Yeni dövrün yeni teatr tələbi

 

   İsrafil İsrafilov: “Biz fövqəladə əhəmiyyəti olan proseslərə qoşulduq, hamar olmayan yolla getməyə başladıq. Bu, zərurət idi. Bunu etməli idik”

  

   Çağdaş dünyada mədəni münasibətlər mədəniyyətlər arasındakı dialoqu zəruri edir. Bir xalq mədəni dəyərlərinin qorunması, inkişafı üçün dünya mədəniyyətində gedən prosesləri, yeni sənət meyarlarını nəzərə almalıdır. Eyni zamanda öz ənənəvi xüsusiyyətlərini qorumalıdır. Bu nisbətən mürəkkəb kulturoloji kontekstdə mədəniyyət siyasəti aydın müəyyən edilməlidir.

  

   Sevindirici faktdır ki, müstəqil dövlətimizin mədəniyyət siyasətində bu meyarlar artıq müəyyən olunub. O cümlədən milli teatr sənətimizin inkişafı və dünya mədəniyyətinə inteqrasiyası bəlli prinsiplər əsasında qurulub. Teatrların maddi-texniki bazasından yaradıcı fəaliyyətinə, inkişaf konsepsiyasına qədər ən mühüm komponentlər həllini tapıb. Hazırda Azərbaycan teatrı mühüm islahatlar yolundadır. Ölkənin ana teatrının - Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov da bizimlə söhbətində bu islahatlar və onların ilk nəticələrindən danışdı.

  

   - Azərbaycan teatrında islahatların aparılması hər zaman aktual olub. Respublikamız SSRİ-nin tərkibində olanda, digər sahələr kimi, mədəniyyətdə də mərkəzdən asılılıq, məhdudiyyət, çərçivələr özünü göstərirdi. Artıq 20 ildir Azərbaycan dövlət müstəqilliyinə qovuşub. Bu müddətdə ölkəmiz inkişaf edib, beynəlxalq aləmdə nüfuzu artıb. Təbii ki, bu, Azərbaycana mədəniyyət siyasətində də ildən-ilə daha yüksək inkişaf mərhələsinə keçməyə imkan verir, yeni perspektivlər vəd edir. Bu müddətdə mədəniyyət, o cümlədən teatrla bağlı mükəmməl qanunlar toplusu yaranıb. Teatrın inkişafı üçün mühüm işlər görülüb və görülməkdədir.

   - Yeni şərait, müstəqil inkişaf teatrımızın dünyaya çıxması, dünya teatr prosesinə inteqrasiyası üçün də imkanlar açıb. Bu inteqrasiya prosesi və onun perspektivləri barədə nə düşünürsünüz?

   - Ümumiyyətlə, yeni ictimai-siyasi-mədəni reallıqda teatr heç bir şəkildə dünya teatr prosesindən təcrid olunaraq yaşaya bilməz. İslahatların başlanması üçün ilkin zəruri şərtlərdən biri də bu idi. Bax, bu zaman bəlli oldu ki, bizim teatrın ciddi problemləri var. Yəni teatrda uzun müddət davam edən geriləmə prosesi öz işini görmüşdü. Elə ondan başlayaq ki, teatrda müasir dramaturgiyanın azlığı özünü qabarıq göstərirdi. Amma burada da obyektivlik vacibdir. Məsələn, ölkədə 27 dövlət teatrı var və bu teatrların hərəsi ildə bir müasir tamaşa qoymalıdır. Deməli, 27 yeni mövzulu, amma istedadla yazılmış, dramaturji konstruksiyaya, ideyaya, azərbaycançılıq məfkurəsinə uyğun və aktyor üçün oyun materialı, tamaşaçıya deyəcək sözü olan əsər olmalıdır. Bizdə, bu mənada, heç kəmiyyət göstəriciləri belə yetərli deyil.

