Teatr Muzeyində anım tədbiri
Fevralın 23-də Cəfər Cabbarlı adına Azərbaycan
Dövlət Teatr Muzeyində Xocalı faciəsinin 20-ci
ildönümünə həsr olunmuş tədbir
keçirildi. Tədbir iştirakçıları Xocalı
faciəsi ilə bağlı dəhşətli faktları,
erməni qoşunlarının vəhşilikləri,
amansızlıqları, bir gecəyə şəhərin yerlə-yeksan
edilməsi haqqında söz açıblar.
Xocalı Rayon İcra Hakimiyyətinin
nümayəndəsi Mahir Hümbətov tariximizin qanlı səhifəsi
olan bu faciənin heç vaxt unudulmayacağını
vurğuladı. Gənc nəsli Azərbaycanın tarixini dərindən
öyrənməyə və xalqın faciələrini bir vətəndaş
kimi qəlbində yaşatmağa çağırdı.
Tədbirdə Seyid Cəfər
Pişəvəri adına Humanitar Fənlər
Gimnaziyasının şagirdləri Nazlı Əliyeva, Şəms
Abbasova və Elnur Hüseynov Xocalıya həsr olunmuş
şeirlər səsləndirdilər. Azərbaycan Milli
Konservatoriyasının məzunu Etibar Abdullayevin ifasında
“Humayun” muğamı səsləndi. Tədbir boyu faciəni əks
etdirən fotolar nümayiş olundu.
Tədbirdə həmçinin
Xocalı faciəsi ilə bağlı xarici mətbuatda dərc
olunan materiallardan parçalar oxundu.
Reyhan
Mədəniyyət.- 2012.- 24 fevral.-
S. 3.