Sənəti
örnək olan sənətkar
Kələntərlilər ailəsi.
Vaxtilə bu ailənin hər bir üzvü ölkəmizdə
çox populyar idi. Haşım bəyin, Münəvvər
xanımın və Yavər xanımın adlarını
eşidən hər kəsin gözləri önündə mədəniyyət
tariximizin solmaz səhifələri
canlanır.
Bu sənətkarlardan hər birinin sənət aləmində öz dəst-xətti, öz yeri olub. Haşım bəy Azərbaycan Opera və Balet Teatrının, Dövlət Filarmoniyasının solisti, Azərbaycan Dövlət Dram Teatrının aktyoru kimi tanınmışdı. Yavər xanım muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı idi. Münəvvər xanım 30-cu illərin əvvəllərində səhnəyə gəlmiş, əvvəlcə opera, sonralar isə musiqili komediya tamaşalarında çıxış etmiş, filmlərə çəkilmiş, şöhrət qazanmışdı.
Haşım bəy və Münəvvər xanım bacı-qardaş idilər. Lənkəranda doğulub boya-başa çatmışdılar. Yavər xanım şamaxılı idi. Bu ailəyə gəlin gəlmişdi. Münəvvər Kələntərli 1912-ci ildə anadan olmuşdu. 17 yaşı olanda Bakıya köçür. 1933-cü ildə bəstəkar M.Maqomayev onu dinlədikdən sonra Opera və Balet Teatrında işə düzəldir. 21 yaşlı gənc qız opera səhnəsində bir-birindən maraqlı rollarda çıxış edir. Sonradan o, iş yerini dəyişərək fəaliyyətini Musiqili Komediya Teatrında davam etdirir. Münəvvər xanım bu teatrın səhnəsində «O olmasın, bu olsun» tamaşasında Sənəm, «Ulduz»da Tamam, «Qızılaxtaranlar»da Xədicə, «Gözün aydın»da Gövhər surətlərini yaradır.
Xalq artisti Nəsibə Zeynalova müsahibələrinin birində Münəvvər xanımı belə xarakterizə etmişdir: «Musiqili Komediya Teatrında Münəvvər xanımla «Ər-arvad», «Evli ikən subay», «Qızılaxtaranlar» və başqa tamaşalarda tərəf-müqabil olmuşam. «Arşın mal alan» tamaşasında Cahan xalanı Münəvvər xanım oynayırdı. O, yenidən operaya qayıtdıqdan sonra bu rol mənə həvalə olundu. Doğrusu, bu rola bir qədər ehtiyatla yanaşırdım. Çünki bu rolu Münəvvər xanım kimi böyük aktrisa yaratmışdı. Mənə tez-tez deyərdi: «Qorxma, Nəsibə, çıx oyna. İnan mənə, bu rolu sən məndən də yaxşı oynayacaqsan». Onun bu xeyirxahlığı, ürəyinin təmizliyi, başqasına ürək-dirək verməsi çoxlarına səhnədə inamlı, qəti addımlar atmağa kömək etmişdir».
M.Kələntərlinin kinoda ilk dəfə fəaliyyətə başlaması da maraqlıdır. «Arşın mal alan» filminin (1945) istehsalı ilə bağlı bütün məsələlər Rəsul Rzanın (kinematoqrafiya naziri - red.) nəzarəti altında idi. 1944-cü il iyunun 7-də aktyorlar arasında rol bölgüsü aparılırdı. Cahan xala roluna bir neçə aktyor, o cümlədən Validə Vəzirova və Münəvvər Kələntərli sınaqdan çıxarıldı. M.Kələntərlinin namizədliyini yazıçı İmran Qasımov, V.Vəzirovanın namizədliyini isə yazıçı Mehdi Hüseyn irəli sürmüşdü. Sonda Münəvvər xanımın namizədliyi qəbul olundu.
Münəvvər xanım Cahan xala roluna çəkiləndə onun 32 yaşı var idi. Film ümumittifaq ekranlarına buraxılandan sonra böyük uğur qazandı. Dünyanın 136 ölkəsində nümayiş etdirildi. Əlbəttə, bu uğurun qazanılmasında Münəvvər xanımın da zəhməti az deyildi. O, Cahan xala rolunu məharətlə, böyük həvəslə oynayıb, canlı, təbii obraz yaradıb.
