Musiqili Komediya Teatrının 102-ci ili
Əliqismət Lalayev: «Mədəniyyətimizdə
baş verən yeniliklər teatr sahəsində
özünü daha qabarıq göstərir»
Bu il 102-ci mövsümünü yaşayan Azərbaycan
Dövlət Musiqili Komediya Teatrı mütəmadi olaraq sənətsevərləri
maraqlı, rəngarəng səhnə quruluşları ilə
sevindirir. Ölkə teatrları arasında özünəməxsus
yeri olan, daim yeniliklərə can atan sənət
ocağında gənc və istedadlı kadrların işə
cəlb edilməsinə xüsusi diqqət yetirilir, bununla
bağlı müsabiqələr keçirilir. Yanvarın
26-da teatrda daha bir müsabiqəyə yekun vuruldu və nəticədə
teatrın həm aktyor heyətinə, həm də xor, balet və
orkestr kollektivlərinə istedadlı gənclər qəbul
olundu.
Teatrın direktoru, Əməkdar
incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Əliqismət Lalayev də
bizimlə söhbətə bu mövzudan başladı:
- Teatrın heyətində yeniliklər
etmək üçün belə müsabiqələrin
keçirilməsi çox vacibdir. Biz istəyirik
ki, istedadlı gənclərə yol açaq. Hazırda teatrımızda əsaslı təmir və
yenidənqurma işləri aparılır. İstər
yaradıcı qrup, istərsə də texniki heyət
üçün geniş iş şəraiti yaradılır.
Bizim öhdəmizə isə kollektivi möhkəmlətmək,
repertuarı zənginləşdirmək, daha maraqlı səhnə
əsərləri hazırlamaq düşür. Bu
günlərdə keçirdiyimiz müsabiqənin qalibləri
arasında Mədəniyyət və İncəsənət
Universitetinin, Bakı Musiqi Akademiyasının, hətta Azərbaycan
Dövlət Pedaqoji Universitetinin və Xəzər
Universitetinin tələbələri var. Müsabiqə
iştirakçılarından Şaban Nəcəfquluzadə,
Ruslan Mürsəlov və Elvin Əliyev aktyor heyətinə,
Rüstəm Rüstəmov, Rasim Fərəcov, Şəhriyar
Hüseynzadə, Afət Orucova, Dilşən İbadova, Nigar
İbadlı, Bahar Fərzullayeva xor heyətinə qəbul
edilmişlər. Arzu edək ki, bu gənclər
etimadı doğrultsunlar.
- Əliqismət
müəllim, bu gün ümumilikdə teatr və onun
qarşısına qoyulan tələblər dəyişib.
Artıq həm teatrlara hər cür şərait
yaradan dövlət, həm də tamaşaçılar
teatrlardan yeni fəaliyyət gözləyir. Bu barədə
sizin fikirlərinizi bilmək istərdik...
- Bu gün ümumən mədəniyyətimizdə
baş verən yeniliklər teatr sahəsində də
özünü qabarıq göstərir. \"Azərbaycan
teatrı 2009-2019-cu illərdə” Dövlət
Proqramının qəbul olunması və uğurla icrası
bunun bariz nümunəsidir. Bundan öncə
heç vaxt Azərbaycanda teatrın inkişafı ilə
bağlı belə bir uzunmüddətli dövlət
proqramı qəbul olunmayıb. Məhz bu
proqramın sistemli icrası sayəsində
bütünlükdə ölkə teatrlarının həyatında
bir dönüş, canlanma yaranıb. Teatrlarda
əsaslı təmir və yenidənqurma, onların fəaliyyətindəki
yeni istiqamətlər artıq öz bəhrəsini verməkdədir.
Digər tərəfdən,
bu gün təhkimçilikdən azad olan rejissor və
aktyorlar, eləcə də digər yaradıcı teatr təmsilçiləri
öz potensiallarını bir teatrla məhdudlaşdırmadan
digər sənət ocaqlarında da göstərə bilirlər.
