Qırmızı
səhnənin bəyaz çiçəyi
Ötən
illərin mahnıları
XX əsr
Azərbaycan ifaçılıq sənətinin görkəmli
nümayəndəsi, Xalq artisti. Bu sözlər məlahətli
səs sahibi, gözəl ana, qayğıkeş müəllim
kimi mükəmməl keyfiyyətləri özündə birləşdirən
sənətkarımızı, səs xəzinəsi
ünvanlı unudulmaz ifaçını xarakterizə etmək
üçün, məncə, kifayətdir. Onun unudulmaz
ifası yüzlərlə mahnını sevdirdi, yaddaşlara
həkk etdi, onlara ölməzlik bəxş etdi.
Şövkət Ələkbərova
1922-ci il oktyabrın 20-də Bakıda anadan olmuşdu. Asəf
Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu
Sarabskinin sinfini bitirdikdən sonra səhnə
yaradıcılığına başlamışdı.
Musiqimizin "Qarabağ şikəstəsi"nə
köçən, "Sevgi nəğməsi"ndə,
"Məhəbbət"ində qərar tapan bu səsin
sahibinin sənətə gəlişinin də maraqlı
tarixçəsi var.
Musiqiçi ailəsində, sənətkar
ananın nəvazişi ilə böyüyən Şövkət
özünü musiqidən ayrı təsəvvür etməyib.
Elə ona görə də anası onu əvvəlcə
musiqi məktəbinin kamança sinfinə qoyur. Dərsdən
sonra tez-tez anası Hökumə xanımın tar
ifaçısı olduğu orkestrin məşqlərinə gələrmiş.
Orkestrə böyük bəstəkar Üzeyir Hacıbəyli
rəhbərlik edirdi. Günlərin bir günü məşq
zamanı musiqinin sədaları altında zümzümə edən
balaca qızın səsini eşidən Üzeyir bəy ona
yaxınlaşaraq qulağına «Şövkət, sən
mütləq müğənni olacaqsan» sözlərini
pıçıldayır və onun sənət yoluna öz
xeyir-duasını verir.
O, başqa bir sənət yolu
seçmək barədə düşünmədi.
Çünki qəlbi oxumaq arzusu ilə
döyünürdü. Müğənnilik onun tale
yazısıydı və bu, azı onu böyük səhnəyədək
müşayiət etdi. İlk olaraq o vaxtlar "Kəndlilər
evi" kimi adlandırılan özfəaliyyət kollektivinə
yazıldı və ifaçılıq fəaliyyətinə
başladı.
«Qarabağ şikəstəsi»nin uğur vədi
1937-ci ildə keçirilən bədii
özfəaliyyət kollektivlərinin müsabiqəsində
iştirak edən Şövkət xanımın ifasına
dahi Üzeyir bəy, Bülbül, Səid Rüstəmov kimi
sənətkarlar qiymət verir. O, müsabiqənin seçim
turunda oxuduğu «Qarabağ şikəstəsi» ilə qalib
olur və Üzeyir bəyin dəvəti ilə Azərbaycan
Dövlət Xorunda fəaliyyətini davam etdirir. Bu barədə
Şövkət xanımın sevimli tələbələrindən
biri, Əməkdar artist Aybəniz Haşımova maraqlı
fikirlər söylədi: “Xor kollektivinin solisti kimi Şövkət
Ələkbərova gözəl bir sənət məktəbi
keçdi. Bir müddət sonra Azərbaycanın böyük
sənətkarlarından olan Hüseynqulu Sarabskinin sinfində
muğam sənətini daha dərindən mənimsədi.
Şövkət xanımın səsi xorun bütün solistlərinin
ifasından, səsindən fərqlənirdi. Bu fərq onun səsindəki
bülbül avazında, səsinin hərarətində, məxmər
kimi incəliyində idi. Bu onun şaqraq zəngulələrində
dinləyicini ilk andan başqa bir aləmə aparırdı.
