Xalq bayramları milli-mənəvi yaddaşımızdır

 

   Milli Azərbaycan Tarixi Muzeyində “Xıdır Nəbi“ xalq bayramına həsr olunmuş tədbir

  

   Fevralın 21-də Milli Azərbaycan Tarixi Muzeyində muzeyinEtnoqrafiya elm fond” və “Elmi-maarif və sərgilərin təşkili” şöbələrinin təşkilatçılığı, Səbail rayonundakı

   1 saylı məktəbin şagirdlərinin iştirakı ilə “Xıdır Nəbi” xalq bayramına həsr olunmuş tədbir keçirildi.

  

   Tədbiri giriş sözü ilə muzeyinEtnoqrafiya elm fond“ şöbəsinin müdiri, tarix elmləri namizədi Gülzadə Axundova açaraq bildirdi ki, “Xıdır Nəbi“ özünəməxsus dinixalq bayramlarımızdan biridir. Bu bayram mənəvi mədəniyyətimizin tərkib hissəsi olaraq həyatımızda çox mühüm yer tutur. Məlumdur ki, bayramın çox qədim tarixi var. O, adətən təbiətin oyanması, otların cücərməsi, axan suyun durulması və s. təbii dəyişikliklərlə müşayiət olunur. Eyni zamanda Xıdır Nəbi bir şəxsiyyət olaraq xalq arasında “su, külək və havanın himayəçisi” kimi tanınır.

   Qeyd olundu ki, tədbirin keçirilməsində məqsəd bu bayramı məktəblilər arasında daha geniş şəkildə təbliğ etmək və gələcək nəsillərə çatdırmaqdır.

   Sonra söz məktəblilərə verildi. Onların ifasında folklor nümunələri səsləndirildi:

  

   Mən Xıdırın quluyam,

   Göy atının dostuyam.

   Ağzının arpasıyam,

   Ayağının nalıyam.

  

   Sonra dəstə xorla oxudu:

   Xıdırı Xıdır İlyas,

   Özünü yetir İlyas.

  

   Tədbir Əməkdar mədəniyyət işçisi Rafiq Rüstəmovun rəhbərliyi ilə Xan Şuşinski adına Ağdam Muğam Məktəbinin “Qarabağ bülbülləri“ ansamblı üzvlərinin maraqlı musiqi proqramı və məktəblilərin ifasında rəqs nömrələri ilə başa çatdı.

  

   Savalan Fərəcov

 

  Mədəniyyət.- 2012.- 22 noyabr.- S.15.