Azərbaycan
rəssamlığının patriarxı
Milli təsviri sənətimizin inkişafında onun
xüsusi xidmətləri var. O, rəngkarlıq və qrafika
sahəsində yaratdığı əsərləri, bədii
yaradıcılıq fəaliyyəti ilə adını Azərbaycan
təsviri incəsənət tarixinə əbədi həkk
edib. O, Azərbaycanın Xalq rəssamı Oqtay Sadıqzadədir.
Azərbaycan təsviri sənətinin
tanınmış nümayəndəsi, görkəmli
fırça ustası, kamil sənətkar Oqtay Sadıqzadə
1921-ci il fevralın 24-də yazıçı Seyid Hüseynin
ailəsində dünyaya göz açıb. Anası
Ümmügülsüm xanım və atası Seyid Hüseyn
dövrün vətənpərvər ziyalıları
olmuşlar. Valideynləri məhz vətənpərvər
ziyalı olmaları səbəbindən 30-cu illərdə
repressiya edilmişlər. O.Sadıqzadə gənc
yaşlarından həyatın acı məhrumiyyətlərinə
təkbaşına sinə gərmək məcburiyyətində
qalıb. Lakin ağır mənəvi və maddi durum onu sənətə
olan sevgisindən uzaqlaşdıra bilməyib. Beləliklə
o, əvvəlcə ixtisas təhsilini Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində
(1935-1939), sonra isə V.İ.Surikov adına Moskva Dövlət
Rəssamlıq İnstitutunda (1950-1956) alıb. O.Sadıqzadə
1977-ci ildə Azərbaycanın Əməkdar incəsənət
xadimi, 1992-ci ildə isə Xalq rəssamı fəxri
adlarına layiq görülüb. İndiyədək
dünyanın müxtəlif ölkələrində
yaradıcılıq ezamiyyətlərində olub. Onun əsərləri
ölkəmizlə yanaşı müxtəlif ölkələrin
muzey, qalereya və şəxsi kolleksiyalarında
saxlanılır.
Rəssam təsviri sənətin
qrafika və rəngkarlıq sahələrinin müxtəlif
janrlarında yaratdığı çoxsaylı əsərləri
ilə yaradıcılığının erkən dövrlərindən
sənətşünasların diqqətini cəlb etmişdir.
Onun yaradıcılığının səciyyəvi
xüsusiyyətləri kimi klassik kompozisiya qurmaq məharətini,
əsərlərinin məna və məzmun
dolğunluğunu, surətlərinin dəqiq bədii işlənilmə
həllini və ifadəliliyini, kolorit zənginliyini, əlvan
yazı manerasını qeyd etmək olar. O.Sadıqzadə rəngkarlıq
sahəsində süjetli tablo və portret janrında bir-birindən
maraqlı əsərlər yaratmışdır.
Onun süjetli tablolarına misal
olaraq “Lənkəran qızları” (1965), “Kolxozçu
qadınlar” (1972), “Oğullarını itirmiş ananın
xatirəsinə” (1985), “Hüseyn Cavid” (triptix, 1997), “Nizami və
dünya mədəniyyəti” silsiləsindən (1993-1999)
“Nizami və Azərbaycan mədəniyyəti”, “Nizaminin sələfləri”,
“Nizaminin davamçıları”, “Qədim yunan filosofları”,
“Avropa mədəniyyət xadimləri” və s. əsərlərini
göstərmək olar.
Rəssamın ilk işlərində
zəhmətkeş Azərbaycan qadınının romantik
biçimdə surətləri canlandırılıb. Bu əsərlərdə
ozamankı Azərbaycan ailə-məişət şəraitinin,
ülvi qadın hissləri və saf ana məhəbbətinin
tərənnümü əks olunub. Sadalanan xüsusiyyətləri
“Lənkəran qızları”, “Kolxozçu qadınlar” və
başqa əsərlərə şamil etmək olar.
“Nizami və dünya ədəbiyyatı”
silsiləsindən olan əsərləri sənətkarın
yaradıcılığında xüsusi yer tutur. Ümumiyyətlə,
qeyd etmək lazımdır ki, rəssamın bir çox
dünya və Azərbaycan ədəbiyyatı klassiklərinin
əsərlərinə qrafik illüstrasiyalar yaratması,
Şərq və Qərb dünyasının ənənələrinə
yaxından bələdliyi ona bu cür əlaqəli və
yüksək intellektual səviyyəli kompozisiyaların
yaradılmasına kömək etmişdir. Qeyd olunan silsilədən
“Nizami və Azərbaycan mədəniyyəti” adlı möhtəşəm
tablosunda rəssam xalqımızın dahi oğlu Nizami Gəncəvinin
dövründən XX əsrədək yetişdirdiyi görkəmli
elm, sənət və ədəbiyyat xadimlərinin
açıq təbiət qoynunda, son dərəcə yüksək
sənətkarlıqla yaddaqalan surətlərini yaradıb.
Tamaşaçı tabloya ilk nəzərlərindən
kompozisiyanın mərkəzində yerləşdirilmiş N.Gəncəvinin
və onun sağında və solunda, eləcə də
qarşısında əyləşmiş Məhsəti Gəncəvi,
Memar Əcəmi, Məhəmməd Füzuli, Şah
İsmayıl Xətai, Üzeyir Hacıbəyli, Səməd
Vurğun və başqa görkəmli sənətkarların
bədii təsir gücünə malik, diqqəti cəlb edən
obrazlarını görür. Rəssam zəngin sənət
metodlarına əsaslanaraq uğurlu kolorit həlli, əlvan rəng
keçidləri və mahiranə rəng yaxıları ilə
uğurlu tabloların yaradılmasına nail olmuşdur. Sadalanan
xüsusiyyətləri rəssamın bu silsilədən olan
digər tablolarına da şamil etmək olar.
