“Sarı
gəlin” - Azərbaycan xalq
mahnılarının parlaq nümunəsi
Azərbaycan
xalq musiqisinin bədnam qonşularımız tərəfindən
mənimsənilməsi cəhdləri, təəssüf ki,
son illər acı gerçəklik halını almaqdadır.
Xalq mahnılarımızın, rəqslərimizin, digər
musiqi nümunələrimizin mənimsənilməsi haqda
mediada ara-sıra yeni faktlar yer alır.
Deyilənlər həmçinin bəstəkarlarımızın əsərlərinə də aiddir. Bu baxımdan ən “başıbəlalı” janr - mahnı janrıdır. İstər xalq, istərsə də bəstəkar mahnılarımız düşmənlərimiz tərəfindən mənimsənilərək tez bir zamanda “erməni xalq mahnısı” adı altında yayılır. Təəssüflər olsun ki, bu prosesin qarşısının alınması hələlik mümkün olmamışdır.
Xalq musiqi nümunələri bu baxımdan daha həssas vəziyyətdədir. Onların Azərbaycan xalqına məxsusluğuna baxmayaraq, digər etnosların nümayəndələri tərəfindən bir çox hallarda özünküləşdirilir. Bu sırada ilk adı çəkilməli olan, sözsüz ki, “Sarı gəlin” mahnısıdır. Bu mahnının ermənilər tərəfindən illər boyu, hətta ona nisbətən uyğun mətnlə ifa olunması, müxtəlif instrumental versiyalarda geniş yayılması artıq faktdır. Bu barədə çox danışılıb və yazılıb. Məqsədimiz heç də hamıya məlum həqiqətlərin təkrarından ibarət deyil. Musiqi nümunəsinin, xüsusilə də mahnının hansı xalq tərəfindən yaradılmasını təyin etmək üçün onun melodiyasının quruluş xüsusiyyətlərini, mətn ilə musiqinin uyğunluğunu təhlil edərək təyin etmək mümkündür. Bu yazıda “Sarı gəlin” xalq mahnısının yuxarıda göstərilən məziyyətləri araşdırılacaq.
İlk növbədə mahnının poetik əsasına nəzər salaq. Mahnının mətni iki bayatı bəndindən ibarətdir. Bir sıra tədqiqatçılar, o cümlədən “Azərbaycanın musiqi miniatürləri” (Bakı, 1990) monoqrafiyasının müəllifi Əfruz Məmmədovanın qeyd etdiyi kimi, bayatı şeir forması xalq mahnılarının mətn əsası kimi çox geniş yayılmışdır. Nəzərdən keçirilən mahnı nümunəsində bayatı misraları təkrar olunan “Sarı gəlin” müraciəti ilə növbələşir. İki kupletli nəqarətsiz formada olan mahnının mətni aşağıda təqdim olunur:
Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər,
Sarı gəlin.
Bu sevda nə sevdadır,
Səni mənə
verməzlər,
Neynim, aman, aman,
Neynim, aman, aman,
Sarı gəlin.
Bu dərənin
uzunu,
Çoban qaytar quzunu,
Quzunu.
Nə ola bir gün görəm
Nazlı yarın üzünü,
Neynim, aman, aman,
Neynim, aman, aman,
Sarı gəlin.
Mətnə nəzər saldıqda,
ilk növbədə mahnının
adını da müəyyən etmiş
“Sarı gəlin” müraciəti diqqəti cəlb edir. Bir çox xalq mahnılarımızda şeir
misralarının arasında
analoji müraciətlərlə,
əlavə sözlərlə
rastlaşırıq. “Laçın”, “Qaragilə”,
“Sona bülbüllər”,
“Sarı bülbül”,
“Leylacan” və digərləri buna parlaq nümunə ola bilər. Xalq musiqimizin məşhur tədqiqatçılarından
biri olmuş M.S.İsmayılov mahnılarımızda
əlavə sözlərin
istifadə olunması
ilə baglı yazırdı: “Xüsusən
muğam və şikəstələrdə olduğu
kimi, Azərbaycan mahnılarının mətnində
də “ay”, “hey”, “aman”,
“balam”, “balam ey”, “nənəm də qurban” və s. kimi əlavə sözlərin
işlədilməsinə təsadüf
edirik. Qeyd etmək lazımdır
ki, mahnıların daxili inkişafında bu sözlərin böyük əhəmiyyəti
olmaqla bərabər, onların orta hissəsində və yaxud sonunda tamamlayıcı
xarakter daşıyan melodik ifadələr - kadanslar da həmin
sözlər vasitəsilə
əmələ gəlir”
(M.S.İsmayılov. “Azərbaycan xalq musiqisinin janrları”.
