Hərbi-vətənpərvərlik
ruhlu mahnılarımız niyə
azdır?
Əslində bunu kiməsə təlqin
etmək, hər an xatırlatmaq lazım deyil. Çünki vətənpərvərlik
bütün hisslərimizdən ən yüksəkdə
durmalıdır. Məgər ana-atamızı,
övladımızı, yaxınlarımızı sevmək
barədə bizə təlim-tədris, təbliğat-təşviqat
lazımdır.
Yox. Çünki bu, insan olaraq
şüura malik hər kəsin daxili aləmi, duyğu,
vicdan, sədaqət tərəzisinin mizanıdır. Bu öz
yerində. Digər tərəfdən vətən, ona sevgi və
bağlılıq ruhumuza, mənəvi dünyamıza hakim kəsilməlidir.
Bunun da ən estetik, qalıcı, mən deyərdim ki,
birbaşa yolu təbliğatdır. Bu, hazırkı durumda bizə,
azərbaycanlılara xüsusilə vacibdir. Çünki
torpaqlarımızın bir hissəsi yağı
tapdağında, bir xeyli insanımız yurdundan didərgin,
qaçqın, məcburi köçkün vəziyyətində,
cəmiyyətimiz vətən, xalq dərdi yükündədir.
Deməli, vətən və vətənpərvərlik
anlayışlarının mənəvi aspektlərdə təlqini
bu gün bizə hava, su kimi gərəkdir. Bu xüsusda ruhun əzəli
və əbədi laylası olan musiqinin yeri bir ayrıdır.
İncəsənətin bu əsrarəngiz
sahəsi intellektindən, dünyagörüşü,
zövqündən asılı olmayaraq hər kəsin beyninə
hakim olmaq iqtidarındadır. Bəs bu gün bu güclü mənəvi
silahın «yarım getdi, gözüm doldu, «həsrət
boğdu», «getmə gözümdən, gedərəm
özümdən» timsallı eşq-məşq musiqisi fonunda
«vətən», «millət», «qalx ayağa, qisas al», «marş irəli,
Azərbaycan əsgəri» çağırışları
necə səslənir Allı-güllü efirlərdən,
şirin dilli ifaçılardan, peşəkarlıq və
qeyri-peşəkarlıq qovğasındakı bəstəkarlardan
və incəsənət rəsmilərindən fikir öyrənməklə
mövcud mənzərəni təsvir etmək istədik.
Daha çox vətənpərvər
olanlar Azərbaycanda kütləvi mahnı janrının ilk
nümunələrini yaradan Üzeyir Hacıbəylinin
yaradıcılığında vətənpərvərlik
mövzusu da bir xətt olaraq keçib. Bəstəkar həmin
mahnılarında müəyyən tarixi hadisələrə
də öz münasibətini bildirməyə
çalışıb. Təsadüfi deyil ki, 1918-1920-ci illərdə
Azərbaycan Xalq Cümhuriyyətinin dövründə «Milli
marş», «Azərbaycan marşı»,
«Çırpınırdı Qara dəniz» kimi vətənpərvərlik
ruhunda himn xarakterli mahnılar yaranmışdır. Bunlardan
«Milli marş»ın sözləri Ü. Hacıbəylinin
özünə, «Azərbaycan marşı» və
«Çırpınırdın Qara dəniz»
mahnısının sözləri Əhməd Cavada məxsusdur.
Bu əsərlər uzun müddət
itirilmiş hesab olunurdu. Lakin onlar Türkiyədə məşhurlaşmış
və nəşr olunmuşdur. Yalnız 1980-ci illərdə
Üzeyir Hacıbəylinin ev-muzeyinin əməkdaşları
tərəfindən tapılıb bərpa edilmiş və Azərbaycanda
səsləndirilmişdir. Dahi bəstəkarın «Azərbaycan
marşı» 1992-ci ildə Azərbaycan Respublikasının
Dövlət Himni kimi qəbul olunmuşdur.
Ümumilikdə vətənpərvərlik
mövzusu professional musiqimizin, bəstəkarlıq məktəbimizin
əksər görkəmli simalarının
yaradıcılığında özünü tapıb. Bu mənada
Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Rauf
Hacıyev, Oqtay Kazımov, Emin Sabitoğlu, Telman Hacıyev,
Adil Bəbirov, Cavanşir Quliyev və başqalarının
adlarını çəkə bilərik.
Bəs
indi
Bax, bu sualın bir çox səbəbi
və uzun-uzadı izahı var. Kimiləri bu mövzuda
mahnının sifariş olunmadığını, bir
başqaları sandıq üçün yox, dinlənilən,
populyar olan mahnılar yazmaq istədiklərini, bir çoxu isə
sırf vətənpərvərlik mövzusunda mahnı
müsabiqələrinin keçirilməsini vacib saydı. Mədəniyyət
və Turizm Nazirliyinin İncəsənət şöbəsinin
musiqi sektorunun müdiri Sevda Məlikova son illər bəstəkarların
bu mövzuya az maraq göstərdiklərini, ideyanı daha
çox irihəcmli musiqi əsərlərində əks
etdirmək istədiklərini vurğuladı. O, son olaraq bəstəkar
Ramiz Mirişlinin bu mövzuya aid iki əsərini qəbul
etdiklərini da diqqətə çatdırdı.