Bunun özü çox əlamətdar
haldır. Bu sərbəstlik həm
yaradıcı şəxslərin maddi təminatına
müsbət təsir göstərir, həm də
tamaşaçılara yeni, maraqlı təəssürat bəxş
edir. Tətbiq olunan yeniliyin sayəsində
bizim teatrda digər teatrlardan dəvət etdiyimiz Bəhram
Osmanov, Əsgər Əsgərov, Elvin Mirzəyev, Oruc Qurbanov
kimi rejissorlar səhnə əsərlərinə quruluşlar
verirlər. Ötən il bizim ən
uğurlu tamaşalarımızdan biri kimi xarakterizə olunan,
rus yazıçı-dramaturqu N.Qoqolun «Evlənmə» əsəri
əsasında hazırlanan tamaşanı qeyd edə bilərəm.
Əməkdar incəsənət xadimi Bəhram
Osmanov bu tamaşada Akademik Milli Dram Teatrının və
Musiqili Komediya Teatrının aktyorlarını bir araya gətirdi.
Həm uzun illərdən bəri işlədiyi
Akademik Milli Dram Teatrının, həm də sənət
uğurlarını həvəslə izlədiyi Musiqili
Komediya Teatrının yaradıcılıq potensialını
gözəl bilən rejissor bu teatrların istedadlı
aktyorlarını bir səhnədə tərəf-müqabili
etməyi bacardı. Akademik Milli Dram Teatrında
maraqlı ifaları ilə yadda qalan xalq artistləri
Şükufə Yusupova və Məleykə Əsədova
teatrımızın əməkdaşları - Xalq artisti Arif
Quliyev, əməkdar artistlər Elçin Həmidov (Allah rəhmət
eləsin), Ramiz Məmmədov, aktyorlar Emma Məlikova, Qurban
İsmayılov, Çingiz Əhmədov və başqaları
ilə gözəl ansambl yaratmağa müvəffəq
oldular.
- Bu günün
tamaşaçısı və teatrı. İlk olaraq repertuar
siyasəti və onun tamaşaçı tərəfindən
necə qəbul olunması maraq doğurur...
- Əlbəttə,
repertuar teatrın güzgüsü, simasıdır. Ona görə də biz repertuarımızın zənginliyinə,
səhnə əsərlərinin seçiminə xüsusi
diqqət veririk. Tamaşaçılarımız
da bunu dəyərləndirirlər. Bu
günlərdə, qara-çovğuna baxmayaraq,
tamaşaçı zalını dolduran sadiq teatrsevərlərimizi
görəndə bunun bir daha şahidi oldum. 2011-ci il böyük yaradıcılıq ənənələrinə
malik olan Azərbaycan Dövlət Musiqili Komediya Teatrı
üçün çox əlamətdar bir il olmuşdur.
Gürcüstandan Rustaveli teatrının aparıcı
simalarından biri, tanınmış rejissor Qoça
Kapanadzeni dəvət etdik və o, sənət dostları
Lomqul Murusidze, Ketevan Titişvili və Tamuna Maçaraşvili
ilə bərabər A.Saqarelinin məşhur «Xanuma» əsərini
(baş rolda Xalq artisti Afaq Bəşirqızı) tamaşaya
qoydu. Mədəniyyət və Turizm Nazirliyinin
sifarişi ilə hazırlanan tamaşa sənətsevərlər
tərəfindən rəğbətlə qarşılandı.
Azərbaycan və Gürcüstan sənətkarlarının
bu yaradıcılıq əməkdaşlığı öz
bəhrəsini verdi.
Yola
saldığımız ilin teatrımız üçün
maraqlı olan digər bir yaradıcılıq uğuru Mark
Kamolletinin «Xoşbəxt ailə oyunu oynayırıq və ya
fransızsayağı qarnir» əsərinin tamaşası
sayıla bilər. Teatra dəvət
etdiyimiz Əməkdar incəsənət xadimi, Prezident
mükafatçısı Əsgər Əsgərov əsəri
rus bölməsinin aktyorları ilə birgə
hazırladı. Rejissorun uğurlu
tapıntıları, maraqlı səhnə nüansları
tamaşaya yeni ruh gətirdi.
