“Turizm
ili”nin yekunları müzakirə olundu
Mədəniyyət
və Turizm Nazirliyinin kollegiya iclası
Fevralın 22-də “Hilton Bakı” mehmanxanasında Mədəniyyət
və Turizm Nazirliyinin “Turizm ili”nin
yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi.
Kollegiyada Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
Azərbaycanın turizm potensialının beynəlxalq aləmdə
tanıdılması, ölkəyə daha çox turist cəlb
olunması, turizmin müxtəlif növlərinin inkişaf
etdirilməsi, normativ-hüquqi aktların qəbul edilməsi,
turizm sahəsində kiçik və orta
sahibkarlığın inkişafı və digər məsələlər
müzakirə edildi.
Nazir Əbülfəs Qarayev tədbiri
giriş sözü ilə açaraq “Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin
inkişafına dair Dövlət Proqramı”nın
müvafiq bəndlərinə əsasən mühüm
işlər görüldüyünü diqqətə
çatdırdı. Qeyd olundu ki, Prezident
İlham Əliyevin bu sahəyə xüsusi diqqət və
qayğı göstərməsi turizmin inkişafına
münbit zəmin yaradıb. Ötən ilin dövlət
başçısı tərəfindən Azərbaycanda
«Turizm ili» elan olunması bu diqqətin bariz nümunəsidir:
“Bu qərar turizm sənayesinə və bu sahədə
çalışan insanların fəaliyyətinə müsbət
təsir göstərdi, o cümlədən regionlarda turizmə
diqqətin artmasına səbəb oldu. Bu da təsadüfi
deyil. Çünki bu gün cənab
Prezidentin apardığı siyasətin ana xəttinin
ayrılmaz hissəsi olan qeyri-neft sektorunun inkişafında
turizmin özünəməxsus yeri, rolu və payı var”.
Sonra nazir son illər
Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi
turizm nailiyyətlərindən bəhs etdi. Dünya Turizm Təşkilatının xətti ilə
ölkəmizdə keçirilən seminar, treninq və
kurslara Azərbaycanla yanaşı, qonşu ölkələrin
də böyük maraq göstərdiyini bildirdi.
«Turizm ili»nin ən
vacib yekunlarından biri kimi Dünya Turizm Təşkilatının
baş katibi Taleb Rifainin Azərbaycana səfərindən bəhs
edən nazir onun dövlət başçısı İlham Əliyevə
təqdim etdiyi məktubun mahiyyətini də diqqətə
çatdırdı: «O məktubda Azərbaycan rəhbərliyinin
turizmə göstərdiyi diqqət və qayğının
düzgün istiqamətləndirildiyi xüsusilə
vurğulanır. Heç də təsadüfi deyil ki, Azərbaycan
ötən il ilk dəfə olaraq Dünya
Turizm Təşkilatının Baş Assambleyası sədrinin
müavini seçilib. Ölkəmiz 2001-ci ildən bu təşkilatın
üzvüdür və çox sevinirik ki, turizmin
inkişafına dair Dövlət Proqramının qəbul
olunması, «Turizm ili»nin elan olunması və
digər əhəmiyyətli qərarlar qısa müddətdə
Azərbaycanın turizm ölkəsi kimi dünyada nüfuzunun
artmasına gətirib çıxarıb”.
Daxili turizmin inkişafının hər
zaman diqqət mərkəzində olduğunu deyən nazir bunu
ölkədə aparılan turizm siyasətinin nəticəsi
kimi qiymətləndirdi: “Əvvəllər heç vaxt bizim
turizm sənayemizdə 3-4 mindən artıq insan
çalışmırdı. Dövlət
Statistika Komitəsinin məlumatına görə, hazırda
bu rəqəm 7-8 min nəfər təşkil edir. Turizm sahəsində çalışan insanlar
artıq cəmiyyətdə daha çox tanınırlar, diqqət
mərkəzində olurlar. Bu gün
hansı televiziya kanalını açsaq, orada turizm
mövzusundan bəhs edilir. Tarixi abidələrin
qorunmasından tutmuş nəqliyyatın fəaliyyətinə
qədər bütün bu sahələrdə
çalışan insanların fəaliyyəti turizmlə
bağlıdır. Bu da istər-istəməz
turizm sahəsində çalışan adamların nüfuz
dairəsini genişləndirməklə yanaşı, həm
də məsuliyyətlərini artırır”.
