Teatr mədəniyyətlərin dialoquna öz töhfəsini
verməlidir
Mübariz Həmidov: “Hər ötən ilə nəzər salarkən xarici ölkələrdə və beynəlxalq teatr tədbirlərində əldə etdiyimiz nailiyyətlərlə qürur duyuruq”
Azərbaycan teatrı özünün yeni inkişaf mərhələsinə qədəm
qoyub. Artıq teatr sənət
ocağı kimi öz
funksiya və əhatə dairəsini
genişləndirərək dövlətin mədəni siyasətində,
dövlətçilik ideyalarının təbliğində öz missiyasını yerinə yetirməkdədir.
Prezident İlham Əliyevin 2009-cu il
18 may tarixli sərəncamı
ilə təsdiq olunan “Azərbaycan
teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı da teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin
qorunmasını, milli-mənəvi dəyərlərin təbliği
və dünya mədəniyyətinə
inteqrasiyasını təmin etmək, milli
teatr sənətinin davamlı
inkişafını dəstəkləmək məqsədi
daşıyır.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov Dövlət Proqramının icrasının teatrımızın gələcək inkişafına zəmin yaradacağı və qarşıdakı onilliklərə hesablanan mühüm nəticələr verəcəyi qənaətindədir:
- Teatrın milli mədəni irs kimi qorunması və inkişaf etdirilməsini hədəf seçən, bu sahədəki mühüm problemlərin həll yollarını araşdıran Dövlət Proqramında nəzərdə tutulan tədbirlər planı teatr sahəsində əhəmiyyətli irəliləyişlər vəd edir. Təmir-bərpa işləri başa çatmış teatrların maddi-texniki bazalarının möhkəmləndirilməsi müasir dövrdə teatrımız üçün vacib amildir. Dövlət Proqramına uyğun olaraq teatr sahəsində islahatların aparılması, ümumbəşəri və milli-mədəni dəyərlərin qorunması və dünya mədəniyyətinə inteqrasiyası təmin edilməklə Azərbaycan teatr sənətinin inkişafı, teatr sahəsinin bütün janrları və peşə istiqamətləri üzrə gənc istedadların dəstəklənməsi, kadr hazırlığı və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, müştərək layihələrin gerçəkləşməsi, teatr sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi sahəsində mühüm işlər görülür.
- Bu gün Azərbaycan teatrının dünya arenasına çıxışı, beynəlxalq teatr mühitinə inteqrasiyası məsələsi də diqqət mərkəzindədir...
- Təbii. Çünki biz yalnız öz coğrafiyamız daxilində hərəkət edə bilmərik. Bu gün dünya mədəniyyətləri dialoq vasitəsilə bir araya gəlir. Biz teatr ictimaiyyəti olaraq bu prosesə öz töhfəmizi verməliyik. 2009-cu ildən başlayaraq, iki ildən bir “Yeni Teatr” respublika festivalının keçirilməsi, Azərbaycan teatr sənətinin müxtəlif sahələri üzrə kitabların və elektron vəsaitlərin hazırlanması, eləcə də müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq konfransın (2010), UNİMA-nın (Beynəlxalq Kukla Teatrları Assosiasiyası) iştirakı ilə kukla teatrları festivalının (2011) və s. keçirilməsi, Bakı şəhərində tanınmış teatr xadimlərinin iştirakı ilə seminarların təşkili, xarici ölkələrin tanınmış teatr kollektivlərinin ölkəmizə dəvət olunması zəngin ənənələrə malik Azərbaycan teatrının dünya mədəniyyətinə inteqrasiyası istiqamətində atılan mühüm addımlardandır.
- Proqram çərçivəsində ölkədə fəaliyyət göstərən teatrlarla yanaşı, Gənc Tamaşaçılar Teatrında bir sıra layihələr gerçəkləşdirilib, uğurla səhnə əsərləri təqdim edilib, festivallarda nailiyyətlər əldə olunub. Bu sırada hansı faktları xüsusilə qeyd edərdiniz?
- Dövlət Gənc Tamaşaçılar Teatrı 2009-cu ildə başa çatan əsaslı təmir və yenidənqurma işlərindən sonra müasir texniki imkanlarla, müasir dizaynlı binada fəaliyyətini davam etdirir. Həmin il aparılmış islahatlar nəticəsində teatrımız daha iki kollektiv - Dövlət Gənclər və Bakı Kamera Teatrı ilə birləşdirilib. Bu gün teatr vahid truppa kimi fəaliyyət göstərir. Azərbaycan klassik dramaturqlarının əsərləri ilə yanaşı, Avropa, dünya dramaturqlarının əsərləri böyük müvəffəqiyyətlə səhnələşdirilir.
