Akademiya-adam
Ulduz-səma elminin banisi Tusi hər sahənin Ulduzu idi
Dünyada elm-bilik
universallığı baxımından Nəsirəddin Tusi ilə
müqayisə edilən nəhəng ya bir ola, ya iki.
Bünövrəsi Bəhmənyar və Tusilərimizin
düşüncələri üzərində qurulmuş
Şərq fəlsəfəsi, astronomiya, elm-irfan mədəniyyəti
sonrakı tənəzzül fasilələrilə Avropa
renessansına uduzmayıb, inşası da onlara məxsus, onlar
gücündə irs ornamentləri ilə davam etdirilsəydi,
bu gün “ya bir ola, ya iki” ehtimalına da yer qalmazdı...
Məşhur tarixçi H. Xəlifənin
“Dünya haqqında kitab”ından: ”Nəsirəddin
Marağadakı astronomiya rəsədxanasının tikintisinə
başlamaq üçün lazım olan xərci Hülaku xana
(Çingiz xanın nəvəsi) deyəndə, o, məbləğin
çoxluğuna şübhə ilə soruşur: “Yəni
ulduzlar haqqında elm bir elə faydalıdır ki, o rəsədxanaya
bir belə pul xərcləyək?”
Nəsirəddin cavabında
söyləyir: “İzn verin, bir nəfər həmin dağa
qalxıb boş bir tası oradan üzüaşağı
dığırlatsın. Ancaq elə eləsin ki, bunu heç
kəs görüb-bilməsin. Belə də edirlər. Tas daş-qayalara
çırpıla-çırpıla qorxulu səs-sədalar
çıxarır. Hülaku xanın ordusu vahiməyə
düşür, hətta zabitlər də o yan-bu yana
boylanırlar. Nəsirəddinsə həmin dəqiqələr
xanla birlikdə sakitcə oturub qoşundakı
çaxnaşma-vahiməni seyr edirlər. Nəsirəddin
deyir: “Hökmdar, biz bu səslərin səbəbini bildiyimizdən
sakitcə əyləşmiş, qoşun isə bilmədiyi
üçün həyəcan və qorxu içindədir.
Deməli, əgər biz səmada baş verən hadisələrin
mahiyyətini irəlicədən bilsək, yer üzü bizim
ikimiz kimi rahat olar”.
Nəsirəddinin bu sözlərinə
həm inanan, həm də valeh olan Hülaku xan bu işə xəzinədən
20 min dinar pul ayırır...”
Tarix və tarixçilər
Belə də demək olar: qoca
tariximizin ahıl tarixçiləri. Yazıb-oxumaqla qurtarmayan
qədim tariximizin 17 fevral 1201-ci ilində Tus şəhərində
doğulmuş Nəsirəddin öz əqli inqilabları ilə
on üçüncü əsri sonrakı yüzilliklərin
daimi gündəmində, diqqət mərkəzində
saxlayır. O, səkkiz yüz ilə yaxındır ki,
dünyaya əxlaq və astronomiya elmlərindən dərs
deyir. Elmin riyaziyyat, fizika, fəlsəfə, tibb, etika, məntiq
və digər sahələri üzrə yazdığı
yüzdən çox əsəri qaynaqlara istinad edən
mütəxəssislərə yeni-yeni ideyalar verir. Riyaziyyat
üzrə apardığı iyirmidən artıq tədqiqat-araşdırma
isə bu işlər içərisində xüsusi yer tutur.
Otuz yaşında ikən bütün ətrafına səs
salmış bu gənc saraya dəvət edilir və Kuhistan rəhbəri
N. Möhtəşəm ondan əxlaq barədə bir kitab
yazmasını xahiş edir. Otuz dörd yaşında
tamamladığı “Əxlaq-Nasiri” əsəri bir çox
dillərə çevrilir və ona dünya şöhrəti
qazandırır. Az sonra isə əlçatmaz şöhrətli
“Ələmut” (“Qartal yuvası”) qalası! On iki illik həbs-sürgün
həyatını elə orada yazdığı elmi əsərlərindən
birində - “Şərh əl- İşarat”ın sonunda
özü daha müfəssəl ifadə edir: “Mən bu
kitabın əksər fəsillərini olmazın dərəcədə
ağır şəraitdə yazdım. Ürək bundan
artıq sıxıntı çəkə bilməz”.
