Bənzərsiz
ifaçı, mahir təşkilatçı
Musiqi mədəniyyətimizdə
özünəməxsus yeri olan sənətkarlarımızdan biri də tarzən Məmmədxan (Məmmədmirzə)
Bakıxanov olub.
Məmmədxan Məmmədrza oğlu Bakıxanov 1890-cı ildə Bakı şəhərində tacir ailəsində anadan olub. Yeddi yaşında ikən atası İrana köçür və Rəşt şəhərində ticarətlə məşğul olmağa başlayır. Məmmədxanın uşaqlıq və gənclik illəri burada keçir. Atası Məmmədrza bir tacir olmaqla yanaşı, həm də musiqi həvəskarı idi, tar və sazda musiqilər ifa edirdi. Şəhərin musiqiçiləri tez-tez onların evində qonaq olurdu.
Məmmədxan da erkən yaşlarından xalq musiqisinə böyük həvəs göstərir.
Bunu görən atası onu musiqi məktəbinə qoyur. Çox keçmir o, gözəl tar ifaçısı kimi tanınır. 1916-cı ildən başlayaraq el şənliklərində, xalq məclislərində çıxış edir.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Məmmədxan Bakıya gəlir, Şərq Konservatoriyasına daxil olur. Tanınmış tarzən Şirin Axundov və Məşədi Həsəndən mükəmməl dərs alır. Konservatoriyada ilk gündən özünü yaxşı tələbə və istedadlı bir tarzən kimi göstərir. Bu məharəti, eləcə də təşkilatçılıq bacarığı təhsil ocağının rəhbərliyinin diqqətindən yayınmır.
1921-ci ilin
martında o, konservatoriyanın
inspektoru vəzifəsinə
təyin olunur. 1923-cü ildən
isə Əli Bayramov adına
Əməkçi Türk
Qadınları Mərkəzi
Mədəniyyət Sarayında
musiqi müəllimi işləməyə başlayır.
Burada 13 il
qızlara tar ifaçılığını
öyrədir. Onun rəhbərliyi
ilə qızlardan ibarət orkestr yaradılır. Kollektiv
Bakının mədəniyyət
saraylarında, fəhlə
klublarında və hərbi hissələrdə
konsertlər verir, müsabiqələrin qalibi
olur...
Əli Bayramov adına Əməkçi Türk
Qadınlarının Mərkəzi
Mədəniyyət Sarayında
sənətkarın şəxsi
arxivində bu barədə qiymətli sənədlər var. Həmin
sənədlərdən məlum
olur ki, 1934-cü ilin iyununda Tiflisdə
keçirilən Zaqafqaziya
olimpiadasında M.Bakıxanovun
rəhbərlik etdiyi
“Şərq orkestri” də iştirak edib. Olimpiadada böyük müvəffəqiyyətlə
çıxış edən
orkestr birinci yeri tutur və
Zaqafqaziya Mərkəzi
İcraiyyə Komitəsinin
“Fəxri fərman”ı
ilə təltif edilir. “Şərq
orkestri” 1936-cı ilin
mayında Moskvaya - bədii özfəaliyyət
kollektivlərinin konsert-tamaşasında
çıxış etməyə
dəvət olunur.
Kollektiv bu dəfə də mükafatla Bakıya dönür.
O, respublikanın mədəni quruculuq işlərində fəal iştirak edib, görkəmli musiqi xadimi kimi tanınır. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında estrada şöbəsində işə dəvət olunur. Usta bir tarzən kimi xanəndələr arasında xüsusi hörmət sahibi olub. Xeyli vaxt musiqi məclislərində Cabbar Qaryağdıoğlu və Seyid Şuşinski kimi məşhur xanəndələri müşayiət edib. Beləliklə, özünün bacarıqlı tarzən olduğunu bir daha sübut edib. Böyük Vətən müharibəsi illərində Məmmədmirzə Bakıxanov müxtəlif cəbhələrdə Sovet Ordusu döyüşçüləri üçün verilən konsertlərdə dəfələrlə çıxış edir, “Fəxri fərman”larla təltif olunur. O dövrün bir çox qəzet səhifələrində görkəmli tarzənin ictimai fəaliyyətindən və ölməz sənətindən bəhs edən neçə-neçə yazılar dərc edilib. Sənətkarın Azərbaycan xalq musiqisi sahəsindəki xidmətləri layiqincə qiymətləndirilib. 1943-cü ildə respublikanın Əməkdar artisti adına layiq görülüb. “Əmək igidliyinə görə”, “Qafqazın müdafiəsinə görə” medalları ilə təltif olunub. Məmmədxan Bakıxanov 1957-ci il fevralın 20-də Bakıda vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 22 fevral.- S. 14.