Zəngin xalça sənəti irsimizin
qorunduğu məkan
Xalça elə bir sənət növüdür ki, ta
qədimdən evlərimizin bəzəyi olmaqla bərabər,
nadir sənət incisinə çevrilib. Xalqımızın
qədim xalçaçılıq sənətinin ən zərif
nümunələri bu gün
dünyanın bir sıra ölkələrinin
muzeylərində sərgilənir, öz
gözəlliyi, əsrarəngiz naxışları ilə
ziyarətçiləri ovsunlayır. Azərbaycan
xalçalarına Nyu-Yorkun “Metropoliten”, Londonun “Viktoriya-Albert”, Sankt-Peterburqun
“Ermitaj”, Parisin “Luvr” muzeylərində rast
gəlmək olar.
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində də milli mədəniyyət və incəsənətimizin daşıyıcısı olan əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri, həmçinin müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanıb. Muzeyin ekspozisiyasında Azərbaycanın Quba, Bakı, Şirvan, Gəncə-Qazax, Qarabağ, Təbriz kimi klassik xalça məktəblərinə məxsus olan xalçalar öz kompozisiya və ornament quruluşlarına, eləcə də rəng həllinə görə diqqəti cəlb edir. 13 ekspozisiya zalında Azərbaycanın müxtəlif bölgələrinə aid ən məşhur xalça növləri sərgilənir. 3 zalda xovsuz xalçalar - palaz, cecim, kilim, şəddə, zili, ladı, vərni və sumax növləri sərgilənir. Digər ekspozisiya zallarında isə hər xalça məktəbinə aid nadir nümunələri görmək olar.
Quba məktəbinin “Çiçi”, “Qonaqkənd”, “Sırt-Çiçi”, “Pirəbədil”, “Qımıl” və. s xalçaları rəsm və naxış elementlərinin incəliyi ilə diqqət çəkir. Quba məktəbinə məxsus qədim xalçalardan biri də XIX əsrin sonuna aid “Xan” xalçasıdır.
Növbəti zal Bakı məktəbinə aid nümunələri əks etdirir. XVIII əsrə aid “Xilə Buta” və “Xilə Əfşan” muzeyin ən qədim xalçalarındandır. Xilə Əmircan kəndinin qədim adıdır. Bu məktəbin xalçalarında qumun, dənizin, həmçinin alovun rəmzini bildirən rənglər üstünlük təşkil edir.
Digər ekspozisiya zalında Şirvan məktəbinə aid xalçalar sərgilənir. Bu xalçaların xarakterik xüsusiyyətlərinin biri ov səhnələrinin təsviridir. XX əsrin əvvəlinə aid “Narlı” adlı xalça isə kompozisiyasına görə nadir hesab edilir. “Ərciman”, “Bico”, “Cəmcəmli”, “Kürdəmir”, “İsrafil”, “Qabıstan”, “Şirəlibəy” xalçaları da bu məktəbin nümunələrindəndir.
Bir başqa ekspozisiya zalı böyük bir bölgəni əhatə etməklə Gəncə-Qazax məktəbinə aid xalçaları sərgiləyir. “Faxralı” xalçası Gəncə məktəbinə aid məşhur xalçalardandır. Xalça “Gəncənin fəxri” anlamını verir. Həmçinin “Borçalı”, “Şıxlı”, “Gədəbəy” xalçaları da bu bölgəyə aid növlərdəndir. Qazax xalçalarının elementləri bir qədər böyük olmaqla aşağı sıxlığı və hündür xovu ilə fərqlənir. Gəncə və Qazax məktəblərinə aid xalçalarda əsasən naxışların həndəsi üslubuna daha çox üstünlük verilir. Bu naxışlar kainatın sirlərini, mistik təsəvvürləri damğalar və cizgilərin dili ilə bizlərə yetirirlər.
Qarabağ məktəbinə aid xalçaların sərgiləndiyi ekspozisiya zalında məşhur kompozisiyalardan “Çələbi”, “Ləmpə” “Xanlıq”, “Açma-yumma”, “Şabalıd-Buta”, “Bağçada güllər” və digərlərini qeyd etmək olar. “Muğan, “Talış” xalçaları da Qarabağ məktəbinə aiddir.
Vaxtilə Qarabağda “Dəst xalı-gəbə” - böyük sahələrdə döşəmələrin örtülməsi üçün nəzərdə tutulmuş dəst xalçalar toxunurdu. Dəst üç, dörd və ya beş xalçadan ibarət olur: mərkəzi xalı, iki dənə yan və ya kənarə xalça, başlıq xalça və ayaqlıq xalça. Bu cür xalçalar bəy evləri üçün xarakterik idi.
Muzeyin növbəti zalında Təbriz xalçaları sərgilənir. XVI əsrdən sonra Təbrizdə süjetli xalçalar toxunmağa başlanılıb. Həmin xalı nümunələrindən bəzilərini burada görmək mümkündür: “Ömər Xəyyam sevgilisi ilə”, “Dörd fəsil”, “Səttarxan”, “Görüş”, “Həkim və xəstə” və s. kompozisiyaları sadalamaq olar. Təbriz xalçalarında sıxlıq o qədər yüksək idi ki, hətta təsvirlərdə insanların üz cizgilərini, sevinc və kədərini aydın görmək olurdu.
Digər ekspozisiya zalında müxtəlif bölgələrdən olan xalça növləri, milli geyimlər, tikmələr, mis qablar sərgilənir. Tikmələr arasında bel bağı, pul kisələri, daraq və saat qabları maraq doğurur.
Maraqlı zallardan biri də Azərbaycanın milli toy adət-ənənələrini əks etdirən bölmədir. Xalçalarla bəzədilmiş bu zalda bir tərəfdə gəlinin cehizlik əşyalar, digər tərəfdə isə gəlin üçün qurulmuş gərdəyin kiçik modeli nümayiş olunur. Burada həmçinin alaçıq şəklində qurulmuş tavan, müxtəlif mis qablar diqqət çəkir.
Digər iki zal isə müvəqqəti sərgilər üçün nəzərdə tutulub. Burada il ərzində əlamətdar günlərlə əlaqədar müxtəlif tədbirlərə uyğun sərgilər nümayiş olunur.
Muzeydə müxtəlif xalı növlərindən başqa məişətdə geniş əhəmiyyət kəsb etməklə yanaşı, yaraşıqlı bəzək elementləri ilə toxunulmuş məfrəş, xurcun, heybə, çanta, çul və s. kimi xalça məmulatları da var. Kolleksiyada qiymətli metaldan hazırlanmış zərgərlik məmulatları, zinət əşyaları və soyuq silahlar, çini, kağız, şüşə, ağac və daş üzərində oyma ilə işlənmiş əşyalar, bədii tikmə, kişi, qadın, uşaq milli geyimləri, zərif naxışlı bədii metal məmulatları və s. kimi xalq tətbiqi sənəti nümunələri də maraqlı eksponatlardandır.
Reyhan İsayeva
Mədəniyyət.-
2012.- 10 fevral.- S. 15.