Əli Qurbanov Tiflis teatrında
İlk addımlar atılan məkan
Görkəmli dram və kino aktyoru, Azərbaycanın
Xalq artisti Əli Qurbanov (1898-1962) ilk
sənət addımlarını
Tiflis Azərbaycan teatrında
atmışdır. İndiki
gənc nəsil onu «Səbuhi», «Fətəli xan», «Qara daşlar», «Ögey ana», «Koroğlu», «Bir qalanın sirri», «Böyük dayaq» və başqa filmlərdə yaratdığı
obrazlar vasitəsilə
tanıyır.
Əli Qurbanov 1898-ci ildə
Tiflisdə anadan olub. Atası Mirzəli kişi
dəmir yolunda fəhləlik edirdi. O, övladlarını oxutmaq,
hər hansı bir sahə üzrə
savadlı mütəxəssis
etmək istəyirdi. Bu məqsədlə də oğlu Əlini məktəbə
qoymuşdu. Lakin o, qəflətən
dünyasını dəyişdi
və bu arzularını da özü ilə qara torpağa apardı. Buna görə də Əli başsız qalmış ailəni dolandırmaq üçün
erkən yaşlarından
işləməyə məcbur
olur.
Anası Zinyət xanım övladları Əli və Abbasla (Gürcüstanın Əməkdar
artisti Abbas Qurbanov) yanaşı, dünyasını dəyişmiş
bacısının uşaqlarını
- Möhsün (Azərbaycanın
Xalq artisti Möhsün Sənani) və Əbülfəti
(Tiflis Azərbaycan teatrının
aktyoru Əbülfət
Sənani) də öz himayəsinə götürmüşdü.
Möhsün Sənani kiçik
yaşlarından teatr
sənətinə xüsusi
həvəs göstərmiş,
Tiflisdə göstərilən
qastrol tamaşalarına
maraqla baxmışdır.
Möhsünün teatra olan sonsuz marağı xalası oğlu Əliyə də keçmiş və o da erkən yaşlarından
teatrla maraqlanmağa başlamışdır.
Möhsünün təşəbbüsü ilə bir neçə
tamaşaya baxdıqdan
sonra o, 1914-cü ildə
Tiflisdə həvəskarların
hazırladığı «Gaveyi-ahəngər»
tamaşasında ilk dəfə
«səhnəyə» çıxır.
Bu tamaşada onun bircə sözü vardı: «Gedək». Müasirlərinin yazdığına görə, Əli Qurbanov böyük səhnəyə yolunun başlanğıcı olan
həmin günü bütün ömrü boyu sevinc və
həyəcanla xatırlamışdır.
Həmin
tamaşa gələcək
aktyor üçün
düşərli olur,
o, ayrı-ayrı tamaşalarda
çıxış edərək
ilk uğurlarını qazanır.
Teatrşünas
Adilə İsmayılovanın
«Əli Qurbanov» (Bakı, 1962) kitabından:
«...1915- ci ildə Möhsün Sənaninin təşəbbüsü ilə
təşkil edilmiş
«O olmasın, bu olsun» tamaşasında Əli Qurbanov Rüstəm bəy rolunu kifayət qədər yaxşı oynayır. Məlahətli səsi onun
müvəffəqiyyətini daha da artırır.
Bu hadisədən sonra Əli Qurbanova qarşı olan maraq artır.
İndi onu yalnız dram tamaşalarına deyil, hətta opera, operetta və
müsamirələrə həm
artist, həm də tarçalan kimi dəvət etməyə başlayırlar. Teatr tamaşalarında
iştirak etməklə
bərabər Əli öz ümumi təhsilini, biliyini, mədəni səviyyəsini
artırmağı da
unutmur. O, Tiflisdə
işləyən gürcü
və rus truppalarının tamaşalarını
izləyir, başqa şəhərlərdən qastrola
gələn truppaların
və tanınmış
səhnə ustalarının
tamaşalarına baxır».
Əli Qurbanov məhz həmin illərdə Azərbaycan səhnəsinin
Hüseyn Ərəblinski,
Mirzağa Əliyev, Sidqi Ruhulla, Hüseynqulu Sarabski, habelə Tiflis truppasının
Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mirseyfəddin Kirmanşahlı,
İbrahim İsfahanlı
kimi görkəmli nümayəndələri ilə
tanış olur, onların iştirakı ilə hazırlanmış
«Arşın mal alan»,
«O olmasın, bu olsun», «Nadir şah», «Ağa Məhəmməd şah Qacar», «Bəxtsiz cavan», «Pəri cadu», «Gaveyi-ahəngər» və
başqa tamaşalarda
çıxış edir.
Bütün bunlar onun bir akiyor kimi
inkişafına müsbət
təsir göstərir.
Professor Abbas Hacıyevin «Tiflis Azərbaycan
teatrı» kitabından:
«İlk günlər səhnədə epizodik və sözsüz rollar aparan Əli
Qurbanov ancaq 1915-ci ildə Rüstəm bəy rolunda («O olmasın, bu olsun») teatr mühitinin
diqqətini özünə
çəkmiş, 1917-ci ildə
isə «İttihad»
dram cəmiyyətinin tamaşaya
qoyduğu «Bəxtsiz cavan» pyesində (Qoca kəndli) onun nadir istedadına xas olan fərdi
keyfiyyətlər aydınlığı
ilə görünmüş;
Tiflisdə Niyazın
(«Pəri cadu») yetkin ifaçısı kimi tanınmışdır».
