Şəhidşəhər...
7777 gündür
danışıb-yazdığımız Faciəmizə
sözardı
Hələ
istisi soyumamış, tüstüsü kəsilməmiş
Faciəmizə...
7777 gün. Oralıların çəkdiyi saatların,
dəqiqələrin, saniyələrin yanında 7777 gün nədir
ki?! Bizim Xocalı “nağıl”ları danışan dillərimiz
həmin Gecə Xoca kişinin - ömründə əl
qaldırmadığı Ağca balasına: “Elə indidən
məni bağışla, qızım, murdarların əlinə
keçməməyin üçün lazım gəlsə, səni
öldürməli olacağam” deyən diliylə müqayisədə
nəyə layiq? Bizim qələm, kamera tutan əllərimiz ətrafındakı
camaatı güdaza verməmək üçün
soyuq-sazaqdan çığıran körpəsini
çıxılmazlıqdan boğub öldürməli olan
bir Ana əllərinin ərdəmliyinə əl verərmi?..
“Təkrar
biliyin anası”dırsa, yəqin, laqeydliyin də
atasıdır: 7777 gün...
Günlərin sayındakı
yanlışa görə, “dəqiq-dürüst” dünya təşkilatlarından
üzr “istəyir” və onların diqqətinə
çatdırıram ki, bizlərdə buna “yanlış da
bir naxışdır” deyirlər. Və bu, həm də, nəhayət,
(şükürlər olsun ki!) bu günlərdə abidə-heykəlini
qoyduğumuz Koroğlumuzun dəlilərinin sayına bir
işarədir.
Qədim xalq ordumuzun “şəxsi heyət” say-sanbalına edilən bu işarə belə bir müasir məsələni də aksentləyir ki, hazırda dünyada ən şirin nemətlərilə qidalanan soyuqbaşlı Amerika-Avropa təşkilatları dualizmi bir az da istiot dadmalı olsun. Planetimizin ən yaxşı maddiyyat və əxlaqiyyətlərini idxallayıb, özlərinin ən miyanələrini ixraclamaqla hələ bizi o qədər də “ağıllı”laşdıra bilmədiklərinin fərqinə varsınlar. Bilsinlər ki, açıq-saçıqlıq eksportları, mənəviyyat sortları, neo-kovboy jestlərilə başımızı hərləndirməyə nail olsalar da, məxfi testlərilə qanımızı soyuda bilməyiblər. İndi bizim can sayımız, təxminən, doqquz milyon yeddi yüz yetmiş yeddi min yeddi yüz yetmiş yeddi nəfər olar və bunun az qala yeddi yaşdan yetmişə hamısı “dəli”yə çevrilməyə hazırdır. Onsuz da çoxdandır ayaq üstə olan bu 7777777 “dəli” bir rəhbər göstərişi - Ali Baş Komandanımızın əmri ilə Oraya yürüyə bilər. Oraya - öz doğma, halal Vətən kəsiyini kəsəyənlərdən azad etməyə doğru! Təbii konservatoriya Şuşasını azad edib, bərpasına başlamağa. Şəhid-Xocalısının ruhuna lap yaxından da salavat çevirməyə! Bəzi paraqraf-parametrlərdə “müqəddərat”-müdafiəsində durduğunuz vandalların dağıtdığı milli avtoqraflarımıza - mədəniyyət abidələrimizə baxıb, ümummilli bir köks ötürüb, bir də sənə aldansam, namərdəm!” xoru oxumağa. Yerlə-yeksan edilmiş sələf-tələf məzarstanlarımızda ölülərinin qəbirlərini tapa bilmədiklərindən... sonuncu (!) kərə zülüm-zülüm ağlamağa. Və bütün gələcək boyu bir daha yaltaq-yalıncığa, “ayağıma yer eylərəm, gör sənə neylərəm!” xislətilə ahu-zar edənlərə əl tutmayıb, “zalıma zülm!” andı içməyə...
