Şeiri ürəyində ağlayan şair

 

   Tələbəlik illərində mənə elə gəlirdi ki, Fikrət Qoca yalnız gəncliyin, eləcə də sevən insanların şairidi. Bu, yalnız onun məhəbbət ruhlu şeirlərinin ahəngi ilə bağlı deyildi. Fikrət Qocanın poeziyasına həmişəlik olaraq gənclik həvəsi, təravəti həkk edilib. Bu şeirləri oxuduqca insanın ruhu təzələnir, varlığında xoş emosiyalar doğulur, dərd-kədərdən xilas edilir, həyat eşqi artır.

  

   Onun şeirlərində duyulan nikbinlik bulaq səsinə, yarpaq rənginə bənzəyir. Özünü qoca çinarların pöhrəsinə oxşadan Fikrət Qoca haqlı olaraq yazır ki, sakitliyi dənizin sahilinə sərmişəm, bağrımda isə dalğalar yatır. İnsan, xüsusilə də şair ömrü belədir. İlk baxışda sakit təbiətli, mehriban xasiyyətli Fikrət Qocanın sinəsində uyumuş dalğaların mürgüsü bir gün yaman tərpəndi… Bu tərpənişin tufanından isə yurd itkisi boylandı, Vətən həsrəti dil açdı, şəhidlərin al qanı ruhumuza çiləndi. Boynubükük qaçqın anaların dərdi könlümüzə şığıdı.

   Mən səsi, sözü anlayandan Fikrət Qocanın şeirlərinə musiqi libası biçilmiş mahnılarını dinləməyi çox sevərdim. Həyat eşqi, asimana ucalmaq, coşqunluq, bulaq təmizliyi, səhər mehi, gənclik arzuları, sevib-sevilmək istəyi duyulurdu o nəğmələrdə. Bəzən də pünhan bir yerə çəkilərək öz-özümə zümzümə etməyi də çox sevərdim. Fikrət Qocanın bütün şeirlərində ürəyi görünürdü. Bu səbəbdən də qəlblərə çox asan yol tapa bilirdi. Kimlərin nəfəsində onun sözünə məftun kəsilməmişdik ki?! Bu sıra çox genişdir.

   Özünü «sözün fəhləsi» adlandıran Fikrət Qoca mənim aləmimdə nəğməkar bir şair idi. Onun şeirlərini oxumaqdan çox dinləməyi xoşlardım. Hətta haqqında «Nəğmə ömrü» adlı bir məqalə də yazmışdım. Günlərin birində bədii qiraət ustası, Əməkdar artist Ağalar Bayramovun ifasında şairin «Qaçqın gəlinə» şeirini eşitdim. Keçirdiyim hisslərin ifadəsinə çox acizəm. Bu şeir məni dirigözlü öldürdü. Gözlərim qarşısında canlanan mənzərədə evindən qaçqın düşən anamın, bacımın ağır günləri canlandı. Axıra qədər qulaq asa bilmirəm o şeirə. Başımıza gəlmiş o ağır hadisələr neştər olub ürəyimə sancılır:

  

   Yayda yaylağa gedərlər,

   Səni sürdülər arana.

   Yayın cırcırama çağı

   Mən də duz vurdum yarana.

   Xəyalın dağlar qoynunda

   Yarpızlı dovğa bulayır,

   Dağda sənsiz qalan yurdun

   Axşam qurd olub ulayır.

   Evi viran qalan bacım,

   Gözü-könlü talan bacım...

  

   Sanki o gündən Fikrət Qoca mənim üçün tamam başqa bir aləmin - elə pəjmürdə ruhumun şairi oldu. Nöqtə-nöqtə oxudum onun ilhamından gələn misraları. Əslində olduğu kimi tanımadığım köhnə tanışımın - Azərbaycanın böyük şairinin könül dünyası məni odlara yaxdı. İçimdə bir fəxrli duyğu da keçdi ki, nə yaxşı millətimin böyük şairlərinin bəzilərini şəxsən tanımışam. Onların çoxundan müsahibə almışam, söhbətləşmişəm. Xəyalıma onların möhtəşəm adları gəlir: Bəxtiyar Vahabzadə, Məmməd Araz, Cabir Novruz, Nəbi Xəzri, Qabil, Mədinə Gülgün, Balaş Azəroğlu, Şahmar Əkbərzadə, Söhrab Tahir, Məmməd Aslan, Nəriman Həsənzadə... nəhayət, Fikrət Qoca!

