Mədəniyyət ocaqlarımız turist cəlbi üçün geniş imkanlara malikdir

 

   Milli İncəsənət Muzeyinə infotur keçirildi

  

   Fevralın 17-də Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə ölkəmizdə fəaliyyət göstərən aparıcı turizm şirkətlərinin və media mənsublarının iştirakı ilə Azərbaycan Milli İncəsənət Muzeyinə infotur keçirildi.

  

   Tur öncəsi qəzetimizə açıqlama verən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun məsləhətçisi Cəmil Kəlbəliyev bildirdi ki, belə tədbirləri təşkil etməkdə məqsəd paytaxtdakı mədəniyyət müəssisələri ilə turizm şirkətləri arasında yaxın əməkdaşlığı möhkəmləndirməkdir. Milli İncəsənət Muzeyi ölkəmizin ən iri mədəniyyət obyektlərindən biri olduğuna görə şəhərimizə gələn xarici qonaqların buranı ziyarət etməsi həm də Azərbaycan mədəniyyətinin təbliğində xüsusi əhəmiyyət kəsb edir. Ona görə də aparıcı turizm şirkətlərinin nümayəndələri üçün belə bir infotur təşkil etdik».

   Muzeyin direktor müavini Gülyanə Məmmədova infotur iştirakçılarına mədəniyyət ocağı barədə məlumat verdi. Qeyd olundu ki, Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyi 1936-cı ildən fəaliyyət göstərir. Muzey XIX əsrin sonlarında tikilmiş iki binada yerləşir. 1941-ci ildə muzeyə tanınmış teatr rəssamı Rüstəm Mustafayevin adı verilib. Burada 10 mindən artıq bədii sənət nümunəsi, rəsm və heykəltəraşlıq əsərləri, dekorativ-tətbiqi sənət əşyaları toplanıb: «Muzeyimizdə Azərbaycan incəsənəti, rus incəsənəti, Qərbi Avropa incəsənəti və Şərq incəsənəti kimi dörd əsas şöbə fəaliyyət göstərir. Muzeyin bərpa emalatxanası, kitabxanası, laboratoriya və fondları var. Burada Mir Möhsün Nəvvab, Qəmbər Qarabaği, Abbas Hüseyni, Bəhruz Kəngərli, Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Vəcihə Səmədova, eləcə də müasir dövrün sənətkarlarından Tahir Salahov, Toğrul Nərimanbəyov, Ömər Eldarov, Fərhad Xəlilov və digər rəssam və heykəltəraşların əsərləri saxlanılır. Muzeydə Rusiya incəsənəti A.Q.Venetsianov, V.B.Vereşşagin, V.A.Serov, İ.E.Qrabar, S.V.Gerasimov, A.A.Deyneka və başqalarının tabloları ilə təmsil olunur. Bunlarla yanaşı, Qərbi Avropa və Şərq ölkələri (İran, Türkiyə, Çin, Yaponiyas.) incəsənəti nümunələri də muzeydə geniş yer tutur.

   Direktor müavini daha sonra qeyd etdi ki, muzeydə mütəmadi olaraq beynəlxalq və yerli əhəmiyyətli sərgilər təşkil olunur: “Çalışırıq ki, muzeyimizə gələn qonaqlar buradan yüksək təəssüratla getsinlər. Daha çox ziyarətçi cəlb etmək üçün müxtəlif layihələr həyata keçiririk. Xarici ölkələrin Bakıdakı səfirlikləri, dövlət qurumları ilə sıx əməkdaşlığımız var. Amma hesab edirik ki, muzeyin tanınması üçün bunlar azdır. Bu səbəbdən də turizm şirkətləri ilə sıx münasibətlər yaratmaq niyyətindəyik. İstəyirik ki, turizm şirkətləri xarici turistlərə təklif etdiyi turlara bizim muzeyidaxil etsinlər».

   Direktor müavini onu da bildirdi ki, Milli İncəsənət Muzeyində bir neçə xarici dildə danışmağı bacaran bələdçilər də var. Onlar muzeyin qonaqlarına istədikləri məlumatları çatdırırlar.

   G.Məmmədova qəzetimizə açıqlamasında bildirdi ki, təkcə turizm şirkətləri ilə deyil, eyni zamanda gələcəkdə hotellərlə də yaxından əməkdaşlıq etmək niyyətləri var: «Mən bu təcrübəni xarici ölkələrə səfərlərim zamanı da görmüşəm. Orada böyük muzeylərdə keçiriləcək sərgilərlə bağlı məlumatları hətta otaqlara stolun üzərinə qoyurlar. Xarici turist müxtəlif dillərdə hazırlanmış məlumatlardan bilir ki, həmin ölkədə olacağı müddətdə hansı muzeydə hansı sərgi var. Bizbu təcrübədən istifadə etmək niyyətindəyik. Hələlik bu işə turizm şirkətləri ilə başlayırıq. Bilirsiniz ki, may ayında ölkəmizdə «Eurovision» beynəlxalq musiqi yarışması keçiriləcək. Bu münasibətlə Bakı şəhərinə çoxsaylı qonaqlar gələcək. İstəyirik ki, onlar Milli İncəsənət Muzeyini də ziyarət etmək imkanı əldə etsinlər».

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2012.- 22 fevral.- S. 7.