Səsin
və sənətin cazibəsi
Alim Qasımov və Fərqanə Qasımovanın
“Kronos kvarteti” ilə birgə konsertləri Amerika mətbuatında
əks-səda doğurdu
Alimin ifası duaya oxşayır...
Səsi ilə Allaha yalvarır ki, Yerlə Göy
arasındakı unudulmuş, zəifləmiş, üzülmüş
telləri qırılmağa qoymasın, günahkar bəndələrini
bağışlayıb, yaratdıqlarını İlahi
eşqdən-işıqdan məhrum etməsin...
Alimin səsi işığa
oxşayır... azaddır... Bilmir, nə vaxt, amma əmindir
ki, Yaradan nə vaxtsa ona lütf edib... əvvəlcə səs,
sonra o səsə azadlıq verib, odur ki, səsi bizim bildiyimiz
sərhədləri çoxdan aşıb...
Alimin səsi və ifası Şərqə
oxşayır... Min illər yol gələn muğamı ilə
hər dəfə Qərbi heyrətləndirir...
Bu
dəfə amerikalılar Alim Qasımovun səsinin və
ifasının cazibəsinə düşdülər. Onlar
dünya şöhrətli xanəndənin ifasını bu
cür dəyərləndirdilər: “O sanki əllərini
göyə açıb ilahi dua edir, Allaha səslənir”...
Fevralın 3-dən 20-dək
ABŞ-ın “Kronos kvarteti” ilə birlikdə Kaliforniya, Atlanta
ştatlarının şəhərlərində konsertlər
verən Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə
Qasımovanın təkrarsız ifaları və qeyri-adi ustad
dərsləri, həmişə olduğu kimi, bu dəfə də
tamaşaçıları heyran edib.
2012-ci ildə ilk səfərinə
Amerikadan başlayan məşhur xanəndə və qızı
səfər zamanı 5 konsert və 4 ustad dərsləri ilə
okeanın o tayındakı musiqisevərləri dünyəvi
musiqi ilə həyəcanlandırıblar. Səfər təəssüratlarını
“Mədəniyyət” qəzeti ilə bölüşən Fərqanə
Qasımova təxminən bir il əvvəl ABŞ-dan təklif
aldıqlarını bildirdi.
Səfərə Kaliforniyanın
Berkeley şəhərindən başlayan sənətkarlar
fevralın 5-də buradakı Hertz zalında “Kronos kvarteti” ilə
birlikdə möhtəşəm konsert proqramı ilə
çıxış ediblər.
Fevralın 6-da Yakobs Musiqi Məktəbində
və İndiana Universitetində ustad dərsləri keçən
xanəndələrimiz ayın 9-da Stanforda yola
düşüblər. Burada yenə “Kronos kvarteti” ilə
birlikdə Levinthal zalında musiqisevərlərlə
görüşüblər. Standford Universitetinin Dinkelspiel
auditoriyasında da geniş konsert proqramı ilə
çıxş edən xanəndələrimiz oradan Atlantaya
yollanıblar. Atlantanın Jamat salonunda, Emoru Universitetində və
“Clarice Smith Performing Arts Center”də maraqlı konsert
proqramları ilə çıxış ediblər. Azərbaycan muğamı ilə
Amerikanın avanqard “Kronos kvarteti”nin birgə
çıxışları qeyri-adiliyi ilə yadda qalıb.
Xatırladaq ki, Alim
Qasımov və ansamblı “Kronos kvarteti” ilə artıq
üç ildir birgə konsertlər verir. \"Kronos kvarteti” dünyanın bir çox ölkəsindən
olan ifaçılarla əməkdaşlıq edir. Dördlük 2004-cü ildə \"Grammy\"
mükafatına layiq görülüb.
Samanta Buker
\"Washinqton Post\" qəzetində Alim Qasımovun ABŞ
səfərindən bəhs edən \"Kronos kvarteti və
Alim Qasımov\" adlı məqaləsində xanəndənin
Amerikanın avanqard musiqi ifa edən məşhur simli alətlər
dördlüyü ilə əməkdaşlığından bəhs
edir. Müəllif yazir: “Cazibə qüvvəsi ətrafında
dövrə və ya Alim və Fərqanə indiyə qədər
dinlədiyim iki ən gözəl ifaçıdır.
\"Kronos kvarteti”nin üzvü David
Harrinqtonun tanınmış xanəndə Alim Qasımovun
muğam ifasına ilk dəfə qulaq asmasından 20 ildən
çox vaxt keçir. Bu arada Qasımovun da bir
arzusu olub. O, Türkiyə və İran
qruplarının skripka və violonçeldə ifasını
dinləyərək deyib: \"Təsəvvür edirəm... Əgər bu alətlər bizdə olsaydı,
muğamımızda nələr edə bilərdik\".
