«Xocalı harayı - 20»
Milli Kitabxanada faciəyə həsr
olunmuş biblioqrafiya təqdim olundu
Fevralın 23-də M.F.Axundzadə
adına Milli Kitabxanada «Xocalı harayı - 20» adlı kitab sərgisinin
açılışı və kitabxananın əməkdaşları
tərəfindən hazırlanmış «Xocalı
soyqırımı - 20. Biblioqrafiya» kitabının təqdimat
mərasimi keçirildi.
Tədbiri kitabxananın direktor
müavini Gülbəniz Səfərəliyeva açaraq,
Xocalı soyqırımının heç vaxt Azərbaycan
xalqının yaddaşından silinməyəcəyini
bildirdi: “Bu soyqırımı tək Azərbaycana deyil,
bütün insaniyyətə qarşı cinayətkarlıqdır.
Təəssüf ki, Xocalı faciəsi dünya ictimaiyyəti
tərəfindən öz hüquqi qiymətini almayıb”.
20 il ərzində bu mövzuda
çoxlu kitablar nəşr olunub, tədbirlər
keçirilib. Bu işlər daima davam etdiriləcək. Bu dəfə
kitabxananın fondunda olan Xocalı faciəsi ilə
bağlı bütün məlumatları toplayıb
«Xocalı soyqırımı - 20. Biblioqrafiya» kitabını ərsəyə
gətirdik. Kitabda əlavələr, şəhidlərin
adı da qeyd olunub».
Mədəniyyət və Turizm
Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin
böyük məsləhətçisi Əli İsmayılov
Xocalı faciəsinin ildönümünün təkcə Azərbaycanda
deyil, Türkiyə və Avropanın bir sıra ölkəsində
də qeyd olunduğunu bildirdi: «Xocalı faciəsi bizim qan
yaddaşımıza həkk olunub. Bu hadisələri gələcək
nəsillər unutmamalıdırlar. Bu işdə
kitabxanaların üzərinə böyük məsuliyyət
düşür».
Tədbir
iştirakçıları Milli Kitabxananın
hazırladığı 200-dən artıq kitab, jurnal və qəzet
materiallarından ibarət «Xocalı harayı - 20» adlı sərgi
ilə də tanış oldular.
Gülər
Mədəniyyət.-
2012.- 24 fevral.- S. 3.