Alp dağlarından Adriatik dənizinədək

 

   Bakıda Sloveniya kurortlarının təqdimatı maraqla qarşılandı

  

   Fevralın 1-də Bakıda «Qafqaz Point» hotelində Sloveniyanın termal və müalicəvi kurortlarının təqdimat mərasimi keçirildi. Sloveniyanın «Terme KRKA» şirkətinin və onun Azərbaycandakı tərəfdaşı «Millennium Tourism & Congress DMC»nin təşkilatçılığı ilə gerçəkləşən tədbirin birinci istiqaməti ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri üçün nəzərdə tutulmuşdu.

  

   «Millennium Tourism & Congress DMC»nin direktor müavini Vüsal Əliyev bildirdi ki, Azərbaycan Sloveniya üçün maraqlı turizm istiqaməti olduğu kimi, Sloveniya da Azərbaycanın turizm şirkətləri üçün perspektivli ölkədir: “Həm Azərbaycanın, həm də Sloveniyanın termal və müalicəvi kurortları hər iki ölkəni turizm baxımından əlverişli məkana çevirir. Ona görə də gələcəkdə bu ölkədəki tərəfdaşlarımızla birlikdə qarşılıqlı turist mübadiləsi həyata keçirmək niyyətindəyik”.

   “Millennium” turizm şirkətinin marketinq meneceri Yuliya Konoplyanko Sloveniyanın turizm potensialı haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, 2 milyon nəfər əhalisi olan Sloveniyanın təbii gözəlliyi və zəngin tarixi abidələri onu Balkan ölkələri içərisində ən maraqlı turizm məkanlarından birinə çevirib: “Qışda dağ-xizək turizmi, yazda və payızda piyada turları, yayda isə çimərlik turizmi üzrə istirahət mərkəzləri bu ölkəyə çoxlu turist cəlb edir. Dağ-xizək turizm mövsümü dekabrdan marta qədər, bəzi yerlərdə isə hətta mayadək davam edir. Sloveniyanın ən məşhur dağ-xizək kurortları Kranska Qora, Boves, Boxin, Maribor və Roqladır. Burada qış idman növləri üzrə müxtəlif yarışlar keçirilir”.

   «Terme KRKA» şirkətinin Tibbi Reabilitasiya Mərkəzinin direktoru Danilo Radoşeviç təmsil etdiyi şirkətin idarəçiliyində olan üç termal müalicə mərkəzləri - “Dolenjke toplice”, “Talaso strunyan” və “Smarjeske toplice” kurortları haqqında danışaraq bildirdi ki, mineral sular ürək-damar sistemi, şəkərli diabet, müxtəlif oynaq xəstəliklərinin müalicəsində istifadə olunur: “Müalicə mərkəzlərimizdəki qiymətlər Avropanın tanınmış kurortlarından da ucuzdur. Sloveniya il ərzində 1 milyondan çox turist qəbul edir. Onların təxminən dörddə biri müalicə məqsədilə gəlir. Balneoloji kurortlar ilin bütün fəsillərində fəaliyyət göstərir”.

   «Terme KRKA» şirkətinin direktoru Darinka Bobnar qəzetimizə qısa açıqlama verdi. Onun sözlərinə görə, Sloveniyaya daha çox Almaniya, Avstriya, İtaliya, Böyük Britaniyadan turistlər gəlir: “Bizim üçün hazırda ən önəmli bazar Rusiya və Azərbaycandır. Sloveniyanın coğrafi mövqeyi buradan qonşu ölkələrə, o cümlədən İtaliya, Avstriya, Xorvatiya və Macarıstana ekskursiyalar təşkil etməyə imkan verir. Ölkəmizin paytaxtı Lyublyana böyük şəhər olmasa da, burada həmişə çoxlu turist qruplarını görmək mümkündür”.

   Direktor Azərbaycandan Sloveniyaya gedən turist sayı haqda dəqiq rəqəm söyləyə bilməsə də, qeyd etdi ki, azərbaycanlı turistlər əsasən müalicə məqsədilə Roqaşka kurortuna gedirlər: ”Ümumilikdə isə hələlik Sloveniya turizm ölkəsi kimi Azərbaycanda geniş tanınmayıb. Bizbu boşluğu aradan qaldırmağa çalışırıq”.

   D.Bobnar bir məqamı da qeyd etdi ki, Sloveniya Avropa İttifaqının Şengen ölkələri qrupuna daxildir. Bu ölkəyə viza almaq üçün Latviyanın Azərbaycandakı səfirliyinə müraciət etmək olar.

   Qonaq ölkəmizlə bağlı təəssüratlarını da bölüşdü: “Bakıda çoxlu tarixi binalar, görməli yerlər var. O, eyni zamanda çox müasir bir şəhərdir. Tarixlə müasirliyin qovuşduğu belə yerlər turistlər üçün çox maraqlı olur. Düşünürəm ki, Azərbaycan da sloveniyalılar üçün maraqlı turizm məkanı ola bilər. Gələcəkdə iki ölkə arasında turizm sahəsində daha geniş əməkdaşlığın qurulmasına çalışacağıq”.

   «Terme KRKA» şirkətinin Sloveniyanın termal və müalicəvi kurortlarının ikinci istiqamət üzrə təqdimatı müalicəvi kurortlar üçün keçirilib. Fevralın 3-də baş tutan tədbirdə Bakının tibb müəssisələrinin 50-yə yaxın əməkdaşı iştirak edib.

 

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2012.- 7 fevral.- S. 9.