Bir azadlıq
şairi vardı...
Elazığ görüşləri
Azər Almas: “Atamın tək istəyi Azərbaycanın müstəqilliyi idi”
“Elazığ-Bakı
mədəniyyət və sənət görüşü”
(2-4 fevral) zamanı böyük şairimiz, ömrünü
qardaş diyarda başa vurmuş Almas İldırımın
oğlu Azər Almasla görüşdük.
Ömrünün müdriklik çağını yaşayan
bu nurani insan, üstündən uzun illər keçsə
belə, hələ də atasını göz yaşları
ilə xatırlayır. O xatirələr hər birimiz
üçün qiymətlidir...
Almas İldırımın həyatı qəmli bir nağıla, qürbət, həsrət, dərd dolu hekayəyə, əslində tarixin çətin bir dönəmində bir millətin başına gətirilən faciələrdən bəhs edən tarixi romana bənzəyir. 45 illik ömründə sürgün, mühacirət, qürbət həyatı yaşayan Almas İldırım tarixin sərt döngələrində xalqını, millətini, vətənini hər kəsdən çox sevdiyi üçün “xalq düşməni” damğası ilə günahlandırıldı...
Canından çox sevdiyi Azərbaycandan əvvəlcə Dərbəndə, sonra Aşqabada sürgün olundu...
Ömrünün baharında dəfələrlə ölümlə göz-gözə, nəfəs-nəfəsə dayandı...
Onun iradəsini, əqidəsini heç nə qıra bilmədi: nə təqiblər, nə böhtanlar, nə haqsızlıqlar...
O oddan-alovdan keçib bütün varlığı ilə bağlandığı Türkiyəyə can atdı, qardaş ölkəyə pənah apardı ...
Türkiyə qollarını açıb onu öz balası kimi qarşıladı...
Almas İldırım Türkiyənin söz, sənət beşiyi olan Elazığda 19 il yaşadı. Bu torpaqda kök atdı, şəxsiyyəti, istedadı, şeriyyəti ilə bu torpağın sevimli övladlarından biri oldu.
Zaman axdı, sular duruldu,
SSRİ adlı imperiya 70 ildən sonra süqut etdi. O günü görmək
böyük şairimizə nəsib olmasa da, övladlarına
nəsib oldu.
Almas
İldırım iki qardaş ölkənin vətən, xalq
şairi kimi tarixə düşdü...
Almas
İldırımın həyat hekayəsindən
Almas İldırım 1907-ci il martın 25-də Bakının Qala kəndində
varlı ailədə dünyaya gəlib. Bir
müddətdən sonra ailəsi Qaladan Çəmbərəkəndə
köçür. Burada fars təmayülü
yeddiillik “İttihad məktəbi”ndə təhsil alır. Hələ məktəbdə oxuyarkən şeirlər
yazır, farscanı mükəmməl öyrənir.
Sonra Abdulla Şaiq adına Pedaqoji Məktəbi
bitirir. Bu məktəbdə rus dilini də dərindən
öyrənir, Qafur Əfəndiyev, Qantəmir, Seyid Hüseyn
Tağızadə, Abdulla Şaiq kimi məşhur şair və
yazıçılardan dərs alır.
1927-ci ildə Azərbaycan
Dövlət Universitetinin şərqşünaslıq
fakültəsinə daxil olsa da, bir neçə ay sonra zəngin
ailənin övladı olduğu üçün universitetdən
uzaqlaşdırılır. Ancaq bu, yeganə
səbəb olmur. 1927-ci ildə
İstanbulda “Həyat” jurnalında çap olunan şeiri də
əsas səbəblərdən biri olur.
Almas İldırım ədəbi
aləmə erkən yaşlarından qədəm qoymuş,
1919-cu ildə Seyid Hüseynin “Yaşıl qələmlər”
dərnəyində fəal iştirak etmiş, dərnək
bağlandıqdan sonra 1922-ci ildə Əhməd Cavadın və
Hüseyn Cavidin təşəbbüsü ilə yaradılan
“Yaşıl yarpaq” dərnəyində, bu dərnəyin
“Yaşıl yarpaq” qəzetində Mikayıl Müşfiqlə
birgə çıxış etmişdir.
Türk dünyasına
bağlı olan azad fikirli gənc zamanın sosial və siyasi
məsələlərinə qarşı
çıxdığına görə kiçik burjua
yazarı kimi 19 yaşında NKVD-nin “qara siyahısı”na düşür.
Milli-mənəvi məsələlərdə
etdiyi vətənpərvər çıxışları,
İstanbulda çap olunan şeiri ona şan-şöhrətlə
yanaşı bəlalar da gətirir.
Rafiq Zəka Xəndanın
ifadəsi ilə desək, “qabiliyyətsiz və satqın qələm
sahibləri” İldırımı açıqca günahkar
elan edirlər.
Böyük bir sevgi
ilə vətənini, millətini sevən Almas
İldırım 1931-ci ildə Aşqabada sürgün olunur.
