Astarada mədəniyyət işçilərinin
zona müşavirəsi keçirildi
Mərkəzi
Aran və Cənub bölgələrində mədəniyyət
və turizm sahəsində mövcud vəziyyət müzakirə
olundu
Fevralın 22-də Astara rayonunda şəhər və
rayon mədəniyyət və turizm şöbələrinin
2011-ci il ərzində fəaliyyətinə həsr olunmuş
zona müşavirəsi keçirildi.
Astara Rayon Mədəniyyət Evində
keçirilən müşavirədə mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Astara Rayon
İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov,
Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş
sektorunun müdiri Pərviz İsgəndərli, sektorun
aparıcı məsləhətçisi Oqtay Muxtarov, Lənkəran
və Şirvan şəhərlərinin, Astara, Masallı,
Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan,
Neftçala, Saatlı, Sabirabad və Cəbrayıl rayonlarının
mədəniyyət və turizm şöbələrinin
müdirləri, mərkəzləşdirilmiş kitabxana
sistemlərinin, tarix-diyarşünaslıq muzeylərinin, rəsm
qalereyalarının direktorları iştirak edirdilər.
* * *
Tədbir
iştirakçıları əvvəlcə ümummilli lider
Heydər Əliyevin Astara şəhərinin mərkəzində
ucaldılmış abidəsi önünə gül dəstələri
düzərək xatirəsini ehtiramla yad etdilər.
Sonra qonaqlar Heydər Əliyev Mərkəzi
ilə tanış oldular. 2008-ci ildə Heydər Əliyev
Muzeyi kimi yaradılan qurum 2011-ci ildə yenidən qurularaq
genişləndirilmiş və mərkəz kimi fəaliyyətə
başlamışdır. Mərkəz Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
iştirakı ilə açılmışdır.
Mərkəzin birinci mərtəbəsində
ümummilli liderin həyatını və zəngin siyasi fəaliyyətinin
müxtəlif dövrlərini əks etdirən fotoşəkil
və sənədlərdən ibarət muzey fəaliyyət
göstərir. Onlardan bir qismi ulu öndərin Astaraya səfərləri
zamanı çəkilən və astaralılar tərəfindən
qorunub saxlanılan unikal fotoşəkillərdir.
Müşavirə
iştirakçıları daha sonra rayon mədəniyyət
evinin foyesində Astara rayonunun Kakalos kəndində fəaliyyət
göstərən etnoqrafiya dərnəyinin və “Nəcib
qızlar” klubunun üzvlərinin əl işlərindən
ibarət sərgiyə baxdılar.
* * *
Müşavirəni mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev açaraq
son illər ölkəmizdə mədəniyyət və
turizm sahəsində görülən işlərdən
danışdı. Qeyd olundu ki, mədəniyyət
işçilərinin zona müşavirələrində də
bu sahədə yerlərdəki mövcud vəziyyət
müzakirə olunur: “Bilirsiniz ki, dövlət tərəfindən
həyata keçirilən mədəniyyət və turizm
layihələri paytaxt Bakı ilə yanaşı, bölgələrdə
də uğurla icra edilir. Dövlət proqramları, fərman,
sərəncam və digər sənədlər bu istiqamətdə
işlərin davamlı, ardıcıl və sistemli şəkildə
aparılmasına imkan verir. Cənub və Mərkəzi Aran
bölgələrinin mədəniyyət ictimaiyyəti
nümayəndələrinin iştirak etdiyi müşavirənin
keçirilməsində məqsədimiz 2011-ci ildə
görülmüş işlərə nəzər salmaq,
qarşıda duran vəzifələri müzakirə etməkdir.
Məlum olduğu kimi, ölkə Prezidentinin
imzaladığı sərəncama əsasən, “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyası hazırlanacaq. Konsepsiyanın hazırlanması
üçün bütün dövlət qurumlarına
müvafiq tapşırıqlar verilib. Düşünürəm
ki, bölgələrdə təşkil olunan müşavirələr
bu baxımdan da səmərəli olacaq”.
Vaqif Əliyev vurğuladı ki, mədəniyyət
və turizm sahəsində ötən il ərzində
böyük işlər görülüb: “2011-ci ildə biz
III Beynəlxalq Muğam Festivalını keçirdik. Bu tədbirin
böyük əks-sədası oldu. Bakıda ilk dəfə
keçirilən Beynəlxalq Kukla Teatrları Festivalı da
uğurlu layihələrdən biridir. Bu festivallar təşkil
olunarkən mədəniyyət ictimaiyyətinin
iştirakı ilə paralel olaraq elmi konfranslar, “dəyirmi
masa”lar təşkil olundu.
Ötən il biz dövlət
müstəqilliyimizin bərpasının 20 illiyini qeyd etdik.
Bu 20 ildə Azərbaycan bütün sahələrdə
yüksələn xətlə inkişaf edib. Hər bir Azərbaycan
vətəndaşı bunu öz həyatında hiss edir. Hər
birimiz şahidiyik ki, neçə-neçə irimiqyaslı mədəniyyət
layihələri həyata keçirilir. Mədəniyyət
müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir.