Ötən dövrdə teatr bir sıra beynəlxalq müsabiqələrdə iştirak edərək nailiyyətlər əldə edib. 2008-ci ilin martında kollektiv R.Rzanın “Ana qaz” və S.Marşakın “Pişiyin evi” tamaşaları ilə Belarusun paytaxtı Minsk şəhərində, həmin ilin aprelində Ə.Orucoğlunun ”Nənənin kələyi” tamaşası ilə Türkiyənin Ankara və İqdır şəhərlərində ənənəvi olaraq keçirilən Beynəlxalq Uşaq Bayramında (23 aprel), həmin ilin may ayında İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” və S.Marşakın “Pişiyin evi” səhnə əsərləri ilə Moskva vilayətinin Dmitrov, Taldom və Dubna şəhərlərində müvəffəqiyyətlə çıxış edərək fəxri diplomlara layiq görülüb. Teatr 2009-cu il mayın 26-dan iyunun 6-dək Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən Türkdilli ölkələrin ənənəvi IX Beynəlxalq Teatr Festivalında Ə.Haqverdiyevin “Pəri Cadu” tamaşası ilə respublikamızı uğurla təmsil edib.
Uğurlarımız sonrakı illərdə də davam edib. 2010-cu ilin iyununda Ukraynanın Krım Muxtar Respublikasının Simferopol şəhərində keçirilən XII Beynəlxalq Antik İncəsənət Festivalında G.Fiqeyredonun “Ezop” tamaşası ilə çıxış edərək festivalın mükafatına layiq görüldük. 2011-ci il 4-8 fevral tarixlərində İran İslam Respublikasının Qurqan şəhərində keçirilən 32-ci Beynəlxalq “Fəcr” Teatr Festivalında kollektiv “Otello” tamaşası ilə çıxış edərək nailiyyətlə vətənə döndü. Bundan başqa, 84-cü mövsümə uğurla start verən teatrın yaradıcı kollektivi 2011-ci il noyabrın 10-20-də Sankt-Peterburqda keçirilən II Beynəlxalq “ArtOkraina” mono və kiçikhəcmli tamaşaların festivalında P.Züskindin “Kontrabas” monotamaşası ilə uğurla çıxış edib. Bir sözlə, hər ötən ilə nəzər salarkən xarici ölkələrdə və beynəlxalq teatr tədbirlərində əldə etdiyimiz nailiyyətlərlə qürur duyuruq.
Teatrın yaradıcı heyəti müxtəlif tədbirlərdə, müsabiqələrdə fəxri fərmanlara, diplomlara layiq görülüb. Bu yaxınlarda teatrımız millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan vətənpərvərlik mövzusunda gənclərin I Ümumrespublika Teatr Festivalına ev sahibliyi etdi. Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə həyata keçirilən festivala 4 bölgə və 8 paytaxt truppası - ümumilikdə 110 gənc qatılmışdı. Layihə çərçivəsində İsmayıllı, Ucar, Zaqatala və Mingəçevirdə yaradıcı gənclərlə görüşlər keçirildi. Festivalın qala konserti 2011-ci il dekabr ayının 1-də gerçəkləşdi.
Teatrda gerçəkləşən layihələrdən biri də “British Council” ilə birgə həyata keçirilmişdir. Belə ki, böyük ingilis yazıçısı Çarlz Dikkensin 200 illik yubileyi münasibətilə “British Council” Azərbaycanda 2012-ci ili “Dikens ili” elan edərək, Gənc Tamaşaçılar Teatrı və “Park Bulvar” ticarət mərkəzi ilə birlikdə tədbirlər proqramı tərtib etmişdir. İngilis ədəbiyyatının ən güclü simalarından biri haqqında oxucuları və tamaşaçıları məlumatlandırmaq məqsədi daşıyan layihə çərçivəsində “Park Bulvar”da Ç.Dikkensin teatrımızın repertuarında olan “Oliver Tvistin macəraları” tamaşasından parçalar nümayiş etdirilmişdir.
Kollektivimiz bu ilin yanvarında Əl-Füceyra Əmirliyində (BƏƏ) keçirilən V Monodram Beynəlxalq Teatr Festivalında iştirak edərək Avstriya dramaturqu və publisisti Peter Turrininin “Axır ki...” adlı monotamaşası ilə ölkəmizi layiqincə təmsil etmişdir. Yanvarın 28-dən fevralın 2-dək teatrın başqa bir heyəti İran İslam Respublikasında ənənəvi olaraq keçirilən 33-cü “Fəcr” Beynəlxalq Teatr Festivalında çıxış etmişdir. Festivalda yaradıcı heyət görkəmli italyan aktyoru və dramaturqu Peppino De Filipponun “Don Rafael trombonçu” tamaşası təqdim olunub.
- Teatrın güzgüsü onun repertuarı və həmin repertuara cavab verən tamaşaçılarıdır. Bu mənada sizdə vəziyyət necədir?
