Şəki Xan Sarayı
Şəki Xan
Sarayı Azərbaycanın orta əsr
memarlığının ən görkəmli və nadir abidələrindən biridir.
Bina Azərbaycanda ilk
müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi
Hüseyn xanın dövründə tikilib. Hüseyn xan eyni zamanda
“Müştaqi” təxəllüsü ilə
şeirlər yazdığından bəzi mənbələrdə
bu saray Müştaq imarəti kimi
də qeyd olunur.
Gerçəyin rəvayətə qarışdığı tarix
Şəki Xan Sarayının digər bir adı isə rəvayətə əsaslanır. Rəvayətə görə, Şəki xanı ustaya saray tikməyi tapşırır. Saray hazır olandan sonra soruşur ki, bundan yaxşısını ucalda bilərsənmi? Usta cavab verir ki, əgər daha çox pul versələr, bundan möhtəşəmini tikərəm. Bu cavab xanı bərk qəzəbləndirir. Kiminsə sarayının onun sarayından daha üstün olmasını istəməyən xan memarı edam etdirir. Ona görə də Şəki Xan Sarayını “memarını edam etdirən saray” da adlandırırlar. Lakin bu bir rəvayətdir. Həqiqət isə budur ki, sarayı tikdirən Məhəmməd Hüseyn xan Həsənağa oğlu Müştaqinin ölümü çox faciəli olub. Belə ki, Hacı Abdulqadir xan xanlığı ələ keçirərək qardaşı oğlu Hüseyn xanı öldürtdürür. Bu hadisə 1780-ci ilin avqustunda baş verir. Abdulqadir xanın altmış nəfərədək dəstəsi gecə xəlvətcə qalaya daxil olur və saraya hücum edir. Bu vaxt saraya bitişik evdə - Müzəyyən (Qurğuşunlu) otaqda olan xan qapıları içəridən bağlayıb hücum edənlərlə atışmağa başlayır. Xanın yanında olan kiçikyaşlı oğlu Fətəli də tüfəngləri doldurmaqla atasına kömək edir. Bir neçə saatlıq atışmadan sonra xan ağır yaralanır. Qapını sındırıb xanı tuturlar. Onu bir həftə saxladıqdan və hansısa müqaviləyə imza atdırdıqdan sonra boğub öldürürlər. Beləliklə, 1759-1780-ci illərdə Şəkinın xanı olmuş Məhəmməd Hüseyn xan Müştaqinin xanlığı faciəli sonluqla bitir.
Babası
Hacı Çələbi xanın ənənələrini davam etdirərək Şəkidə neçə-neçə
saray, məscid, mədrəsə tikdirən
Hüseyn xan
yazdığı poetik əsərlər kimi, tikdirdiyi binaların daş və kərpiclərinin, ağac və şəbəkələrinin rənginə,
naxışına, ölçüsünə də həssaslıqla
yanaşırdı. Onun tikdirdiyi Xan Sarayı indi də hər kəsi heyran edir.
Sarayın tikilmə tarixi
mənbələrdə 1760-1765-ci illər göstərilir.
Dünyada öz orijinallığı
ilə yeganə olan Şəki Xan Sarayının memarı şirazlı Hacı Zeynalabdindir. Sarayın xüsusi tikinti üslubu var. Onun tikintisi zamanı mismardan və ya yapışdırıcıdan
istifadə olunmayıb.
Saray 2 mərtəbədən, 6 otaqdan,
4 dəhlizdən, 2 güzgülü
eyvandan ibarətdir.
Mərtəbələr eyni
quruluşludur: mərkəzdə
böyük salon və
salonun hər iki mərtəbəsindəki
dəhlizlərə bitişik
yan otaqlar.
Milli rəssamlıq və xalq tətbiqi sənətimizin incisi
İkinci mərtəbəyə yan otaqların arxasında yerləşən
pillələrlə qalxırlar.
Mərtəbələr arasında daxili
əlaqənin olmaması
sarayı iki hissəyə - rəsmi (qonaq) və şəxsi (xüsusi) hissəyə ayırır.
Aşağı mərtəbənin zalından o zamanlar rəsmi qəbullar üçün istifadə
edilib.
Sarayın baş fasadı
cənuba baxır.