   Şeir də şairin özünə bənzəyir, doğulur, böyüyür, yaşlaşır, müdrikləşir, ucalır. Fikrət Qocanın dağlara üz tutaraq söylədiyi «Qoynun elin qaçqın yeri» ifadəsi namərd qonşularımızın xəyanəti ucbatından düzlərə səpələnmiş ellərimizin ağrılı-acılı günlərini yada saldı. Bir xiffətini də ürəyimizə çəkməli olduq:

  

   Xəbərin olmayacaq

    ürəyim güleyşə narı kimi

    partlayıb parçalananda.

   Sinəmdə ürəyim

   daha dəf çalmayanda.

  

   Bu şeirin yaratdığı düşüncələr qoynunda fikirlərə qərq olursan. Şairin başqa misrası ürəyimizə köz kimi sıxılır: «Bilən olmayacaq nə idi dərdim». Əslində Fikrət Qoca şeirlərində dərdin adını tez-tez çəkmir. Di gəl ki, sözü olmayanın özü çox böyükdür: «Fələk yolum üstə səni gətirdi»; «Yazıq gününə nadana əyilənin, sonra ömrü boyu qəddi düzülməyəcək»; «Şaxtada donmaqdan qorxmamışam, göz yaşı adlı yağış qorxudur məni»; «Yüz dostun, yüz tanışın arasında təkliyə öyrənəsən indidən» və s.

   Fikrət Qocanın şeirlərində Azadlıq bir yaralı quş kimi çırpınır. Bu ağır yolun əzabını və bu əzabdan doğan fərəhi çox xəfif bir gileylə bildirir. Bu mövzuda qələmə aldığı şeirlərinin hamısı bir-birindən gözəl və mənalıdır. Bu şair adamı düşündürməyi bacarır. Şeir insanı heyrətləndirirsə, dondurursa, səni uzaqlara apara bilirsə, səni özünə qaytarırsa, deməli, tapıntıdır. Fikrət Qocanın poeziyası tapıntılarla zəngindir. Sadəliklərin içində qeyri-adilikləri görmək və onu oxucuya dolğun şəkildə təqdim etmək qabiliyyəti hər kəsə nəsib olan istedad deyil. Şair nə vaxtsa keçirdiyi sarsıntıdan, kədərdən şeir yazıb. Onu da oxucu qarşısında oxuyub. Qarşılaşdığı alqışlardan bir daha pəjmürdəlik keçirib: «Dərdimi danışıram adamlara, əl çalırlar».

   Bu şeirin ruhu məni yaman tutdu. Həqiqətən də dərddən libas geymiş bir musiqiyə, muğamata, şikəstəyə, həzin bir şeirə, bayatıya, ağıya necə əl çalmaq olur?! Çalırlar ki?!

   Şairin «Qara» adlı bir şeiri də çox mətləblərdən xəbər verir. Allah insaf versin müəllifə! Necə tapıb bu yozumu?

  

   Qara rəngin

    hər yerdə üzü ağdı.

   Yalandan, böhtandan uzaqdı.

   Qara deyəndə

   Bilirsən ki, qaradan o yana rəng yoxdu.

   Qarada nə varsa göz qabağındadı,

   Başqa çalar, ahəng yoxdu.

   Nə altında zirzəmisi,

    üstündə mərtəbəsi var.

   Öz sanbalı, ləngəri, səsi var.

   Qara tabut da ola bilər,

   Qara duvaq da ola bilər,

   Qara tale də,

   Qara baxt da ola bilər.

  

   Gözəldir, deyilmi? Mənim də xəyalımdan başqa bir alqış keçdi. Qara xalın olsun, halın olmasın sənin.

