Od insanlara xoşbəxtlik gətirir

 

   Novruza doğru...

  

   Dünən ilaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsini yola saldıq. Xalq arasında “üskü çərşənbə”, “adlı çərşənbə” kimi də tanınan Od çərşənbəsi əski görüşlərlə bağlı olub Günəşi, odu qoruyub saxlamaq inamına tapınma ilə əlaqədar yaranıb.

  

   Zərdüşt görüşlərindən hələ çox-çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşi, onun yerdəki rəmzi olan odu təsəvvürlərində rəmzləşdirirdilər. Belə bir etiqad yaranırdı ki, insanlar Günəşi və odu nə qədər əzizləsələr, oxşasalar, təbiət bir o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər. Adət-ənənəyə görə, bu gün insanlar tonqal qalayıb alovun üzərindən tullanmaqla çətin günlərin bütün ağrı-acısını, qaranlığını odda yandırıb işıqlı həyata çıxırlar.

   Üstündən min illər keçməsinə baxmayaraq, bu gün də xalqımız Od çərşənbəsini özünəməxsus şəkildə qeyd edir. Hər bir ailə çalışır ki, imkanı daxilində evində istilik verən yeməklər bişirsin, süfrə açılsın, şamlar yandırılsın. Şam bu günistiliyin, odun, işığın qorunub saxlanılması, səadətin rəmzi sayılır.

   Od çərşənbəsi həm də özünün adət-ənənələri, ritualları ilə zəngindir. İstiliyin qorunması, istiliyin yenidən qayıdıb torpağa hopması, torpaqda istiliyin oyanması və nəhayət, əmək mövsümünün başlanması, torpağın əkininə hazırlıq dövrü bu çərşənbədə əksini tapır.

   Çərşənbələrin dini dəyərlər baxımından öyrənilməsi zamanı aparılan müşahidələr də eyni zamanda istiliyin insan bədəninin, insan yaşayışının ünsürlərindən biri kimi qəbul edilməsi ənənəsini irəli sürməkdədir. Dini dəyərlərə görə, dünyanın yaradılışında iştirak edən 4 ünsürdən biri oddur. İstiliyin, odun əldə olunması və bununla insan həyatının dəyişməsi görüşləri bu çərşənbə etiqadlarında buya digər şəkildə özünü əks etdirir. Türkdilli xalqlarda Ürgen Tanrısının yaranması da təsadüfi deyil ki, günəş, od atəş anlamı ilə bağlıdır. Bu anlamın arxasında bir tərəfdən zərdüştiliyin təsiri özünü göstərirsə, digər tərəfdən türk xalqlarının özünün inkişafa, tərəqqiyə, insan həyatını yaxşılaşdırmağa olan etiqadları ümumiləşirdi. Sonralar zərdüştilik də odun və Günəşin bu müqəddəsliyini saxlamışdır. Onunla bağlı ayrı-ayrı ayinlər yaratmış xalqlar da bu ayinləri gündəlik məişətlərində davam etdirməklə yanaşı, eyni zamanda ilin axırıncı çərşənbəsində, həyatın oyanması, istiliyin yenidən insanlara qayıtması kimi mifik görüşləri qoruyub saxlamışlar.

   Bu çərşənbədə güclü tonqallar çatılır, atəşfəşanlıq keçirilir, tonqalın ətrafına toplaşan insanlar odun üzərindən atlanmaqla köhnə ildən qalan əzablarını, ağırlıqlarını sanki arxada qoyuryeni ildə xoşbəxt, firavan həyat yaşayacaqlarına inanırlar.

   Od həm də işıqdır. Bahara doğru bir çərşənbə də yol gəldik. Günəşli, işıqlı, isti günlər lap yaxındadır...

  

 

   Təranə Vahid,

   filologiya elmləri doktoru

 

  Mədəniyyət.- 2012.- 29 fevral.- S. 13.