1256-cı ildə Hülaku
qoşunları fətholunmaz Ələmutu tutur, alim məhbuslar
azad edilir və Hülaku xan Nəsirəddini şəxsi məsləhətçisi
təyin edir. 1259-cu ildə Bağdadı fəth edib Abbasilər
sülaləsinə son qoyan xan İlxanilər (el xanları)
adlandırdığı dövlətinin mərkəzini Azərbaycanda
qərarlaşdırır. Paytaxt kimi, əvvəlcə Azərbaycanın
qədim mədəniyyət mərkəzlərindən olan
Marağanı, daha sonra Təbrizi seçir. Bu seçimin
ilkində Nəsirəddin, artıq bildiyimiz kimi, Marağa rəsədxanasının
tikintisinə başlayır.
Nəinki Şərqdə, eləcə
də bütün dünyada qeyri-adi elmi hadisə kimi
qarşılanan bu maddi-faktoloji tikinti Nəsirəddin Tusi və
ümumən türk-Azərbaycan mədəniyyəti,
intellekti, zehni ilə ilgili mənəvi-informativ “tikinti”nin də
əsasını qoymuş olur. Buna misal olaraq, əqli-fiziki fəsahəf
və fərasətini Məhəmməd peyğəmbərin
də təsdiq etdiyi (Əgər elm Çində olmuş
olsa belə ardınca gedin) ən qədim ölkə ilə əlaqədar
bir faktı xatırladaq.
Görkəmli siyasi xadim və
tarixçi Rəşidəddin salnamələrindən birində
yazır: “Həmin dövrdə Camaəddin Buxariyə də
Pekində rəsədxana qurmaq
tapşırılmışdı, lakin o bu işin öhdəsindən
gələ bilmirdi. Nəhayət, o, Çin alimi Fao
Mun-Çi ilə birlikdə Marağaya gəlib, Nəsirəddinlə
məsləhətləşmələr apardıqdan və rəsədxana
tikilişi üçün zəruri olan çertyojları,
habelə digər ən vacib avadanlıq və alətləri əldə
etdikdən sonra Pekində də işlər başa
çatdırılır.
Tarix və Nəsirəddin Tusi
dövrü tarixçiləri poeziya aləmindəki “Vazeh -
Bodenşted “ olaylarına bənzər bəzi elmi “paralellərimiz”i
də ortaya çıxarır. AMEA-nın müxbir
üzvü Zakir Məmmədov Tusi irsini araşdırarkən
çox ciddi mənbələr əsasında bu faktı da
qeyd edir ki, 1266-cı ildə Marağa rəsədxanasında
Nəsirəddinlə birgə çalışan azərbaycanlı
mühəndis Kəriməddin Səlmasinin düzəltdiyi
cihazlar arasında Yer kürəsi (içiboş) modeli də
olub. Üzərində iqlimlərin təsviri verilmiş bu
fiqur coğrafi qlobus idi. Bu isə elm aləmində ilk
coğrafi qlobusun alman alimi Martin Böhaymın (1459-1507)
hazırlaması haqdakı faktı elmi dəlil əsasında
təkzib edir.
Tusi ilə ilgili tarixçilər
tarixə daha nə kimi ilmə-izlər salmışdır?
Tikdirdiyi və yaratdığı «səma institutu»nun həcminə
görə də Şərqin bütün rəsədxanalarını
kölgədə qoymuş Tusi və burada çalışan
müxtəlif millətlərin nümayəndələrinin
elmi fəaliyyəti, astronomik müşahidələri
«İlxanilərin astronomik cədvəlləri»
adlandırılan dörd kitabdan ibarət çox ciddi bir əsərin
yaranması ilə nəticələnmişdir. Birinci kitabda
yunan, fars, türk, ərəb təqvimləri təsvir olunur
və bir təqvimdən digərinə keçməyin
qaydaları göstərilirdi. İkinci - ulduzların hərəkətinə
və onların elliptik koordinatlarının yerləşməsinə
həsr olunub ki, burada sinus və tangeslərin cədvəlləri,
habelə 256 məntəqənin yerləşdiyi uzunluq və
en dairəsi də göstərilir. Nəsirəddin uzunluq dairəsinin
ölçüsünü, indiki zamanda ekvatorial xətlərin
şəriksiz müəllifi kimi tanınan Qrinviçdən
34-45 dərəcə qərbdən götürərək, Cənubi
Amerikanın şərq hissəsindən keçirir. Elə
buna əsasən də belə bir müasir ehtimal (professor H.
C. Məmmədbəyli) irəli sürülür ki, o
dövr mütəxəssisləri hələ Kolumbdan
çox qabaq Qərb yarımkürəsində sonralar Amerika
adlandırılası materikin varlığından xəbərdar
imişlər.
Və... o tarixçədən bu
tarixçəyə bir tarixi ərməğan: Tusi ilə
çiyin-çiyinə, beyin-beyinə işləmiş
Müəyyidəddin Ordinin oğlu Məhəmmədin
hazırladığı göy qlobuslarından biri - bizlərdə
olmasa da - bugünümüzə qədər qalır (Drezdendə
saxlanılır).
