Səhəri
olmayan gecə
Xocalı faciəsi ədəbiyyatımıza
elə o gecədən - fevralın 25-dən 26-na keçən
gecədən - səhəri olmayan gecədən boylandı. O
gündən taleyimizə yazılan Xocalı
yazısını yazmağa çalışırıq...
İlahi! Sən onlara rahatlıq
ver...
İlahi! Təskin et!..
Sən onlara səma
nəğmələri
göndər,
Təsəlli səp...
Bu misralar
Nurəngiz Günün
“Xocalı simfoiyası”ndandır.
Və əslində “Xocalı simfoniyası” Xocalı faciəsinin ağısı,
oxşamasıdır. Və bir də,
“Xocalı simfoniyası”
balasını itirmiş
ananın qorxu, təlaş, hıçqırıq,
hönkürtü qarışıq
harayıdır:
Yox, ruzgar! O cürə əsmə sən!
Torpaqda...
Torpağın
altında dip-diri
ölülər
var...
Diksinə bilər Onlar...
Hər kəs Xocalı
faciəsini gördüyü,
hiss etdiyi, duyduğu və yaşadığı
kimi yazır. Bir dərdin yüz yozumu, bir dərdin
yüz çaları
dil açıb danışır.
Bu il
yenə
Xocalının
ad günündə
Azdramaya getdik,
Xocalı faciəsinə
tamaşa
etdik...
Bu misralar
şair Qəşəm
Nəcəfzadənin “Xocalı
mövsümü Fevral”
başlığı altında
dərc etdirdiyi silsilə şeirindəndir.
Qəşəm Nəcəfzadə
Xocalı faciəsinə
ağı demir, Xocalı faciəsinə içində yaşadığı
vaxtın içindən
baxır:
Xocalı uşaqlarının
Soyuqdan donduğunu görəndə,
Uşağımızın
paltosunu
Yaxşıca düymələdik,
Əlinə peçenyə verdik
Üzündən
öpdük
Başını
sığalladıq...
Əslində bu, səmimi,
çox səmimi bir etirafdı. Həyat öz axarı ilə gedir. Uşaqlar böyüyür...
böyüməyən, lentlərin
yaddaşında yaşayan,
don vurmuş, güllələnmiş,
qar üstünə səpələnmiş uşaqlardı.
İblisin divan tutduğu
mələk sifətli
uşaqlar... İnsan ovunun qurbanları, qisası alınmayan tifillər... Biz ilin
bir günü yox, ilin 365 günü
Xocalı faciəsini yaşamalıyıq. Bir
gün çox azdı, o qədər azdı ki, Xocalı
soyqırımının qurbanlarının
adını belə sayıb qurtarmağa çatmaz...
Şair Ələmdar Quluzadənin
qələmə aldığı
“Şəhid şəhər”
poeması da Xocalı faciəsinin dəhşətlərinə, ağrılarına,
faciələrinə həsr
olunub.
Bəşər
görməmişdi bu
qovhaqovu,
Danışa bilmirəm, dilim
də əsir.
Bülənd olub ərşə qalxdı alovu,
Sağlar girov düşdü,
şəhidlər əsir.
Ələkbər Salahzadənin “Xocalı
xəcilləri”, Ədalət
Əsgəroğlunun “Dərdimizin
qan rəngi” poemaları da Xocalı faciəsinə həsr olunub.
Xocalı faciəsindən danışarkən yadıma
jurnalist Səriyyə
Müslümqızı düşür.
Xocalı hadisəsi onun
gözlərinin qabağında
baş verib, bu faciənin bütün ağrı-acısını,
insan ağlına sığmayan müsibətlərini
yaddaşından əvvəl
gözlərinə köçürüb.
Üstündən 20 il keçməsinə
baxmayaraq, hər dəfə onunla qarşılaşanda özlərində
Xocalının qanlı
mənzərəsini görürəm.
Bir jurnalist, bir vətəndaş, bir xocalılı, bir şahid kimi Səriyyə Müslümqızının qələmə
aldığı "Qar
üstünə qan yağdı", "Ölümündən
o yandakı Xocalı"
və s. kitablarını
ədəbiyyatımızın Xocalı dərdi ilə bağlı canlı salnaməsi sayıram...
Çox güman ki,
Xocalı faciəsi ilə bağlı adlarını çəkə
bilmədiyim çoxlu
əsərlər, şeirlər,
hekayələr yazılıb.
Ola bilsin ki, kimsə hələ Xocalını qəlbindən
qələminə köçürməyib,
ola bilsin ki, kimsə sözünü deməyib,
amma Xocalı mövzusunun Azərbaycan ədəbiyyatında daimi
mövzulardan birinə
çevriləcəyinə gərək kiminsə şübhəsi olmasın.
Biz dərdimizi sözlə deməyi bacarmalıyıq. Zaman-zaman Xocalı
lövhələri ədəbiyyatımızdan
boylanıb qanlı gecənin dəhşətini,
faciəsini, qətlə
yetirilən günahsız
insanların səsini
batmağa qoymamalıdır.
Çünki zamanın,
vaxtın, yaddaşın
unutduğunu ədəbiyyat
unudulmağa qoymur...
Təranə Vahid
Mədəniyyət.-
2012.- 24 fevral.- S. 12.