Amma ona aranjimançı lazım idi. Bunsuz belə böyük ansamblın ifası
mümkün olmazdı. Məhz bu məqamda
Harrinton və \"Kronos kvarteti” meydana daxil olur. Onlar Alim Qasımovun arzusunu gerçəyə
çevirmək üçün bu işə Yakob
Qarçiki (Garchik) cəlb edirlər. Və bütün
bunlar ötən şənbə axşamı Merilend Universitetində
reallığa çevrilir\" (\"Washington Post\", 19
fevral 2012-ci il).
Məqalədə həm
də deyilir ki, Alim Qasımov həqiqi bir cazibə qüvvəsi
olan xanəndədir: \"Beş nəfərlik ansamblı və
\"Kronos\" üzvləri məhz bu cazibə qüvvəsi
ətrafında dövr edir. \"Kronos\"un
real enerjisi əməkdaşlıq üçün
alışıb-yanır\".
Qəzet Alim Qasımov və
qızı Fərqanənin duetinə yüksək qiymət
verir və onun \"çoxoktavalı gəzişmələrinin
qəfildən pıçıltı ilə əvəzlənməsi,
daha sonra yenidən zəngulələrə keçməsinə\"
diqqət çəkir: “O sanki duaya
çağırış edir, vaiz kimi əllərini göyə
qaldırır”.
Məqalədə deyilir ki, Alim
Qasımovun ifası o qədər təbiidir ki, sanki o, kvartetlə,
ansamblla, tamaşaçılarla adi bir söhbət edir: “Belə
məhrəm söhbət böyük konsert zalları
üçün nadir haldır\".
Fərqanə
Qasımovanın təəssüratlarından:
- Orda ustad dərslərimiz
çox maraqlı keçirdi. Daha çox yaşlı
insanlar, musiqi sahəsində çalışan tədqiqatçılar,
jurnalistlər, Hindistandan, İrandan gəlib Amerikada təhsil alan tələbələr ustad dərslərində
iştirak edirdilər. Onlar bizim “Kronos kvarteti” ilə
necə əlaqə yaratmağımız, birgə konsertlərimiz
barədə suallar verirdilər. Bir də
sual verirdilər ki, konsert zamanı tamaşaçıya
ötürdüyünüz enerjini haradan alırsınız?
Milli musiqi alətlərimiz də onları maraqlandırırdı.
Ustad dərsləri bir növ konserti
xatırladırdı. Şəhərlərdən
birində həm səhər, həm axşam ustad dərsləri
verdik, qoca bir qarı səhər də, axşam da o dərslərə
gəlib iştirak elədi. Musiqimizdən
hədsiz zövq aldıqlarının şahidi olurduq”.
Hər
musiqiçinin arzuladığı anlar
Kaliforniya
Universitetinin nəşri olan “Cal Performances” jurnalında da
«Alim Qasımovun ansamblı» adlı məqalə nəşr
olunub. Jurnal yazır: «Bu elə anlardır ki, hər bir
musiqiçi onu arzu edir. Səhnədə hər
şey birlikdə səslənir və musiqi öz
hüdudlarını aşır. Biz hamımız bunu
daxilən hiss edib həyəcanlanırıq. Bu
anlar çox gözlənilməz olur. Bütün
musiqini bir-birinə bağlayan budur. Bu,
çox nadir təcrübədir. Alim və
Fərqanə indiyə qədər dinlədiyim ən gözəl
ifaçılardandır və mən ümid edirəm ki, siz
Atlantadan gələn bu səslərin sehrli anlarını
eşidə biləcəksiniz».
Fərqanə xanım konsertlərin
möhtəşəm musiqi zallarında keçirildiyini
bildirdi:
- Onların konsert zalları
qeyri-adiliyi ilə seçilirdi. Bu zallar sırf
klassik musiqilər üçün nəzərdə
tutulduğundan, daha çox opera səhnəsinə bənzəyir.
Bizim klassik ifamızla “Kronos kvarteti”nin
avanqard ifası tamaşaçılar tərəfindən
çox maraqla qarşılanırdı. Biz
oxuduğumuz mahnıların mətinləri tərcümə
olunmuşdu, bu da dinləyicilər üçün çox
maraqlı idi. Orda “Mahur-Hindu” muğamını, “Olmaz
olmaz”, “Sevgilim” mahnılarını ifa etdik. İfalarımız
çox xoşlarına gəlirdi, bütün
çıxışlarımız ayaq üstündə
alqışlanırdı. Yekunda isə
“Kronos kvarteti” ilə birgə “Leylam” mahnısını ifa
edirdik.
