Bəsləsən, atlas olar tut yarpağından...
Folklorumuzda, dilimizdə zəriflik və incəliyin bənzətmə
nümunəsi olan “ipək” sözü qədər bəlkə də işlək ifadə yoxdur: ipək kimi zərif, ipək kimi yumşaq, ipək xasiyyət və s. Bəs bu poetik deyimi
ortaya çıxaran ipək parçanın ərsəyə gəlməsi
hansı mərhələlərdən
keçir? Kəlağayıya,
köynəyə, çeşidli
libaslara çevrilən
ipəyin hazırlanması
necə zəhmət hesabına başa gəlir? “Bəsləsən,
atlas olar tut yarpağından...”. Tut yarpağının
atlas - ipək parça
halına gəlməsi
üçün ipəkçilik
təsərrüfatı və
sənəti deyilən
incə, bununla belə həm də olduqca çətin peşənin
tarixi, istehsal sirləri maraq doğurur...
Qədim zamanlardan tarixi
İpək Yolu üzərində yerləşən,
şöhrətlənən Azərbaycan, həm də ipəkçilik ölkəsi kimi diqqət çəkib.
Məlumdur ki, ipəkçilik
ilk dəfə Çində
aşkarlanıb. Bir xammal
kimi, ipəkqurdu toxumu şəklində əvvəl Orta Asiyaya, oradan İrana, sonra da Azərbaycana gətirilib. Tarixi qaynaqlarda
və məxəzlərdə
göstərilir ki, ölkəmizdə ipəkçilik
V-VI əsrlərdə yayılıb.
Sonrakı dövrlərdə bir təsərrüfat sahəsi kimi tədricən əksər
bölgələrimizdə inkişaf etdirilib. IX-X əsrlərdə ipəkqurdu toxumu yetişdirməyə ciddi
fikir verilir. Ölkədə ipəkçiliyin inkişafı XIII-XV əsrlərdə
də davam edir. Beləliklə də, ipəkçilik
əhalinin təsərrüfat
məşğuliyyəti olmaqla
yanaşı, həm də həyat və güzəranı üçün gəlirli
sahəyə çevrilir.
Həmin
dövrdən etibarən
Azərbaycanın Bərdə,
Şirvan, Şəki
və başqa əyalətləri barama və ipək sapı istehsal edən bölgələrə,
Şamaxı, Gəncə
və Təbriz kimi iri şəhərləri
isə ipək parça toxunan mərkəzlərə çevrilir.
Arxeologiya və Etnoqrafiya
İnstitutunun məlumatlarına
görə, Azərbaycanda
hazırlanan əla keyfiyyətli ipək parçalar ölkəyə
gələn tacir və səyyahların nəzərini cəlb edir. İpək almaq üçün
buraya Genuya və Venesiya tacirləri gəlirlər.
Xammalın böyük bir
qismi başqa yerlərə satışa
aparılırdısa, xeyli
hissəsi yenə də ölkənin daxilində istifadə olunub.
XIX əsrin
əvvəllərindən etibarən
Rusiyada toxuculuq sənayesinin inkişafı
Azərbaycanda baramaçılığın
genişlənməsinə, artmasına təkan verir. Bu proses Şimali Azərbaycanın
Rusiyaya birləşdirilməsindən
sonra xeyli güclənir. 1836-cı ildə çar hökuməti "Cənubi
Qafqazda ipəkçiliyi
və ticarət sənayesini inkişaf etdirmək" adlı cəmiyyət yaradır.
Beləliklə, Azərbaycan ipəyinə
olan ehtiyacın artması ölkədə
barama istehsalına da diqqəti nisbətən artırıb.
XIX əsrin 40-cı illərində
Cənubi Qafqazda istehsal olunan 34 min pud ipəyin 29 min pudu Azərbaycanın payına düşüb.
Toplanan həmin məhsulun 40 faizə qədərini Nuxa (Şəki) qəzası verib. Yenə də məhsulun xeyli hissəsi Rusiyaya aparılır.
XIX əsrin ortalarında
ölkədə yaranmış
əlverişli şərait,
Azərbaycan ipəkçilərinin
zəngin bilik və təcrübəsi,
ipəkçiliyin ölkənin
iqtisadiyyatındakı mühüm
rolu onun daha da inkişafına
təkan verir.