   İkinci tərəfdən, teatrın böyük sənət ənənələri yaratmış yaradıcı şəxsiyyətlərini, Dədə Qorqudun deyimi ilə desək, əcəl alıb yer gizləmişdi. Bizim nəslin gördüyü Mehdi Məmmədov, Tofiq Kazımov, Məhərrəm Haşımov, Zəfər Nemətov kimi rejissorlar dünyasını dəyişmişdi. Yeni nəsil rejissorlar isə azlıq təşkil edirdi. Bu, teatrın mövcud problemlərindən biri olaraq hələ də qalmaqdadır.

   - Gəlin, üçüncü, daha ağrılı olan tamaşaçı problemini də unutmayaq. Çünki tamaşaçı teatra gəlir və səhnə əsərində onu cəlb edəcək, maraqlandıracaq mənzərə görmədikdə buradan uzaqlaşır. Və bütün hallarda teatr itirir.

   - Təbii. Teatrın geriləmə, reqressiv proseslərini yaradan şərait nəticəsində də dediyimiz tamaşaçı ilə teatr arasındakı əlaqə qırıldı. Buna görə də bütövlükdə Azərbaycan teatr məkanında islahatlar qaçılmaz idi. Bu məsələdə fövqəladə əhəmiyyəti olan sənədlər qəbul olunmuşdu. Onların yerinə yetirilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi çox geniş tədbirlər planı həyata keçirməyə başladı. Teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi işi intensivləşdi. Bilirsiniz ki, teatra hər hansı bir texniki avadanlığın alınması hələ onun təmin edilməsi demək deyil. Teatrlar kökündən, kardinal şəkildə dəyişməli idi və bu proses başlandı. Bu, nəticəsini ən yaxın zamanlarda göstərə biləcək işin başlanğıcı idi.

   - Növbəti mərhələ teatrların truppasının yeni məqsədlərə yönəldilməsi, yeni fəaliyyət istiqaməti ilə bağlı idi ki, o da ilk olaraq Akademik Milli Dram Teatrının təcrübəsində tətbiq olundu. Amma bu proses birmənalı qarşılanmadı...

   - Bu, təbiidir, çünki islahatlar elə də asan qəbul olunmur. Amma bu, realdır, mütləqdir. Məsələn, biz kollektivlə münasibətdə müqavilə üsulunu həyata keçirdik. Bundan başqa, rejissorlar konkret bir teatra təhkimçilikdən azad olundular və sənətin təbiətindən irəli gələn demokratik bir ovqata kökləndilər. Onlar artıq, istər respublikamızda, istərsə də xaricdə, tamaşalar qoymaq imkanı əldə etdilər.

   Sirr deyil ki, ətalətdə olan bir orqanizmi birdən-birə silkələmək, daha aktiv fəaliyyətə istiqamətləndirmək elə də asan deyil. Və təbii olaraq bu, kimisə narahat edir, kiminsə yadına salır ki, onun bir vaxtlar əvvəlki əsərlərdə oynadığı obrazlar daha yeniləri ilə əvəz olunmalıdır. Əvvəlki xidmətlərin kölgəsində gizlənmək olmaz. Yəni dövr də, zaman da, teatr sənəti və tamaşaçılar da ondan yeni obrazlar, fərqli ifa və özünün yaradıcılıq üslubunda yeniliklər gözləyir. Bu, əlbəttə, çətindir. Adət olunmuş bir mövqedən başqa mövqeyə çıxmaq böyük zəhmət, fərqli fəaliyyət tələb edir və bu mədəni-estetik proses keçilməli idi.

   - Bütün bu məsələlər, əlbəttə, teatr islahatlarının başlanması üçün zəruri idi. Bəs islahatın ilkin nəticələri nə oldu?

   - Teatrımız ötən ilin mart ayından yenidən qurulmuş, təmir-bərpa olunmuş binasında fəaliyyətə başladı. Milli teatr gününə təsadüf edən açılışda biz tamaşaçıların qarşısına Xalq yazıçısı İlyas Əfəndiyevin «Hökmdar və qızı» pyesi əsasında hazırlanmış «Qarabağnamə» tamaşası ilə çıxdıq. Bundan sonra teatrın repertuarına bir-birinin ardınca yeni səhnə əsərləri daxil oldu. Təxminən 7 ayda 10 yeni və 4 bərpa edilmiş tamaşa ilə çıxış etdik. Bu, nəticə deyilmi? İndi siz təsəvvür edin ki, biz necə gərgin yaradıcı rejimində işləmişik. Aktyorlar bəzən istirahətə vaxt tapmayıblar. Nəticədə bu gün bizim repertuarda 14 tamaşa var. Bunlar hamısı teatr kollektivinin fədakar əməyi sayəsində mümkün oldu. Özü də bu tamaşalardan 5-i teatrın daxili imkanları hesabına hazırlanıb.