Bu zaman o, ”Əlvida, Bakı” şeirini
yazır.
Səndə keçib getdi iyirmi
dörd yaşım,
Bir zaman bəladan
çıxmadı başım,
Sən oldun həmdəmim, dərdli
yoldaşım,
Laylalar söylədin mənə, əlvida!
O, Aşqabadda çeşidli
türk ellərindən sürgün edilən ailələrin
uşaqlarına elm öyrədib, dərs deyir. 1932-ci
ildə Şamaxıdan sürgün edilən və əslən
Güney Azərbaycandan olan bir ailənin qızı ilə evlənir.
Aşqabadda Almas İldırımın
azadlıq mövzuları ilə bağlı şeirləri əldən-ələ
gəzir.
Sovet ideologiyasına
xidmət etmədiyi üçün burda da təqib olunur.
1933-cü il iyunun 19-da Zivər
xanımı və üç aylıq körpəsi Azəri
götürüb karvanla yola çıxır:
Bilmirəm ki, yurdunu sevən bir
şair,
Nə
üçün bir cani kimi izlənir.
Elazığda bir göl var - Xəzər
Azər Almasın söylədiklərindən:
- Mən o zaman 3 ay 19 günlük
körpəymişəm. Məni qucaqlarına
alıb yola düşürlər. Karvanla
24 saat yol gedəndən sonra bu yolçuluğun riskli bir
yolçuluq olduğunu düşünən atam Firuzə
yaylasında karvandan ayrılır. Atamla
anam günlərlə ac və susuz yol gedirlər. İran sərhədinə yaxın bir yerdə
istiqaməti itirirlər. Onları tuturlar,
“Bolşevik sovet casusu” damğası ilə 25 gün atama
işgəncə verirlər, 24 saat sinəsinə kimi soyuq
suda saxlayırlar. Atamgil maddi və mənəvi
sıxıntılar içərisində yaşasalar da,
1934-cü ildə böyük müsibətlərdən
keçib Türkiyənin Van şəhərinə gəlirlər.
Bir neçə aydan sonra biz Vandan Elazığa
gəlmişik. Gözümü
açdım ki, Elazığdayam. Atam bu
vilayətin Palunun Qaraca bölgəsində də əvvəl
müəllim, sonra nahiyə müdiri işlədi. Belə-belə Elazığın bütün
bölgələrində təhsillə bağlı
böyük işlər gördü, məktəblər
açdı.
Elazığda bir
göl var, atam həmişə onun sahilinə gedib göl ilə
dərdləşərmiş. Bir gün
Atatürkə məktub yazır ki, qürbətdə
böyük bir Xəzərim var, adı olmayan bu gölə Xəzər
adı verməyimə izn verin. Atatürk
bu xahişi qəbul edir. O zamandan bu gölcüyün
adı Xəzər olur.
Aç qoynunu, uzaqdan gəlmişəm,
çox yaslıyam;
Eli, yurdu
çalınmış bir qərib Qafqazlıyam.
Zənn etmə ki, yoxsulam,
Kürlüyəm, Arazlıyam
Bakıdan
ayrılalı yaxın zamandır Gölcük.
(“Gölcüklə dərtləşmə”)
“Atamın güldüyünü
heç xatırlamıram”
- Atanız Azərbaycan
üçün çox darıxırdı, o günlər
yadınızdadır?
- Çox insan vətənindən
qovulur, amma mən vətənini bu qədər geri almaq istəyən,
vətəni üçün ölən bir adam
- atamı tanıyıram. Atam vətənindən
ayrı heç bir şey düşünməzdi. Vətəni nəfəs almaq, su içmək kimi
bilirdi. Bizi də elə hisslərlə
böyütdü. Atamın tək istəyi
Azərbaycanın müstəqilliyi idi.
Könlümə tək Kəbə
seçdim səni mən,
Sənsiz neynəm, qürbət
eldə günü mən,
Sənsiz neynəm Allahı mən,
dini mən!
Azərbaycan, mənim tacım,
taxtım oy!
Oyanmazmı kor
olası baxtım oy?!
(“Əsir Azərbaycanım”)
- Atanızın son illərini necə
xatırlayırsınız?
- Xəstə idi, xəstə-xəstə
də atın belində nayihələri gəzib nəzarət
edirdi. Atam 1951-ci ildə 45 yaşında vəfat
etdi. Bakının Qala kəndində
doğulub, Malatyanın Qalasında dünyasını dəyişdi.
Atamın
güldüyünü heç xatırlamıram. Çox ciddi idi, daima fikirli görünürdü.
Vətəni düşünərdi, əlinə
qələm alıb mahnı zümzümə edə-edə
şeir yazardı. Onun içində bir vətən
mahnısı vardı.
Qafqaz; o yaşıl
yurd, o məhəbbət vətənimdir.
Qafqaz; onu mən görmədən
ölsəm, ona dair;
Qəbrimdə yazılsın iki
misra, bu kitaba:
“Aşıqdir gözəl yurduna
qürbətdə də şair,
Xəyyam necə
aşiq idisə gül rəngli şəraba”.
