Bakının
panoramı, Azərbaycan süfrəsi, muğam
triosu...
Macarıstanda Toğrul Nərimanbəyovun rəsmlərindən
ibarət təqvim nəşr olunub
Budapeştdə fəaliyyət
göstərən Macar-Azərbaycan Dostluq Cəmiyyəti ənənəvi
olaraq 2012-ci il üçün Azərbaycan və macar dillərində
təqvim hazırlayıb. Builki təqvim görkəmli Azərbaycan
rəssamı Toğrul Nərimanbəyova həsr olunub. Təqvimin
hər səhifəsində rəssamın tanınmış əsərləri,
onların adları və çəkilmə illəri göstərilib,
son səhifəsində isə rəssamın tərcümeyi-halı
və nailiyyətləri əksini tapıb. Rəsmlər
arasında rəssamın avtoportreti, Bakının panoramı,
Azərbaycan süfrəsi, muğam triosu,
nağıllarımız, meyvələrimiz və başqa
milli atributlarımız yer alıb. Təqvim Macarıstanda
yaşayan və təhsil alan azərbaycanlılara, yerli əhaliyə,
dövlət və qeyri-hökumət təşkilatlarına,
biznes qurumlarına paylanıb.
Xatırladaq ki, Macar-Azərbaycan
Dostluq Cəmiyyəti 1994-cü ildən fəaliyyət
göstərir.
Mədəniyyət.-
2012.- 7 fevral.- S. 8.