Xaçmazda mədəniyyət
işçilərinin zona müşavirəsi
keçirildi
Mədəniyyət və turizm sahəsində
qəbul olunan dövlət proqramlarının yerlərdə
icrası müzakirə olundu
Fevralın
17-də Xaçmaz şəhərində
şəhər və rayon mədəniyyət
və turizm şöbələrinin
2011-ci il ərzində fəaliyyətinə
həsr olunmuş zona
müşavirəsi keçirildi. Müşavirədə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin
başçısı Şəmsəddin Xanbabayev,
Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, sektorun aparıcı məsləhətçisi
Oqtay Muxtarov,
Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin, Xaçmaz, Abşeron, Quba, Qusar, Şabran,
Xızı, Siyəzən, Şuşa,
Qubadlı, Zəngilan rayonlarının mədəniyyət və
turizm şöbələrinin,
tarix-diyarşünaslıq muzeylərinin, qoruqların, rəsm
qalereyalarının, mərkəzləşmiş kitabxana sistemlərinin rəhbərləri iştirak edirdilər.
Mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanışlıq
Müşavirə iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərində ucalan abidəsini ziyarət etdilər, abidənin önünə gül-çiçək dəstələri qoydular. Sonra qonaqlar Xaçmaz rayonunda yerləşən bir sıra mədəniyyət müəssisələri ilə tanış oldular. Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı məlumat verildi ki, qurum 2010-cu ildən fəaliyyət göstərir. Mərkəz 1 əsas zaldan, 6 guşədən və 2 yardımçı otaqdan ibarətdir. Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və digər qonaqlar mərkəzin guşələrinə baxdılar. Qeyd olundu ki, mərkəzin Xudat şəhərində və Yalama qəsəbəsində filialları var.
Sonra qonaqlar Xaçmaz şəhərindəki Şəxsiyyətlər Muzeyinə və Dövlət Xalça Muzeyinə baş çəkdilər. 2011-ci ildə əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xalça Muzeyində 150-dən çox eksponat saxlanılır. Burada Quba-Şirvan, Qazax-Gəncə, Qarabağ və Təbriz xalçaçılıq məktəbinin nümunələri nümayiş olunur. Binanın ikinci mərtəbəsində Xaçmaz Şəhər Uşaq və Gənclər Kitabxanası yerləşir. Kitabxanadakı informasiya mərkəzində 700-dək adda ədəbiyyat sistemin elektron yaddaşına daxil edilərək oxucuların istifadəsinə verilib. Mərkəzdə kompyuter proqramları tədris edilir.
Daha sonra Xaçmaz Rayon Mədəniyyət Evinin foyesində təşkil olunmuş sərgiyə baxış keçirildi. Xaçmazın turizm potensialını əks etdirən çap məhsulları, Uşaq İncəsənət Məktəbi tələbələrinin əl işləri, sənətkarlıq məhsulları və bölgənin qədim tarixini əks etdirən eksponatlar iştirakçılar tərəfindən maraqla qarşılandı.
Dövlət proqramları bölgələrdə mədəniyyət və turizmin inkişafına zəmin yaradır
Müşavirəni mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev açaraq son illər ölkəmizdə mədəniyyət və turizm sahəsində görülən işlərdən danışdı. Qeyd olundu ki, ötən dövrdə ölkə başçısının sərəncamları ilə mədəniyyətin müxtəlif sahələrini əhatə edən dövlət proqramları təsdiq edilib və uğurla icra olunur: “Bu proqramların icrası, paytaxtla yanaşı, bölgələrdə də ciddi işlər aparmağa imkan verir. Bugünkü müşavirənin məqsədi dövlət proqramlarının yerlərdə icrasının necə həyata keçilməsi ilə bağlıdır. Müşavirədə 11 şəhər və rayon üzrə ötən il görülmüş işləri təhlil edəcəyik. Ayrı-ayrı yerlərdə görülən işlər müxtəlif səviyyədədir. Bəzilərində yaxşı təcrübə toplanılıb. Mədəniyyət və turizm sahəsində icra olunan dövlət proqramlarına əsasən hər il müxtəlif təbirlər, layihələr həyata keçirilir. Mədəniyyət müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. Bu gün biz Xaçmazın müxtəlif mədəniyyət müəssisələrində olduq. Xaçmazın timsalında bu inkişaf Azərbaycanın bütün bölgələrində hiss olunur”.
Vaqif Əliyev bildirdi ki, bu gün Azərbaycan mədəniyyəti dünya mədəniyyətinə inteqrasiya edir: “Biz hamımız bunu hiss edirik. Azərbaycan beynəlxalq festival və müsabiqələrdə uğurla iştirak etməklə yanaşı, beynəlxalq tədbirlərə də ev sahibliyi edir. Ölkəmizdə nüfuzlu teatr festivalları keçirilir, Azərbaycanın muğam sənəti, saz sənəti bütün dünyada tanınır. Biz bu gün fəxrlə deyə bilirik ki, dövlətin diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyəti yüksək səviyyədə inkişaf edir. 2011-ci ildə müstəqilliyimizin bərpasının 20-ci ildönümünü qeyd etdik. Biz bu əlamətdar tarixi qeyd edərkən ötən 20 ilə birgə nəzər saldıq. Mədəniyyət və turizm sahəsində mühüm irəliləyişləri də bir daha xatırladıq. Məhz ötən dövrdə görülən işlərin nəticəsidir ki, Azərbaycan zəngin turizm potensialı ilə dünyada tanınır, ölkəmizə maraq artıb”.
