Qaxın füsunkar Qumu
Kəndlərimizin turizm potensialı
Qax rayonu Azərbaycanın qədim və zəngin tarixi keçmişə malik bölgələrindəndir. Zəngin mədəni irs nümunələrini
yaşadan rayonun turizm potensialı da çox genişdir.
Qaxın müxtəlif kəndlərində
yaşıl, müalicə
və istirahət turizminin, habelə dağ və qış turizminin inkişafı üçün
geniş imkanlar mövcuddur. Rayonun turizm
nöqteyi-nəzərindən seçilən yaşayış
məntəqələrindən biri də Qum kəndidir. İlin bütün fəsillərində
burada füsunkar təbiətin yaratdığı
ekzotika göz oxşayır.
Qum kəndi
Qax rayon mərkəzindən
8 km məsafədə, Böyük
Qafqaz silsiləsinin ətəyində, dəniz
səviyyəsindən 700 m yüksəklikdə yerləşir.
Rayon mərkəzindən kəndə getmək üçün 10-15 dəqiqə
sərf etmək lazım gəlir. Kənddə
kiçik dağ çayı axır.
Dağ ətəkləri sıx meşələrlə əhatə
olunub. Meşələr əsasən yabanı
meyvə ağaclarından
(əzgil, alça, zoğal, meşə alması, meşə armudu) ibarətdir.
İlin müxtəlif fəsillərində
kənddə turistlərə
rast gəlmək mümkündür. Adətən turistləri bölgəyə
zəngin və füsunkar təbiət, maraqlı tarixi memarlıq və təbiət abidələri
cəlb edir. Qax Rayon Mədəniyyət
və Turizm Şöbəsinin məsləhətçisi
Dilarə Əzizovanın
sözlərinə görə,
təkcə ötən
il Qax
rayonuna gələn 15
mindən artıq turistin əksəriyyəti
Qum kəndində olub:
“Kəndin mənzərəsi
çox gözəldir.
Burada Qafqaz Albaniyası dövrünə
aid tarixi abidələr,
təbiət abidələri,
məscid var. Turistlərin
ən çox maraq göstərdiyi abidə isə qədim Qum bazilikasıdır”.
Qum bazilikası möhtəşəm
sənət əsəridir
Qum bazilikası
IV-V əsrlərə aid günbəzli
alban məbədidir.
Qədim Bizans memarlığı nümunəsi
olan bazilika latın dilindən
tərcümədə “hökmdarın
evi” mənasını
verir. Bu memarlıq
abidəsi bazilika tipində inşa olunduğu üçün
elmi ədəbiyyatda
Qum bazilikası da adlandırılır. Abidə ilk dəfə
əsaslı şəkildə
XX əsrin 40-cı illərində
bərpaçı-memar Pyotr
Baranovski tərəfindən
tədqiq olunmuş və bərpa işləri aparılmışdır.
Bazilika
Musa Kalankatlının "Albaniya tarixi" əsərində adını
qeyd etdiyi Qomenk yaşayış məskənində inşa
edilmiş məbədlə
eyniləşdirilir. Bəzi mənbələrdə
xristian missioneri Yeliseyin atəşpərəstlər
tərəfindən öldürüldüyü
yerdə alban çarı III Mömün
Vaçaqanın göstərişi
ilə inşa olunduğu ehtimal edilir.
Bazilika planda 26,5 metr
uzunluğa, 19,3 metr enə malikdir. Məbəd üç tərəfdən
sütunlardan yaradılmış
qalereya formalı örtüklə və nalşəkilli tağlarla
əhatə edilib.
Qum bazilikası əsas etibarilə tünd yaşıl rəngli iri çay daşlarından hörülüb. Abidə çox
möhtəşəmdir. İri daş sütunları və tağları çox incəliklə işlənilib. 2006-cı ildə abidədə bərpa və abadlıq işləri aparılıb.
“Damcılı” maraqlı təbiət hadisəsidir
Kənddə üç alban
məbədi var. Ən
çox ziyarət olunan abidələrdən
biri də VI-VII əsrlərə aid edilən
Kilsəhəd məbədidir.
Kənddə XIX əsrə aid məscid də fəaliyyət göstərir.
Kəndə yaxın digər
ərazilərdə də
maraqlı tarixi memarlıq abidələrinə,
təbiət abidələrinə
rast gəlmək mümkündür.
Qum kəndi
ərazisində “Damcılı”
şəlaləsi də
turistlərin diqqətini
cəlb edir. Şəlalə maraqlı təbiət
abidəsidir. Damcı ilə
süzülən su mamır və şibyələrdən keçərək,
maraqlı təbiət
hadisəsi yaradır.
Şəlalənin əhəmiyyəti nəzərə alınaraq
dövlət tərəfindən
qorunur.
Həftəsonu istirahət
üçün gözəl
məkan
Yerli turizm şirkətləri
Qum kəndinə iki və üçgünlük
turlar təşkil edirlər. Yayda buraya həftəsonu
istirahətə gələnlər
xüsusilə çox
olur. Kəndə gələnləri yolboyu füsunkar təbiət mənzərələri
əhatə edir.
Kənddə mehmanxana olmadığından
turistlər kənd evlərində yerləşdirilir.
Onlara yerli mətbəxdən yeməklər təklif olunur. Kəndin etnoqrafiyası və
məişət həyatı
ilə tanışlıq
da turistdə maraq oyadır.
İlisu dövlət qoruğuna
aid olan Qum meşəsinə,
qonşu Çinarlı
kəndində “Ballı
bulaq” adlanan yerə, qonşu kəndlərin görməli
yerlərinə də
gəzintilər təşkil
olunur. Qum kəndindən
5 km aralı Çinarlı
kəndi ərazisində
Qaraçayın ətrafında
“Ballı bulaq” ərazisi gözəl mənzərəli və istirahət mərkəzidir.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2012.- 7 fevral.- S. 10.