Xədicə
Qayıbova
İfaçılıq sənətimizdən
İfaçılıq sənətimizin
repressiyaya məruz qalan
nümayəndələri haqqında növbəti
yazımızda Azərbaycanın ilk
qadın pianoçularından olan Xədicə
Qayıbova barədə söhbət açacağıq.
Xədicə Qayıbova 1893-cü ildə Tiflis şəhərində ruhani Osman Müftizadənin ailəsində dünyaya gəlib. Tiflisdə “Müqəddəs Nina” qızlar məktəbində oxuyub. İlk musiqi təhsilini də bu məktəbdə alır, fortepianoda çalmağı öyrənir. Məktəbi bitirdikdən sonra 1911-ci ildə Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu Nadir Qayıbzadə ilə ailə həyatı qurur. Tiflisdəki məktəblərin birində Azərbaycan dilindən dərs deməyə başlayır. Bir müddət sonra isə ailəsi ilə Bakıya köçür. 1919-cu ildən pedaqoji fəaliyyəti ilə yanaşı, Xədicə Qayıbova konsertlərlə çıxış etməyə başlayır. Xalq Maarif Komissarlığında Şərq musiqi şöbəsinə müdir təyin edilir. Burada işləyərkən musiqi kursları təşkil edir və uşaq xoru yaradır.
1927-ci ildə ali musiqi savadı almaq üçün Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Musiqi nəzəriyyəsi və bəstəkarlıqdan dərs alır. Eyni zamanda ictimai xadim kimi də fəaliyyət göstərən Xədicə xanım 1933-cü ildə həbs edilir. Onu əksinqilabi fəaliyyətdə və türkçülük ideyalarını yaymaqda ittiham edirlər. Lakin yetərli sübutlar tapılmadığına görə 3 aydan sonra həbsdən azad edilir. 1934-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında əmək fəaliyyətini davam etdirən professional musiqiçi burada elmi-tədqiqat musiqi kabinetinə rəhbərlik edir. Onun rəhbərliyi altında xalq dastanları və muğamlarımız toplanır.
O, təşkilatçı bir qadın olmuşdur. Evində tez-tez musiqi gecələri təşkil edərmiş. Bu musiqili gecələrdə dövlət xadimləri, şəhərə qastrola gələn ifaçılar, şair və yazıçılar, elm adamları, həmçinin Türkiyədən Azərbaycana gələn zabitlər də iştirak edərlərmiş. Bəlkə də elə bu səbəbdən Xədicə xanım 1937-ci ildə yenidən həbs edilir. O, Türkiyənin xeyrinə casusluqda və müsavatçılıqda günahlandırılır. Xədicə xanımın birinci həyat yoldaşı Nadir Qayıbzadənin qardaşının “Müsavat”ın İstanbuldakı nümayəndəliyində katib olması da onun həbsi üçün əlavə əsas sayılır. O dövrdə həbs olunanlar təzyiq altında Xədicə xanımın da əksinqilabçı olması barədə ifadə verirlər və onun Türkiyə ilə əlaqələri olduğunu bildirirlər.
1938-ci ildə Azərbaycan Daxili İşlər Komissarlığı arayış tərtib edir: ”Türk və ingilis qərargahları Bakıda olduqları zaman (1918-ci il - red.) Xədicə Qayıbova ilə əlaqədə olmuş, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra X.Qayıbova öz evində “Müsavat” Partiyasının başçılarından sayılan Mustafa Vəkilovu gizlətmiş və onun qaçmasına imkan yaratmışdır. Eyni zamanda öz evində türk ordusunun zabitinin gizlənməsinə şərait yaratmışdır”.
Bu arayışa əsasən, Xədicə xanım həbs edilir. 1938-ci il 19 oktyabr tarixli qərara əsasən, Xədicə Osman qızı Qayıbova əmlakı müsadirə olunmaqla güllələnməyə məhkum edilir. Bu zaman Xədicə xanım iradəli qadın olduğunu bir daha sübut edir. ”Mən məhv olan deyiləm, qoy onlar sevinməsinlər”, - deyir. Xədicə xanımın məhkəməsi 15 dəqiqə çəkir və güllələnmə hökmü icra edilir. 1954-cü ildə qızı A. Sultanova anasının günahsız həbs olunması və güllələnməsi haqda ətraflı məlumat istəyir. 14 fevral 1956-cı ildə Xədicə Osman qızı Qayıbovaya ölümündən sonra bəraət verilir.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 17 fevral.- S. 15.