“Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında daha çox işlər
görməliyik”
“Xocalı faciəsini dönə-dönə dünyanın diqqətinə çatdırmaq bizim vətəndaşlıq və insanlıq borcumuzdur”
Xocalı
soyqırımından 20 il keçir. 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə erməni
silahlı qüvvələrinin Xocalıda həyata keçirdiyi qırğın təkcə Azərbaycan
tarixinin deyil, bəşər
tarixinin ən faciəli səhifələrindən
biridir. Bu baxımdan Xocalı soyqırımının dünya miqyasında tanıdılması təkcə
Azərbaycan həqiqətlərinin yayılması üçün deyil,
bütövlükdə bəşəriyyət üçün, bir daha belə insanlıq əleyhinə cinayətlərin
baş verməməsi üçün
lazımdır.
Ötən müddətdə bu istiqamətdə bir çox işlər görülüb, xüsusilə 2008-ci ildə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində böyük təbliğat işi aparılıb.
Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2012-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımının iyirminci ildönümü ilə bağlı həm ölkəmizdə, həm də xaricdə geniş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Sənəddə bildirilir ki, azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır. Milli Məclisin deputatı, ölkəmizin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Sahibə Qafarova ilə söhbətimiz də bu barədədir. Millət vəkili Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması, habelə ermənilərin işğal olunmuş torpaqlarımızdakı mədəniyyət abidələrinə qarşı həyata keçirdiyi talanların dünya birliyinə çatdırılması ilə bağlı görülən işlərdən danışdı:
- Xocalı soyqırımı təkcə Azərbaycan xalqının ağrı-acısı deyil, ümumbəşəri bir faciədir. Çünki bu amansız qətliam insanlıq əleyhinə cinayətdir. Faciənin baş verdiyi günlər yaxşı yadımızdadır. Normal düşüncəli insan belə bir qətliamı törədə bilməzdi. Əlbəttə, bunu edənlər faşist düşüncəsinə malik, insanlıqdan uzaq varlıqlardır. Bu gün Xocalı faciəsini tanıtmaq üçün Azərbaycan dövləti, rəsmi və qeyri-rəsmi təşkilatlarla yanaşı, xaricdə yaşayan həmvətənlərimiz, azərbaycanlı və türk diaspor təşkilatları da fəal iş aparırlar. Biz artıq ən böyük beynəlxalq tribunalarda öz sözümüzü deyə bilirik. Dünyanın müxtəlif ölkələrində Xocalı faciəsini anma mərasimləri keçirilir. Bu tədbirlərin sayəsində Xocalı soyqırımının mahiyyəti ilə bağlı informasiyalar yayılır. Bu istiqamətdə hər birimiz öz imkanlarımız daxilində iş görməliyik. Xocalı faciəsini dönə-dönə dünyanın diqqətinə çatdırmaq bizim vətəndaşlıq və insanlıq borcumuzdur.
- Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvüsünüz. Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı faciəsinin dünyaya çatdırılmasında AŞPA mühüm beynəlxalq tribunalardan biridir. Bu tribunadan Azərbaycanın haqq səsi necə eşidilir?
- Artıq ikinci ildir ki, Milli Məclisin üzvüyəm. Eyni zamanda AŞPA nümayəndə heyətində Azərbaycanı təmsil edirəm. Bu ikiillik təcrübəmdən çıxış edərək deyə bilərəm ki, Xocalı faciəsi AŞPA müstəvisində geniş şəkildə tanıdılır. Bu il yanvarın 26-da AŞPA-nın qış sessiyası zamanı Xocalı soyqırımının 20 illiyi ilə bağlı bəyanat yayıldı. Sənədə müxtəlif ölkələrdən deputatlar imza atdılar. Bəyanat AŞPA-nın iclasında qurumun sədri Jan-Klod Minyon tərəfindən elan olundu. Sənəddə Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi soyqırımına hüquqi və siyasi qiymət verilməsi çağırışı da yer alıb. Onu da deyim ki, AŞPA-da ölkəmizi təmsil edən millət vəkillərimiz Qarabağ məsələsini daim diqqət mərkəzində saxlayırlar, o cümlədən müzakirə olunan məsələlər kontekstində Xocalı soyqırımı haqqında tez-tez çıxışlar edirik. Çünki bu faciə heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Və dünya da bunu unutmamalıdır. Bu gün ermənilər bütün dünyaya hay-küy salıb guya 1915-ci ildə Türkiyədə genosidə məruz qaldıqlarını deyir. 20 il bundan əvvəl Xocalı qətliamını törədən ermənilər olmayan bir hadisəni uydurub türk millətinə böhtan atırlar. Mən də bir ziyalı kimi bu fikrə qoşuluram ki, bu tarixlə bağlı bütün arxivlər açılmalı, tarixçilər işləməlidir. Sadəcə, arxivlərin açılması ermənilər üçün zərərli olduğundan onlar bunu istəmirlər. Bizim isə bir məqsədimiz olmalıdır: Xocalı faciəsini dönə-dönə dünyanın diqqətinə çatdırmaq.