Əli Qurbanov 1918-ci ildən
aktyorluq fəaliyyətini
«İbrət» dram cəmiyyətində
davam etdirir. Bu truppada Mirzəli
Abbasov, Mirzəxan Quliyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim
İsfahanlı kimi təcrübəli və istedadlı aktyorlar vardı. Heç şübhəsiz, bu aktyorlarla çiyin-çiyinə fəaliyyət
göstərməsi, onların
təcrübəsindən bəhrələnməsi
gənc aktyorun püxtələşməsində mühüm rol oynamışdır. O, burada
Hacı Həsən
(«Ölülər»), Şahmar
bəy («Müsibəti-Fəxrəddin»),
Şah Sultan Hüseyn
xan («Nadir şah»), Cavad bəy («Dağılan tifaq»), Əsgər bəy («Hacı Qara») və digər rollarda oynamış və uğur qazanmışdır.
Məlumdur ki, 1921-ci ilədək truppa şəklində fəaliyyət göstərmiş
Tiflis teatrı həmin
il hökumətin
qərarı ilə
Tiflis Dövlət Azərbaycan
Dram Teatrına çevrilmişdir.
Məhz həmin vaxtdan etibarən teatr fədailəri - İbrahim İsfahanlı,
Mirzəxan Quliyev, Mirzəli Abbasov, Mustafa Mərdanov və Mirseyfəddin Kirmanşaşlı
və başqaları
ilə birlikdə Əli Qurbanov da həmin teatrın
aktyoru olur.
İlk əvvəllər bu teatrda tamaşalar
Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşaşlı,
İbrahim İsfahanlı
və başqa aktyorlar tərəfindən
hazırlanırdı. 1922-ci ildə görkəmli
aktyor Sidqi Ruhulla Tiflis Dövlət Azərbaycan Dram Teatrına
dəvət olunur və burada baş rejissor kimi fəaliyyətə başlayır. Əli
Qurbanov onun hazırladığı «Otello»,
«Ölülər», «Anamın
kitabı», «Dağılan
tifaq» və başqa tamaşalarda çıxış etmişdir.
1923-cü ildə teatrın baş rejissoru vəzifəsi görkəmli
səhnə xadimi Aleksandr Tuqanova tapşırılır. O, Tiflis teatrına bələd idi. Əvvəllər burada bir sıra tamaşalar da hazırlamışdı.
A.Tuqanovun xatirələrindən: «1918-1919-cu il mövsümünü mənim «TARTO» şirkətim
«Artist cəmiyyəti» teatrında
«Böyük müsəlman
konserti» ilə açdı. Sonralar biz müsəlman tamaşaları üçün
tez-tez vaxt ayırırdıq. Bu tamaşalar məni Azərbaycan teatrı və onun ifaçıları
ilə əsaslı şəkildə yaxınlaşdırdı.
Peşəkar teatr olmasa da, buradan
sonralar böyük aktyorlar çıxmışdı:
Sidqi Ruhulla, Mustafa Mərdanov, Əli Qurbanov, Mirseyfəddin Kirmanşaşlı və
başqaları».
Ə.Qurbanov da öz növbəsində
A.Tuqanovun bir rejissor kimi onun
yaradıcılığında xüsusi rol oynadığını vurğulamış,
mili teatr sənətimizin inkişafında
əvəzsiz xidmətlərini
minnətdarlıqla qeyd
etmişdir: «Tuqanovun bizim teatra gəlməsi
işimizin sürətlə
inkişaf etməsinə
səbəb oldu. Şəxsən mənim yaradıcılığıma
onun çox böyük təsiri və köməyi olmuşdur. Mən onun rəhbərliyi
ilə Qərb və rus dramaturgiyasına
bələd olmuşam.
Onun rejissorluğu ilə verilmiş tamaşalar mənim üçün bir məktəb qədər xeyirli olmuşdur. Tuqanovun rəhbərliyi ilə mən Şveytser («Qaçaqlar»), Montano («Otello»),
Bələdiyyə rəisi
(«Müfəttiş»), Sutanvel
(«Jorj Danden»), Şeyx Nəsrullah («Ölülər»), Niyaz («Pəri cadu»), Balaxan («Aydın») kimi bir sıra
obrazlar yaratmışam.
Bu rollar üzərindəki
işim mənim sonrakı yaradıcılığım
üçün çox
faydalı olmuşdur»
(Sitat Adilə İsmayılovanın «Əli
Qurbanov» kitabından (Bakı, 1962) götürülmüşdür).
Ə.Qurbanov Tiflis Dövlət Azərbaycan Dram Teatrının
tərkibində 1922-ci ildə
Türkiyəyə, 1925-ci ildə
isə İrana qastrol səfərlərində
olmuşdur.
O, 1925-ci ildə
Bakıya - Azərbaycan
Dövlət Dram Teatrına
dəvət olunmuş
və ömrünün
sonuna - 1962-ci ilədək
burada fəaliyyət göstərmişdir. Bu teatrda
hazırlanan tamaşalarda
və bir sıra filmlərdə unudulmaz obrazlar yaratmış, bir sənətkar kimi pillə-pillə yüksəlmiş,
Azərbaycanın Xalq
artisti fəxri adına layiq
görülmüşdür.
Adilxan Bayramov
Mədəniyyət.-
2012.- 29 fevral.- S. 13.