XX əsrin əvvəllərində Azərbaycanda
mühüm ipəkçilik
rayonları Yelizavetpol
(Gəncə) quberniyası,
Bakı quberniyasının
Lənkəran, Quba və Göyçay qəzaları, həmçinin
Zaqatala dairəsi və Naxçıvan qəzası olub. Azərbaycanda ipəkçiliyin inkişafı üçün
əsas amil tut bağlarının salınması,
becərilməsi və
bu sahənin genişləndirilməsi olur.
Tut ağaclarının çoxalması
üçün bir neçə üsuldan istifadə edilir (qələmetmə, göz
qələmi və
s.). Lakin
bağbanlar toxum vasitəsilə, şitil etmək yolu ilə çoxaltmaya daha üstünlük veriblər. Toxumla becərilən ağac
gövdəli, qollu- budaqlı olmaqla bərabər, daha uzun müddət məhsul (yarpaq) verir. Tut ağacları
və ya çəkil bağları
demək olar ki, Azərbaycanın bütün zonalarında mövcud olub.
Cənubi Qafqazda ipəkçiliyin
geniş inkişaf etdiyi ərazi Azərbaycan olub. Hələ
XIX əsrin sonunda Azərbaycanın 1100-dən çox
kəndində ipəkçiliklə
məşğul olunub.
1914-cü ildə bu rəqəm 2200-ü ötüb. Təkcə Nuxa
qəzasında 18 min və
Ərəş qəzasında
7 mindən çox kəndli ailəsi bu işlə məşğul olub.
Ümumilikdə Cənubi
Qafqazın üç
minə qədər kəndində 1,5 milyon nəfər baramaçılıqla məşğul
olub. Bunun da bir milyondan çoxu Azərbaycanın payına
düşüb.
Azərbaycan kəndlərində ipəkçiliyin belə
kütləvi şəkil
almasının əsas
səbəblərindən biri
onun digər təsərrüfat sahələrinə
nisbətən daha gəlirli olmasıdır.
Barama məhsulunun qısa müddətə əldə
edilməsi, vaxt etibarilə münasibliyi bu sərfəli təsərrüfat sahəsinin
inkişafı üçün
əsaslı zəmin
yaradıb. 1910-cu ildə Cənubi Qafqazdakı 55 min desyatin plantasiyadan 50 min desyatini Azərbaycanın payına
düşüb. Azərbaycanda ipəkçiliyin inkişafı
ilə əlaqədar
olaraq XX əsrin əvvəllərindən etibarən
baramaçılıqda əsas
yem mənbəyinə-yarpağa
olan tələbin artması nəticəsində
geniş çəkillik
təsərrüfatı yaranır.
Beləliklə də, çəkil
plantasiyaları ticarət
bağçılığı, tut yarpağı isə artıq əmtəə xarakteri alır.
Bu müddətdə
Azərbaycanın Şirvan,
Qarabağ, Naxçıvan,
Şəki-Zaqatala və
Lənkəran-Astara zonalarında
ipəkçiliklə daha
geniş şəkildə
məşğul olublar.
İpəkqurdu toxumu əsasən
satın alınıb.
Amma Azərbaycanın ipəkçiliklə
məşğul olan bəzi yerlərində onu ənənəvi üsulla əldə ediblər. Onun bəslənməsində qadın əməyinin rolu əsas və həlledici olur. Qurdun oyadılmasından başlayıb, onun sarımasına və yığımına qədər
olan bütün dövrdə əsasən
qadınlar işləyir.
Bu iş prosesində kişilər də çalışırlar. Yarpağın
qırılması və
daşınmasında kişi əməyindən
istifadə edilib. Qurd üçün gündə iki dəfə-səhər və
axşamçağı yarpaq
qırılıb...
Barama istehsalı ilə
ipək emalı sənayesi bir-biri ilə sıx surətdə bağlıdır.
Hər sahə arasında mövcud iqtisadi əlaqə həmin sahələrin hər hansı birində baş verən bu və ya
digər dəyişiklik
dərhal o birində də özünü göstərib. Barama istehsalının
artımı, yaxud azalması öz növbəsində ipək
emalı sənayesinin
gah inkişafına, gah da zəifləməsinə
səbəb olub.
Azərbaycanda ipək emalı
sənayesi sahəsində
fabrik istehsalının
güclənməsi ölkədə
kustar ipəksarıma
- ipəkəyirmənin tənəzzül
etməsinə və aradan çıxmasına
güclü təsir göstərir. Beləliklə də, Azərbaycanda XIX əsrin sonu və XX əsrin əvvəllərində ipəkçilik
əmtəə istehsalı
təsərrüfatının əsas sahələrindən
birinə çevrilib.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 17 fevral.- S. 15.