- Ən müasir avadanlıqlarla təmin olunmuş teatrda repertuar siyasətinə ciddi önəm verilir. Bu baxımdan müasir dramaturgiyamızın ən maraqlı nümunələri ilə yanaşı, dünya və Azərbaycan klassiklərinin əsərlərinə də müraciət edirik. Bu illər ərzində teatrda “Şeyx Sənan” (H.Cavid), “Aydın” (C.Cabbarlı), “Məkkəyə gedən yol” (C.Məmədquluzadə), “Məhv olmuş gündəliklər” (İ.Əfəndiyev), “Albalı bağı” (A.P.Çexov), “Otello”, “Romeo və Cülyetta” (U.Şekspir), “Ezop” (G.Fiqeyredo), “Hekayəti xırs quldurbasan” (M.F.Axundov), “Viktoriya” (K.Hamsun), “İfritin kələyi” (Y.Şvarts), “Ələddinin sehrli çırağı” (Ərəb xalq nağılı), “Axırıncı qatar və yaxud itlər” (İ.Fəhmi, O.Kazımi), “Şelkunçik” (E.Hofman), “Yatmış gözəl” (B.Marvin), “Oliver Tvistin macəraları” (Z.Dikens), “Mənim ağ göyərçinim” (T.Vəliyeva), “Göyçək Fatma” (Azərbaycan xalq nağılı), “Əcəl atı” (V.Əlixanlı), “Mən səni sevirəm - MSS” (Ə.Əmirli) kimi əsərlər böyük müvəffəqiyyətlə səhnələşdirib.
- Fikrimcə, ötən ilin önəmli hadisələrindən biri də Gənc Tamaşaçılar Teatrının Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasına - ASSİTEJ-ə üzv seçilməsidir. Bu quruma üzv seçilməyimiz teatrın beynəlxalq sənət aləminə çıxmasına nə kimi imkanlar açır?
- Teatrımız ASSİTEJ-ə üzv olandan sonra həmin beynəlxalq qurumun Azərbaycanda milli mərkəzi yaradıldı. Noyabrda Bakıda keçirilən Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində ASSİTEJ-in prezidenti İvetta Hardinin iştirakı ilə milli mərkəzin ilk toplantısı oldu. Bu günlərdə isə ASSİTEJ-in növbəti toplantısının Bakıda keçirilməsi nəzərdə tutulur. 2012-ci ilin noyabr ayında ASSİTEJ-in Azərbaycan Milli Mərkəzi olaraq II Bakı Beynəlxalq Teatr Konfransının işində yaxından iştirak etməyə hazırlaşırıq. Teatrımız ASSİTEJ-in xətti ilə 2013-cü ildə Azərbaycanda ilk dəfə uşaq və gənclər teatrlarının beynəlxalq teatr festivallarını keçirmək niyyətindədir.
- Sonda bir neçə kəlmə də cari işləriniz barədə məlumat verməyinizi istərdim. İl ərzində teatrsevərlər sizin səhnədən hansı tamaşaları izləyə biləcəklər?
- Hazırda teatrda ciddi yaradıcılıq işləri gedir. Yeni tamaşaların hazırlanması ilə yanaşı, bir neçə ölkədə keçiriləcək festivallarda iştirak etmək üçün həmin festivalların rəhbərləri ilə danışıqlar aparılır. Xalq yazıçısı Elçinin Abşeron mövzusuna həsr olunmuş nəsr əsərləri əsasında səhnələşdirilmiş “Buzovna kəndinin əhvalatları” tamaşasının (müəllif Cənnət Səlimova) premyerasına hazırlaşırıq. Eyni zamanda builki teatr mövsümündə 5 yeni əsər üzərində yaradıcılıq işlərinə start vermişik. Teatr ənənəsinə sadiq qalaraq yeni nəsil dramaturqların yetişməsində də mühüm rol oynayır. Hazırda teatrda gənc dramaturq Kamran Ağabalayevin “Hekayəti Şahzadeyi Xəzər” pyesi üzərində iş gedir.
- Ölkə başçısının sərəncamı ilə bu il Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli dramaturq və mütəfəkkir M.F.Axundzadənin 200 illik yubileyi qeyd olunacaq. Eyni zamanda 2012-ci il TÜRKSOY çərçivəsində “Mirzə Fətəli Axundzadə ili” elan olunub. Bu istiqamətdə sizin repertuarda nə kimi dəyişikliklər var?
- Hazırda teatrda böyük dramaturqun iki tamaşası oynanılır. Bunlar “Hekayəti-xırs quldurbasan”, “Lənkəran xanının vəziri” tamaşalarıdır. Digər iki əsər - “Hacı Qara”, “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşaları isə yenidən işlənilərək repertuara daxil ediləcək.
Sonda onu da qeyd etmək istərdim ki, Azərbaycan teatrı bu gün özünün intibah dövrünü yaşayır. İndiyədək görülən və hələ bundan sonra görüləcək irimiqyaslı mədəniyyət layihələri Azərbaycan teatrının sabahı barədə nikbin düşünməyə tam əsas verir.
Söhbətləşdi: Həmidə
Nizamiqızı
Mədəniyyət.-
2012.- 17 fevral.- S. 7.