“Xocalıya
ədalət”
Beynəlxalq
kampaniya çərçivəsində dünyanın 50-dən
çox ölkəsində tədbirlər keçirilir
Fevralın 22-də İslam Konfransı Gənclər
Forumunun (İKGF) baş katibi, səfir Elşad İsgəndərov
“Xocalıya ədalət” kampaniyasının 2012-ci il
üçün tədbirlər proqramı ilə
bağlı mətbuat konfransı keçirib.
Xatırladaq ki, Dialoq və Əməkdaşlıq
Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası
dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım
Əliyevanın təşəbbüsü ilə irəli
sürülən, faciənin mənəvi və
siyasi-hüquqi sahədə tanınmasına yönəlmiş
“Xocalıya ədalət” kampaniyası 2009-cu ildən həyata
keçirilir.
Bu il aksiyaların 50-dən
çox ölkədə keçirildiyini deyən E.İsgəndərovun
sözlərinə görə, yanvar ayında İKGF-nin təşəbbüsü
ilə İslam Əməkdaşlıq Təşkilatının
51 ölkəsinin parlament nümayəndələrinin
İndoneziyada gerçəkləşən
toplantısında Xocalı qırğınının
soyqırımı aktı kimi tanınması kampaniyaya əlavə
təkan verib.
Fevralın 14-dən başlayaraq
Niderland, Polşa, Macarıstan, İsveçrə, BƏƏ,
Ukrayna və Türkiyənin bir sıra şəhərlərində
Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində tədbirlər
keçirilir. Baş katib Xocalı soyqırımına
hüquqi qiymət verilməsi tələbi ilə Niderland
parlamentinə ünvanlanmış müraciətə 1 milyon
imzanın toplanmasını və Budapeştdə faciəni
ilk dəfə hüquqi məsuliyyət kimi dəyərləndirən
konfransın keçirilməsini yüksək qiymətləndirib.
Fevralın 24-də Bosniya və
Herseqovinanın paytaxtı Sarayevoda Xocalı və Srebrenitsa
(1995) qətliamları qurbanlarının xatirəsini əbədiləşdirən
ikili abidələrin açılış mərasimi
keçiriləcək. Tədbir çərçivəsində
Dobrınya gimnaziyasının tələbələri
üçün “Xocalı” filmi də nümayiş etdiriləcək.
Fevralın 28-də isə Moskvada
“Xocalıya ədalət” kampaniyası çərçivəsində
Avropa kinematoqrafçıları tərəfindən çəkilmiş
Xocalı soyqırımından bəhs edən filmin təqdimatı
keçiriləcək.
Kampaniya çərçivəsində
Buxarestdə Rumıniya Yazıçılar İttifaqı və
Diplomatik Akademiyada Xocalı faciəsinə həs olunmuş
konfransların keçirilməsi planlaşdırılır.
Fevralın 23-dən 26-dək
Berlində “Almaniyada Xocalı günləri” proqramı çərçivəsində
alman professoru R.Kipkenin “Azərbaycan-Ermənistan münasibətləri
və Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ
münaqişəsi”, kanadalı alim S.Teylorun “Uzlaşmayan
ziddiyyətlər: Türkiyə, Ermənistan və Azərbaycan”
kitablarının təqdimatı keçiriləcək. Həmçinin
“Xocalı uşaqların gözü ilə”, “Ağdam ruhlar
şəhəri” rəsm sərgisinin, “Biz geri
qayıdacağıq” bədii filminin nümayişi də
planlaşdırılır.
İstanbulun Taksim meydanında
fevralın 26-da ASAİF-in təşkilatçılığı
və “Xocalıya ədalət” kampaniyasının əməkdaşlığı
ilə “Biz hamımız Xocalıdanıq” şüarı
altında etiraz nümayişi keçiriləcək.
Fevralın 27-də isə Fransa
Milli Assambleyasının binasında “Xatirə səciyyəli
qanunlar və bilinməyən soyqırımlar” adlı beynəlxalq
konfrans təşkil olunacaq. Tədbirdə fransalı
parlamentarların, bu ölkədə akkreditə olunmuş səfirlik
nümayəndələrinin, alimlərin iştirakı
gözlənilir.
Kiyevdə Ukrayna Azərbaycanlıları
Gənclər Birliyinin təşkilatçılığı
ilə Xocalı soyqırımından bəhs edən filmin
nümayişi olacaq. Brüsseldə fevralın 28-də
Xocalı qırğınına həsr olunmuş “dəyirmi
masa” keçiriləcək. Tədbirdə Milli Məclisin
deputatı Rövşən Rzayev, Bakı Musiqi
Akademiyasının rektoru Fərhad Bədəlbəyli,
Xocalı faciəsinin şahidi Anar Usubov çıxış
edəcəklər. Tədbir çərçivəsində
qarabağlı uşaqların rəsm əsərlərindən
ibarət sərgi də təşkil olunacaq.
Baş katib kampaniyanın Facebook səhifəsinə
dəstək verən istifadəçilərin sayının,
50-dən artıq ölkədən olmaqla, 30.000 nəfəri
keçdiyini də diqqətə çatdırıb.
M.Sultanova
Mədəniyyət.-
2012.- 24 fevral.- S. 4.