Baş fasadın şəbəkə
tipli pəncərələri
binaya xüsusi gözəllik verir. Pəncərə şəbəkələrinin həndəsi ornamentli fiqurları, onlara vurulan müxtəlif rəngli şüşələr
fasadın digər ornamentli səthləri ilə uyğunlaşır.
Belə şəbəkəli
fonda piştağın
dərin taxçaları
sarayın birinci mərtəbəsinə olan
girişləri və
onların üzərindəki
ikinci mərtəbənin
balkonlarını çərçivəyə
alır. Beləliklə,
sarayın baş fasadının kompozisiyası
üç elementin uzlaşması ilə xarakterizə edilir: divarların ornamentliliyi, naxışlı şəbəkə
və piştağların
genişliyi.
Şəki Xan Sarayı
eyni zamanda Azərbaycan rəssamlıq
və xalq tətbiqi sənətinin
nadir incilərindəndir. Sarayın rəssamlıq nümunələri
bu günə qədər öz ecazkarlığını qoruyub
saxlayıb. Onun divarları
müxtəlif mövzulu
rəsmlərlə bəzədilmişdir.
N.Gəncəvinin “Xəmsə”sinin motivləri əsasında
çəkilmiş şəkillər,
ov və döyüş səhnələri,
təbiət və müxtəlif geometrik ornamentlərlə zəngin
rəsmlər saraya xüsusi gözəllik verir. Burada həmçinin saray
əhlinin və kəndlilərin həyatını
təsvir edən səhnələr əksini
tapıb. Şəki Xan
Sarayının divar rəsmlərində əsasən
göy, qırmızı,
qızılı və
sarı rənglərdən
daha çox istifadə edilib.
Tarixçilər bildirir ki, Xan Sarayı təkcə memarlıq abidəsi kimi deyil, eyni zamanda
tərbiyəvi, əxlaqi
əhəmiyyət daşıyan
abidədir. Otağa daxil
olarkən yırtıcı
heyvanlar, tavanda isə taxt-tacı çiyinlərində saxlayan
iki nəhəng şir təsviri ilə qarşılaşırsan.
Onların ayaqlarının altında isə sürüşkən balıqlar
həkk edilib. Yəni bu o deməkdir ki, taxt-tacı igidlər, görkəmli dövlət adamları saxlayır. Balıq isə o anlama
gəlir ki, öz gücünə çox güvənmək
lazım deyil, düşüncə ilə
idarəçilik vacibdir.
Çünki bir zaman taxtdan sürüşüb
yıxıla bilərsən.
Həmin
bu otaqdan çıxan zaman isə ağzında gül olan qurdun
quzu ilə bir yerdə otladığını görürsən.
Yəni dövlət xadimi olaraq Şəki xanları dünyanı belə görmək istəyirdilər. Bu baxımdan Şəki Xan Sarayı dünyanın ibrətamiz
abidələrindən biri
hesab olunur.
Saraya müxtəlif vaxtlarda
naxış vurmuş
rəssamlardan beşinin
adı bizə məlumdur. Birinci mərtəbədə salonun naxışlarının
xeyli hissəsi
1895-1896-cı illərdə şamaxılı rəssam
və nəqqaş Mirzə Cəfər tərəfindən işlənib.
İkinci mərtəbədəki
zala vurulan naxışların çoxu
ustad Abbasqulunun və şuşalı rəssam,
usta Qəmbərin adı ilə bağlıdır. Bundan başqa,
Şəki Xan Sarayında ikinci mərtəbənin yan otaqlarının naxışlarında
şamaxılı Əliqulu
və Qurbanəlinin adları da yazılıb.
Ümummilli lider Heydər
Əliyevin tarixi-mədəni
irsimizə diqqəti sayəsində bina əsaslı təmir-bərpa
olunub. Bərpa işləri 1999-cu ildə Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf
Assosiasiyası arasında
imzalanan “Mədəni
irsin qorunması layihəsi” çərçivəsində
həyata keçirilib.
Görülən işlər nəticəsində
sarayın özülü
möhkəmləndirilib, taxta
döşəmə dəyişdirilib.
Sarayın divarlarında olan
rəsm əsərləri
yenidən bərpa olunub. Saraydakı naxışların zənginliyinə, rəng
çalarına, stalaktit
oymalara, kompozisiyalara baxdıqca ata-babalarımızın
bacarığına, zövqünə
bir daha heyran olursan.
Mehparə
Mədəniyyət.-
2012.- 15 fevral.- S. 12.