Diri Baba türbəsi
Tarixi memarlıq irsimizdən
Diri Baba türbəsi orta əsrlər
Şirvan-Abşeron
memarlığının nadir incilərindəndir.
Qobustan rayonunda yerləşən
türbə tikinti kompozisiyasının
özünəməxsusluğu ilə diqqət çəkir.
Tikilinin memarlıq üslubu onu XV əsrdə Bakıda inşa edilmiş görkəmli abidələr, xüsusilə Şirvanşahlar saray kompleksi ilə bağlayır. Türbə 1402-ci ildə qayada oyulmuş mağarada əhəng daşından tikilib. Diri Baba türbəsinin kitabəsi sındırılsa da, onun hissələri bizim dövrümüzə qədər gəlib çatıb.
Üç rəvayət
Abidənin adının tarixçəsi barədə maraqlı rəvayətlər söylənilir. Belə ki, bu türbədə dəfn olunmuş şəxsin sufi şeyxi Baba olduğu qeyd edilir. Rəvayətlərdən birinə görə, şeyx ömrünün son günlərini hücrəyə çəkilərək ibadət etməklə keçirir. Hücrəsində müqəddəs kitabdan ilahi kəlamları oxuyarkən haqq dünyasına qovuşur, lakin müridləri onun öldüyündən bir neçə gün sonra xəbər tuturlar. Yəni Şeyx Baba ölsə də, bir neçə gün “diri qalır”. Bu səbəbdən qəbri üzərində türbə tikiləndən sonra buraya Diri Baba türbəsi adı verilir.
Tanınmış səyyah Övliya Çələbi qeydlərində türbənin içərisində səcdə anında vəfat etmiş bir övliyanı gördüyünü yazır.
Qəsəbənin yaşlı sakinlərinin danışdıqları digər bir rəvayətə görə isə 1918-ci ildə ermənilər bölgədə qırğınlar törədən zaman üç qadın qucağında körpə ilə son ümid yeri kimi Diri Baba türbəsində gizlənib. Ermənilər onları təqib etsələr də, türbənin içərisində tapa bilməyərək, daha doğrusu, onları görməyərək geri qayıdıblar.
Abidənin üç tərəfi qayanın
içində yerləşir
Diri Baba türbəsi Şirvan-Abşeron memarlığına aid edilsə də, fasadının quruluşunda digər memarlıq elementləri də özünü göstərir. Abidənin cənuba baxan bir fasadı var. O biri tərəfləri isə qayanın içindədir. Türbə ikimərtəbəlidir. Birinci mərtəbə səkkizguşəli, günbəzli kiçik dəhlizdən və onun yanındakı çatma tağ tavanlı otaqdan, ikinci mərtəbə isə üzəri naxışlarla bəzənmiş dayaqlı günbəzi olan kvadrat formalı böyük salondan ibarətdir. Salona birinci mərtəbənin dəhlizindən ensiz daş pilləkən qalxır. Böyük otağın fasada açılan, eləcə də şərq və qərb tərəfə baxan işıq gələn açırımları var. Otaqdan şimal tərəfə açılmış iki böyük açırım türbəni qayadakı mağara ilə əlaqələndirir.
Günbəzli salonda həkk edilmiş yazıda türbənin ustad Hacının oğlu tərəfindən tikildiyi bildirilir. Türbədə fəza boşluğunun plastik formalarla həllinin gözəl mənzərəli təbiətlə əlaqələndirilməsi, daxili fəza boşluqlarının düzgün təşkili, daxili həcmlərin tapılmış nisbətləri, dekorativ oymaların gözəlliyi xüsusilə diqqəti cəlb edir.
Türbədə bərpa işləri aparılacaq
Diri Baba türbəsi müqəddəs məkan kimi yerli əhalinin, eyni zamanda dünyanın müxtəlif ölkələrindən gələn turistlərin diqqətini cəlb edir. Elə buna görədir ki, müxtəlif turizm şirkətlərinin turpaketlərində, mədəni irs turlarında türbənin ziyarət olunması da yer alır.
Qeyd edək ki, abidə ötən əsrin 70-ci illərində bərpa edilib. Lakin burada daha əsaslı bərpa işlərinə ehtiyac var. Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin Bərpa-layihələndirmə və ekspertiza sektorunun müdiri Fazil Məmmədovun sözlərinə görə, abidədə bərpa işlərinin aparılması nəzərdə tutulur. Bundan başqa, abidə ilə bağlı ciddi elmi araşdırmalara da böyük ehtiyac var.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2012.- 10 fevral.- S. 13.