Gənc
istedadlarımız
2012-ci ilin ikinci ayını yaşayırıq. Mədəniyyət
və incəsənət sahəsində uğurlar
bir-birini əvəz edir.
Bülbül adına Orta
İxtisas Musiqi Məktəbinin
şagirdləri Nərmin Nəcəfli və Rüstəm Zeynalovun Estoniyanın Narva
şəhərində keçirilmiş Şopen adına beynəlxalq müsabiqədən
gələn xoş sorağı
hamımızı sevindirdi.
Yanvarın 29-dan fevralın 5-dək keçirilən müsabiqədə Estoniya, Azərbaycan, Ukrayna, Polşa və s. ölkələrdən 60-dək ifaçı iştirak edib. Rüstəm Zeynalov müsabiqədə Qran-pri, Nərmin Nəcəfli isə birinci mükafata layiq görülüb.
Qaliblərlə söhbətimiz müsabiqədə çıxışları və qələbə təəssüratları ilə bağlı oldu.
Şopenin əsərlərinin ən yaxşı ifaçısı
Nərmin Nəcəfli 1996-cı ildə anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin IX sinfində fortepiano ixtisası üzrə Ədilə Rəhimovanın sinfində təhsil alır. Bu günə kimi bir çox beynəlxalq müsabiqələrin laureatı olub. 2010-cu ildə Almaniyada keçirilən beynəlxalq müsabiqədə xüsusi mükafata layiq görülərək İtaliyada konsert proqramı ilə çıxış etmək hüququ qazanmışdır. Ötən ilin aprelində isə İtaliyada Eppan şəhərində çıxış etmiş, tanınmış musiqiçi, professor Andrea Bonattanın xüsusi istedada malik uşaqlar üçün təşkil etdiyi ustad dərslərində iştirak etmişdir. 2007-ci ildən adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na salınıb, Prezident təqaüdçüsüdür.
Müsabiqədə orta yaş qrupunda (12-15) çıxış edən Nərmin mübarizənin çətin keçdiyini bildirir: “Öz qrupumda qalib oldum və bundan əlavə üç xüsusi mükafata layiq görüldüm. Bunlar Şopenin əsərlərinin ən yaxşı ifasına görə, Finlandiyanın Şopen İnstitutunun və Narva şəhər meriyasının mükafatlarıdır. Müsabiqədən sonra laureatların konserti və mükafatlandırma mərasimi keçirildi. Konsertdə Azərbaycan səfirliyi və diasporumuzun nümayəndələri də iştirak edirdilər. Bakıya qayıtdıqda məktəbimiz bizi böyük sevinclə qarşıladı. Direktorumuz Teymur Göyçayev bizi təbrik etdi. Uğurlarıma görə müəlliməm Ədilə Rəhimovaya çox minnətdaram.
Gözlənilməz qalibiyyət
Rüstəm
Zeynalov 1995-ci ildə Bakıda doğulub. 2002-ci ildə 4 saylı
musiqi məktəbinin
fortepiano sinfinə daxil
olub. 2004-2011-ci illər
ərzində bir çox müsabiqələrdə
iştirak edib, beynəlxalq səviyyəli
festivalların qalibi olub. 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı
ilə adı gənc istedadların “Qızıl kitabı”na
salınıb, Prezident
təqaüdünə layiq
görülüb. 2008-ci ildən
təhsilini Bülbül
adına Orta İxtisas Musiqi Məktəbində davam etdirən Rüstəm bu günə kimi bir çox konsert proqramları ilə də çıxışlar etmişdir.
Bu sırada Almaniyada
keçirilən “Young euro classic” beynəlxalq festivalındakı
çıxışı, “Üns” yaradıcılıq
səhnəsindəki solo konserti,
Parisdə UNESCO-nun mənzil-qərargahındakı
konserti və s. qeyd etmək olar.
Estoniyadakı qələbəsindən danışan
Rüstəm bunları
bildirdi: ”Öz yaş qrupumda 18 ifaçı ilə yarışırdım.
Üç turdan ibarət
olan yarışmada müraciət etmiş 48 nəfərdən 15-i mübarizəyə
qoşulmaq imkanı əldə etmişdi.
Fasiləsiz olaraq dörd
gün yarışdıq.
Artıq
ilk turdan sonra mənə həm münsiflərin, həm də dinləyicilərin marağı olduğunu
hiss etdim. Qələbə qazanmağımda əməyi
olan hər kəsə, xüsusilə
müəlliməm Dilarə
Mirzəquliyevaya minnətdaram”.
Rüstəm Zeynalovun müsabiqədə Qran-pri mükafatı qazanması Estoniyanın televiziya və mətbuatında da rezonans doğurub. Münsiflərin fikirləri isə belə idi: “O, böyük istedada və yaxşı peşəkar bazaya malik ifaçıdır. İfası təkrarolunmazdır. Gələcəyin məşhur pianoçusu ola bilər”.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 15 fevral.- S. 10.