Cahan xala kübar xanımdır. Lakin kübar olduğu qədər də sadəlövhdür. Əri vəfat etdiyi üçün artıq neçə illərdir ki, dul qalmışdır. O, bacısı oğlu Əsgəri doğma balası kimi sevir, onun qayğısını çəkir, xoşbəxt olması üçün əlindən gələni əsirgəmir. Cahan xala maddi cəhətdən təmin olunmuş qadındır. Bununla belə, o da tənhalığın daşını atıb yaşlı bir kişi ilə həyatını yenidən qurmaq istəyir. Lakin necə? Köhnə adət-ənənələr ona öz həyatını istədiyi kimi qurmağa imkan vermir. Lakin Soltan bəyə rast gələndən sonra onda öz istəyinin reallaşacağına inam yaranır. Soltan bəylə duetdə Cahan xala gözlənilməz dərəcədə dəyişir və məzəli olur.
«Arşın mal alan» kinokomediyasından başqa Münəvvər xanım «Azərbaycanfilm» kinostudiyasının istehsal etdiyi bir sıra filmlərdə müxtəlif xarakterik obrazlar yaratmışdır. «Bəxtiyar» musiqili filmində Gülzar xala, «Əmək və qızılgül»də Daqmaranın anası Sonu, «Qızmar günəş altında»da Gülbahar nənə, «Görüş»də Münəvvər, «O olmasın, bu olsun»da yengə, «Kazbek qutusu»nda Məlikovun hikkəli arvadı, «Kölgələr sürünür»də Məsmə, «Yeni il gecəsi»ndə ev sahibəsi rollarında oynamış, bu personajlardan hər birinə ürəyinin bir parçasını vermişdir.
Bir-iki surəti çıxmaqla Münəvvər xanımın qalan qəhrəmanlarının hamısı bizim müasirlərimizdir. Əksəriyyəti də zəngin daxili aləmə malik analardır. Onun 1955-ci ildə «Bəxtiyar» filmində inandırıcı və təbii şəkildə yaratdığı Gülzar xala mədəniyyət evinin işçisidir. Bu sadəlövh qadının əlindən heç bir iş gəlmədiyi üçün o hər dəfə bacısı oğlu Ağabala tərəfindən danlanır və gülməli vəziyyətlərə düşür. Onun iş yoldaşı olan bacısı Zəhra (Sona Hacıyeva) ilə komissiya qarşısında mahnı oxuyub rəqs etmələri olduqca baxımlı və yaddaqalandır. Hüseynova bacılarının dueti bu gün də xoş təbəssümlə xatırlanır.
Xalq artisti «Bəxtiyar» filmində komissiya üzvünü oynamış S.Bəsirzadə M.Kələntərli ilə birgə çəkilişlərini belə xatırlayırdı: «Özfəaliyyət dərnəyi üzvlərinin komissiya tərəfindən yoxlanması epizodu neftayırma zavodunun klubunda çəkilirdi. Münəvvərlə Sona Hacıyevanın səhnədə oynayıb oxumaları ssenaridə başqa cür təsvir olunmuşdu. Ona görə də filmin quruluşçu-rejissoru L.Səfərov əvvəlcə işin nə yerdə olduğunu bilmədi, bir qədər əsəbiləşdi də.
Biz, yəni komissiyanın üzvləri həmin səhnəyə baxdıqca gülməkdən uğunub gedirdik. Heç cürə ciddi vəziyyət ala bilmirdik. Ona görə də operator istəyinə nail olmaq üçün bizim səhnəni düz 6 dubl çəkməyə məcbur oldu».
M.Kələntərlinin «Bəxtiyar» filmi ilə paralel çəkildiyi «Görüş» filmindəki Münəvvər rolu da maraqlıdır. Münəvvər kolxoz sədridir. Bacarıqlı təşkilatçı olduğu qədər də qayğıkeş və səbirlidir. Sədr həmkəndlilərinin hər birinin psixologiyasını yaxşı bildiyi üçün insanlarla dil tapa bilir. Elə bu rəftarına görə də camaat sədrə hörmətlə yanaşır, onu sevir.
«Qızmar günəş altında» filmindəki Gülbahar nənə də kənd adamıdır, kolxozçudur. Lakin Münəvvərdən fərqli olaraq o, sadəlövhdür, hər şeyə inanandır.
Münəvvər xanım «O olmasın, bu olsun» kinokomediyasında kiçik bir rolda çıxış edir, yengə rolunda. Toy gecəsi yengə gəlini gətirib Məşədi İbadın otağına ötürür. İçəridə nə baş verdiyini öyrənmək üçün əyilib qapının açar yerindən içəri baxır. Və qəflətən qapı sürətlə açılır. Qapı yengəyə zərblə dəydiyinə görə, o, yıxılır. Bu kiçik epizod tamaşaçıda gülüş doğurur. Lakin həmin an heç kəs bilmirdi ki, Münəvvər xanım yıxılarkən çeçələ barmağını sındırmışdı. Amma barmağının ağrısını çəkiliş vaxtı heç kəsə bildirməmişdi.