   Şairin bir misrası da məni yaman düşündürür: «Ürəyimdə bir şeir ağlayır...» Nədən? Səbəbini araşdırdım. Elə cavabını da öz şeirlərində tapdım. Əgər Fikrət Qoca üzünü göyə tutaraq öyrənmək istəyirsə: «Niyə yaradır, niyə yaşadır, niyə öldürür bizi» suallarının cavabsız cavabları onu ağladacaq. Bəlkə də ilk baxışda çox sadə və poetiklikdən uzaq bəsit fikirdi, amma müşkül, eləcə də mümkün cavablara söykənən bu sualların ahəngində həyatın rəngləri - olumla ölüm arasındakı beşgünlük ömrün fəlsəfəsi boylanır.

   Fikrət Qocanın həyata baxışlarındakı orijinallıq, özünəməxsusluq şeirlərinə cəzbedici bir möhür vurub. Nə vaxt oxusan səni özünə çəkir. Uzun müddət təsirindən çıxa bilmirsən. O dərdin şəklini sözlə elə yaradıb, elə şəkildə təqdim edib ki, ovqatında qəribəlik duyursan. Görün şair nə deyir: «Yaxşı ki insanın dərdi bir deyil». Onda nə vardı ki yaşamağa? Həyatın elə mənası da bu min dərdi çözməkdən ibarətdir. Bəlkə də buna görə şair «Qorxuram» adlı şeirində adi həqiqətlərə ağılın gözü ilə baxaraq mənalar arayır:

  

   Mərdəm mən,

   Mərddən qorxmuram,

   Allahdan gələn bəladan,

   çarəsiz dərddən qorxmuram.

   Qorxuram dərdim ola,

   Çarəsi namərd əlində.

   Ondansa qoyun ölüm dərd əlində.

  

   Bu, əslində şairin özünün mənəvi portretidir. Allah sənə insaf versin, Fikrət Qoca! Yenə qulağıma qaçqın gəlinə harayladığın şeirin qəm dolu notları gəlir:

  

   Yollar uzun, dağlar uzaq,

   Bu dərd varaqlara sığmaz

   Bu dərdi yollara yazaq.

   Eyvanda qalan kitabı

   İndi külək varaqlayır.

   Siz dərəyə qaçan yerdə,

   Hələ də bulaq ağlayır.

   Məhlədə qalan yüyrüyü,

   Hansı xəyal yırğalayır?

   Ağzı açıq qalan evlər,

   Axşam qurd olub ulayır.

  

   Bu şeiri Fikrət Qoca yazsa da, mənim ürəyimin harayıdır, pərən-pərən düşmüş xəyallarımın dərdidir. Dünyanın harasına istəsəm gedə bilərəm, bircə doğulduğum yurddan savayı. Bu şeir mənim tərcümeyi-halımdır, Fikrət Qoca! Sənin bu şeirinlə baş-başa qaldıqca sanki ruhum varlığımdan perik düşür. Kimliyimi unuduram. Yenə 1988-ci ilin qarlı qışına qayıdıram. El-obamızı qarın içinə tökdülər. Yazıq anam danışardı ki, bizi sonradan tapanlar əziyyət çəkməsinlər deyə əl-ələ tutmuşduq ki, donub ölsək də bir yerdə olaq. Xəyalım bütün sədləri qırar qaçar, sinəmdən ürəyim uçar, amma əlim vətənə yetişməz, Fikrət Qoca! Ehey, o oxuyan kimdir: «Yaxan düymələ-düymələ...» Bu bir xalq mahnısından gələn yaralı haraydır! Bu Fikrət Qoca şeirinin ağlar nəqarətidir. Bu, mənim göz yaşlarımdır…

   Hər bir şairin oxucu ürəyində öz yozumu var. Bir vaxtlar Fikrət Qocanı nəğməkar şair kimi sevirdim. Bu sevgi öz etibarını saxlayır. İndi Fikrət Qoca mənim üçün həm də vətəndaş şairdir. O, «vətəni sev» demir, «vətəni sevirəm» yazmır. Onun bütün şeirlərinin hərflərində vətən sevgisi var. «Şəhid anaları» adlı şeirində taleyimizin yazdığı ağır günlərin dərdini çəkirik. Bu dərdin içindəsə dünyaya gələn şəhid analarının qarşısında nə vaxt başımızı dik tuta biləcəyimiz haqqında düşünürük. Düşünürük ki, bu anaların qəmli gözlərinə sevinc gətirək. Düşünürük ki, bu anaların itirdikləri mərdlərin qanını alaq. Düşünürük ki, baxça-bağına dərd əkən anaların qarşısında xəcalətli qalmayaq. Düşünürük ki, bəlkə daha şəhid anası doğulmaya. Bu bayatının ahəngindəki ruh bizi ağıya çağırır:  