Bakı, 1984, s. 31).
İndi də mahnının
melodik quruluşuna nəzər salaq. “Şur” ladına
əsaslanan melodiya sadəliyi, eyni zamanda ifadəliyi ilə diqqəti cəlb edir. Bir melodik cümlənin işlənməsi üzərində
qurulmuş melodiya kvinta sıçrayışı
ilə başlayır.
Mahnıların əvvəlində kvarta və ya kvinta sıçrayışları
hallarına milli xalq musiqi yaradıcılığında
tez-tez rast gəlmək olar. Bu sırada “Hüsnü bağında”, “Laçın”,
“Girdim yarın bağçısına”, “Sevgili
yar”, “Ay uca dağların başında”,
“Səndən mənə
yar olmaz”, “Ahu kimi” və
bir çox başqa mahnılar qeyd olunmalıdır.
Bu, mahnının
lad quruluşuna da tam uyğundur. Dahi bəstəkarımız Ü.Hacıbəyli
fundamental “Azərbaycan xalq
musiqisinin əsasları”
əsərində “Şur”
ladının tonika-mayə
pərdəsindən yuxarı
medianta, kvarta və kvinta sıçrayışlarının səciyyəvi olduğunu
göstərmişdir. Onun kitabında
“Şur” ladında yazılmış melodiyalara
bir nümunə kimi göstərdiyi melodiya da məhz
xarakterik kvarta sıçrayışı ilə
başlayır (Ü.Hacıbəyov.
“Azərbaycan xalq musiqisinin əsasları”. Bakı, 1985).
Digər tərəfdən, həmin sıçrayış
yenə də xalq və bütövlükdə
şifahi ənənəli
musiqimiz üçün
səciyyəvi olan aşağı hərəkətli
sekvensiya vasitəsilə
“doldurulur” və mahnı tonika-mayə pərdəsində tamamlanır.
Oxşar
halları Ü.Hacıbəylinin
yuxarıda haqqında
danışılan “Şur”
ladında yazdığı
melodiyada, habelə bir sıra xalq
mahnılarında müşahidə
etmək olar.
Beləliklə,
qeyd olunanlar “Sarı gəlin” xalq mahnısının, başqa millətin nümayəndələrinin nə
söyləməsindən asılı
olmayaraq, mətninin quruluşuna, məzmununa, melodiyasının lad yönümünə
və inkişaf prinsiplərinə uyğun
olaraq Azərbaycan xalq mahnı yaradıcılığının parlaq nümunəsi olduğunu sübut edir. Mahnının təhlili zamanı
heç bir fakt bunun belə
olmadığından xəbər
verməmişdir.
Təqdirəlayiq haldır ki,
mahnının gələcəkdə
hansı xalqın intellektual mülkiyyəti
olması ilə bağlı tədbirlər
həyata keçirilməkdədir.
Digər xalq yaradıcılığı nümunələri
kimi, “Sarı gəlin” xalq mahnısı da Azərbaycanın qeyri-maddi
mədəni irs nümunələrinin
dövlət reyestrinə
daxil edilmişdir. Ümid edirik ki, bu
qərar mahnının
sonrakı taleyinə müsbət təsir göstərərək, onun
geniş dinləyici və tamaşaçı
kütlələrinə həmişə
yalnız Azərbaycan
xalq mahnısı kimi təqdim olunmasına səbəb olacaqdır.
Ceyran Mahmudova,
sənətşünaslıq
namizədi, Ü.Hacıbəyli
adına
Bakı Musiqi Akademiyasının professoru
Mədəniyyət.-
2012.- 7 fevral.- S. 10.