Ustadlar müəllimi: Segah
İslam
Milli musiqi xəzinəmizə böyük töhfələr
verən bənzərsiz sənətkarlarımız çox
olub. Əməkdar artist İslam Abdullayev belə sənətkarlardan
olub...
İslam Əbdül oğlu Abdullayev 1876-cı ildə Şuşa şəhərində dünyaya göz açıb. İlk təhsilini şəhər məktəbində alıb. Hələ məktəbli ikən onda musiqiyə həvəs yaranır. Bunu atası Əbdül kişi də hiss edir. Ancaq oğluna müəllim tutub musiqi təhsili vermək imkanı olmur. Lakin bir təsadüf İslamı musiqi aləminə gətirir. Sonralar İslam Abdullayev həmin hadisəni belə xatırlayır: “Sərin yaz günü idi. Atam evimizi təmir etdirirdi. Ustalar böyük, sal bir daşı ikinci mərtəbəyə qaldırıb pilləkənin başına qoymalı idilər. Üç usta, atam və mən çox çalışdıq, ancaq daşı yerindən qaldıra bilmədik. Vəziyyəti belə görən atam ustalardan birinə dedi:
- Gəlin, bir qədər yorğunluğunuzu alın, sonra görək nə olur! Ustalar tut ağacının kölgəsində oturub çay içir, dincəlirdilər. Bu zaman atam məni çağırıb dedi:
- Bala, sən də bizim üçün bir-iki “ağız de”. Mən də pilləkəndə oturub “Qarabağ şikəstəsi” oxudum. Bir də nə görsəm yaxşıdır: darvazamızın ağzı adamla doludur. Camaatı görəndə utanaraq evə qaçdım. Həyətə yığışanlar atamdan xahiş etdilər ki, mən bir də oxuyum. Atam əlacsız qalıb dedi:
- Xahişinizi yerinə yetirərəm, bu şərtlə ki, bu daşı pilləkənin başına qaldırasınız. Gənclər qollarını çırmayıb, ustaların köməyi ilə daşı lazım olan yerə qoydular. Atam məni yanına çağırıb mehribanlıqla dedi:
- İslam, çıx daşın üstə, camaat üçün bir şey oxu. O zaman təzəcə öyrəndiyim “Qarabağda bir dənəsən” mahnısını oxudum. Mahnını bitirəndə hamı məni alqışladı. Bir qoca kişi atama yaxınlaşıb dedi:
- Ay Əbdül, elə hey
deyirsən kasıbam. Bundan da artıq var-dövlət
istəyirsən?
Gənc İslamın məlahətli
səsindən xəbər
tutan şair, musiqişünas Mir Möhsün
Nəvvab onu “Xanəndələr məclisi”nə
dəvət edir.
Burada o, dövrün məşhur xanəndələri
olan Hacı Hüsüdən “Segah”, Məşədi İsidən
“Mahur”, Keştazlı
Həşimdən “Bayatı-Qacar”,
Mirzə Muxtardan “Rast” və s. muğamları öyrənir.
Bu muğamlar içərisində onu daha çox cəlb edən “Segah” olur. “Rəhmətlik Sadıq tarını sinəsinə
alan kimi
mənim üçün
“Segah” çalardı.
Usta Hacı Hüsü isə bu muğama yeni-yeni guşələr,
xallar əlavə edər və məndən onları təkrar etməyi tələb edərdi”, - deyə sonralar İslam Abdullayev xatırlayardı.
Onun ilk müstəqil çıxışı görkəmli
tarzən Sadıqcanın
oğlu Əsədullanın
toyunda olur. Həmin gecə İslam “Segah” oxuyur. Yanıqlı səslə, lirik
tonda oxuduğu “Segah” alqışlarla qarşılanır. Bu çıxışından sonra
şöhrəti artır.
Tez-tez Qarabağ, Gəncə, Şəki mahallarının el şənliklərinə
dəvət olunur.
Çox çəkmir ki,
İslamın səsi
İran məclislərindən
gəlir. İranın
Rəşt şəhərində
olarkən Tehran xanəndələri
Rübabə xanım,
Sidqiyyə xanım və Qəmər Mülük xanım ilə tanış
olur. Orada tarzən Məşədi
Zeynalın müşayiəti
ilə oxuduğu “Segah” dinləyiciləri heyran edir. İran sənətkarları İslamın
yanıqlı səsinə
və zəngin yaradıcılığına yüksək
qiymət verir, ona heyran olduqlarını
bildirirlər.
XX əsr
Azərbaycan musiqi mədəniyyəti tarixində
“Segah” muğamını
İslam Abdullayev kimi mükəmməl və incə zövqlə oxuyan ikinci xanəndə olmayıb. Görkəmli
xanəndə Seyid Şuşinski xatirələrində
yazıb: “ İslam
olan məclisdə nə Cabbar, nə Ələsgər, nə Keçəçi
Məhəmməd, nə
də mən “Segah” oxumazdıq”.
Məhz buna görə
də xalq onu “Segah İslam”
adlandırıb.
İslam Abdullayevin ifaçılıq
qabiliyyətinə yüksək
qiymət verən görkəmli sənətkarlardan
biri də Bülbül olub. O, yazıb: “İslam fars qəzəli oxumazdı. O, Azərbaycan
şairlərindən, xüsusilə
Füzulinin və Zakirin qəzəllərini
oxuyardı. “Segah”ı
o qədər gözəl
oxuyardı ki, ona qulaq asdıqca
adamın ürəyi
titrəyirdi...”.
İslamın “Segah”ı dövrün
gənc xanəndələri
üçün məktəb
olub. Təsadüfi
deyildir ki, o zaman gənc xanəndələrdən Əsgər
Qurbanov, Cəmil Məmmədov, Bülbül,
Xan Şuşinski, sonralar isə Zülfü Adıgözəlov,
Həşim Kələntərli,
Sürəyya Qacar və başqaları “Segah” oxuyarkən məhz İslam Abdullayevi təqlid ediblər.
İslam Abdullayev xeyli
vaxt məşhur tarzənlərdən Məşədi
Zeynal, Məşədi
Cəmil Əmirovla, sonralar isə Şirin Axundovla birlikdə çalıb-oxuyur.
1910-1915-ci illərdə
“Sport-Rekord” və “Ekstrafon”, “Primer-Rekord” aksioner cəmiyyətlərinin
dəvəti ilə səsini qrammofon valına yazdırır.
O, “Yetim Segah”, “Bayatı-Kürd”, “Kürdü-Şahnaz”,
“Bayatı-Qacar”, “Şüçtər
”, “Mahur-hindi”, “Şikəsteyi-fars”,
“Çalpapaq”, “Səttarxan”,
“Süsən sünbül”,
“Axşam oldu” və sair muğam,
təsnif və el mahnılarını son dərəcə
orijinal, lirik tonla oxumuşdur...
Azərbaycanda sovet hakimiyyəti
qurulduqdan sonra İslam Abdullayev tez-tez rayonlarda olur və əhali
qarşısında konsertlər
verir. Eyni zamanda Şuşa
və Ağdam musiqi məktəblərində
muğamatdan dərs deyir. Gənc müğənnilərin yetişməsinə böyük
qayğı göstərir.
Onun yetirmələrindən
Xan Şuşinski, Qənbər Zülalov,
Sahib Şükürov, İldırım
Həsənov, Yaqub Məmmədov və başqalarının adları
bu gün də iftixarla çəkilir.
İstedadlı sənətkar 1964-cü ildə 88 yaşında Bakıda vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 15 fevral.- S. 15.