Onun musiqini ürəyindən, ruhunun dərinliklərindən
keçirərək yaşaya-yaşaya ifa etməsi istər-istəməz
insanları valeh edirdi».
“Çiçək, çiçək, ağ
çiçəyim...”
Məlahətli səsi ilə
milyonların ürəyinə yol tapan Şövkət Ələkbərovanın
yüksək vokal mədəniyyəti,
mahnılarındakı dərin emosionallıq və lirizm onun
ifa tərzinin əsas xüsusiyyətlərindən idi.
1945-ci ildən Şövkət Ələkbərova
Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. Elə
o vaxtdan xalq və bəstəkar mahnıları ilə nəinki
Azərbaycanda, hətta onun hüdudlarından kənarda da
milyonların sevgisini qazanır. Türkiyə, İran, Əfqanıstan,
Hindistan, Misir, Əlcəzair, Fransa, İsveçrə,
Polşa kimi ölkələrdə verdiyi konsertlərdə
müxtəlif xalqların nümayəndələri
qarşısında incə və məlahətli səsinə
yatan «Segah», «Qatar», «Şahnaz» muğamlarını, bəstəkar
mahnılarını məharətlə ifa edir. Onun sevərək
dinlədiyimiz «Axşam», «Ayrılıq», «Gəl səhərim»,
«Bir könül sındırmışam», «Dərələr»,
«Sən mənim, mən sənin”, «Sənsən ürəyim»,
«Tez gəl», «Durnalar», «Gəlmədin», «Yenə o bağ
olaydı», «Qarabağ mahnısı», «Aldatmayaq bir-birimizi» kimi
gözəl, bənzərsiz mahnıları bu qəbildəndir.
Aybəniz xanım ustadının
sənətkarlıq məziyyətlərindən söz
açır: “Şövkət xanım səhnəyə
çıxanda onun içinə elə bil başqa bir insan
girirdi. O, səhnə arxasında tamamilə başqa bir insan
idi. Çox sadə, gözəl, məlahətli bir ana. Amma səhnəyə
qalxdıqda sanki ayrı bir qüvvə, vəhy gəlirdi ona.
Və o bütünlükdə səhnəyə,
tamaşaçıya bağlanırdı. Onun sənətinin
böyüklüyü elə bunda idi...”.
“Oxu gözəl, oxu gözəl,
qoy səsin
Ürəyimdə kaman kimi titrəsin”
Şövkət Ələkbərova
ifa etdiyi mahnıların seçimində də hədsiz dərəcədə
tələbkar olub. Buna görə də daim istedadına
inandığı bəstəkarların əsərlərinə
müraciət edib. Cahangir Cahangirov, Səid Rüstəmov,
Tofiq Quliyev, Süleyman Ələsgərov, Emin Sabitoğlu məhz
belə bəstəkarlardan idilər. Ona görə də onun
oxuduğu mahnıların hər biri təkcə bənzərsiz
ifaya görə deyil, həm də sözlərinə və
musiqilərinin mətninə görə misilsiz sənət
nümunəsi sayıla bilər. O, dövrünün
artıq adları tarixləşən bəstəkarlarının
bir çoxu ilə yaxından dost olub. İndi heyrətlə,
məftunluqla dinlədiyimiz mahnıların bir çoxu elə
Şövkət Ələkbərovanın səsi, ifası
üçün yazılıb. Şövkət Ələkbərovanın
bir ifası yetərli idi ki, səsindən, məlahətli,
axar-baxarlı tembrindən eşidilən ifa dillər əzbəri
olsun. O hətta baxışları ilə insanlara ifa etdiyi
mahnını, o sözlərdəki, musiqilərdəki hiss və
həyəcanları çatdırmağa
çalışırdı. Və buna nail olurdu. İzləyici
onu səhnədə, efirdə görən andan musiqiyə
diqqət kəsilirdi.
“Bir
könül sındırmışam” desə də...