- AŞPA-nın qış sessiyasında “Hər bir şəxsin mədəni həyatda iştirak etmək hüququ” mövzusunda müzakirələr keçirildi və siz də həmin müzakirələrdə iştirak etdiniz. Bu mövzu ilə bağlı fikirləri bir qədər konkretləşdirsək, müasir dünyada hər bir şəxsin mədəni həyatda iştirak hüququ nə dərəcədə aktual və vacibdir?
- Şübhəsizdir ki, müasir sivilizasiyalı dünyada, xüsusən qlobal təhlükələrin artdığı bir vaxtda milli mədəniyyətlər arasında əlaqələrin genişlənməsi, dünya mədəni irsinin qorunması xüsusi əhəmiyyətə malikdir. Ona görə də milli dövlətlər bu məsələyə əvvəlkindən də artıq diqqət göstərməlidirlər. Azərbaycan Şərq və Qərb mədəniyyətini özündə birləşdirən zəngin mədəni irsə malikdir. Bu zəngin irsin qorunması üçün isə dövlətin üzərinə çox böyük məsuliyyət düşür.
Vurğulamaq yerinə düşər ki, Azərbaycan rəhbərliyi milli mədəniyyətin inkişafı, mədəniyyətin müxtəlif sahələrinin effektiv fəaliyyətinin təmin olunması, mədəni və tarixi irsin mühafizəsi, yaradıcılığın dəstəklənməsi, bu sahənin hüquqi, elmi, informativ inkişafı, kadr hazırlığı və gənc istedadların dəstəklənməsi, mədəniyyət turizmi infrastrukturunun yaradılması, eləcə də mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində çox ciddi tədbirlər görməkdədir. Bunun üçün müxtəlif proqramlar hazırlanıb və icra olunur. Bu proqramlarda mədəniyyətin idarə olunmasının yeni demokratik formalarının yaradılmasına, dövlətsizləşdirməyə və bəzi mədəniyyət obyektlərinin tədricən özəlləşdirilməsinə yer ayrılır. Beynəlxalq əməkdaşlığın dinamik inkişaf etdirilməsi, onun yeni forma və modellərinin axtarılması bu proqramların həyata keçirilməsində mühüm amil olacaqdır. Həmin kontekstdə UNESCO və Avropa Şurası kimi beynəlxalq təşkilatlarla çoxcəhətli əməkdaşlığa böyük əhəmiyyət verilir, çünki bu cür təşkilatlar dünyadakı mədəni quruculuq prosesində ölkələrin rolu və yeri haqqında aydın təsəvvür əldə etmək üçün yaxşı imkan yaradır. Son illərdə Azərbaycanın xarici mədəniyyət siyasətində nəzərə çarpan əsas tendensiyanı beynəlxalq əlaqələrdən beynəlxalq əməkdaşlığa doğru hərəkət kimi müəyyənləşdirmək olar. Cənubi Qafqaz ölkələrində yeni mədəniyyət siyasətini dəstəkləmək məqsədilə Avropa Şurasının təşəbbüsü ilə həyata keçirilən regional STAGE layihəsi bu cür beynəlxalq əməkdaşlığa misal ola bilər.
Azərbaycan dövlətinin mədəniyyətin inkişafı istiqamətində gördüyü mühüm işlərdən biri də vətəndaş cəmiyyətinin təmsilçilərinin, qeyri-hökumət təşkilatlarının bu prosesə cəlb olunmasıdır. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xətti ilə hər il müxtəlif təşkilatların bu sahədə fəaliyyətini stimullaşdırmaq üçün yetərincə maliyyə vəsaiti ayrılır. Gənclərin də bu prosesdə iştirakının əhəmiyyətini nəzərə alan Azərbaycan hökuməti gənc istedadların dəstəklənməsi, onların yaradıcılıq potensialının artırılması üçün dövlət büdcəsindən böyük məbləğdə vəsaitlər ayırır.
