Dünyanın uşaq və gənclər teatrlarının təmsilçiləri Bakıda bir araya gəldilər

 

   ASSİTEJ-in İcra Komitəsinin paytaxtımızda keçirilən toplantısı teatrlar arasında təcrübə mübadiləsinə töhfə olacaq

  

   Son illər beynəlxalq mədəni əlaqələrin inkişafında layiqli yer tutan ölkəmiz daha bir nüfuzlu tədbirə ev sahibliyi edir. Bu dəfə dünyanın uşaq və gənclər teatrlarının təmsilçiləri Bakıda bir araya gəliblər. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə fevralın 20-də işə başlayan ASSİTEJ-in İcra Komitəsinin toplantısı ayın 26-dək davam edəcək. Toplantı çərçivəsində bir sıra seminar və treninqlər də nəzərdə tutulub.

  

   Gənc aktyorlarteatrşünaslar üçün təşkil olunan ilk seminarMarketinq və tamaşaçı şəbəkəsinin yaranması” mövzusuna həsr olunmuşdu. Tədbiri beynəlxalq teatr layihələri üzrə əlaqələndirici Şaiq Səfərov açaraq təşkilat və onun məqsədləri barədə məlumat verdi. 1965-ci ildə uşaq və gənclər teatrları mütəxəssislərinin beynəlxalq alyansı kimi yaradılmış ASSİTEJ-in hazırda dünya üzrə 84 milli mərkəzinin fəaliyyət göstərdiyini bildirdi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 2011-ci ildə ASSİTEJ-ə üzv seçildiyini və təşkilatın Azərbaycan milli mərkəzinin yaradıldığını xatırladan ekspert bunu milli teatrımızın dünyaya inteqrasiyası sahəsində uğurlu addım kimi dəyərləndirdi.

   Qeyd olundu ki, toplantı çərçivəsində təşkil olunan seminarlar gənc mütəxəssislərə müasir dünya teatrlarında baş verən proseslərlə tanış olmaq imkanı yaradır. Natiq “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” çərçivəsində təşkil edilən bu seminarların ölkəmizdə teatrın inkişafına müsbət təsir göstərəcəyini diqqətə çatdırdı.

   Seminar iştirakçıları olan mütəxəssislər - Kim Peter Kovaç (ABŞ, maliyyə rəhbəri), Noel Cordan (Avstraliya), Jerome Etoundi (Kamerun) və Maria Luisa Gimenez Kaço (Meksika) müasir teatrların inkişaf istiqamətlərindən, bu teatrlara tamaşaçıların cəlb edilməsindən, onların zövqünə uyğun səhnə əsərlərinin hazırlanmasından söz açdılar. Mütəxəssislər teatrda marketinq işinin yaxşı qurulmasının tamaşaçı ilə teatr arasında sıx münasibətlər yaradılmasına gətirib çıxardığını diqqətə çatdırdılar.   

 

   Uşaq nağıllarının müasir yozumu

  

   ASSİTEJ toplantısı çərçivəsində keçirilən növbəti seminarUşaq nağıllarının müasir yozumumövzusuna həsr olunmuşdu.

   Seminarın əhəmiyyətindən danışan Şaiq Səfərov müasir dövrdə teatronun qarşısında duran vəzifələrdən söz açdı. Dünya teatrlarında gedən proseslər, tamaşaçı və teatr münasibətlərinin formalaşmasındakı əsas məqamlar, xüsusən də azyaşlı tamaşaçıların teatra cəlb olunması barədə fikirlərini bildirdi.

   İslandiya, Hindistan, Argentina, Böyük Britaniyadan gəlmiş mütəxəssislər uşaq nağıllarının müasir yozumuonun incəlikləri barədə mülahizələrini söylədilər, uşaqların teatra cəlbində fərqli və maraqlı üsulların tətbiqindən danışdılar, “Cırtdan” Azərbaycan xalq nağılının səhnə yozumu ətrafında fikir mübadiləsi apardılar.

   Maraqlı fikir və təkliflərin səsləndiyi tədbirdə iştirakçılara Azərbaycan teatrlarında nağılların təqdim edilmə formaları barədə də ətraflı məlumat verildi.

  

   Rəqs sənətinin incəlikləri təhlil edildi

  

   Toplantı çərçivəsində keçirilən növbəti görüşdə “Uşaq teatrlarında rəqs” mövzusu müzakirə olundu. Tədbirdə çıxış edən ASSİTEJ-in baş katibi İvitsa Simic (Xorvatiya) təmsil etdiyi qurum haqqında məlumatla sözə başladı. UNESCO nəzdində fəaliyyət göstərən ASSİTEJ-in qarşısına qoyduğu məqsədlər və onların ümumilikdə beynəlxalq teatr əlaqələrinin formalaşmasına təsirindən danışdı. Qurumun əsas məqsədinin beynəlxalq teatr festivallarının və treninqlərinin, konfransların, həmçinin ustad dərslərinin keçirilməsi olduğunu dedi.

   Baş katib daha sonra seminarın aparıcısı, ASSİTEJ-in Avstriya üzrə müşaviri Stefan Rablın fəaliyyəti barədə məlumat verdi, onun rejissor, aktyor, eyni zamanda Avropada uşaq rəqsləri üzrə aparıcı mütəxəssis olduğunu, müxtəlif ölkələrdə bu sahə üzrə treninqseminarlar keçirdiyini dedi.