Bu dahi «göy adamı»nın həm
də -
Böyük
Yer alimliyi...
Nəsirəddin ilk təhsilini
atasından almış, böyük və “ağır” elm
yükünü isə şöhrətləri Həmədan
və Tus şəhərlərindən çox-çox
uzaqlara yayılmış alimlərdən (İbn Sina və Bəhmənyarın
davamçılarından), habelə 12 il «yatdığı» həbsxana-qaladakı
zəngin kitabxanadan tutmuşdur.
Çağdaş tədqiqatçıların
çoxusu Nəsirəddin Tusini - digər kimliklərindən
öncə, fenomenal riyaziyyatçı hesab edir, onun əsərlərinin
nəinki Şərqdə, həmçinin Avropada həndəsə
və triqonometriyanın inkişafında mühüm rol
oynadığını vurğulayırlar. Belə ki,
1594-cü ildə Romada ərəb, daha sonra isə latın
dilində çap olunan “Evklid “Başlanğıc”ının
təsviri” əsəri Tusi ideya və sisteminin Avropada
yayılmasında böyük təkan olmuşdur. Onun beş
kitabdan ibarət “Bütöv dördtərəfli haqqında
risalə”si də Avropada triqonometriyanın inkişafına
böyük töhfə sayılır. Hətta qeyd olunur ki,
dünya elmi tarixində ilk dəfə məhz bu əsərdə
triqonometriyaya müstəqil elm sahəsi kimi
yanaşılıb. Bu əsər tezliklə ingilis, fransız
və rus dillərinə çevrilib. Cəbr sahəsindəki
araşdırma və yenilikləri onun elmi mövqe və
şöhrətini daha da artırır. Bu araşdırma-nəticələr
içərisində bütün dərəcələrdən
kökalma metodu və Binom düsturu daha çox maraq
doğurur. Mineralogiyaya, fizika, tibb, iqtisad, coğrafiya, musiqi və
tarixə dair çoxsaylı əsərləri onu dünya
elmi ictimaiyyətinin diqqət mərkəzinə
çatdırır. Gənc yaşlarında
yazdığı “Əxlaqi-Nasiri” əsəri ilə
bütün bəşəriyyətə fərdi və ictimai
əxlaq, davranış, ər-arvad münasibətləri
haqqında kitab dərsi verməkdə olan alim,
yaşlaşdıqca, ayrı-ayrı təbəqə və
qövmlərin bilik, anlayış, intellekt qavramlarına
işləyir. “İşığın əks olunması və
sınması haqda risalə”, “Evklid optikası”, “Göy
qurşağının öyrənilməsinə aid risalə”,
“Qiymətli daşlar haqqında kitab”, “Dövlət maliyyəsi
haqqında risalə”, “ Tibb qanunları”, “Bağdadın
tarixi”, “Xoşbəxt günlərin seçilməsi” və
neçə-neçə digər mövzulu əsərlər.
Bu kitabların bu gün də saxlandığı və
istifadə edildiyi saysız kitabxanaların adlarını
sadalamamaq üçün bir sözlə ifadə edək:
hamısında!
Nəsirəddin Tusinin varisləri
də, irsi kimi, öz əməlləri ilə tarixə
düşmüşlər. Onun üç oğlu - Sədrəddin
Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd
böyük alim-filosof atalarının yolunu davam etdirmiş, sələf-bünövrə
üzərində xələf-tikililər ucaltmışlar.
Böyük oğlu atasının ölümündən
sonra rəsədxanaya rəhbərlik etmiş, ortancıl -
qüdrətli riyaziyyatçı və şair kimi ad
çıxarmış, XIV əsrin ilk ilində Sivasda
öldürülmüş, böyük astronom və
riyaziyyatçı olan kiçiyi isə həm də vəqf
müdiri işləmişdir.
Dünya tarixinin XIII əsr həlqəsinin
davamında mühüm rol oynayan, türk dünyası korifeyləri
içərisində ən seçkin bir yer tutan Nəsirəddin
Tusi 1274-cü il iyunun 25-də dünyasını dəyişir
və Bağdadın Cami məscidində torpağa
tapşırılır. 1201-1274. Yetmiş üç ildə
hələlik yeddi yüz otuz səkkiz illiyə bu qədər
şöhrət daşımaq və rəhmət qazanmaq asan
iş olmasa da, çox “çətin” bir xoşbaxtlıq
deyilmi, hörmətli alim-oxucularımız?!
Tahir Abbaslı
Mədəniyyət.-
2012.- 22 fevral.- S. 13.