AŞPA-nın iclasında hər bir şəxsin mədəni həyatda iştirak etmək hüququ mövzusu ətrafında çıxışımda bu məqamları nəzərə çatdırdım və qeyd etdim ki, Azərbaycan hökuməti hər bir vətəndaşın mədəni həyatda iştirak etmək haqqına kifayət qədər şərait yaradır. Mənə elə gəlir ki, postsovet məkanında mədəniyyət sahəsində bu qədər böyük, genişmiqyaslı tədbirlər keçirilmir. Bu da respublikamızda mədəniyyətə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələri xüsusi vurğulamaq lazımdır. Bu gün Azərbaycanda mədəniyyətimizin təbliğatında, gənc istedadların ortaya çıxmasında, onlara stimul verilməsində və eyni zamanda inkişaflarında bu layihələrin rolu əvəzsizdir.
- AŞPA-nın qeyd etdiyiniz məsələ ilə bağlı iclasında Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalan torpaqlarımızda dağıdılan abidələrdən, mədəni irsimizdən də söz açıldı. Ümumiyyətlə, bu gün işğal altındakı abidələrimizin erməni vandalları tərəfindən dağıdılması faktına dünyanın diqqətini nə dərəcədə cəlb edə bilirik?
- Həmin müzakirələrdə mən və deputat həmkarlarım bu barədə çıxışlar etdik. Avropalı deputatların diqqətinə bir daha bu faktı çatdırdıq ki, Azərbaycanın hazırda erməni işğalı altında olan 20 faiz ərazisində bizim çoxsaylı mədəni abidələrimiz qalıb. Amma hazırda onların bir çoxu dağılıb, xeyli hissəsi tamamilə məhv edilib. Bu da ona gətirib çıxarır ki, gələcək nəsillər bu abidələri nə görə, nə də onlardan hansısa tədqiqat obyekti kimi istifadə edə biləcəklər. Təəssüflər olsun ki, bu abidələr bu günün və gələcəyin nəsilləri üçün artıq itirilib. Çıxışlarımızda səslənən əsas fikir ondan ibarət idi ki, bu təkcə Azərbaycanın tarix və mədəniyyətinə deyil, onlar həm də ümumbəşər, dünya mədəniyyətinə aid abidələrdir. Onların dağıdılması təkcə Azərbaycan mədəniyyətinə deyil, dünya mədəniyyətinə vurulan zərbədir. İclasda bir daha diqqətə çatdırdıq ki, təcavüzkar Ermənistanın bu hərəkətlərinin qarşısını almaq lazımdır. Çünki bu vaxta qədər Azərbaycanın ərazi bütövlüyünün bölünməzliyi ilə bağlı bir neçə qətnamələr qəbul olunub.
Bu məsələnin dünyaya çatdırılmasına gəlincə, bu gün təkcə millət vəkilləri, mədəniyyətşünaslar deyil, ziyalılarımız, alimlərimiz də iştirakçısı olduqları beynəlxalq konfranslarda bu haqda daha geniş danışmalıdırlar. İşğala məruz qalan torpaqlarımızda abidələrimizin dağıdılmasının dünyanın diqqətinə çatdırılması istiqamətində mühüm işlər görülür. Məsələn, Heydər Əliyev Fondunun nəşr etdirdiyi «Qarabağ» kitabı buna bariz nümunədir. Eyni zamanda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətdə çox böyük işlər görür. İşğala məruz qalan torpaqlarımızdakı mədəniyyət abidələri ilə bağlı siyahı tərtib edilib, bu məsələ müxtəlif beynəlxalq tədbirlərdə diqqətə çatdırılır. Sözsüz ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində daha geniş işlər görməliyik.
Dünya tarixində mədəni abidələrə təcavüz halları çox olub. Və belə təcavüzə məruz qalan hər bir ölkə də öz problemini qaldırır. Minilliklərdən bəri bizə gəlib çatmış abidələrimizə qarşı ermənilər tərəfindən baş verən təcavüz də bizim problemimizdir və biz bunu dünyaya çatdırmalı, haqqımızı tələb etməliyik. Bu baxımdan AŞPA tribunası da bizim üçün mühüm imkandır. Bundan əvvəl də AŞPA-da «Mədəniyyətlərarası dialoq» mövzusunda müzakirə keçiriləndə də biz bu istiqamətdə ölkəmizdə görülən işlərdən bəhs etmişik. Bu gün Azərbaycanın mədəniyyətlərin dialoquna verdiyi töhfə, bu mövzuda ölkəmizdə keçirilən beynəlxalq konfranslar bütün dünyaya nümunədir. Azərbaycanda çoxlu millətlərin nümayəndələri, müxtəlif dinlərə mənsub insanlar mehriban, sülhpərvər münasibətlər şəraitində yaşayırlar. Bütün bu faktların dünyaya çatdırılması ölkəmizin nüfuzuna, onun beynəlxalq aləmdə tanınmasına xidmət edir.
Mehparə
Mədəniyyət.-
2012.- 17 fevral.- S. 11.