   Sonra S.Rablın “Uşaq teatrlarında rəqs” mövzusunda mühazirəsi dinlənildi. O, rəqs sənətinin incəlikləri, aktyorlara fikri sözlə deyil, bədən hərəkətləri ilə çatdırmaq və s. haqqında danışaraq fikrini müxtəlif əyani misallarla nümayiş etdirdi.

   Tədbirdə Gənc Tamaşaçılar, «Yuğ», Akademik Milli Dram və Bakı Uşaq teatrlarının kollektivləri də iştirak edirdilər. Sonda aktyorlar müxtəlif tamaşalardan rəngarəng rəqslər ifa etdilər.

  

   Teatr əlaqələri müzakirə olundu

  

   Fevralın 21-də ASSİTEJ-in İcra Komitəsinin Bakıda keçirilən toplantısı çərçivəsində mətbuat konfransı da keçirildi. Media nümayəndələri qarşısında çıxış edən ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin prezidenti, Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov təşkilatın növbəti toplantısının Bakıda keçirilməsini əhəmiyyətli addım kimi dəyərləndirdi: «Bugünkü toplantının təməli ötən ilin noyabr ayında Bakıda baş tutan I Beynəlxalq Kukla Teatrları Festivalında qoyulub. Festival çərçivəsində ölkəmizdə səfərdə olan ASSİTEJ-in prezidenti xanım İvetta Hardinin Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə görüşündə təşkilatın İcra Komitəsinin iclasının paytaxtımızda keçirilməsi barədə razılıq əldə olundu. Mədəniyyət və Turizm Nazirliyi bu tədbirin yüksək səviyyədə təşkilinə hər cür şərait yaratdı və buna görə də biz çox məmnunuq. Dövlət Gənc Tamaşaçılar Teatrı ötən ilin may ayında ASSİTEJ-ə üzv olmuşdur. Mən bizi üzvlüyə qəbul etdiyinə görə bir daha təşkilatın rəhbərliyinə və idarə heyətinə təşəkkürümü bildirirəm».

   Öz növbəsində ASSİTEJ-in prezidenti İvetta Hardi (Cənubi Afrika Respublikası) ikinci dəfə ölkəmizdə səfərdə olduğunu xatırladaraq, göstərilən qonaqpərvərliyə və toplantının yüksək səviyyədə keçirilməsinə görə təşəkkürünü bildirdi. Rəhbərlik etdiyi qurum barədə danışan qonaq Azərbaycanın da ASSİTEJ-də təmsil olunmasından məmnunluğunu ifadə etdi. Qeyd olundu ki, bu üzvlük geniş təcrübə mübadiləsinə imkan verəcək.

   İ.Hardi ASSİTEJ-in İcra Komitəsinin Bakıda keçirilən toplantısında növbəti üç ildə qarşıda duran vəzifələr, onların həlli yollarını müəyyənləşdirəcəyini də diqqətə çatdırdı. O həmçinin Azərbaycanın digər teatrlarının da təşkilatda təmsil olunması üçün konkret əməkdaşlıq sahələrinin araşdırıldığını dedi: «İnanıram ki, bizim qurumla sizin ölkənin əlaqələri bundan sonra da intensiv olacaqbu əlaqələr sayəsində sizin zəngin və qədim mədəniyyətinizdən bəhrələnmiş olacağıq. Bizim assosiasiyamız dünyanın müxtəlif qütblərində yerləşən teatrlar arasında əlaqə yaratmaqla onların təcrübəsinin birindən digərinə ötürülməsində, yeni sənət əlaqələrinin qurulmasında və inkişafında bir körpü missiyasını yerinə yetirir. Biz təşkilat olaraq teatrların fəaliyyəti, marketinqi və ümumilikdə qarşıda duran çətinliklərin aradan qaldırılması, əlaqələrin möhkəmləndirilməsinə və davamlılığına kömək etmək istəyirik”.

   Mətbuat konfransında çıxış edən Şaiq Səfərov “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” çərçivəsində keçirilmiş tədbirləri xatırladaraq, Bakının dünya teatr mərkəzlərinin birinə çevriləcəyini qonaqların diqqətinə çatdırdı: «Dövlət Proqramının icrası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi tədbirlər - 2010-cu ildə 30 ölkənin nümayəndəsinin iştirakı ilə Bakıda keçirilən Beynəlxalq Teatr Konfransı, 2011-ci ildə keçirilən 22 ölkənin təmsil olunduğu I Bakı Beynəlxalq Kukla Teatrları Festivalı və 16 ölkənin teatr mütəxəssisinin iştirakı ilə keçirilən bugünkü toplantı ümumilikdə Azərbaycan milli teatrının inkişafı və dünya arenasında təbliği sahəsində mühüm əhəmiyyətə malikdir. Əminəm ki, həmin siyasəti düzgün icra etsək, yaxın gələcəkdə ölkəmiz dünya teatrının əsas mərkəzlərindən biri olacaq”.

   Ş.Səfərov daha sonra İcraiyyə Komitəsinin iclasının işində iştirak edən Meksika, Argentina, Avstraliya, ABŞ, Hindistan, Kamerun, Avstriya, Polşa, İslandiya, Böyük Britaniya, Serbiya, Almaniya, Xorvatiya təmsilçilərini təqdim etdi.

   Sonda iştirakçılar jurnalistləri maraqlandıran sualları cavablandırdılar.

  

   Həmidə Nizamiqızı

 

  Mədəniyyət.- 2012.- 22 fevral.- S. 4.