   - Teatra rəhbər təyin olunarkən qarşıya qoyduğunuz və müsahibələrinizdə dönə-dönə vurğuladığınız bir məqam da iş və yaradıcılıq intizamının möhkəmləndirilməsi ilə bağlı idi. Bu sahədə problemlərin olduğunu deyirdiniz...

   - Əslində, burada heç bir problemli məsələ yox idi. Özü də mən burada yeni nə isə kəşf etmədim. İstənilən işdə intizam olmazsa, orada böyük nəticələrə nail olmaq mümkün deyil. Xüsusən də teatrda. Çünki teatr gördüyü işi özü üçün yox, cəmiyyət üçün edir. Cəmiyyət həyatında isə xaotikliyə yer yoxdur, o bir nizamla idarə olunur. Nizam-intizam olan yerdə uğur da var, inkişaf da. Amma bu da düşünülmüş olmalıdır. Mənim kimi, kollektivin üzvləri də bunu vacib saymalıdır. Həmfikirlilik, mövqe, amal birliyi olmasa, hansısa bir uğurun iddiasında olmaq gülüncdür.

   - Müasir dövrün teatrı və onun problemləri. Sizcə, məsələnin kökündə əsas nə dayanır?

   - Elə problemlər var ki, onlar bəlkə də daimidir. Teatr yaradıcılıq, rəqabət, sənət yarışı yeridir. Rəqabət olduqda problemlər də olur.

   - Təbii. Amma maraqlıdır, sənətşünas olaraq, sizin fikrinizcə, əsas məqam dramaturgiyadır, rejissura, yoxsa ondan qaynaqlanan aktyor oyunu?

   - Teatrın komponentləri var. Ədəbi material, rejissura, aktyor oyunu və o oyuna baxan tamaşaçı. Bu dörd komponent mütləqdir. Elə bu günün özündə də teatrın ən aktual və ən böyük vəzifələrindən biri dövlət quruculuğunda iştirakdır. Yəni dövlətin teatrı dövlətin xəttində, siyasətində fəal mövqedə olmalıdır.

   - Yeni dövrün tələbi olan yeni teatr siyasəti. Bu gün əksəriyyətin müzakirə etdiyi bu məsələ ətrafında danışılarkən Milli Dram Teatrının adı daha tez-tez çəkilir...

   - Bir şeyi qətiyyən unutmaq olmaz ki, yeni reallıqlarda köhnə dəblə işləmək və yaşamaq mümkün deyil. Yeni reallıqlar yeni dünyagörüşü səviyyəsi, yeni enerji qoyuluşu tələb edir. Ötən ilin martından bu yana səhnəmizdə hazırlanan tamaşaların estetik səviyyəsi göz qabağındadır. Biz fövqəladə əhəmiyyəti olan proseslərə qoşulduq, hamar olmayan yolla getməyə başladıq. Bu, zərurət idi. Biz bunu etməli idik. Biz istədik ki, teatrımızı yeni üfüqlərə çıxaraq, onun yaradıcılıq potensialını daha da inkişaf etdirək. Təbii ki, bu proses ağrısız ötüşmədi. Başqa yol isə, sadəcə, yoxdur. Vəziyyəti dəyişmək, keyfiyyətcə yeni və daha yaxşı məqamlara çatmağın yeganə yolu budur.

   - Sizcə, teatrda səhnəyə qoyulan tamaşaların bədii-estetik səviyyəsi, qaldırdığı problemlər, ustalıq səviyyəsi tamaşaçıları qane edirmi? Təxminən bir neçə il bundan əvvəl tamaşaçıların teatrdan uzaq düşməsini, nəsil əlaqəsinin qırılmasını bu nüansla əlaqələndirirdilər...