Yeni mədəniyyət ocaqları inşa olunur, bəzilərində
əsaslı yenidənqurma işləri aparılır. Azərbaycan
davamlı olaraq beynəlxalq festivallara ev sahibliyi edir. Bu
festivallarda dünyanın tanınmış mədəniyyət
xadimləri, musiqiçilər, teatrşünaslar iştirak
edirlər. Ölkənin tanıdılmasında mədəniyyətin
rolu çox böyükdür. Bu elə sahədir ki, əldə
olunan istənilən uğur dünyada tez yayılır. Azərbaycanda
müxtəlif ölkələrin mədəniyyət günləri
keçirilir, dünyanın ayrı-ayrı ölkələrində
Azərbaycan mədəniyyəti günləri təşkil
olunur, milli mədəniyyətimiz, zəngin irsimiz təbliğ
edilir”.
* * *
Sonra Mədəniyyət və
Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz
İsgəndərli şəhər və rayonların mədəniyyət
və turizm şöbələrinin 2011-ci ildəki fəaliyyəti
ilə bağlı məruzə etdi. Qeyd olundu ki, ötən
il Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümü münasibətilə
şəhər (rayon) mədəniyyət və turizm
şöbələri və tabe müəssisələr tərəfindən
silsilə tədbirlər -konsert proqramları, sərgilər,
ədəbi-bədii gecələr, yaradıcılıq
görüşləri təşkil edilib. Astarada turizmin
inkişafı və turistlərə yüksək xidmətin
göstərilməsi üçün zonalar üzrə 7
turizm marşrutu müəyyən edilib. Lənkəranda
“Palıdlı sahil” turizm istirahət mərkəzində “Bu Vətən
bizimdir” adlı turist düşərgəsi təşkil
olunub. Masallının “Halay” folklor rəqs kollektivi 2011-ci ilin
avqustunda Macarıstanda keçirilən beynəlxalq folklor
festivalında müvəffəqiyyətlə
çıxış edib.
P.İsgəndərli
qazanılmış uğurlarla yanaşı, mədəniyyət
və turizm şöbələrinin işində olan
nöqsanlardan da danışdı. Qeyd olundu ki, mədəniyyət
sahəsində qəbul edilmiş dövlət
proqramlarının icrası istiqamətində yerli qurumlarda
lazımi iş aparılmır, bəzən kadrların
seçilib yerləşdirilməsində nöqsanlara yol
verilir. Mədəniyyət işçilərinin fəaliyyətində
təşəbbüskarlıq qənaətbəxş səviyyədə
deyil.
* * *
Daha sonra Şirvan Şəhər
Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əziz
Abbasov, Astara Rayon Mədəniyyət və Turizm Şöbəsinin
müdiri Şadoğlan Bayramov, Yardımlı Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Ayaz Əliyev,
Saatlı Rayon Mədəniyyət və Turizm Şöbəsinin
müdiri Şərqiyyə Şahpələngova, Cəbrayıl
Rayon Mədəniyyət və Turizm Şöbəsinin
müdiri Kamran Quliyev 2011-ci ildə görülən işlər
və qarşıda duran vəzifələrdən
danışdılar, mövcud problemlərlə bağlı təkliflərini
bildirdilər.
Astara Rayon İcra Hakimiyyətinin
başçısı Taleh Qaraşov rayonda mədəniyyət
və incəsənətin inkişafı sahəsində
görülmüş işlərdən, həyata
keçirilən layihələrdən danışdı. Qeyd
olundu ki, ölkə başçısının dəstəyi
ilə hər il onlarla mədəniyyət müəssisəsi
tikilir və əsaslı şəkildə yenidən qurulur.
Bu ilin sonunadək Astara rayonunda tarix-diyarşünaslıq
muzeyinin və musiqi məktəbinin daxili imkanlar hesabına əsaslı
təmiri planlaşdırılır.
* * *
Müşavirəyə yekun vuran mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev mədəniyyət
müəssisələrinin ölkənin ictimai-siyasi həyatında
fəaliyyətinin artırılmasının və yerli
qurumlarla əməkdaşlığın genişləndirilməsinin
vacibliyini bildirdi. Vurğulandı ki, mədəniyyət sahəsində
yüzlərlə fədakar insan çalışır. Bu
insanların zəhməti, fədakarlığı ölkə
başçısı tərəfindən yüksək qiymətləndirilir.
Mədəniyyət işçiləri müxtəlif
mükafatlara, medallara, fəxri adlara layiq görülürlər.
Bütün bunlar mədəniyyətimizin inkişafına da
çox böyük təsir göstərir.
Mədəniyyət müəssisələri
dövlət proqramlarının icrasına diqqət və məsuliyyətlə
yanaşmalıdırlar. Mədəni-kütləvi tədbirlərin
təşkilinin keyfiyyəti artırılmalıdır. Mədəniyyət
işçiləri özləri də təşəbbüskar
olmalıdırlar. Mədəniyyət və turizm şöbələrinin
saytlarının, kitabxanalarda elektron kataloqların
yaradılmasına xüsusi diqqət yetirilməlidir. Bölgələrdə
olan muzeylərin də hər birinin saytları
yaradılmalıdır. Yeni dövr bütün mədəniyyət
müəssisələrinin saytlarının olmasını tələb
edir.
Vaqif Əliyev müşavirə
iştirakçılarına qarşıda duran vəzifələrin
həllində müvəffəqiyyətlər arzuladı.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2012.- 24 fevral.- S. 6.