Onların musiqiyə
reaksiyası da qəribədir. Hiss edirsən
ki, musiqinin altında donub qalırlar, ya da musiqinin ahənginə
düşürlər. Mahnı qurtarandan
beş-altı saniyə sonra musiqinin təsirindən
çıxıb, alqışlayırlar. Beş
konsertin beşində də ayaq üstündə əl
çalıb, alqışlayıblar. Onlar
musiqini elə duyurlar, elə bil, muğam bunların musiqisidir.
Doğrudan da yaxşı musiqi, əsl sənət
sərhəd tanımır. Hər səfərimizdə
bir daha bunun şahidi oluruq.
“Stanford lively Arts” jurnalında
çap olunan «Alim Qasımovun ansamblı» məqaləsində
isə qeyd olunur ki, Alim Qasımov və onun qızı Fərqanənin
çılğın, enerjili ifaları əzəmətli
musiqi nümunələri kimi ətrafa qığılcım
saçır”.
Daha sonra müəllif yazır: «Fərqanə
Qasımovanın istedadı atasından eşitdiyi musiqini
özünə cəzb edir. Bu ifa Azərbaycan
klassik musiqisi olan muğamı və aşıq musiqisini
özündə birləşdirir».
“Bu səfərdə
bir balaca böyüdüyümü hiss etdim”
“Bu səfərdən
yadınızda daha çox nə qaldı” sualına isə Fərqanə
Qasımova belə cavab verdi:
- Həmişə deyirəm ki, mən
bu sənətdə böyüyürəm. Nə
olsun ki, Alim Qasımovun qızıyam. Mən
musiqini, muğamı o qədər çox sevirəm, bu sənətə
o qədər hörmətlə yanaşıram ki, hər dəfə
onun dərya olduğunu başa düşürəm. Bu
səfərdə bir balaca böyüdüyümü hiss
etdim. Hələ bunun davamı çox olacaq,
ömür boyu öyrənsəm, yenə azdır. Çünki muğam bir dünyadır. Vaşinqtondakı son konsertimizə Amerikada
yaşayan azərbaycanlılarla yanaşı, Azərbaycanın
bu ölkədəki səfiri Elin Süleymanov da xanımı
ilə gəlmişdi. Təbii ki, bu bizim
üçün çox xoş idi”.
“Stanford lively Arts” jurnalında Alim
Qasımovun aldığı yüksək mükafatlardan da bəhs
edilir: «1999-cu ildə Alim Qasımov UNESCO-nun Beynəlxalq Musiqi
Mükafatını alıb. Bu mükafatı əvvəlki
illərdə Ravvi Şankar, Nüsrət Fateh Əli Xan,
Yehudi Menuhin və Benni Qudmən də alıblar. Onun
ifası bütün dünyanın əsas musiqi mərkəzlərində
dinlənilir . Alim Qasımov
populyar sənətçilərlə, eləcə də Yo-Yo
Ma və İpək Yolu Ansamblı ilə əməkdaşlıq
edir”.
Xatırladaq ki, Alim
Qasımovun ansamblı 2005-dən Ağa Xan Musiqi Təşəbbüsü
ilə əməkdaşlıq edir. Ağa
Xan Musiqi Təşəbbüsü bütün dünyada bədii
yaradıcılığı yayan regionlararası musiqi və
incəsənət təhsilli proqramdır. Fond öz musiqi irslərini qoruyub gələcəyə
ötürməklə yanaşı, bu musiqini müasir formada
inkişaf etdirən istedadlı musiqiçiləri və
musiqi pedaqoqlarını dəstəkləyir. Mərkəzi Asiyada fəaliyyətə başlayan
proqram son illərdə Kiçik Asiya, Şimali Afrika və Cənubi
Asiyanı da öz incəsənət auditoriyasına daxil
edib. Mədəni irsin
canlandırılmasına yönələn bu təşəbbüs
həm musiqiçilərə maddi dəstək verir, həm də
xalqlar arasında mədəni əlaqələr yaradır.
* * *
...Alimin duaya oxşayan ifası qəlblərə
rahatlıq gətirməklə yanaşı, dünya,
yaranış və əbədiyyət haqqında insanlara nə
isə pıçıldayır. Onun
pıçıltılarını duymaq, onu anlamaq, onun səsinin
çatdığı yerlərə xəyalın
gözü ilə çatmaq üçün alim olmaq da
azdır...
Təranə
Vahid,
Mehparə
Sultanova
Mədəniyyət.-
2012.- 29 fevral.- S. 6.