Sənət
həyatdır
Görkəmli musiqiçi Polad Bülbüloğlunun 67
yaşı tamam oldu
Məşhur
bəstəkar və müğənni, Xalq artisti, professor
Polad Bülbüloğlu 1945-ci il fevralın 4-də Bakıda
anadan olub. Böyük müğənni, SSRİ Xalq artisti
Bülbülün ailəsindəki musiqi aurası, yüksək
sənət mühiti kiçik yaşlarından onu
ağuşuna alır, gələcək həyat yolunu müəyyənləşdirir.
İlk dəfə 15
yaşında, 1960-cı ildə böyük səhnəyə
çıxır, atasını fortepianoda müşayiət
edir. 16-17 yaşlarında ilk əsərlərini bəstələyir.
“Sumqayıt haqqında mahnı”, “İlk görüşdən”,
“Moskva haqqında mahnı”, “Sabahınız xeyir”
mahnıları musiqisevərlər tərəfindən rəğbətlə
qarşılanır.
Musiqi məktəbini fortepiano
ixtisası üzrə bitirdikdən sonra 1963-cü ildə
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına
(Bakı Musiqi Akademiyası) daxil olur və dahi bəstəkar
Qara Qarayevin sinfində təhsil alır. 1968-ci ildə
konservatoriyanı bitirəndə o, artıq nəinki
respublikamızda, bütün SSRİ-də tanınan
müğənni və bəstəkar idi. 1969-cu ildə
SSRİ Bəstəkarlar İttifaqının və SSRİ
Kinematoqrafçılar İttifaqının üzvü
seçilir.
70-ci illərdə Polad
Bülbüloğlunun müğənni və bəstəkar
kimi populyarlığı keçmiş SSRİ-nin sərhədlərini
də aşır. Azərbaycan Dövlət Estrada
Ansamblına rəhbərlik edən (1976) musiqiçi
dünyanın 70-dək ölkəsində konsert
proqramları ilə çıxış edir. Onun
mahnılarını Sovet İttifaqının ən məşhur
müğənniləri - Müslüm Maqomayev, İosif
Kobzon, Lev Leşşenko və başqaları ifa edir.
Polad Bülbüloğlunun 20-dən
çox ekran əsərinə yazdığı musiqilər
milli kinomuza da töhfələr verib. “İstintaq davam edir”
(1966), “Uşaqlığın son gecəsi” (1968), “Babək”
(1979), “Sevinc buxtası” (1977), “Yol əhvalatı” (1980), “Qorxma,
mən səninləyəm” (1981) və s. filmlərin
tamaşaçılar tərəfindən sevilməsində
Polad Bülbüloğlunun koloritli musiqisinin də önəmli
yeri var. O, “Qorxma, mən səninləyəm” filmində eyni
zamanda baş rolu (Teymur) məharətlə oynayaraq kinodakı
xidmətlərinə daha birini əlavə edib. Qeyd edək
ki, hazırda “Qorxma, mən səninləyəm” filminin
davamı (30 il sonra) çəkilir və Polad
Bülbüloğlu bu ekran əsərində həm bəstəkar,
həm də əsas rollardan birinin ifaçısı kimi
çıxış edir. Onun kinodakı son işlərindən
biri “Hökmdarın taleyi” (2008) filminə yazdığı
musiqidir.
Bəstəkarın zəngin
yaradıcılıq aktivinə teatr tamaşalarına musiqilər,
simfonik əsərlər, süitalar, vokal-simfonik silsilələr,
kamera-instrumental musiqisi, 100-ə yaxın mahnı daxildir. Onun
"Məhəbbət və ölüm" baleti
çağdaş musiqi sənətimizə, musiqi mədəniyyətimizin
dünyada təbliğinə mühüm töhfədir. Əsər
Rusiyada, Türkiyədə uğurla səhnələşdirilib,
eləcə də ötən il Bakıda sənətsevərlərə
təqdim olunub.
Polad Bülbüloğlu 1973-cü
ildə Azərbaycanın Əməkdar incəsənət
xadimi, 1982-ci ildə isə Xalq artisti adına layiq
görülüb.
1988-2006-cı illərdə Azərbaycanın
mədəniyyət naziri işləyib, 1994-2005-ci illərdə
TÜRKSOY-un baş direktoru olub. 2005-ci ildə Prezident İlham
Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətində
göstərdiyi böyük xidmətlərə görə
ölkəmizin yüksək dövlət təltifinə -
“İstiqlal” ordeninə layiq görülüb.
2006-cı ildə Azərbaycan
Respublikasının Rusiya Federasiyasında fövqəladə
və səlahiyyətli səfiri təyin edilib və bu
günədək həmin vəzifədə işləyir.
2007-ci ildə Rusiya-Azərbaycan mədəni əlaqələrinin
inkişafına verdiyi töhfəyə görə Rusiya
Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub. O həmçinin
Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən
“Müqəddəs Knyaz Nevski” mükafatına layiq
görülüb. Ölkəmizin mədəni və ictimai həyatında
göstərdiyi xidmətlərə, uğurlu diplomatik fəaliyyətinə
görə Çingiz Mustafayev Fondu tərəfindən 2009-cu
ildə “İlin adamı” elan edilib.
Mədəniyyət.-
2012.- 7 fevral.- S. 6.