Bölgələrdə bərpaya ehtiyacı olan abidələrlə bağlı məsələyə toxunan Vaqif Əliyev bildirdi bu istiqamətdə dövlət proqramı hazırlanıb: “Azərbaycan tarixi abidələrlə zəngin diyardır. Bu zənginliyi qorumalı, dünyaya layiqincə təqdim etməliyik. Artıq tarixi abidələrin qorunması ilə bağlı xüsusi dövlət proqramı hazırlanıb. Hazırda icra orqanlarında rəydədir. Proqramın qəbulundan sonra tarixi, arxeoloji və memarlıq abidələrinin bərpası, yenidən qurulması, konservasiyası öz həllini tapacaq”.
Yerlərdə təşəbbüskar gənc kadrlardan istifadə edilməlidir
Sonra Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli rayonlarda görülən işlər, mövcud nöqsanlarla bağlı məlumat verdi. Qeyd olundu ki, dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə mədəniyyət və turizm şöbələri və tabeli müəssisələr tərəfindən silsilə tədbirlər təşkil olunub, o cümlədən turizmin təbliği istiqamətində işlər görülüb. Xaçmaz rayonunda dörd xidmət sahəsi üzrə Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə təlim-tədris kursları keçirilib, 106 dinləyiciyə sertifikat verilib. Qubada yeni istiqamətlərdə turizm marşrutları müəyyən edilib, ekskursiyalar təşkil edilib. Siyəzən rayonunda bölgənin görməli yerləri, tarixi abidələri, mətbəxi, sənətkarlığı barədə məlumat bazası, Şuşa şəhəri haqqında xüsusi buklet hazırlanıb. “Turizm ili” çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində “Bu vətən bizimdir” adlı turizm düşərgələri təşkil edilib.
Sektor müdiri vurğuladı ki, bölgələrdə əsas problemlərdən biri kadrların seçilib yerləşdirilməsidir. Qeyri-ixtisaslı şəxslərin işə qəbul edilməsi, yerlərdə təşəbbüskar gənc kadrlardan lazımınca istifadə edilməməsi haqlı narazılıq doğurur. Bölgələrdə mədəniyyət işçilərinin əksəriyyəti ümumi orta təhsillidir, təşəbbüskarlıq aşağı səviyyədədir. Bəzən kitabxana oxucularının sayı şişirdilmiş rəqəmlərlə göstərilir. Qoruqların ödənişli əsaslarla fəaliyyət göstərməsinə imkanları olduğu halda, bu istiqamətdə iş qənaətbəxş səviyyədə qurulmayıb. Muzeylərdə ekspozisiyaların düzgün tərtib edilməsinə, ekskursiyaların sayının artırılmasına, təhsil ocaqları və digər təşkilatlarla muzeylərin əlaqələrinin genişləndirilməsinə, kütləvi tədbirlərin keçirilməsinə diqqət artırılmalıdır.
Sektor müdiri rayon mədəniyyət və turizm şöbələri tərəfindən “Mədəniyyət” qəzetinə abunə yazılışına diqqətin artırılmasının vacibliyini də vurğuladı.
Müşavirədə Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qaffarov, Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev, Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov, Siyəzən Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nigar Qəniyeva, Şabran Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əhməd Səmədov 2011-ci ildə görülən işlər və qarşıda duran vəzifələrdən danışdılar.
Sonra Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış etdi. O, Azərbaycan dövlətinin mədəniyyət müəssisələrinin tikintisinə, maddi-texniki bazasının gücləndirilməsinə xüsusi diqqət ayırdığını dedi. Xaçmaz rayonunun turizm bölgəsi olduğunu da nəzərə çatdıran icra başçısı Mədəniyyət və Turizm Nazirliyinin bu sahədə həyata keçirdiyi layihələri yüksək qiymətləndirdi.
* * *
Zona müşavirəsinə yekun vuran mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev mədəniyyət sahəsində həyata keçirilən islahatların əsas məqsədlərindən birinin yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətini gücləndirmək olduğunu vurğuladı: “Bugünkü müşavirədə görülən işlərdən, eyni zamanda nöqsanlardan söz açıldı. Hesab edirəm ki, müşavirədən sonra lazımi tədbirlər həyata keçiriləcək və çatışmazlıqlar aradan qaldırılacaq. Burada bir sıra təkliflər də səsləndi. Biz hər bir təklifi nəzərdən keçirəcəyik. Bununla yanaşı, hər kəs öz işinə məsuliyyətlə yanaşmalı, yerlərdə mədəniyyət və turizm sahəsinin inkişafı üçün üzərinə düşən vəzifəni yerinə yetirməlidir.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2012.- 22 fevral.- S. 9.