Nisgilli
nağılın gerçəkləri
Ötən illərin mahnıları
Və
ya Heydərbabaya həsrət nəğməsi
Bu
qaraqaş, qaragöz xanımın səsinə
çoxları məftun idi. Amma nədənsə hər dinləyici
onun səsini bir cür dəyərləndirirdi: zərif səs,
qərib səs, hüznlü səs. Əslində bu adlar
Rübabə Muradovanın iç dünyasını göstərirdi.
Çünki onun qəlbi də səsi kimi zərif, qərib
və hüznlü idi. Elə ona görə də məlahətli
səsindəki nisgil heç zaman onu tərk etmədi. İstər
yaşlı, istərsə də gənc nəsil bu
qaragözlü ərdəbilli xanımın
yanğılı ifasını hər zaman sevə-sevə
dinləyir, izləyir.
Rübabə xanım Azərbaycan
səhnəsinin yeganə Leylisi idi ki, heç kimi təkrarlamadı.
Amma onun kimi Leyli yaratmaq da heç kimə nəsib olmadı.
Bu nə ilə əlaqədar idi? Bəlkə də gerçək
həyatın sevgi nisgili, ayrılıq, həsrət dərdi
ilə...
Boyuna biçilmiş «Qaragilə»
Bu xalq mahnısı Rübabə
xanımın repertuarında xüsusi yer tuturdu.
Mahnının naməlum müəllifi elə bil bu
xanımın üz cizgilərini, həyatındakı
keşməkeşləri nəzərə alaraq
yaratmışdı bu əsəri. Ünvanı Arazın o
tayına gedib çıxan bu mahnını xalqa sevdirən də
elə Rübabə xanım oldu. Təsadüfi deyil ki,
«Qaragilə»ni şirin Cənubi Azərbaycan şivəsində
oxuması böyük qısqanclıq və etirazlara səbəb
olur. Hətta bununla bağlı sənətkara efir qadağaları
da tətbiq olunur. Bu etirazlardan sonra sənətkar ifasında dəyişiklik
etmək məcburiyyətində qalır. Amma bütün
bunlara baxmayaraq, «Qaragilə» onun ifasında Təbriz, cənub
nisgillilərin harayına, çağırışına
çevrilərək əbədiləşdi. Beləcə,
Rübabə xanım hər kəsin yaddaşında ərdəbilli
«Qaragilə» kimi qala bildi.
Amma qadağalar onu ömrü boyu izlədi
Mühacir olması,
Cənubi Azərbaycan milli hökumətinin (1945-1946) pasportunu
daşıması ona qastrollara getməsinə, sənətini
səsinin gedə biləcəyi uzaqlıqlara
çatdırmasına mane olurdu. İfaçı,
çətinliklə də olsa, yalnız keçmiş sovet
respublikalarına səfər edə bilirdi. Hindistanın dünya şöhrətli sənətçisi
Raç Kapurun onu dəfələrlə öz ölkəsinə
dəvət etməsinə baxmayaraq, məlum qadağalar bu səfəri
reallaşdırmasına da mane oldu. Yalnız
bir dəfə opera tamaşasının nümayişi
üçün Çinə səfər edən kollektivin tərkibində
qastrol həyəcanı yaşaya bildi.
Əslində
Rübabə xanıma pasportunu dəyişdikdə bu problemin
həll olunacağını desələr də, o, bundan
imtina edirdi. Rübabə xanım haqq etdiyi
fəxri adını da çox çətinliklə aldı.
Aylarını, illərini opera səhnəsində (1954-cü
ildən Azərbaycan Dövlət Opera və Balet
Teatrının solisti olub), o vaxtın təbirincə desək,
«sovet zəhmətkeşləri qarşısında
çıxışlar»la keçirən Rübabə
xanım 1971-ci ildə Azərbaycanın Xalq artisti adına layiq görülüb.
«Gümüş xəncər»in qarğışı
Taleyindən söz
düşdükdə Rübabə xanım «Gümüş
xəncərdən sonra taleyim qara gəldi», - deyərmiş.
Nə idi bu “gümüş xəncər”?
Ərdəbil əhlinin
ziyarətə çevirdiyi Rin dağında «gümüş
xəncər» adlı bir gül bitirmiş. Yüksək
dağ zirvəsində bitən bu qeyri-adi gülün 25-30 il ömrü olsa da, bu müddətdə tək
bircə dəfə çiçək
açırmış. Bir dəfə balaca
Rübabə bu yerlərdə gəzəndə gözü
tünd çəhrayı rəngli bu gülə
sataşır və əyilib birini dərir. Bu vaxt ana nənəsi təlaşla ona «A bala, nə
etdin, kim bu gülü dərsə, gül onu qarğayır, əlləri
üç ay yara səpir, gələcək taleyini isə
Allah bilir. Ona görə də heç kim
onu dərmir», - deyir. Nənəsinin bu həyəcanını
anlamayan balaca Rübabə o vaxt bu gözəl çiçəyin
xoş rayihəsində olsa da, sonralar bu deyimin gerçəkliyinə
inanmağa məcbur olur. Elə bil həqiqətən
də “gümüş xəncər” gülü onu
qarğayır. Qızcığazın əlləri
həqiqətən də o vaxt üç ay yara səpir.
