Ömür qısa, sənət isə əbədidir
Əməkdar incəsənət
xadimi Leyla Axundzadənin vəfatından iki il ötür
İnsanın
fiziki yoxluğu ilə
mənəvi varlığı arasındakı məsafəni
təyin etmək çətindir. Azərbaycanın
tanınmış sənətşünas alimi,
Əməkdar incəsənət xadimi Leyla Axundzadə iki ildir ki, həyatda yoxdur, amma onun
sənətdəki varlığı bir nəfəs
qədər yaxındır. Çünki
o, incəsənətə son
dərəcə bağlı bir insan, sözün əsl
mənasında, sənət fədaisi idi.
Son 20 ildə Azərbaycan incəsənəti forma və məzmunca əsaslı şəkildə dəyişilmiş, yeni mahiyyət kəsb etməyə başlamışdır. Müstəqillik illərində rəssamlarımızın Qərb incəsənəti ilə dialoqunun daha da genişlənməsi Azərbaycanda ənənəvi incəsənətlə yanaşı müasir incəsənətin inkişafı üçün zəmin yaratmışdır. Gənc nəslin nümayəndələri foto və videonun, texnologiyanın imkanlarından istifadə edərək incəsənətə yeni bir münasibət formalaşdırmağa başlamışlar.
Azərbaycanda müasir incəsənətin inkişafı və təbliğində Leyla Axundzadənin danılmaz rolu olmuşdur. Məhz onun təşkilatçılığı ilə keçirilən sərgilər heç də hamı tərəfindən birmənalı qarşılanmayan, bəzən tənqid doğuran, bəzən sonradan anlaşılan əsərlərin nümayişi üçün bir məkana çevrilmişdir. Bu “tribuna”dan gənc rəssamlar, daha sonra onlara qoşulan müasir fikirli avanqard incəsənətin tərəfdarları öz sözlərini deməyə imkan tapmışlar.
Leyla Axundzadə özünün “XX əsr dünya təsviri incəsənəti” kitabında müasir incəsənətin mahiyyətini izah edərək yazırdı: “XX əsrin incəsənətində yaradıcılıq prosesi öz-özlüyündə hazır incəsənət əsərindən daha vacib olur. Ən əsası rəssamın yaradıcılıq imkanları və dühasıdır”.
Onun təşkil etdiyi sərgilərdə də rəssamın dühasını, fikir və ideyasının orijinallığını və əhəmiyyətini çatdırmaq, ideyanın əsas olduğunu nümayiş etdirmək niyyəti daha çox hiss olunurdu. Keçirilən sərgiləri göz önünə gətirərkən bir daha düşünürsən ki, onun ortaya çıxardığı yeni ideyaların sayı-hesabı yox idi. Bu ideyalar rəssamın məharətindən daha çox incəsənətin yeni üsul və vasitələrlə qavranılmasına yönəlmişdi. Məhz bu qavranılma prosesinin özündə Leyla Axundzadənin keçirdiyi sərgilər bəzən tənqid olunur, bəzən anlaşılır, bəzən də zamanını gözləyirdi. Vaxtı ilə “Zamanın qanadları” Yaradıcılıq Assosiasiyası tərəfindən təşkil edilən (2000) sərgilərin hər biri bu gün də geniş müzakirə mövzusu, tədqiqat obyektidir.
O, daim istedad axtarışında
idi. Hər yeni sərgidə
yeni adlara rast gəlirdik. O, gənclərin dostu, onların sirdaşı idi. Ona görə də
ona hörmət edir, sevir və
dediklərinə əməl
edirdilər. Fikir və
ideyalarını asanlıqla
izah edə bilirdi. Buna uzun
müddət pedaqoji fəaliyyətlə məşğul
olması, bu sahədəki təcrübəsi
imkan verirdi.
1975-ci ildə M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin sənətşünaslıq şöbəsini
bitirdikdən sonra Bakıya dönərək
Azərbaycan Elmlər
Akademiyasının Memarlıq
və İncəsənət
İnstitutunda (1975-1984), daha
sonra Mədəniyyət
və İncəsənət
Universitetində pedaqoji
fəaliyyətə başlamışdı.
1991-2001-ci illərdə universitetin Təsviri sənət tarixi və nəzəriyyəsi
kafedrasının müdiri,
2001-2008-ci illərdə isə
Dövlət Rəssamlıq
Akademiyasında eyni adlı kafedranın müdiri vəzifələrində
çalışmış, eyni zamanda müxtəlif
fənlərdən dərs
demişdi.