Aktrisa «Onun böyük ürəyi» filmində də kiçik bir rolda çıxış edir. Ölkədə müharibə gedir. Hamı səksəkə içindədir. Qadın yataqxanasının gənc sakinlərindən biri yuxudan qəfil ayılaraq hövlnak qalxıb qışqıraraq bir söz işlədir: «Hə, nə olub, atırlar?» Münəvvər xanımın personajı başını yastıqdan qaldırır, sonra yenidən sakitcə yerini rahatlayıb deyir: «Yat əşşi, yox bir, uçurlar». Bu bir kəlmə deyim nəinki həmin epizoddakı ab-havanı dəyişir, həm də tamaşaçılarda xoş ovqat yaradır.
Xanım-xatın qadın olması, incə təbəssümü ilə ürəkləri fəth edən aktrisanın «Kazbek qutusu» qısametrajlı satirik komediyasında mənzil-istismar idarəsinin rəisi, bürokrat, insan talelərinə laqeyd olan Məmişovun arvadının surətini yaratmaqla istedadının yeni çalarları üzə çıxır. M.Kələntərli bu filmdə ərinə hökm edən, qapı qonşusu ilə hər gün dava-dalaşa çıxan, ədabaz qadın obrazını özünəməxsus ustalıqla yaradıb. Beləliklə də, M.Kələntərli teatr və kinoda istər dramatik, istərsə də komik rolların mahir ifaçısı kimi tanınır.
Vaxtilə Münəvvər xanımla bağlı Xalq artisti L.Bədirbəylidən aldığım müsahibədən bir parçanı oxucuların nəzərinə çatdırıram: «Münəvvər xanımla 1945-ci ildə «Arşın mal alan» filmində birgə çəkildiyimiz vaxt yaxından tanış olmuşam. Amma əslində Kələntərlilər ailəsi ilə ilk tanışlığım çox-çox əvvəllərə, uşaqlıq illərinə gedib çıxır. Biz bir məhəllədə, keçmiş Poluxin küçəsində yaşayırdıq. Filmdə çəkiləndə qrupumuzun bütün üzvləri Münəvvər xanıma möhkəm bağlanmışdı. Çünki o, çox sadə, həm də zarafatcıl adam idi. Ətrafdakılara böyük məhəbbətlə yanaşırdı, sevirdi insanları. Kiminlə bircə dəfə çörək kəssəydi, qəlbən bağlanardı o adama. Onun gözündə həmişə işıq, sevinc var idi. Sənətkar kimi də qədir-qiymət qazanmışdı. Ən xırda rolda ən yüksək aktyor zirvəsinə yüksələrdi. O, heç kəsə bənzəmirdi, heç kəsi təkrar etmirdi».
Bu, həqiqətən də belədir. Aktrisanın teatrda və kinoda sevə-sevə yaratdığı obrazlara diqqət yetirəndə biz bu surətlərdə jestləri, mimikası, danışıq tərzi, məhz ona xas olan təbəssümü ilə elə Münəvvər xanımın özünü görürük. Eyni zamanda obrazlar biri digərini təkrarlamır, onlar roldan-rola dəyişir, aktrisa hər bir surətin xarakterik cizgilərini ən xırda çalarları ilə tamaşaçıya çatdırmağa çalışır.
Əməkdar artist, SSRİ Dövlət Mükafatı laureatı M.Kələntərli qısa ömür yaşadı, lakin milli aktyor sənəti tarixində silinməz iz qoydu. Görkəmli aktrisanın ömrünün son günlərini qardaşı oğlu Səməd Kələntərli belə xatırlayır: «Münəvvər xanım Moskvada çəkilişdə olarkən qəflətən sancısı tutur. Xəstəxanada onu müayinə edən həkimlər deyirlər ki, korbağırsağı əməliyyat olunmalıdır».
Bakıda tanışı olan professorun əməliyyatından sonra M.Kələntərli iki gün yaşayır. Çünki professor böyük səhvə yol vermişdi. Əməliyyat düzgün aparılmamışdı.
Münəvvər xanım 1963-cü il fevralın 5-də 51 yaşında vəfat edir.
Kamil sənətkar M.Kələntərli neçə onillərdir ki, aramızda yoxdur. Bununla belə o, həm ustad aktrisa kimi, həm də xeyirxah, təvazökar, həssas qəlbli, mehriban, başqasının sevincinə, dərdinə şərik olan, ona təmənnasız kömək əlini uzatmağa çalışan nəcib insan kimi xatirələrdə həmişə yaşayacaq, yad ediləcəkdir.
Aydın Kazımzadə,
Əməkdar incəsənət xadimi
Mədəniyyət.-
2012.- 17 fevral.- S. 10.