Taleyi isə bəxtini əllərə,
özünü isə ellərə salır.
Səkinə,
Zeynəb, Rübabə və Leyli
Hər il Məhərrəmlik
ayının son günü, Aşura mərasimlərində
hörükləri dizlərini qucan Rübabəni tifil Səkinə
obrazına salıb kəcavədə Ərdəbil
küçələrini gəzdirərmişlər. 10-12 yaşlarından isə Həzrəti
Hüseynin bacısı Zeynəbin obrazını yaradır.
Örtülü kəcavədə
gəzən kiçikyaşlı qızın oxuduğu mərsiyələrin
səsi bütün Ərdəbili göz yaşına
boğardı. O vaxt heç kəsin ağlına belə
gəlməzdi ki, imam övladlarının hədisini oynayan
Rübabə illər sonra Ərdəbildən Bakıya pənah
gətirəcək, vətəninin həsrətini
yanğılı səsi ilə həyatının Leylisində
yaşadacaq.
Neyçin səni bəs unuda bilmirəm?
Ərdəbilin
sazçı yeniyetmələri arasında Rübabənin
öz yeri var idi. Ürəyəyatımlı
məlahətli səsi onu tay-tuşlarından fərqləndirirdi.
Həmin illərdə, daha dəqiqi, 1946-cı
ilin baharında Azərbaycan Milli Hökuməti İran tarixində
ilk dəfə Təbrizdə Dövlət
Filarmoniyasının açılması haqqında qərar
verir. Bu təzə sənət
ocağının yaradılması 22 yaşlı Əli Tudəyə
həvalə edilir. O vaxt elektrik enerjisi
qıtlığı olduğundan filarmoniyanın bütün
konsertlərini efirə vermək mümkün deyildi. Bu səbəbdən
də ayrı-ayrı mahallara dəstə-dəstə
musiqiçilər göndərilməyə başladı...
Bir gün Ərdəbildə
qastrol səfərindən qayıtmış dəstənin
üzvləri maraqlı bir əhvalat danışırlar:
«Bizdən sonra səhnəyə şux qamətli, utancaq
simalı, çatma qaşlı yeniyetmə bir qız
çıxdı. Dedilər, Ərdəbil
şəhərinin sakini molla Xəlil İşraqinin
qızıdır. O, əvvəlcə
çaşqın halda donub qaldı. Elə ki,
musiqi dilə gəldi, qız aramla oxumağa başladı.
Şaqraq zənguləsi, xoş avazı aləmi
bürüdü». Bu gənc həmin
Rübabə Muradova idi. Rübabə Təbriz
Filarmoniyasına dəvət alsa da, həmin səhnədə
çıxış etmək ona qismət olmadı. Seyid Cəfər Pişəvərinin
başçılığı ilə yaradılan Azərbaycan
Milli Hökuməti 1946-cı ildə süquta uğradı və
İşraqilər ailəsi də bir çox
soydaşlarımız kimi vətəndən perik
düşdülər.
Yandırdın qəlbimi, aman...
Məlahətli, qəlb
yandıran bu səs Rübabəyə atası Xəlildən
keçmişdi. Axund olduğundan
çoxları onun Rübabəyə oxumağa imkan verməyəcəyini
düşünürdü. Amma Xəlil kişi
həmişə «Səs Allah vergisidir, onu gizlətmək
olmaz», - deyərmiş.
Vaxtilə Ərdəbil
mədrəsəsində Quran ayələrini, namazı
gözəl avazla oxuyan Rübabə sonralar Bakıda təhsil
alarkən muğam parçaları və mahnı oxumağa
başlayır.
16 yaşında ərə
gedir, amma taleyi gətirmir. Bu bəxtsizlik bəlkə
də onu xanəndəliyə yönəldən əsas səbəblərdən
biri olur.
Azərbaycanın
görkəmli musiqiçiləri Əhməd Bakıxanov,
tarzən Bəhram Mansurov və muğam ustası Gülxar Həsənova
Rübabə Muradovanı ilk dəfə dinləyəndə
heyranlıqla «Bu ki əsl Leylidir» deyirlər. Sonra onu Azərbaycan Dövlət Opera və Balet
Teatrına aparıb Leyliyə hazırlaşdırırlar.
Daha doğrusu, Rübabə Muradova içindəki
acıların həqiqi Leylisini tamaşaçılara
göstərməyə hazırlaşır.
Onun
«Şam pərdəsi» başqa idi
1954-cü ilin
payızı. Bakı. Opera
mövsümünün açılışı. Azərbaycanın Məhəmməd Füzuli və
Üzeyir Hacıbəyli kimi iki dahisinin dünya şöhrətli
«Leyli və Məcnun» operası. Bu anları görənlər
nəql edirlər: «Rübabənin Leylilik xilqətini təpədən-dırnağa
seyr edəndə insanda belə bir təsəvvür
yaranır ki, Allah dörd əsr yarım bundan əvvəl
dahi Füzulinin ilahi qələmindən nəqş olunmuş
Leylini səhnəyə indi bəxş edib»... Allah
sərvi boydan tutmuş ilk eşqin naləsinədək hər
şey vermişdi ona. Rübabə Leylinin
özü olmuşdu, Leyli isə Rübabə. Leyli Rübabənin vətən həsrəti,
eşqi, şəxsi həyatındakı nisgilin
acılarını hamıya çatdırmaq
üçün alışıb-yanırdı.