Sənətşünaslıq
doktoru, professor Ramiz Zöhrabov isə bu problemin həllini bəstəkarlar
arasında müsabiqənin keçirilməsində
görür «Bu mövzuda irihəcmli musiqi əsərlərimiz
var. Sırf mahnı yaradıcılığında isə
müəyyən problem var. Vətənpərvərlik
mövzusunda mahnı yaz demək və bu işə kimisə
təhkim etmək sanki ona vətəni sev demək kimi bir
şeydir. Düşünürəm ki, bu hər bir bəstəkarın,
ifaçının içindən gəlməlidir, hər
bir şair vətəni, onun insanlarının
döyüşkənlik, əzmkarlıq ruhunu duyaraq elə
gözəl şeir nümunələri yaratmalıdır ki,
bəstəkar istər-istəməz onu musiqi dilində
çatdırsın, ifaçı oxusun. Burada problem kompleks
şəkildə həll olunmalıdır. Təkcə
mahnı yazmaq şərt deyil. Gərək, ümumilikdə
insanlarda hərbi vətənpərvərlik ruhunu
aşılamaq üçün müəyyən müsabiqələr
keçirilsin. Bəstəkar da işinin həm maddi, həm də
mənəvi cəhətdən qiymətləndirildiyini
görüb işləsin, daha çox yazsın. Digər tərəfdən,
hər bir bəstəkar istəyir ki, onun əsərləri
ifa ömrü yaşasın. Təəssüf ki,
radio-televiziya efirində bu mövzulu mahnılara az rast gəlirik.
Yalnız müəyyən tarixi günlərdə, rəsmi
bayramlarda o mahnılara yer verirlər”.
Sən
demə, hamı “yar” deyir
Bəstəkarın sözündə
həqiqət var. Bu gün istər televiziya və radio
dalğalarında, istərsə də əksər konsertlərdə
(təbii dövlət tədbirləri, müvafiq tarixi
günlərlə bağlı konsertləri çıxmaq
şərtilə) vətənpərvərlik ruhunda
mahnılar az-az səslənir. Belə olduqda bəstəkarlar,
müğənnilər də bu mövzuda mahnılara
böyük maraq göstərmirlər. Təbii ki, əsas səbəb
isə bu mahnıların müğənnilərə gəlir
gətirməməsi, vətəndən, millətdən, xalqdan
oxuyan və repertuarını əsasən bu mövzulu əsərlərlə
zəngin edən müğənninin toylara-məclislərə
az dəvət olunmasıdır.
Repertuarında 100-dən artıq hərbi
vətənpərvərlik mövzusunda mahnı olan Xalq artisti
Mübariz Tağıyev də bu fikirdədir. Sənətçi
hesab edir ki, belə musiqilər yazılsa da, proses mütəmadi
xarakter daşımır “Biz müharibə şəraitində
yaşayırıq, hərbi vətənpərvərlik ruhda
mahnılarımız davamlı şəkildə
yazılmalıdır. Amma bizdə bir müddət silsilə
mahnılar bəstələnir, sonra uzun zaman fasilə yaranır.
Buna görə də bu sahədə boşluq hiss olunur. Digər
tərəfdən, indi yazılan hərbi-vətənpərvərlik
ruhlu mahnılar bugünkü dövrün nəbzini
tutmalıdır, tarixlə yanaşı, bu günün qəhrəmanlarına
da həsr olunmalıdır».
Müğənni keyfiyyət və
janr məsələsinə də toxundu. Onun sözlərinə
görə, hərbi-vətənpərvərlik ruhunda
mahnılarda vəhdət olmalıdır musiqi, aranjiman, mətn,
ifa bir-birini tamamlamalıdır “Bir də görürsən
mahnı, ifa, aranjiman mükəmməldir, mətn isə
bayağıdır, yaxud da əksinə. Janra gəlincə, hərbi-vətənpərvərlik
ruhlu mahnıların marş, ballada, yaxud digər janrlarda bəstələnməsi
mütləq deyil. Belə mahnıları gənclərin
qavradığı, bəyəndiyi və qəbul etdiyi
müasir musiqi janrlarında da bəstələmək olar”.
Vətənpərvərlik ruhlu
mahnıların tanınmış ifaçısı, Əməkdar
artist Azərinin fikrincə, bu mövzuda mahnı, şeir, ifa
hər hansı sifariş və ya tələblə yox, ürəklə,
istəklə yazılmalıdır «Mən
düşünmürəm ki, bunun üçün mənə
kimsə göstəriş verməlidir. Bu hər bir vətəndaşın,
xüsusən də incəsənət sahəsində olan
insanların mənəvi borcudur. Bu mövzu mənim
üçün bir ifaçı və insan olaraq hər zaman
gündəmdədir, hər zaman aktualdır. Vətənpərvərlik
mahnıları ifaçı kimi
yaradıcılığımın ana xəttini təşkil
edir. Hazırda da yeni bir mahnı üzərində işləyirəm.
Bu, millət vəkili Qənirə Paşayevanın sözlərinə
yazılmış «Qarabağ» mahnısıdır. Xocalı
soyqırımının 20 illiyi ilə bağlı
hazırlanan mahnını yaxın vaxtlarda təqdim edəcəyik.
Adətən bu mövzuda mahnıları özüm
seçirəm, səsimə, ifa texnikama uyğun yazan bəstəkarların
əsərlərini oxumağa çalışıram.
Ümumilikdə vətənpərvərlik təkcə incəsənət
sahəsində yox, bütünlükdə
insanlarımızın, vətəndaşlarımızın
ruhunda, canında, qanında olmalıdır».
Həmidə
Nizamiqızı
Mədəniyyət.-
2012.- 7 fevral.- S. 6.