(“O məhəbbət Vətənimdir”)
- Bildiyimizə görə, siz
atanızın məsləhəti ilə neft mühəndisi
oldunuz...
- 1940-cı illərdə kənddə
məktəb yox idi, biz Ağına köçdük. Atam Ağında müəllim işləyirdi,
1943-cü ildə mən üçüncü sinifdə
oxuyanda atam müəllimləri başına yığıb
Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərini
tamaşaya qoydu. Özü də baş
rollardan birini ifa edirdi. Bütün nahiyənin
camaatı gəlib o tamaşaya baxdı. 1945-ci
ildə mən ilk məktəbi bitirib orta məktəbə
getdim. 3 il də orda, 4 il də
gimnaziyada oxudum. 1950-ci ildə gimnaziyanı
bitirib diplomu aldım. 3 ay sonra atam vəfat
etdi. Malatya valisi vardı, mən o valini heç
unutmadım, baxdı ki, biz küçədə
qalmışıq, bizə kiçik bir ev
verdi. Mənə də valilikdə bir iş verdi.
Bir gün mənim gimnaziya müdirim valini ziyarətə gələrkən
qapıda məni görür, içəri girib deyir ki, bu gənc
məktəbi əla qiymətlərlə bitirib, burada nə
iş görür? Vali məni yanına
çağırıb dedi ki, oğlum, oxumaq istəyirsənmi?
“İstəyirəm”, - dedim. Mənə bir az
pul verib qatara mindirdi, dedi ki, qardaşlarını, ananı mənə
əmanət elə, qatara minib İstanbula get. İstanbula
gəldim, burda Azərbaycan Mədəniyyət Dərnəyi
vardı, orada mənə sığınacaq verdilər.
İmtahanlarımı verib İstanbul Texniki
Universitetinə daxil oldum. Valiyə telefonla
məlumat verdilər. Mən universitetdə
oxuyarkən anamı, qardaşlarım - Aras, Odkan və Mehmet
Bakıxanı da yanıma göndərdilər. Azərbaycan
Mədəniyyət Dərnəyində anama balaca bir iş
verdilər. Üçüncü kursda oxuyarkən
Almaniyada oxumaq üçün iki tələbə seçmək
üçün imtahan keçirdilər. İmtahan
verdim, məni Almaniyaya oxumağa göndərdilər. Hər ay təqaüdümün yarısını
anamgilə göndərirdim. 1961-ci ildə
təhsilimi başa vurub İstanbula qayıtdım. Yeraltı mədənlərdə yaxşı bir
işə düzəldim. Atam həmişə
mənə deyərdi ki, sən neft mühəndisi olacaqsan,
gedib Bakıda türk mütəxəssisi kimi neft sahəsində
çalışacaqsan.
Bu nağıl bitməyəcək
- O illərdə Azərbaycanla
bağlı hər hansı bir əlaqəniz vardımı?
- Azərbaycanla əlaqələrimiz
tamam kəsilmişdi. 1940-cı illərdə
atam anasına məktub yazır, oradan bir nəfər atama
cavab yazır ki, buraya məktub göndərmə, hansı
ünvana göndərirsən, o ailəni Sibirə sürgün
edirlər. Ondan sonra atam daha məktub
yazmadı, əlaqəmiz buna görə kəsildi. Amma 1990-cı ildə bir gün oturmuşduq evdə,
telefon zəng çaldı. Dedi, mən Azərbaycandan gəlmişəm,
Zeynəb Xanlarovayam, İstanbuldayam, sizə Azərbaycandan məktub
gətirmişəm. Bu məktubu bizə əmim
oğlu Hacıağa yazmışdı. Beləliklə,
bizim Azərbaycanla əlaqələrimiz yarandı. İldə iki dəfə Bakıya gedirik,
Bakıdakı doğmalarımız da bizə qonaq gəlirlər.
Türkiyədə,
Elazığda atamı çox sevirlər. Atam iki ölkənin şairidir. Atamın
100 illiyi əvvəlcə burada, sonra isə Bakıda yüksək
səviyyədə qeyd olundu.
Atam vətəni
üçün, Türkiyə üçün o qədər
gərəkli bir insan oldu ki, nə Azərbaycan, nə
Türkiyə onu heç unutmadı. Onun şəxsiyyəti,
ədəbi fəaliyyəti, şeirləri Elazığda bir
nağıla döndü...
...Bu nağıl bitməyəcək,
Xəzərdən Xəzərə könül yolları
salan Almas İldırım Azərbaycanın, Türkiyənin,
Elazığın şairi kimi anılacaq, xatırlanacaq, onun
vətən yanğısı ilə od
tutub yanan şeirləri zaman-zaman insanların ruhunu
oxşayacaq, yaddaşlardan-yaddaşlara, nəsillərdən-nəsillərə
keçib yaşayacaq...
Təranə
Vahid
Mədəniyyət.-
2012.- 22 fevral.- S. 12.