Caz musiqisinin improvizatoru
İfaçılıq sənətimizdən
Bu yazıda Azərbaycan
cazının əfsanələrindən biri
sayılan görkəmli musiqiçi Pərviz
Rüstəmbəyov haqqında söz açmaq istəyirik.
Ötən əsrin ortalarında faciəli şəkildə dünyasını dəyişən ifaçı haqqında məlumat toplamaq üçün bir sıra mənbələrə müraciət etsək də, yetərli informasiya ala bilmədik. Tanınmış saksafon ifaçısı, Azərbaycan caz musiqisinin veteranlarından olan Rafiq Seyidzadə bildirdi ki, vaxtilə Pərviz Rüstəmbəyovun sənət yoldaşlarından, onunla bağlı şəxsi xatirələri olan insanlardan heç biri bu gün həyatda yoxdur: “Onun haqqında böyük bəstəkarlar Tofiq Quliyev, maestro Niyazi, Rauf Hacıyevin çoxlu xatirələri vardı. Əfsus ki, onlar da dünyadan köçublər”.
Bununla belə, ifaçının qısa və mənalı həyatı ilə bağlı əldə etdiyimiz məlumatları sizlərə də təqdim etmək istərdik.
Pərviz İsmayıl bəy oğlu Rüstəmbəyov 1922-ci ildə Bakıda anadan olmuşdur. Uşaq yaşlarında “Pionerlər evi”nin musiqi dərnəyində klarnet ifaçılığını öyrənir. 1940-cı ildə istedadı ilə seçilən Pərviz musiqi aləmində diqqəti cəlb etməyə başlayır. Tanınmış bəstəkar Tofiq Quliyev onu yeni yaratdığı estrada-caz orkestrinə dəvət edir. Burada bir neçə il çalışan gənc ifaçı 1944-cü ildə Bakıda qastrol səfərində olan məşhur Eddi Roznerin də diqqətini çəkir və E.Rozner onu orkestrinə birinci saksafonçu və klarnetçi kimi çalışmağa dəvət edir. O dövr üçün bu əsl sensasiya idi. 22 yaşlı gənc bu dəvəti böyük məmnunluqla qəbul edir. Bir müddət Moskvada yaşayıb işlədikdən sonra Bakıya qayıdan Pərviz “Azərbaycan” (o vaxt “Krasnı Vostok”), sonra isə “Nizami” kinoteatrlarında öz orkestrini yaradır. Uğurlu konsertləri və əsrarəngiz ifa tərzinə görə onu “sovet Benni Qudmeni” adlandırırdılar.
Moskvada E.Roznerin orkestrində çalışarkən tanınmış musiqiçi Yuri Saulski onun haqqında bunları söyləmişdi: “Rüstəmbəyovun ifası dinləyiciləri heyrətləndirir. O, çox yüksək dərəcəli musiqiçi və təbiətcə əsl improvizatordur. Mürəkkəb musiqi keçidləri quraraq intuitiv harmoniya yaradır. İfasında təravət və yenilik var. Onun qeyri-adi improvizasiya duyumu bizi valeh edir. Solo ifasını həmişə dəqiq plan əsasında qurur, hər nəfəsdə aydın formanı izləyir. Onun ifası dinləyicini düşündürür. Pərvizlə birlikdə ifa etmək insana böyük zövq verir”.
İstedadlı ifaçı 1949-cu ildə “Qərbə pərəstişkarlıqda” təqsirləndirilərək işdən azad edilir. Bundan sonra isə daha ağır bir böhtana tuş gəlir. ”Pozucu Qərb incəsənətinə pərəstiş edən şəxs“ kimi xüsusi xidmət orqanlarının nəzarəti altına düşür. Bununla da gəncin taleyi alt-üst edilir. 1949-cu ilin mayında Pərviz Rüstəmbəyov həbs edilir. Onun həbsi barədə qərarda bu sözlər yazılmışdı: ”Rüstəmbəyov antisovet və amerikapərəst əhvali-ruhiyyəli şəxsdir”.
27 yaşlı günahsız musiqiçi 15 il müddətinə həbs cəzasına məhkum edilir. Həmin ilin dekabrında isə istedadlı cazmen Dövlət Təhlükəsizlik Komitəsinin həbsxanasında müəmmalı şəraitdə vəfat edir. Onun ölümündən sonra anası bir neçə dəfə prokurorluq orqanlarına, DTK-ya müraciət edərək oğlunun cinayət işi barədə ətraflı izahat almaq istəsə də, buna nail olmur. Yalnız 1958-ci ildə Pərviz Rüstəmbəyov barəsində iş dəlillərin çatışmazlığı səbəbindən ləğv edilir və işə xitam verilir.
Sənətinin çiçəkləndiyi bir vaxtda dünyadan köçən istedadlı cazmenin məzarının harada olduğu da məlum deyil.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 10 fevral.- S. 15.