- Teatr binasının təmirə
dayanması ilə əlaqədar 102-ci
mövsümünüzü paytaxtdan uzaqda - Xaçmaz şəhərində
açdınız...
- Sentyabrın 18-də - Üzeyir
Musiqi Günündə Mədəniyyət və Turizm
Nazirliyinin təşəbbüsü ilə Xaçmazda
böyük musiqi bayramı keçirildi və bizim
kollektivimizin çıxışı rayonun mədəni həyatında
əsl hadisəyə çevrildi. Həmin
gün biz orada Üzeyir Hacıbəylinin məşhur “Ər
və arvad” tamaşasını oynadıq. Teatrın kollektivi həmçinin sentyabrın 19-da
Şabran şəhərində Mədəniyyət və
Turizm Nazirliyinin yenicə təmir etdirdiyi Mədəniyyət
evində də «Ər və arvad» tamaşasını təqdim
etdi. Digər uğurlu səfərimiz
respublikamızın cənub bölgəsinə oldu. Lənkəranda keçirilən «Yeni teatr» II
Respublika Festivalında teatrımız N.Qoqolun «Evlənmə»
tamaşasını uğurla oynadı.
-
Ötən ilin oktyabrında yaddaqalan daha bir hadisə baş verdi. Kollektiviniz Azərbaycan
teatrının 140 illik tarixi ərzində ilk dəfə
olaraq Amerika Birləşmiş Ştatlarında
çıxış etdi. Uzaq Amerikada
tamaşaçılar Azərbaycan teatrını necə
qarşıladılar?
- Amerikada fəaliyyət göstərən
“Nyu-York-Azərbaycan Assosiasiyası” ötən il oktyabrın
20-dən 27-dək Nyu-York və Vaşinqton şəhərlərində
«Amerikada Azərbaycan teatr bayramı» adı ilə tədbirlər
keçirdi. Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının 20-ci
ildönümünə həsr olunmuş bu tədbirlərdə
Musiqili Komediya Teatrının yaradıcı heyəti yüksək
səviyyədə iştirak edərək Amerikada yaşayan
soydaşlarımıza böyük gülüş payı
bağışladı. Bu tədbirlər
incəsənətimizin uzaq Amerikada layiqincə təbliğinə
mühüm töhfə oldu.
- Bu gün teatrların
qarşısında duran vəzifələrdən biri də təcrübə
mübadiləsi və qarşılıqlı əlaqələrin
qurulmasıdır. Bu istiqamətdə
teatrınızda nə kimi işlər görülüb?
- Yola saldığımız ildə
teatrımızın baletmeysterləri Zakir və Yelena
Ağayevlər Küveytə təcrübə mübadiləsinə
dəvət olundular. İstedadlı tenor kimi
teatra dəvət etdiyimiz Cavid Hüseyni «Qısqanc ürəklər»
(Ramiz Mirişli və M. Haqverdiyev) və «Talelər
qovuşanda» (R.Hacıyev və F.Zöhrabov)
tamaşalarında işləməklə yanaşı, həm
də bir sıra xarici ölkələrdə uğurla
çıxış etdi. Amerikada, Avstraliyada, Almaniyada,
Malayziyada, Kanadada, İngiltərədə, Belçikada,
Hollandiyada, Rusiyada, Türkiyədə solo konsertlər verdi, Azərbaycanın musiqi mədəniyyətini
uğurla təmsil etdi. Vokalçı Afaq Abbasova, xor artistləri
Türkel Şabanova və Elçin Həsənov Türkiyənin
Ordu və Fatsa şəhərlərində keçirilən
konsertdə, balet artisti Natella Kadimova Aşqabadda təşkil
olunan «Türk xalqlarının mədəni irsi» beynəlxalq
festivalında, orkestrin ifaçıları Elxan Həziyev və
Tofiq Seyidəmirov isə Tehranda keçirilən beynəlxalq
musiqi festivalında iştirak etdilər.
