“Teatr öz aktyorunu
hər gün öyrətməlidir”
Aktyorluq
psixoloji incəliyə malik olan yaradıcı sənət
növlərindən biridir. Teatr səhnəsində
maraqlı rolları ilə tanınan, tamaşaçı rəğbəti
qazanan və peşənin ağırlığını
çiyinlərində məsuliyyətlə daşıyan
aktyorlarımızdan biri də Əməkdar artist Nofəl Vəliyevdir.
İndiyədək müxtəlif səpkili 50-dən artıq
obraz yaratmış aktyor hazırda pedaqoji fəaliyyətlə
də məşğuldur, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində aktyor sənətindən
dərs verir.
O, sənətə kino aktyoru olmaq
arzusu ilə gəlsə də, İncəsənət
İnstitutuna qəbul olunduqdan sonra teatra marağı artır
və elə tələbəlik illərində Bakı Kamera
Teatrında sənət yoluna qədəm qoyur. 17 il müddətində
teatrın səhnəsində yaddaqalan rollar oynayıb,
çoxlu mükafatlar qazanıb. Müəllimləri
İrina Perlova və Cənnət Səlimovadan sənətin
sirlərini, teatr psixotexnikasını öyrənib. ”Klassika
ilə böyümüşük, bizim rollar hər aktyora nəsib
olmur”, - deyən aktyor Şekspir, Dostoyevski, İbsen,
C.Cabbarlı kimi böyük ədiblərin əsərlərinin
tamaşalarında bir-birindən fərqli obrazlar yaradıb:
“Bakı Kamera Teatrı Gənc Tamaşaçılar
Teatrı ilə birləşdiriləndən sonra son
üç ildə yaradıcılıq həyatı bu teatrla
bağlıdır. Gənclər, Kamera və Gənc
Tamaşaçılar teatrlarının bir teatrda birləşməsinin
həm müsbət, həm də çətin tərəfləri
vardı. Amma son nəticə olaraq həmin teatrların
istedadlı personalının bir araya gəlməsi ümumi
işin, teatr sənətimizin xeyrinə oldu. İndi bir
tamaşada sözügedən teatrların hərəsindən
beş aktyor çıxış edirsə, bir səhnəni
bölüşürsə, burada artıq yüksək nəticənin
şahidi oluruq. Buna bariz nümunə kimi Gənc
Tamaşaçılar Teatrının bugünkü
repertuarını göstərmək olar”.
Hazırda bir neçə
tamaşada rejissor assistenti kimi də fəaliyyət göstərən
aktyorun fikrincə, teatrın repertuarı
tamaşaçıya seçim imkanı verməlidir. Bu isə
ilk növbədə rejissorlardan asılıdır: “Azərbaycanın
bütün klassikası bir buket şəklində bizim teatrda
cəm olunub - H.Cavid, C.Cabbarlı, M.F.Axundov, C.Məmmədquluzadə
və s. K.Stanislavski tamaşaçının teatra münasibətindən
bəhs edərkən deyirdi: doğruluq və inam.
Tamaşaçı teatra yalnız emosional təsir almaq
üçün gəlir və onun səhnədən təkcə
bir istəyi var - inanmaq. Teatrın özü də bir məktəb
olmalıdır. Teatr öz aktyorunu hər gün öyrətməlidir,
hər gün onu bir addım irəli aparmalıdır. Aktyorun
intellektual səviyyəsinə, ədəbi mütaliəsinə
fikir verilməlidir. Çünki sənətdə inkişaf
etmək üçün aktyorun zəngin ədəbi
ehtiyatı olmalıdır”.
Həmsöhbətim sənətdə
öyrəndiklərini gənclərə də həvəslə
öyrədir: “Mən teatrı çox sevirəm.
Düşünürəm ki, aktyor peşəsi yer
üzündə ən maraqlı, ən yüksək peşələrdən
biridir. Bu sahəyə üz tutan tələbələrimi bu
gün çox dəyərləndirirəm. Mədəniyyət
və İncəsənət Universitetinin rəhbərliyinin mənə
göstərdiyi etimadı doğrultmağa çalışıram.
Bir gün tələbələrə belə bir sualla
müraciət etdim: “Aktyorla yazıçının fərqi
nədədir?” Ən çox səslənən cavab bu oldu:
“Yazıçı yazır, aktyor isə canlandırır”. Əsas
məsələ isə bundan ibarətdir ki,
yazıçı ilə aktyorun heç bir fərqi yoxdur.
Yazıçının da, aktyorun da bir məqsədi var: sənətin,
sözün gücü ilə “dünyanı xilas etmək”,
insanlara baş verənləri tam çatdırmaq.
Düşünürəm ki, aktyor bu baxımdan missioner
olmalı, mütləq öz oyunu ilə nəsə deməlidir.
Əgər F.Dostoyevski ”Cinayət və cəza”nı, M.Cəlil
“Danabaş kəndinin əhvalatları”nı yazıb nəyisə
demək istəyirsə, aktyor da bu mövzularda
düşünməli, bunları tamaşaçıya
çatdırmaq üçün bütün
potensialını, enerjisini sərf etməlidir. Aktyor olmaq
üçün istedaddan əlavə dözümün də
olmalıdır. Daim öz üzərində işləməlisən
və işləməlisən. Aktyorun həm plastikası, həm
texnikası, həm də daxili dünyası yerində
olmalıdır. Çünki tamaşaçı aktyor
oyunundakı çatışmazlıqları, səhvi tez
görür. Tamaşaçı aktyor üçün rəqib
tərəfdir. Tamaşa zamanı ya biz qalib gəlirik, ya da
tamaşaçı. Biz öz oyunumuzla həm qalib gəlməliyik,
həm də tamaşaçıya yeni fikir
çatdırmalıyıq”.
Lalə
Azəri
Mədəniyyət.-
2012.- 29 fevral.- S. 13.