“Sahə” bədii filminin daha bir uğuru
Ekran əsərinin rejissoru İlqar Safat “Kaliforniya film mükafatları
- 2011”in “Qızıl mükafatı”na layiq görülüb
Xəbər verdiyimiz kimi, Azərbaycanın “Nərimanfilm”
kinostudiyasının “Sahə”
bədii filmi Birləşmiş Ştatlarda
“Kaliforniya film mükafatları
- 2011” (2011 California Film Awards) müsabiqəsinin
nominantları sırasına
daxil edilmişdi. Kinostudiyadan bildiriblər ki, bu günlərdə Kaliforniya ştatının
San-Dieqo şəhərində
müsabiqə qaliblərinin
təntənəli mükafatlandırma
mərasimi təşkil
edilib. Mərasimdə qaliblərin adları
geniş ictimaiyyətə
açıqlanıb.
Mükafat alanlar sırasında
azərbaycanlı rejissor,
“Sahə” filminin quruluşçu-rejissoru və
ssenari müəllifi İlqar Safat da var. Həmyerlimizə “Kaliforniya film mükafatları
- 2011”in “Qızıl mükafat”ı
təqdim edilib.
Fransa, Almaniya, Böyük Britaniya, Türkiyə, Rusiya, Argentina kimi ölkələri əhatə
edən bu mötəbər sənət
yarışmasında gənc
rejissorların filmləri
kino sənayesinin tanınmış ustadlarından
ibarət mötəbər
münsiflər heyəti
tərəfindən qiymətləndirilir.
Müsabiqənin əsas məqsədi
kino istehsalının
inkişafına və
tərəqqisinə kömək
göstərmək, mədəniyyət
xadimlərinə, həmçinin
rejissorlara dəstək
olmaq, kino sənayesinin təşəkkül
tapmasına çalışmaqdır.
Xatırladaq ki, məşhur
fotoqrafın öz uşaqlıq dövrünə
olan mistik səyahətindən bəhs
edən “Sahə” bədii filmi “Nərimanfilm” (Azərbaycan),
“Georgianfilm” və “Bagira Films” (Gürcüstan)
studiyalarının müştərək
istehsalıdır. Film Mədəniyyət və
Turizm Nazirliyinin maliyyə dəstəyi və “PAŞA Bank”ın iştirakı ilə ekranlaşdırılıb.
Filmdə baş rollarda
Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel
(Fransa), Vaqif İbrahimoğlu və Timur Oduşev (Azərbaycan) çəkiliblər.
Filmin ssenari müəllifi və quruluşçu-rejissoru İlqar
Safat, operatorları Konstantin
(Mindia) Esadze və Varlam Karçxadze,
quruluşçu-rəssamları Rəna Əffəndi və
Törəxanım Ağabəyova, bəstəkarı Andrey Doynikov, bədii rəhbəri
Cəmil Quliyev, prodüseri
Nəriman Məmmədovdur.
Mədəniyyət.- 2012.- 10
fevral.- S. 3.