Mənim Leyla Axundzadə
ilə tanışlığım
da tələbəliyimin
ilk ilində olmuşdu.
Mühazirələrində sənətin bizə
məlum olmayan sirlərini elə nəqlediciliklə danışır
və izah edirdi ki, bir
tək onları yadda saxlasaydın bəlkə də əlavə kitab oxumağa ehtiyac qalmazdı. Lakin o, kitab oxumağı,
lazımi materialları
və mövzuları
dərindən mənimsəməyi,
öyrənməyi tələb
edirdi.
Leyla Axundzadə pedaqoji
fəaliyyəti ilə
yanaşı həm də yaxşı təşkilatçı idi.
Onun təşkil etdiyi əsas sərgilərdən
“Azərbaycan rəngkarlığı”
(Vaşinqton, 1998), “Oriyentalizm
daxildən və xaricdən” (Bakı, 2002),
“Alüminium” I, II, III, IV beynəlxalq
müasir incəsənət
biennaleləri (Bakı
2003, 2005, 2007, 2009), “Metabəstəkarlar birliyi” - Moskva rəssamlarının sərgisi
(Bakı, 2005), “Simalar”
- XX əsr fotoqrafiya sərgisi (Bakı, 2005), “Azərbaycan rəssamlarının
sərgisi” (Moskva,
2006), “Qadın. Müharibə. Sülh” beynəlxalq təsviri sənət sərgisi (Bakı, 2005),
“5+” (Bakı, 2006), “Steps of time” (Drezden, 2009) və s. sərgiləri qeyd etmək yerinə düşərdi.
Bu xüsusda, əlbəttə, Azərbaycanın Venesiya Biennalesində iştirakı ilə bağlı ayrıca danışmaq lazımdır. Leyla xanım Azərbaycanın bu nüfuzlu sənət sərgisində təmsil olunmasını çox istəyirdi. 2006-cı ildə Leyla Axundzadə Mədəniyyət və Turizm Nazirliyində Təsviri və dekorativ sənət sektorunun müdiri təyin olundu. 2007-ci ildə nazirlik ölkəmizin ilk dəfə olaraq 52-ci Venesiya Biennalesində iştirakı barədə qərar qəbul etdi. Leyla Axundzadə Venesiyada Azərbaycan pavilyonunun qurulması ilə bağlı arzusunu, nazirliyin rəhbərliyinin və sənət ictimaiyyətinin ondan gözlədiklərini layiqincə yerinə yetirdi. İki il sonra (2009) 53-cü Venesiya Biennalesində Azərbaycan yenə uğurla təmsil olundu.
Onun fəaliyyətinin əsas istiqamətlərindən biri də elmi araşdırmaları olmuşdur. Müasir incəsənətin problemlərindən bəhs edən və Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Fransa, Almaniya, İtaliya və s. ölkələrdə dərc olunan 40-dan çox məqalənin müəllifi olmuşdur. Milli incəsənətimizdə mənzərə janrının inkişafı barədə yazdığı namizədlik dissertasiyası (1984) Azərbaycan sənətşünaslığında hadisə kimi dəyərləndirilirdi.
Leyla Axundzadə Azərbaycan Rəssamlar İttifaqının, Fotoqraflar Birliyinin və digər yaradıcılıq təşkilatlarının üzvü idi. Müasir incəsənət (fotoart, videoart, installyasiya) sahəsində xeyli yeni ideyaların və işlərin müəllifi idi. Vəfatından sonra, 2010-cu ilin aprelində Moskvadakı “Aydan” qalereyasında keçirilən Azərbaycan incəsənət sərgisində onun “Neft”, “Mənim qəmgin dostlarım” kimi işləri nümayiş etdirilmiş, 2010-cu ilin dekabrında Almaniya paytaxtındakı “Berlin-Bakı” qalereyasında “Ömür qısa, incəsənət isə əbədidir” adlı sərgisi keçirilmişdir.
Leyla Axundzadənin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona “Əməkdar incəsənət xadimi” fəxri adı verilmişdir.
Onun faciəli şəkildə vəfatından iki il keçir. Ömür həqiqətən qısa, lakin sənət əbədidir. Leyla Axundzadə bütün həyatını incəsənətə xidmətdə keçirmişdir. İncəsənət daim yaşadığı kimi, ona xidmət edənlər də daim yaşayır.
Qalib
Qasımov,
sənətşünas
Mədəniyyət.-
2012.- 10 fevral.- S. 6.