Bağışla bizi, Şəhidşəhər qardaşım! Qoynunda nə qədər anan, atan, bacın, qardaşın, körpən, yeniyetmən var - hamısının adından və əvəzindən bağışla bizi. O qətl-qətliam Gecəndən əvvəlki günlər səsinə səs vermədiyimizə görə, bağışla bizi. Sən hamımızın əvəzindən də öldürüldüyünə görə belə - ümumağızdan danışıram. Sən o qədər müsibətləri təkbaşına çəkdiyin halda, mən hamının adından üzr istəməyə çətinlik çəkirəm. Deyirəm, birdən, yardım istəyən Qarabağ əlillərinin bəzilərinə “Səni mən göndərmişdim?!” deyən bəzi məmurlar kimi, mənə də irad tutan tapılar ki, “niyə məni də “bağışla” səviyyəsinə endirirsən?!”
Bağışla məni, rəhmətlik Şəhər-Şəhidim. Həmin Gecə Sənin harayını səndən uzaqda dayanıb dinləyən, lakin kar olmayan qulaqlarımı bağışla. Sonrakı günlər Səni ekranlardan seyr edib, kor olmayan gözlərimi bağışla. Düz bir ay heç nə yaza bilməyən qələmimi, sonralar “xristian ermənilər, ruslar Fəxri xiyabanda yönü qibləyə dəfn ediliblər, müsəlman xocalılar isə yönü fələyə...” mövzulu verilişimi çalışdığım AzTV-də efirə verdirə bilməyən fərasətsizlik-cəsarətsizliyimi bağışla...
Yolda-rizdə qırılanlarının bir parasını görüb, bir köynək yaxın, yüz köynək uzaq olsa da, ağrıyıb-acımışıq, Şəhidşəhərim! Bəs bizim görmədiyimiz meyitlərin, didərginlərin, alçaldılmaqla gəncləşməkdə, qocalmaqda olan girov-əsirlərindən nə xəbər?..
Həmin Gecənin səhərisi başın üstdə dayanıb Səni bir ağlayan da olmadı, daş Şəhidim!
“Lələ köçüb, yurdu qalıb” məsəli var. Sənsə o qətliam-Gecədən oyanıb gördün, yurd da qalmayıb, eləmi? Nə var yanıb, şum edilib, həmi? Cavan-cavan meyitlər xalçalanıb küçələrdə al-qan çeşniləri kimi. Alınlarda donmuş qəzəb-qırış - çarəsizlik ilmələri. Lap Türkiyənin Çanaqqala savaşındakı kimi. Lakin o zaman nə bir Atatürk çıxdı ki, yağını darmadağın edib o cənazələr qalereyasını fikir-düşüncələr yükü ilə seyr edə və bir qarı-gəlin cütlüyü də ordan keçərkən: “Bu qədər oğullar qırğınından sonra bu Vətən kimə gərək?” deyələr. O isə ya özü nəsə tapıb o sualı cavablandıra, ya da elə yer adlarını dəyişmək şərtilə, Mustafa Kamalın dediyini deyə: “Anacığım, bu oğulları sən və yanındakı cavan gəlin yenidən doğacaqsız. Bəs anamız Azərbaycan məhv olsa, onu kim yenidən doğacaq?!”
Belə, Şəhidşəhərim! Yazımı “sözardı” adlandırsam da, bir xeyli sözönü məsələsinə də toxunmalı oldum. Burada elegiyalıq elementləri də oldu, ölegiyalıq nüansları da. Nədən ki, bu gün Sənin növbəti hüzn gününün “üçü”dür, “yeddi”nə az qalıb, “qırx”ında isə, hər il olduğu kimi, başımız qırx bir cür problemə qarışacaq və bir də onda ayılacağıq ki, bay, bu milli vay mərhumumuzun - Şəhid-Şəhərimizn növbəti “ili”dir...
Növbəti “il”ində öz qapındakı hüzn çadırından qalxıb, Səni yenidən inşaya başlayaq, ulu Xocalım, müvəqqəti Şəhid-şəhərim!
Amin!..
Tahir Abbaslı
Mədəniyyət.-
2012.- 29 fevral.- S. 7.