   - Tendensiya kimi tamaşaçının teatra qayıdışı açıq-aşkar hiss olunur. Hətta elə tamaşaçılar var idi ki, onlar teatrdan incimişdilər, küsmüşdülər. Bəziləri teatrın hansısa mövqeyə çıxacağına inanmırdılar. Bax, o tamaşaçılar, kübar, teatral zövqlü tamaşaçılarımız qayıdıb.

   - Müsahibələrinizin birində «Teatrda yaradıcılıq səviyyəsinin aşağı düşməsinin ilk səbəbi dramaturqlar, ikinci səbəbi isə rejissorlardır”, - demişdiniz. Ümumilikdə klassik və müasir əsərlərin yeni redaksiyada, fərqli təqdimatda tamaşaçıya çatdırılmasında indi vəziyyət necədir?

   - Təəssüf ki, estetik teatral tələblər səviyyəsində yazan dramaturqlarımız azdır. Ümumilikdə Azərbaycan teatrı həmişə güclü, istedadlı aktyor fərdiyyəti ilə zəngin olsa da, incik qaldığı sahə dramaturgiya olub.

   - Necə düşünürsüz, bu gün Azərbaycan məkanında teatr müstəqil fəaliyyət göstərə bilərmi?

   - Əlbəttə. Amma bunun üçün müəyyən şərtlər var. Özünün sabit auditoriyası olan teatr varsa, o, xoşbəxtdir və yəqin ki, müstəqil fəaliyyət göstərə bilər. Əslində, bütün hallarda teatr arxayınçılıq mövqeyində durmamalı, dövlətin əlinə baxma, himayəyə sığınma prinsiplərindən uzaqlaşmağa çalışmalıdır. Özü-özünü maliyyələşdirmə yollarını düşünməlidir. Əminliklə deyirəm ki, buna nail olmaq olar.

   - Dövrümüz yeni nəsil, yeni dramaturgiya, yeni rejissor tipi və intellektual təfəkkürlü, universal oyun texnikasına malik aktyor fəaliyyəti tələb edir. Tamaşaçı o aktyoru görmək istəyir ki, o, səhnədə hər şeyi bacarsın. Deməli, teatrın yeni fəlsəfəsini bilən rejissor və təbii ki, universal aktyor tipi lazımdır.

   - Nə Azərbaycan, nə də dünya teatrlarında elə bir truppa yoxdur ki, onun bütün aktyorları fövqəladə və parlaq ifaçı olsun. Hər truppada ən çoxu 7-8 seçmə aktyor var. Bizdə də həmçinin. Aktyorun əsas materialı onun özüdür. O öz diksiyasından, plastikasından, mimikasından maksimum istifadə edərək tamaşaçının diqqətini oyun bitənədək özündə saxlamağı bacarmalıdır. Bunun üçün isə onun dünyagörüşü, bədəni, səsi, plastikası mükəmməl formada olmalıdır.

   - Sizin bir neçə beynəlxalq layihələriniz var və bu planın bir hissəsi də dəvətli rejissorlarla bağlıdır. Bu planınız «pis tamaşanın günahı aktyorda yox, rejissordadır» fikrindənmi qaynaqlanır?

   - O proses də gedir. Bizdə bir neçə dəvətli rejissor işləyib və hazırda iki tamaşanı da əcnəbi rejissora həvalə etmişik. Kollektiv də o rejissorların fəaliyyətindən razıdır. Dəvətli rejissorların bizim mətbəxi bilməməsi fikri ilə qətiyyən razı deyiləm. Bu, naşı və qısqanc yanaşmadır. Bu gün bütün dünyada rejissorların mübadiləsi prosesi gedir və bu, ümumilikdə teatr sənətinin inkişafına təkan verir. Biz niyə bundan geri qalmalıyıq? Mədəniyyətlərin mübadiləsi zamanla təsdiq olunmuş reallıqdır və xüsusilə bizə hava, su kimi lazımdır.

  

 

   Söhbətləşdi: Həmidə Nizamiqızı

 

  Mədəniyyət.- 2012.- 7 fevral.- S. 7.