Qəlbi mahnıları kimi
kövrək olub Şövkət xanımın. Yumşaq, həlim
təbiətli, mehriban, təvazökar bir insan olub. Kimsənin
ürəyinə toxunmağı, qəlbini
sındırmağı özünə rəva görməyib.
Hər kəsə əlindən gələn
köməyi göstərib. Səhnəyə
üz tutanda ona böyük sənətkarlar yol vermişdilər.
O da bunu bir mənəvi borc kimi gənclərə qaytarıb.
Asəf Zeynallı adına
Musiqi Texnikumu, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində
dərs deyən sənətkar yetirmələrinə musiqi sənətində
yalnız peşəkarların, fədakarların keçə
biləcəyi yolu tanıdıb. Onlara yalnız
bu yolla getməyi tövsiyə edib. Şövkət
Ələkbərova tələbələri üçün
təkcə sənət yox, həm də insanlıq məktəbi
olub. Onların hər birinə ana
qayğısı ilə yanaşıb. Bunu
Şövkət xanımın sənət bulağından su
içən bütün tələbələri dönə-dönə
vurğulayırlar.
Onun pedaqoji fəaliyyəti
bir ayrı söhbətin mövzusudur. Yetişdirdiyi
tələbələrdən savayı, məhz onun sənətini,
səsini sevərək bu sənətə gələnlər
də kifayət qədərdir. Aybəniz xanım sevimli
müəllimi haqqında eyni həyəcanla
danışır: «Şövkət xanım gözəl ana,
böyük sənətkar, əsl pedaqoq və həssas
qadın idi. Bu gün həyatda olmasa belə,
bir çoxları üçün örnək pedaqoqdur.
Çünki onun ifa keyfiyyətləri, sənətkarlığı
daim yaşayacaq. Onun lent yazıları bundan sonra səhnəyə
gələcək neçə-neçə gəncə
örnək olacaq. Ona görə də Azərbaycan
musiqisi var olduqca Şövkət Ələkbərova sənəti
də yaşayacaq, yaşadacaq. Çünki
onun sənəti ilə şəxsiyyəti bir-birini
tamamlayırdı”.
“Ulduzlar
da bu axşam səndən danışır...”
Şövkət
xanımın dəstəyi və tövsiyəsi ilə sənətə
gələn ifaçılar içərisində bu gün
xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova kimi
ifaçıların da adlarını qeyd etmək olar.
Sənətkarın sevimli tələbələrindən biri,
Xalq artisti Aygün Bayramova Şövkət xanımın tələbələri
üçün təkcə sənət yox, həm də
insanlıq məktəbi olduğunu bildirir: “Onun kimi bir sənətkarın
tələbəsi olmaq mənim üçün böyük
xoşbəxtlikdir. Şövkət
xanımın sənəti kimi insanlığı, şəxsiyyəti
də böyük idi. Çox
qayğıkeş və mehriban idi. Ümumiyyətlə,
Şövkət xanım çox diqqətli və həssas
idi. Heç bir istedadlı tələbəsini
diqqətdən kənarda saxlamazdı. Xatirimdədir,
peşə məktəbində oxuduğum zamanlarda o, tələbələrinin
konsertini təşkil edirdi. Həm radio, həm
də televiziyada mütəmadi olaraq biz gənclərin konsertləri
olurdu. O istəyirdi ki, biz tanınaq, sevilək. Onu xatırlayarkən inandığı, sevdiyi tələbələrinin
bugünkü uğurlarını görə bilməməsinə
təəssüflənirəm. Amma bir
şeydə təsəlli tapıram ki, onun tələbələri
etimadını doğrultdular. Mən sənət yolumun
başlanğıcında belə bir böyük sənətkarı
tanıdığıma, 4 il onun tələbəsi
olduğuma görə daim böyük fəxarət hissi
keçirirəm. Bu gün öz pedaqoji fəaliyyətimdə
də məhz Şövkət xanımdan öyrəndiyim
keyfiyyətləri tətbiq etməyə
çalışıram. Bu gün də
onun saysız-hesabsız mahnılarını sevə-sevə
dinləyirəm. Son vaxtlar demək olar ki,
hər gün onun gözəl sənətkarımız
Çingiz Sadıxovun fortepianoda müşayiət etdiyi «Anam
yadıma düşür» mahnısına qulaq asıram.