* * *
Nazirliyin Turizm şöbəsinin
müdiri Aydın İsmiyev «Turizm ili»nin
yekunlarına dair geniş məruzə ilə
çıxış etdi. Son illər respublikamıza xarici
turistlərin axınının artdığını qeyd edən
şöbə müdiri bildirdi ki, turizm sahəsində
aparılan islahatlar, ölkəmizdə mütəmadi beynəlxalq
səviyyəli tədbirlərin keçirilməsi,
dünyanın müxtəlif yerlərində təşkil
olunan sərgilərdə Azərbaycanın yüksək səviyyədə
təbliği bu müsbət tendensiyanın başlıca səbəbidir:
«2011-ci ildə Azərbaycana 2 milyon 239 min 141 nəfər xarici
vətəndaş gəlib ki, onların da 1 milyon 800 mindən
çoxu turistlərdir. Hər bir turist Azərbaycanda
orta hesabla 618 manat xərcləmişdir. Turizmdən əldə
olunan gəlir isə 2010-cu ilə nisbətən 26 faiz artaraq
966,3 milyon manat təşkil etmişdir. 2010-cu ildə ölkədə mehmanxana və
mehmanxana tipli obyektlərin sayı 499 olduğu halda, 2011-ci ildə
bu rəqəm 515-ə çatmışdır. Ötən
il ölkədəki yataq yerlərinin
sayı 33 min 393 olmuşdur. Bu da 2010-cu illə müqayisədə
11,8 faiz çoxdur. Ötən
il 30 mehmanxana istifadəyə verilmiş, hazırda isə 45
mehmanxananın inşası davam etdirilir».
Şöbə
müdiri qeyd etdi ki, 2011-ci ildə 39 turizm şirkətinə
turizm fəaliyyəti ilə məşğul olmaq
üçün lisenziya verilib. Hazırda
ölkədə 178 turizm şirkəti fəaliyyət
göstərir.
Azərbaycanda çimərlik
turizminin inkişafına da toxunan A.İsmiyev bunun
üçün təkliflərin
hazırlandığını diqqətə
çatdırdı: «Türkiyənin ekspertləri ilə
bununla bağlı danışıqlar aparılıb. \"Turizm haqqında\" yeni qanunda çimərlik
turizmi yeni fəaliyyət növü kimi qəbul olunduqdan
sonra bu sahədə işlər başlanılacaq”.
A.İsmiyev hesabat məruzəsində
keçən il Azərbaycanın turizm
sektoruna investisiya qoyulması məqsədilə 102 turizm
şirkətinə müraciət olunduğunu da qeyd etdi.
* * *
Kollegiya iclasında
çıxış edən mədəniyyət və turizm
nazirinin müavini Nazim Səmədov turizm sahəsində
görülən cari işlər və gələcək
inkişaf perspektivləri barədə danışdı.
Qeyd olundu ki, ölkənin qeyri-neft sektorunun inkişaf
strategiyasının əsas istiqamətlərindən olan
turizmin daha konseptual və planlı şəkildə
inkişafı qarşıda duran başlıca hədəfdir:
“Yaxın 10 ildə hansı perspektivlərin olduğunu və əldə
olunacaq nəticələri müəyyən etməliyik. Bildiyiniz kimi, hazırda “Turizm haqqında” yeni qanun
layihəsi müvafiq qurumlarla razılaşdırma mərhələsindədir.
Layihə ictimai müzakirəyə təqdim
olunub. Bu sahədə fəaliyyət
göstərən təşkilatlar mart ayının əvvəlinə
kimi rəy və təkliflərini irəli sürə bilərlər.
Daha sonra qanun layihəsi Dünya Turizm Təşkilatına
göndəriləcək. Onlar da öz rəylərini
təqdim etdikdən sonra parlamentin müzakirəsinə təqdim
olunacaq».
Nazir müavini Azərbaycanda
təkcə ənənəvi yox, həm də alternativ turizm
növlərinin inkişafının vacibliyini də diqqətə
çatdırdı. Bunlardan biri
qış-yay turizm layihəsidir ki, o da dövlət tərəfindən
həyata keçirilir.
N.Səmədov turizm işinin təşkilində
planlaşdırılan islahatlardan bəhs etdi: «Artıq bu sahədə
müəyyən işlər görülüb. Buna nümunə kimi lisenziyalaşdırma prosesinin təkmilləşdirilməsi
və elektronlaşdırılması, elektron məlumatların
hazırlanmasını göstərmək olar».