 

   Dərd daş atar ayna sınar,

   Sınar evin sonası da;

   Dönər şəhid anasına

   Dünyaya gələn analar.

  

   Fikrət Qocanı sevdirən bir məziyyət də həqiqətə, haqqa bağlılığıdır. Onun tərifi gerçək, tənqidi sərrastdır. Qəlbindən keçməyənləri qələmi kağıza naxışlamaz. Nəyi düşünürsə, nəyi düşündürmək istəyirsə, onu da yazır və bizi də bu ruha kökləyir. Onun təzə şeirlərindən biri «Yuxuda Həccə getmişdim» adlanır. Bəlkə də elə ilk oxucusu da mən olmuşdum. Qəzetdə dərc olunmamışdan əvvəl oxumuşdum. Heyrətlə içimi çəkərək «yaşa, Fikrət Qoca» demişdim. Müqəddəs Mədinə və Məkkə yolunun yolçusu olmaq, Kəbəni ziyarət etmək bütün müsəlmanların yerinə yetirməli olacaq fərz və həm də qəlblərin arzusudur. Gedən getməyənə bu ziyarəti diləyər. Təəssüf ki, bu müqəddəs yolun da yolçuları sırasında hamı eyni amalın, mənəviyyatın, qəlbin, ürəyin yiyəsi olmur. Klassiklərimizin dediyi kimi, «Tülkülər də həccə gedir». İnsandan gizlədilənlər Tanrıdan ki pünhan deyil. Allah kimin kim olduğunu görür. Qiyamətdə də hər kəs öz əməlinin şərafət və əzabını çəkir. Bu şeirdə məni tutan Fikrət Qocanın həqiqəti bütün çılpaqlığı ilə demək qüdrəti idi:

  

   Bu dünya rəngbərəng.

   Adamlardı növbənöv,

   Əsl insan tək-təkdi!

   Eləsi var yanında

   Yazıq şeytan mələkdi.

   Həcc qismət olsa mənə,

   Bir zaman getsəm əgər,

   Qorxaram daş atmağa,

   Bilmirəm, kimə dəyər.

  

   Bu qorxunu yaradan bilirsinizmi nədir? O atılan daş nəzərində tutduğun hədəfə deyil, yan-yörəndəkilərə dəyər, qayıdıb özünə çırpılar. Budur, Fikrət Qocanın dediyi həqiqət!

   Xalq şairi Rəsul Rzadan sonra Azərbaycan ədəbiyyatında sərbəst şeirin ən gözəl nümunələrini yaradan Fikrət Qoca poeziyasında şehli çəmənlərin ətri, işıqla qaranlığın mübarizəsi, həqiqətlə yalanın çarpışması, bir sözlə, həyatın bütün rəngləri var. Onu yaxından tanıyanlar bilirlər ki, təbiətində heç zaman iddia olmayan bu şair şeirlərində də elə sadə və təbiidir. Mətləb, fikir aydınlığı onun yaradıcılığının mayasıdır. Elə bu səbəbdən də yazdıqları qəlblərə yol tapır. Çox istərdim ki, şeiri ürəyində ağlayan şairin gözlərindən həmişə sevinc yaşları süzülsün. Nə vaxtsa sözlərində, misralarında qələbəmizin müjdəsini tapa bilək... Bağlı evlərin qapısı açılsın, yollara karvan düzülsün, doğulduğumuz yurda dönək. Bax, bu böyük xoşbəxtlikdən yazasınız, Fikrət Qoca!

  

 

   Flora Xəlilzadə,

   yazıçı-publisist

 

   Mədəniyyət.- 2012.- 24 fevral.- S. 13.