O mahnını dinlədikcə də böyük sənətkar,
qayğıkeş ana və həlim pedaqoqu sevgi, sayğı
ilə anıram».
“Yoxsa
qocalıram mən yavaş-yavaş...”
Şövkət
xanım vaxtın nəbzini tuta bilən müğənni
olub. O, sənətdə nəsillər arasında
körpü yaratmağı, dinləyici auditoriyasını
qorumağı bacaran sənətkar idi. Müasirləri onu həmişə
təravətli və ecazkar səsi ilə həm yaşlı
nəslin nümayəndələri olan ölməz sənətkarlarımız
Qara Qarayevin, Fikrət Əmirovun, Səid Rüstəmovun,
Niyazinin, Qənbər Hüseynlinin, Tofiq Quliyevin, Cahangir
Cahangirovun, Ağabacı Rzayevanın, Şəfiqə
Axundovanın və başqalarının əsərlərini,
həm də yeni nəsli təmsil edən Emin Sabitoğlu və
Polad Bülbüloğlu kimi bəstəkarların
mahnılarını eyni məharətlə ifa etməsini bu
duyarlığın nəticəsi kimi qeyd edirlər.
Şövkət
xanım həm də Azərbaycan xalq musiqisində ənənələrə
sadiq qalan və onları davam etdirən bir şəxsiyyət
kimi də anılır. O, səhnəyə özünəməxsus
ifa tərzi və davranış qaydaları da gətirmişdi.
“Mən
çox gün görmədim bil ki dünyada”
İlkin gənclik
illəri müharibənin dəhşətlərinə, ilk sənət
sevincləri soyuq səhnələrlə əvəzlənən,
II Dünya müharibəsinin ağrılarını
yaxınlarını itirməklə yaşayan Şövkət
xanıma vurulan tale zərbələrinin ən
ağrılısı isə həyat yoldaşını itirməsi
idi. Övladlarını təkbaşına
böyütmək asan deyildi. Ancaq
Şövkət xanımı daha çox üzən həyat
yoldaşı, istedadlı rejissor Lətif Səfərovun faciəli
ölümü idi. Onları hər
ikisinin vurğunu olduğu sənət qovuşdurmuşdu.
Lətif Səfərov quruluş verdiyi "Bəxtiyar"
filmindəki baş qəhrəmanın uşaqlıq
mahnılarını səsləndirən Şövkətlə
tanışlıqdan bir müddət sonra onunla ailə həyatı
qurur. Bu evlilik cəmi 8 il davam edir. Şövkət xanım oğlu Bəşiri 6
yaşında atasız qoyub dünyadan gedən Lətifi
ömrünün sonuna qədər hörmətlə
anıb.
Ömrünün
qüruba üz tutan çağlarında taleyi onunla daha
amansız davranıb. Qızı Natella
1992-ci ildə çarəsiz xəstəlikdən vəfat
edib. "Daha mən də öldüm, yoxam bundan
sonra", - deyib və doğrudan da bu ağrıya tablaşa
bilməyib Şövkət xanım. Ölüm
ağrılar içində yaşayan müğənnini
1993-cü il fevralın 7-də «gəlimli-gedimli,
son ucu ölümlü dünya»dan apardı. Apardı ki, illər,
onilliklər keçsə də, hamı onu eyni hərarət
və sevgi ilə xatırlasın: “Oxu, Şövkət, oxu,
Şövkət, qoy səsin, Ürəklərdə kaman kimi
titrəsin”.
Həmidə
Nizamiqızı
Mədəniyyət.-
2012.- 15 fevral.- S. 11.