Nazir müavini
çıxışında hazırda Azərbaycanda turizm sahəsində
peşəkar kadr qıtlığının olduğunu və
bununla bağlı tədbirlər
görüldüyünü də bildirdi: «Ölkənin
turizm kadrlarına olan tələbatını ödəmək
üçün 2012-2016-cı illər üçün
Bakı və regional turizm peşə məktəblərinin
qurulması və inkişafı haqqında konsepsiya
hazırlanır. Həmin konsepsiyaya uyğun
olaraq, yaxın 5 il ərzində kadr probleminin həlli
üçün bir sıra səmərəli addımlar
atılacaq».
* * *
Azərbaycan Turizm
Assosiasiyasının rəhbəri Nahid Bağırov öz
çıxışında “Eurovision-2012” mahnı müsabiqəsinə
hazırlıqdan danışdı: «Bakıda fəaliyyət
göstərən mehmanxanalar Mədəniyyət və Turizm
Nazirliyinin tövsiyəsinə əsasən, “Eurovision-2012”
mahnı müsabiqəsi dövründə, yəni mayın
5-dən 27-dək hotel nömrələrinin
satışını dayandırıblar. Məqsəd
müsabiqə dövründə mehmanxanalarda qiymət
artımının qarşısını almaq və ən əsası,
qonaqların ən vacib hissəsi hesab edilən müsabiqə
təşkilatçılarını normal yerləşdirməkdir.
Hazırda Bakıdakı hotellərdə 11 minə
yaxın qonaq yerləşdirmək mümkündür. Müsabiqə çərçivəsində Azərbaycana
gələcək rəsmi nümayəndələrin sayı
isə 4 minə yaxın olacaqdır. Bunlar
müsabiqə iştirakçıları, onları
müşayiət edən nümayəndə heyətləri,
jurnalistlər, təşkilat komitəsinin üzvləridir.
Yerlərin 4 mini rəsmi nümayəndələr
üçün saxlanılıb. Qalan 7
min yer isə müsabiqə ilə bağlı Bakıya gələcək
turistlər üçün nəzərdə tutulub. İndiyədək “Eurovision”a gəlmək
üçün 3 minə qədər turist sifarişi qəbul
olunub».
İclasda çıxış edən
Nazirlər Kabinetinin elm, mədəniyyət, xalq təhsili və
sosial problemlər şöbəsinin müdiri İsmayıl
Sadıqov «Turizm ili» çərçivəsində ölkədə
tədbirlərin yüksək səviyyədə
keçdiyini bildirdi: «Bu tədbirlər turizmin
inkişafına təkan oldu. Rəqəmlər
də bunu əyani şəkildə təsdiqlədi. Ölkədə iqtisadiyyatın sürətli
inkişafı fonunda turizmin də inkişafına münbit
şərait yaradılır».
Milli Məclisin Sosial
siyasət komitəsinin sədri Hadı Rəcəbli ötən
ilin «Turizm ili» elan olunmasının əhəmiyyətindən
söz açaraq turizmin eyni zamanda sosial-iqtisadi həyatın
müxtəlif sahələri ilə bağlı olduğunu
vurğuladı.
* * *
Çıxışlar
və məruzələrdən sonra nazir Əbülfəs
Qarayev iclasa yekun vurdu. Nazir «Turizm ili» ilə
bağlı tədbirlər planının icra vəziyyətinin
qənaətbəxş olduğunu bildirdi. Eyni zamanda
«Turizm ili» ilə bağlı tədbirlər planının
müvafiq bəndləri ilə bağlı nazirliyin
şöbələrinə tapşırıqlarını verdi. Turizm şöbəsi və
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzə
turizm bələdçiləri üçün Bakı və
Abşeron yarımadası haqqında vahid metodiki vəsaitin
hazırlanmasını tapşırdı. Suvenir istehsalının, məlumat bazalarının
artırılmasında mehmanxana və turizm şirkətlərinin
fəaliyyətinin gücləndirilməsinin vacibliyini də
diqqətə çatdırdı. Nazir tarixi abidələrin
bütün proqramlara daxil edilməsinin məcburi bir addım
olduğunu qeyd etdi: “Turizm ili” başa çatsa da, tədbirlər
davam edir. Ona görə biz bu bəndlərin
icrasını nəzarətdə saxlayırıq. Cənab
Prezidentin Azərbaycan turizminin dünya turist bazarında yeri ilə
bağlı ifadəsini diqqətinizə
çatdırıram: “Azərbaycanı dünya turizm xəritəsində
elitar turizmin məkanı kimi görmək arzusundayam. Yüksək standartlara, xidmətlərə müvəffəq
olmaq, çox dəyərli brendləri Azərbaycana gətirmək,
imkanlı turistlərin Azərbaycana axınını
çoxaltmaq lazımdır”.
Mehparə
Mədəniyyət.-
2012.- 24 fevral.- S. 9.