Mədəniyyət və Turizm
Nazirliyi «Azərbaycan teatrı 2009-2019-cu illərdə»
Dövlət Proqramına uyğun olaraq digər dövlətlərin
teatrları ilə mədəni əlaqələrin
qurulması istiqamətində məqsədyönlü iş
aparır. İstedadlı gənclərin
yaradıcılığının dəstəklənməsi,
xüsusən teatr sahəsində qabaqcıl ölkələrin
təcrübəsindən istifadə edilməsi və bu sahədə
çalışan gənc kadrların peşəkarlıq səviyyəsinin
yüksəldilməsi məqsədilə ayrı-ayrı
teatrların əməkdaşları müəyyən
müddətə xarici ölkələrə ezam olunur və
başqa dövlətlərdə təcrübə keçirlər.
Nazirlik tərəfindən bizim teatrın sənətçiləri
və texniki işçilərinə də bu sahədə
xüsusi diqqət göstərilir.
Əməkdar incəsənət
xadimi, rejissor Bəhram Osmanovun rəhbərliyi ilə
teatrın bir qrup yaradıcı gənci Rusiyada təcrübə
mübadiləsində olmuşdur. Gənc rəssamlar
Sevinc Həsənova, Novruz Məmmədov və teatrın bədii
quruluş hissə müdiri Hüseyn Hüseynov oktyabrın
sonunda yeddi gün müddətinə Yekaterinburq şəhərində
olmuş, yeni hazırlanan tamaşa ilə bağlı
Sverdlovsk Musiqili Komediya Teatrının yaradıcı heyəti
ilə fikir mübadiləsi aparmış, zəngin ənənələri
olan bu teatrda təcrübə keçmişlər.
- Bildiyimizə görə,
teatrınızda uşaq-gənclər studiyası da fəaliyyət
göstərir. Teatr mədəniyyətini təbliğ
etmək, teatra kütləvi marağı artırmaq məqsədilə
yaradılan studiya özünü doğruldurmu?
- Əlbəttə. Buraya müasir
və milli səhnə sənətinin hərtərəfli
inkişafını təmin etmək məqsədilə teatr
sənətinə maraq göstərən, xoreoqrafiya, vokal,
aktyorluq və ifaçılıq sahəsində xüsusi
bacarığı olan 7 yaşından yuxarı
uşaqları və istedadlı gəncləri teatra cəlb
edirik. Novator səhnə formalarını tətbiq
etmək, müasir və klassik Azərbaycan operetta əsərlərindən
seçmələri səhnələşdirmək, habelə
operetta janrında yaradıcılıq axtarışları
aparan gənc ifaçılar və müəlliflər nəslini
yetişdirmək üçün bu studiyanın fəaliyyəti
çox önəmlidir.
- Bu il teatrsevərlər
teatrda daha hansı tamaşaları izləyə biləcəklər?
- Musiqili Komediya
Teatrı artıq ikinci yüzilliyinə qədəm qoyub.
Biz tamaşaçılarımızı bu il
də yeni tamaşalarla sevindirmək niyyətindəyik. Mirzə
Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə
dramaturqun «Hekayəti-Molla İbrahimxəlil kimyagər»
komediyası əsasında «Kimyagər» (bəstəkar - Xalq
artisti Səyavuş Kərimi, libretto müəllifi - Əjdər
Ol) tamaşası hazırlanır. Yeni səhnə
əsərinə rejissor Bəhram Osmanov quruluş verir.
Bundan əlavə, rejissor Ə.Əsgərovun
hazırladığı «Qadınlara məhəbbətlə»
(rus bölməsində), O.Kazımi və R.Heydərin
«Qızıl toy» (rejissor Yusif Əkbərov), Q.Səidin
«Əli və Nino» əsəri də 2012-ci ilin repertuarına
daxil edilərək, bu il teatrsevərlərin
ixtiyarına veriləcək.
Söhbətləşdi:
Həmidə Nizamiqızı
Mədəniyyət.-
2012.- 10 fevral.- S. 7.