“Xocalıya ədalət - Qarabağa azadlıq”

 

   Qazax Rayon Mərkəzi Kitabxanası anım tədbiri keçirib

  

   Fevralın 22-də Qazax Rayon Mərkəzi Kitabxanası Xocalı şəhidlərinin anım günü ilə əlaqədar “Xocalıya ədalət - Qarabağa azadlıq” adlı “dəyirmi masa” keçirib.

  

   Mədəniyyət evinin akt zalında keçirilən tədbiri Qazax rayon MKS-nin direktoru Solmaz Babanlı açaraq XX əsrin ən dəhşətli faciəsi kimi tarixə düşən Xocalı faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirib. Natiq erməni silahlı dəstələrinin 1992-ci il fevralın 26-da Xocalıda həyata keçirdiyi soyqırımının dünyada tanıdılması üçün görülən işlərdən söz açıb.

   Qazax Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Valeh Vəliyev Xocalı soyqırımının 20-ci ildönümü haqqında ölkə Prezidentinin sərəncamının icrası ilə bağlı rayonun mədəniyyət müəssisələrində anım mərasimləri təşkil edildiyini nəzərə çatdırıb.

   Mədəniyyət və turizm şöbəsinin məsləhətçisi Pəri Məmmədova, 3 saylı filial kitabxananın müdiri Sevda Hüseynova, metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova, informasiya-resurs mərkəzinin operatoru Könül Əsgərova Azərbaycan xalqının başına gətirilən tarixi müsibətlərin dünyaya yayılmasının hər birimizin vətəndaşlıq borcu olduğunu vurğulayıblar.

   Tədbirin sonunda “Xocalı faciəsi XX əsrin genosidi” fotostendinə, “Xocalı soyqırımı - unudulmayan faciə” adlı kitab və dövri nəşr sərgisinə baxış keçirilib.

 

 

   Mədəniyyət.- 2012.- 24 fevral.- S. 11.