçi-könüllərdaxili portretləri də az deyil.
Fakturaca abstrakt, istək-arzuca göy qurşağı qədər
folkloranə, Motsart-Bethovenlər sayağı ultra-eleqant
görünüşlü bu xəyali “portret”lər, şəkil
və “şikil”lər müxtəlif «janr»lardadır; “xəyal-duyal”,
“real-irreal”, “coşu-qoşu” və sair “növ”lərdə.
Bunlardan ikisi mənimçün daha maraqlıdır; biri sənətkaranə
«dəcəllik»lə bağlıdır, o biri - bütün
korifeyləri müşayiət edən “qara camaat”
ayama-sayamaları, rəngarəng, çoxahəng xalq
münasibətlərilə.
İşə baxın, onun pəncərə
şüşəsi sındırmasını da məqbul
hesab etməmək olmur: bir səhər indiki İqtisad
Universitetinin yanından ötən Üzeyir bəy
görür ki, bir uşaq üçüncü mərtəbədəki
taybatay açılı pəncərəyə dalbadal daş
atır. Soruşur ki, niyə belə edirsən, dillənmir.
Qeyri-adi fəhmə malik Üzeyir bəy uşağın
gözlərində nə görürsə, yaxınlaşıb
başını sığallayır və bir də
soruşur. İçində gələcək dahi gizlənmiş
uşaq millətin bu sənət babasının
sığalındakı səmimiyyətə güvənib,
fikrini bir nəvə sadəlövhlüyü ilə bəyan
edir; “...mən sınan şüşə cingiltisini çox
xoşlayıram...”
Onun haqqında söyləyəcəyim
ikinci xəlqi rəvayət-“portret”in isə şəxsən
şahidiyəm. On il əvvəl, bir dostumun
maşınında Qara Qarayevin “Vals”ını dinləyib təəssüratlarımızı
bölüşürdük. Onun 7-8 yaşlı nəvəsi
“baba, imkan verin qulaq asaq də!” - deyə, bizim müzakirəmizə
çılğınlıqla etirazını bildirdi. Sonra bu
yaşıdım 60-cı illərlə bağlı bir hekayət
söylədi. Dedi ki, indi işğal altındakı rayonumuza
yenicə radio qovşağı çəkilmişdi və
muğamatdan, aşıq mahnılarından başqa heç nəyi
dinləməyə səbri çatmayan nənəm tez-tez
gileylənir, simfoniya, ariya (öz təbirincə “arya-zarya”) səslənəndə
biz nəvə-nəticələrinə “onun səsini kəsin!”
əmri verirdi. Qərəz, bir gün o 105 yaşlı nənə
15-16 yaşlı mənə bir saçaqlı konfet verib dilə
tutdu ki, onun adından “radyo-ustudya”ya bir məktub yazım.
Yazım ki, o Qara Qarayevləri tez-tez səsləndirsinlər.
Ucqar bir kənd ağbirçəyinin müasir musiqi
zövqünə məəttəl qalan radio işçilərindən
bir qrupu iki-üç həftədən sonra bizim kəndə
gəldi. Xoş-beş, çay-çörəkdən sonra
bunun səbəbini soruşdular. Nənəm nə cavab versə
yaxşıdır? Dedi, ay bala, mən bir xəstə
qarıyam, başım səs-küy götürmür, o
cürənə musiqilər veriləndə isə uşaqlar
özləri bağlayır radionu...
Sonra dostum əlavə etdi ki, indi mənim
nəvəm, o vaxt nənəmə şərik
çıxıb yol verdiyim o gənclik zövqümün
“qisasını” alır məndən. Bir kərə də
qayıdasan ki, baba, “dərslərinə fikir ver” deyib, mənə
belə musiqilərin disklərini almırsan, barı radioya məktub
yaz ki, indicə mənim ürəyimi oynadan bu musiqiləri
tez-tez səsləndirsinlər...
Səsə
nə qaldı?
Yəni, bircə notunu belə ifadə
edə bilməyən bu sözlərdən o kompleksal-total Səsə
qənimət olaraq nə qaldı - vurğunluqdan savayı? Nə
bu saya sözlər o şedevr Səsə adekvatdı, nə
sağlığında aldığı sayagəlməz
mükafatlar o korifey Kəsə...
Amma bu xalqa, dünyaya mükafat
olanlarımızdan birisinin təltif və
mükafatlarını sadalamağa nə ehtiyac? SSRİ Xalq
artisti, bir dəfə “Lenin”, iki dəfə “Stalin”
mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı,
akademik... Bu adlar çoxdur, say, həcm və vəzncə
böyükdür, lakin onun təkrarsız əsərlərinin
böyüklüyü ilə o qədər də proporsional
deyil. Musiqisini yazdığı filmlərin hər birində
ikinci baş qəhrəman mütləq mənada onun
notlarıdır. Baletlərindəki parçaların hər
biri həm də müstəqil sənət nümunələridir.
Simfonik poemaları dünyanın bütün könül “nəşriyyat”larında
eyni dildə, lakin məhz Azərbaycan imzası ilə səslənib-oxunan
bəşəri partitura-romanlar, epoxal epopeyalardır.
... Və yəqin ki, on il öncə
dostumun maşınında «Vals» davası edən o uşaq indi
ordudadır. Sözsüz ki, o oğlan bu Vətənin tək
elə torpağını, maddi varidatını yox, hələ
o yaşda ikən o qədər sevdiyi o «Vals» da daxil olmaqla, mənəvi
nemətlərini də qoruduğunun fərqindədir və bu
ölkənin o «Vals» parçasının da şərəfini,
müəllifinin məlum “iyirmi faiz”lik şöhrət kəm-kəsirini
də düşməndən azad etmək qabiliyyəti və
səviyyəsində döyüşəcək...
Tahir Abbaslı
Mədəniyyət.-
2012.- 7 fevral.- S. 5.