Onun Leylisinin təkrarsızlığını
dəfələrlə qeyd edən yazıçı-publisist
Mustafa Çəmənli Rübabə xanımın bu obrazda
sanki özünü oynadığını deyir: «Mən
Rübabə xanımı Leyli rolunda səhnədə
görmək xoşbəxtliyinə nail olmuşam. Onun xüsusən “Şam səhnəsi”ndəki
ifasını bir tamaşaçı olaraq, sadəcə, izləmək
mümkün deyildi. Rübabə xanım
sanki Leylinin həyatını oynayırdı, onun ifası
çox canlı və özünəməxsus idi. Təbii ki, bu da onun səsinin
obrazlılığı ilə bağlı idi. O surət,
o obrazla sanki özünü ifa edirdi. Onun ürəyi
və ruhu çox böyük idi. Bir məqamı
da deyim ki, Rübabə xanım Leylini sanki
qısqanırdı, ona bir səhnə obrazı, opera
partiyası kimi yox, taleyi kimi yanaşırdı. Ona görə də Rübabə xanım daim
tamaşaçı yaddaşında bu özəlliyi ilə də
qalacaq».
Opera
tamaşalarının mahir ifaçısı
Bu uğurlu debütdən sonra
Rübabə Muradova opera səhnəsindəki əksər
tamaşalardakı aparıcı partiyaları, «Əsli və
Kərəm»də Əslini, «Aşıq Qərib»də
Şahsənəmi, «Şah İsmayıl»da Ərəbzəngini,
«Gəlin qayası»nda Sənəmi ifa edib. O həm də
muğam, təsnif, xalq mahnılarının mahir
ifaçısı olub.
Bəstəkar, Üzeyir Hacıbəylinin
ev-muzeyinin direktoru Sərdar Fərəcovun fikrincə,
Rübabə Muradova səsinin, ifaçılıq məharətinin
özünəməxsusluğu ilə hələ bundan sonra
da yaşayacaq: «O, Azərbaycan ifaçılıq sənətində
öz izini qoymuş nadir sənətkarlardan idi. Səsi, ifa manerası, təşnəli
oxumağı, qəlbinin gözəlliklərini ifasına
daşıması onu xalqın sevimlisi etmişdi. İstər
milli operalarda yaratdığı rollar, istərsə də
muğamlarımızı, xalq mahnı və təsniflərimizi,
xüsusən də bəstəkar mahnılarını elə
yüksək səviyyədə oxuyub ki, ondan sonra o
mahnıları kimsə oxuyursa belə, həmişə
Rübabə xanımın nəfəsi, oxusunun hərarəti
özünü hiss etdirir».
Ömür keçdi, gələmmədim, gec oldu...
Rübabə
xanımın ən böyük arzularından biri ölənədək
səhnədə Leylini oynamaq idi. Amma onu
da bilirdi ki, gec-tez sevdiyi obrazı gənclərə verəcək.
Bu, sənətin amansız qanunlarından biri
idi. Amma bir dəfə etiraf edib ki,
«Hamının məndən üz döndərməyinə
dözə bilərəm, təki səsim məni tərk etməsin.
Son nəfəsimdə də səsim yerində
olsun».
Elə də oldu.
Səsi, ifası onu tərk etmədi. Ölümünə bir həftə qalmış «Gəl
bizə yar» mahnısını ifa etdi. Hətta
mahnı lentə də alındı. Evində
və dənizkənarı parkda çəkilişləri də
aparıldı. Amma o özü bu
yazını, təəssüf ki, görə bilmədi.
Səni
qəmli görəndə
Rübabə Muradova
xoşbəxt sənətkar idi. Amma
taleyində yox, səsinin bəxtində bəxtəvər
idi. Onun ifasında, nəfəsində Azərbaycan
xalqının müdrikliyi, qədimliyi yaşayırdı.
Onun ifa etdiyi təsnif də, mahnı da,
muğam da yeni biçimdə, yeni xalda idi. Ən kiçikhəcmli mahnını da gərgin
dramatizmi, bitkin kompozisiyası olan bir əsər kimi oxuyurdu.
Sözə həssas, dəqiq münasibəti
var idi.
Taleyin qisməti
1933-cü ilin 22 martında - Novruzun ilk günlərində Cənubi
Azərbaycanda dünyaya göz açmış Rübabə
Muradovanı 51 yaşında (30 avqust 1984) Şimali Azərbaycanda
torpağa tapşırdı. Bununla da səhnə
öz Leylisini, Azərbaycan isə Rübabəsini itirdi.
Həmidə
Nizamiqızı
Mədəniyyət.-
2012.- 29 fevral.- S. 10.