O.Sadıqzadənin süjetli
tablolarından onun portret ustası olduğunu asanlıqla sezmək
olar. Bunu rəssamın yaratmış olduğu
çoxsaylı portret əsərləri təsdiq edir. Rəssamın
portret əsərlərinə misal olaraq “Seyid Hüseyn” (1960),
“Tatalovanın portreti” (1963), “Qız portreti” (1966),
“Bakılı qız” (1975), “Natəvan” (1983), “Fidan
Qasımova” (1988), “Akademik Zərifə xanım Əliyeva”
(2000) və s. portretlərini qeyd etmək olar.
Rəssam “Qız portreti”ndə
profildən dirsəklərini stola qoymuş və əllərini
çənəsinə söykəmiş, nəzərləri
uzaqlara yönəlmiş vəziyyətdə dalğın
qızın çöhrəsini ustalıqla təsvir
etmişdir. Yaşıl geyimli ağbəniz qızın
qırmızı, çəhrayı fonda təsvir edilmiş
təsirli cizgiləri son dərəcə ustalıqla verilib və
böyük bədii təsir gücünə malikdir.
O.Sadıqzadənin uğurlu portret
əsərlərindən olan “Akademik Zərifə xanım Əliyeva”nın
portreti özünün lirik məziyyətləri ilə diqqəti
cəlb edir. Kompozisiyada qara fonda Azərbaycan oftalmologiya elminin
parlaq nümayəndəsi, zərif təbiətli insanın
obrazı böyük incəliklə təsvir edilib.
Obrazın təbəssümü və sol əlinin hərəkəti
əsərin ümumi əhvali-ruhiyyəsini gücləndirir.
Əsərin koloriti incə rəng keçidləri ilə
ustalıqla işlənilib.
Qeyd
etdiyimiz kimi, O.Sadıqzadə həm də qrafikanın plakat və
kitab qrafikası sahələrində məhsuldar fəaliyyət
göstərib. Rəssamın plakat əsərləri yüksək
inandırıcılıq və bədii təsir gücünə
malik olub, tamaşaçıların bədii estetik
zövqünün formalaşmasında böyük rola
malikdir. Onun portret-plakatlarına misal olaraq “Füzuli”, “Natəvan”,
“Sabir”, “N.Nərimanov” və s. əsərləri göstərmək
olar.
Sənətkar kitab qrafikası sahəsində
də çalışaraq bir çox
yazıçıların əsərlərinə
illüstrasiyalar çəkmişdir. Buna misal olaraq rəssamın
40-50-ci illərdə İ.S.Turgenevin “Atalar və oğullar”,
O.Balzakın “Qorio ata”, M.Qorkinin “Artamonovların işi”, habelə
İ.Qasımov və H.Seyidbəylinin “Uzaq sahillərdə”
(1954), V.Hüqonun “Səfillər” (1955-1963), C.Məmmədquluzadənin
“Danabaş kəndinin əhvalatları” (1958-1959), Xaqaninin
“Lirika” (1958), Nizaminin “Fitnə” (1966), R.N.Güntəkinin
“Çalı quşu” (1963) və başqa əsərlərə
məzmunun anlaşılmasına və əyani
qavranılmasına kömək edən maraqlı
illüstrasiyalar yaratmasını göstərmək olar. Kitab
illüstrasiyasında rəssamın yazıçının əsərinə
xələl gətirmədən, onun əyani
qavranılmasını şərtləndirən
illüstrasiyalar yaratması olduqca vacibdir. Bu da rəssamdan
xüsusi bacarıq və incə yaradıcılıq vərdişləri
tələb edir. Təbii ki, O.Sadıqzadənin
yaratdığı kitab illüstrasiyaları yüksək sənət
metodu ilə işlənilib. Bu əsərlər
sadaladığımız xüsusiyyətlərə cavab verməklə
yanaşı, kamil kitab illüstrasiyalarıdır.
O.Sadıqzadənin
yaradıcılığı müstəqillik illərində
də xalqımız və dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib. Rəssam 1999-cu ildə
ümummilli lider Heydər Əliyevin sərəncamı ilə
“Şöhrət” ordeninə layiq görülüb. 2011-ci ildə
rəssamın 90 illik yubileyi ilə əlaqədar Prezident
İlham Əliyev rəssamı “Şərəf” ordeni ilə
təltif etmişdir. Rəssamın Azərbaycan Milli İncəsənət
Muzeyində təşkil olunan yubiley sərgisində sənət
adamlarının fikirlərini dinləyəndə, sənətkarın
əsərləri ilə baş-başa qalanda
tamaşaçı bir daha yəqin etdi ki, Azərbaycan təsviri
sənətinin zənginləşməsinə xüsusi
töhfələr bəxş etmiş O.Sadıqzadə kimi sənətkar
unudulmazdır.
Azərbaycan təsviri sənətinin
patriarxı, ustad rəssam, təsviri sənətimizin klassiki
Oqtay Sadıqzadə özünün parlaq bədii
yaradıcılıq dünyası və uğurlu sənət
əsərləri ilə həmişə sənət
adamlarının, sənətsevərlərin diqqətini cəlb
edəcək.
Əsəd
Quliyev,
sənətşünas,
AMEA-nın dissertantı,
Rəssamlar
İttifaqının üzvü
Mədəniyyət.-
2012.- 24 fevral.- S. 9.